Strateji Yol Xəritəsində əsas hədəflərdən biri qeyri-neft sektorunun ümumi iqtisadiyyatda çəkisini artırmaqdır

 

Bazar iqtisadiyyatı çevik siyasətin həyata keçirilməsini tələb etdiyindən dünya iqtisadiyyatında baş verən yeni tendensiyalara vaxtında cavab vermək lazım gəlir. 2008-ci ilə qədər qlobal iqtisadiyyatda dinamik inkişafsabitlik müşahidə edilirdi. Lakin Amerikada ipoteka ilə bağlı yaşanan böhran qısa bir zamanda bütün dünya iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Bir neçə il davam edən bu böhran tədricən düzəlməkdə idi. Ancaq ikinci bir dalğa dünya iqtisadiyyatını sözün həqiqi mənasında iflic etdi. Bu böhranın mənbəyi əvvəlki kimi iqtisadi deyil, siyasi amillərlə bağlıdır.

Qərb-Rusiya qarşıdurması indiki böhranın əsas səbəbidir. Belə ki, Qərb Rusiya iqtisadiyyatını çökdürmək üçün onun əsas gəlir mənbəyi olan neft sənayesinə zərbə vurmağa başladı. Nəticədə dünya birjalarında heç bir iqtisadi səbəb olmadan neftin qiyməti kəskin şəkildə ucuzlaşdı. Ancaq hədəfdə Rusiya iqtisadiyyatı olsa da, bu siyasət bütün dünya iqtisadiyyatına mənfi təsirini göstərdi.

Məlumdur ki, Azərbaycanın dövlət gəlirlərinin əksəriyyəti neft hasilatından əldə olunur. Odur ki, neftin qiymətinin 3-4 dəfə ucuzlaşması ölkəmizin də gəlirlərini azaldıb. Belə hal təbii ki, iqtisadiyyatımıza öz mənfi təsirini göstərməyə bilməzdi. Lakin iqtisadiyyatın neft amilindən asılılığını aradan qaldırmaq üçün görülən tədbirlər, o cümlədən qeyri-neft sektorunun inkişafı, xüsusilə kənd təsərrüfatında müasir dövrün tələblərinə cavab verən islahatların aparılması mənfi təsiri müəyyən dərəcədə sığortalayır.

Amma son dövrlər dünya iqtisadiyyatında baş verən tendensiyalar onu göstərdi ki, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün hələ çox işlər görülməlidir. Mövcud iqtisadi imkanlarımız dünya iqtisadiyyatında baş verən mənfi halların təsirinə qarşı müqavimət göstərə bilmir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin işlənib hazırlanması da bu zərurətdən doğub. Adı çəkilən sənədin təsdiq olunması barədə Prezidentin imzaladığı 6 dekabr 2016-cı il tarixli fərmanda deyilir: “...son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaqmövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelin formalaşması qarşısında duran əsas prioritet vəzifələrdəndir”.

Strateji Yol Xəritəsində əsas hədəflərdən biri qeyri-neft sektorunu inkişaf etdirmək, ölkənin neft amilindən asılılığını aradan qaldırmaqdır. Ötən dövr təhlil ediləndə görürük ki, 2010-cu ilədək iqtisadi artımın hərəkətverici amili neft sektoru olmuşdur. Lakin 2010-2014-cü illərdən başlayaraq artıma əsas töhfə verən qeyri-neft sektorudur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə qeyri-neft sektorunda 6,9, o cümlədən tikinti sektorunda 8,8, xidmət sektorunda 7,6 faiz artım müşahidə edilib. Bu sektorların ÜDM-dəki paylarının təhlili göstərir ki, təbii ehtiyatlar 2014-cü ildə iqtisadi artıma cəmi 37 faiz töhfə verib. Bundan əlavə, 2014-cü ilin nəticələrinə əsasən, qeyri-neft ÜDM-də qeyri-ticari sektorlar olan sosial və digər xidmətlər 28, tikinti sektoru 21, ticarət sektoru 13, nəqliyyat və anbar təsərrüfatı 7 faiz təşkil edib.

Qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatındakı gələcək rolu yüksək olacaq. 2025-ci ildən sonra Azərbaycanın şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin dörddə üçündən çoxu qeyri-neft sektorunda yaranacaq.

Bu dövrdə innovasiya əsaslı inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət üstünlüyü olaninkişaf etmiş qeyri-neft sektorunda ixtisaslaşmanın dərinləşməsi hesabına daha çox dəyərin ölkədə qalmasını təmin edəcək. Beləliklə, iqtisadiyyatın həm regional, həm də sahələrarası strukturunun optimallığı artacaq ki, bu da tarazlı və dayanıqlı inkişafı təmin edəcək. Xüsusilə Azərbaycanda regional inkişaf mərkəzlərinin formalaşması bölgələrdə iqtisadiyyatın rəqabətqabiliyyətli sahələrində ixtisaslaşmanın dərinləşməsi hesabına ümumi iqtisadi inkişaf təmin olunacaq.

Strateji Yol Xəritəsində qeyri-neft sektorunun gələcək inkişafı barədə digər hədəflər də var. Məsələn, qeyri-neft sektoruna yönəldilən birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının artırılması nəzərdə tutulub. Çünki ümumi inkişafda xarici investorların rolu çox əhəmiyyətlidir. Onlar yalnız sərmayə qoymurlar, eyni zamanda yeni sektorlara və dəyər zəncirlərinə daxil olmaq üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər.

Digər bir hədəf isə qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına düşən 170 ABŞ dollarını 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırmaqdır. Strateji Yol Xəritəsində ticari mal və xidmət, eləcə də istehsalya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə yerinin yaradılması da nəzərdə tutulur.

Strateji Yol Xəritəsinin icrası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını, xarici şoklara qarşı müqavimət göstərməsinə müsbət təsir göstərəcək. Sənəddə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi nəticəsində dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalardan ölkə iqtisadiyyatını maksimum dərəcədə qorumaq mümkün olacaq, eyni zamanda əhalinin sosial rifahı daha da yaxşılaşacaq. Qəbul edilən strateji sənəd ölkənin uzunmüddətli inkişafının əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, onun planlı şəkildə həyata keçirilməsini də təmin edəcək.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2016.- 21 dekabr.- S.1, 5.