Görkəmli alim Arif Mehdiyev son mənzilə yola salınıb
Dekabrın 20-də tanınmış
alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi
üzvü, Əməkdar
Elm Xadimi, Dövlət
Mükafatı laureatı,
Azərbaycan Respublikasının
Prezidenti yanında Ali
Attestasiya Komissiyasının
sədri, fizika-riyaziyyat
elmləri doktoru, professor
Arif Mehdiyev son mənzilə yola salınıb.
AZƏRTAC xəbər
verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri,
ziyalılar, ictimaiyyətin
nümayəndələri iştirak
ediblər.
Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı
bəzədilmiş salonda
postament üzərinə
qoyulmuşdu.
Alimin tabutu önünə Azərbaycan Respublikasının
Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət
qurumları və müxtəlif kollektivlər
adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Akademik Arif Mehdiyevin həmkarları, dostları,
tanışları, tanınmış
elm və mədəniyyət
xadimləri axın-axın
akademiyanın binasına
gəlir, görkəmli
alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.
Akademik A.Əlizadə ölkəmizdə
informatika sahəsində
mühüm xidmətləri
olan görkəmli alim, akademik Arif Mehdiyevin səmərəli elmi fəaliyyətindən, Azərbaycan
fizika elminin inkişafına verdiyi töhfələrdən söz
açıb. Bildirilib ki, əmək fəaliyyətinə 1957-ci ildə
Azərbaycan Elmlər
Akademiyasının Fizika
İnstitutunda başlayan
A.Mehdiyevin elmi araşdırmaları yarımkeçiricilər
fizikası və kosmik informasiya sahəsi ilə sıx bağlı olub, onun bu
sahədə yeni texnologiyaların yaradılması
və elmi konsepsiyaların formalaşmasında
xidmətləri təqdirəlayiqdir.
Alimin tədqiqatları elmdə
yeni istiqamət olan kosmik informatikanın
formalaşması və
inkişafına xüsusi
töhfələr verib.
Hələ ötən əsrin
70-ci illərində ölkəmizdə
fizika sahəsinin inkişafında Arif Mehdiyevin mühüm xidmətləri olub, alim bu sahədə
məktəb yaradıb.
Akademik A.Mehdiyev 1973-cü ildən
etibarən Azərbaycan
Elmlər Akademiyasının
sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər”
Elmi Mərkəzində
direktorun elmi işlər üzrə müavini vəzifəsində
işləyib. 1979-cu ildə o, həmin Mərkəzin əsasında
yaradılmış Təbii
Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə təyin
edilib. A.Mehdiyev Birliyin bazasında
yaradılmış Azərbaycan
Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olub.
Qeyd olunub ki, A.Mehdiyev
Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə
öyrənilməsinə dair
fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi ilə
aerokosmik informasiyasının
alınması, çevrilməsi,
ötürülməsi, emal
olunması və təqdimatı sahəsində
uzun illər ərzində elmi-tədqiqat
və layihələndirmə
işləri aparılıb.
Alim bir sıra aerokosmik
eksperimentlərin təşkilatçısı
və elmi rəhbəri olub.
AMEA-nın
rəhbəri vurğulayıb
ki, akademik A.Mehdiyev 2002-ci ildən ömrünün sonunadək
Azərbaycan Respublikasının
Prezidenti yanında Ali
Attestasiya Komissiyasının
sədri vəzifəsində
çalışıb. Elmi və elmi-təşkilati fəaliyyəti daim dövlətimiz tərəfindən
yüksək qiymətləndirilən
A.Mehdiyev Azərbaycan elminin inkişafındakı
xidmətlərinə görə
müstəqil Azərbaycan
Respublikasının ali
mükafatlarından olan
“Şöhrət” və
“Şərəf” ordenləri
ilə təltif edilib.
Tanınmış alim və pedaqoq,
bacarıqlı elm təşkilatçısı
və səmimi insan A.Mehdiyevin zəngin elmi irsi daim yaşayacaq,
xalqımıza, elmimizə
xidmət edəcək,
nəsillərdən-nəsillərə ötürüləcək.
Vida mərasimində
akademiklər İsa Həbibbəyli, Urxan Ələkbərov, Telman Əliyev, Cavad Abdinov və rusiyalı akademik Roald Saqdeyev alimlə bağlı xatirələrini bölüşüb,
onun zəngin elmi fəaliyyətindən,
yüksək mənəvi
keyfiyyətlərindən danışıblar.
Mərhumun ailəsi adından çıxış edən
Ülvi Mehdiyev alimin xatirəsinə göstərilən hörmət
və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını
bildirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə
yola salınıb.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət
eləsin!
Azərbaycan.- 2016.- 21 dekabr.- S.2.