Elmə böyük töhfələr vermiş alim
Elm xadimləri
Tamilla Həşim qızı Musayeva - tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, dövlət mükafatı laureatı. Bu elmi titulları sadalamaq onları qazanmaq üçün çəkilən bir ömürlük zəhmətin dəyərini ölçməyə bəs etmir. Ömrünü elmə həsr etmiş əsl alimlər bu elmi adları qazanmağın nə qədər çətin, həm də şərəfli, zəhmətli bir iş olduğunu dərk edə bilərlər. Kiçik həcmli bir məqaləni yazmaq da insandan xüsusi bacarıq tələb edir. Görünür ki, alimlər də Allah tərəfindən xüsusi bacarıq verilmiş insanlar qisminə aiddir.
Əsl alimdə Allah tərəfindən
verilmiş xüsusi bir istedad da var. Onun ömür yolu müəyyənləşəndə
alim olmaq kimi təyin edilir. Ömrünü elmə
həsr etmiş alimlərin cəmiyyətə bəxş
etdikləri isə bilikdir, insanların beynini, şüurunu
işıqlandıran nurdur. Məhz belə
nurlu, dəyərli alimlərimizdən biri də bütün
mənalı ömrünü elmə həsr etmiş Tamilla Həşim
qızı Musayevadır. O, şərəfli bir
ömür yaşamış, milli mədəniyyətimizin
tarixinin tədqiqinə dəyərli elmi töhfələr
vermişdir.
Musayeva Tamilla Həşim qızı
1931-ci il dekabrın 31-də Bakıda anadan
olmuş, 1939-1949-cu illərdə Bakı şəhərində
46 saylı məktəbdə orta təhsil almışdır.
Məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinə daxil
olmuş, 1954-cü ildə oranı fərqlənmə diplomu
ilə bitirmişdir. Ali təhsilini
başa vurmuş Tamilla xanım o vaxtdan başlayaraq
bütün həyatını elmə
bağlamışdır. O, Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutunda elmi fəaliyyətə
başlamış, indiyədək həmin elm ocağında
yaradıcı fəaliyyətlə məşğuldur. Onun bütün elmi yaradıcılığı Azərbaycan
tarixinin təhsil və mədəniyyət məsələlərinin
tədqiqinə həsr olunmuşdur. Ancaq
o, bu problemlərlə yanaşı, Azərbaycan tarixinin ən
mühüm, həyatı əhəmiyyətli məsələlərinə
də diqqət yetirmişdir. Tamilla
xanım 1962-ci ildə namizədlik dissertasiyası müdafiə
etmişdir. 1980-ci ildə isə doktorluq
dissertasiyasını başa çatdırmışdır.
Onun 1980-ci ildə nəşr olunmuş “İnqilab
və Azərbaycanda xalq təhsili (1920-1940-cı illərdə
Azərbaycanda xalq təhsilinin inkişafı tarixinin
oçerkləri)” monoqrafiyası doktorluq dissertasiyası kimi təqdim
olunmuş və bu əsərə görə ona tarix elmləri
doktoru elmi dərəcəsi verilmişdir. 1984-cü ildə
T.Musayeva “İnqilab və Azərbaycanda xalq təhsili”
monoqrafiyasına görə Azərbaycan SSR Dövlət
mükafatı laureatı fəxri adına
layiq görülmüş, 1992-ci ildə isə professor elmi
adını almışdır. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2005-ci il 4 iyul
tarixli sərancamına görə T.Musayevaya “Əməkdar
elm xadimi” fəxri adı verilmişdir. Alimin elmi
axtarışlarının əsas istiqamətlərindən
biri 1920-1940-cı illərdə Azərbaycan xalq təhsilinin
inkişafı tarixi, bu sistemin yaranması və onun respublika əhalisinin
ümumtəhsil səviyyəsinin yüksəldilməsində
rolunun tədqiqi olmuşdur. Azərbaycanda
xalq təhsilinin inkişaf tarixinin elmi cəhətdən əsaslandırılmış
dövrləşdirilməsi, onun əsas mərhələlərinin
müəyyən edilməsi, xalq təhsilinin təşkilinin
özünəməxsus xüsusiyyətlərinin təhlili,
xalqımızın keçdiyi tarixi yolun təcrübəsinin
öyrənilməsi T.Musayevanın Azərbaycan
tarixşünaslığına dəyərli töhfəsidir.
T.Musayeva respublikada birincilər
sırasında Azərbaycanda savadsızlıqla mübarizə
kimi həlledici problemin həllinin işlənməsi ilə məşğul
olmuşdur.
O, bu mübarizənin forma və metodlarını öyrənmiş,
onun XX əsrin 20-30-cu illərində geniş tətbiq edilən
mədəni yarışlar və estafetlər kimi
formalarını, bu işdə xalq kütlələrinin
iştirakı və rolunu, Azərbaycan şəraitində
spesifik xüsusiyyətlərini tədqiq etmişdir. Bu məsələnin tədqiqi böyük beynəlxalq
əhəmiyyət kəsb edirdi. Belə
ki, Azərbaycanın təcrübəsi, respublikada onun həllinin
forma və metodları, müsəlman dünyası ölkələrində
savadzılığın ləğvi təcrübəsində
müvəffəqiyyətlə tətbiq edilə bilərdi.
T.Musayeva ilk dəfə olaraq 1920-ci
ildən başlayaraq respublika maarif işçilərinin
qurultay və müşavirə materiallarını öyrənmiş
və elmi dövriyyəyə daxil etmiş, Azərbaycanda xalq
təhsilinin yeni prinsiplərinin tədqiqində görkəmli
müəllimlərin və maarif xadimlərinin fəaliyyətinin
elm təhlilini vermiş, ilk ali təhsil
müəssisələrinin yaranması və
inkişafını, yeni Azərbaycan ziyalı
kadrlarının hazırlanmasında onların rolunu kompleks
şəkildə tədqiq etmişdir. Azərbaycan
qadınlarının təlimi və təhsili, onların
azadlıq və bərabərliyə aparan mürəkkəb
mücadilə yollarının öyrənilməsi,
respublikanın ictimai-siyasi və iqtisadi həyatına cəlb
edilməsi məsələləri alimin elmi
axtarışlarının mövzusudur. O, ilk dəfə
olaraq Azərbaycan və Zaqafqaziyanın bitərəf
qadınlarının qurultay və konfranslarının
materiallarını aşkara çıxarmış və
qadınların azadlığı prosesində onların
rolunu göstərmişdir. Onun tədqiqatlarında
ötən əsrin 20-30-cu illərində həyata
keçirilən əlifba islahatı, yazı problemləri
mühüm yer tutur. O, 1926-cı ildə Bakıda
keçirilmiş I Türkoloji qurultayın əhəmiyyətini
açıb göstərmiş, qurultayda qəbul edilmiş
material və sənədləri tədqiq etmiş, türk
xalqlarının əlifbasının latın
yazı qrafikasına keçirilməsində Azərbaycanın
rolunu aşkarlamışdır. Onun tədqiqatlarında
din, sovet hakimiyyətinin 20-30-cu illərdə dindarlara
münasibəti məsələsi əhəmiyyətli yer
tutur. T.Musayeva Azərbaycan
tarixşünaslığında məlum səbəblərə
görə lazımi səviyyədə öyrənilməmiş
yeni bir problemi tədqiq etmişdir. Bu cəhətdən
onun islam dininə həsr edilmiş və
1997-ci ildə Bakıda keçirilən beynəlxalq konfransda
çıxışı diqqətəlayiqdir. Konfransda
çıxışında o, ilk dəfə olaraq sovet
hakimiyyətinin dinə münasibətinin təkamülünü
izləməyə, totalitar rejim möhkəmləndikcə
insan hüququnun pozulmasını, ateizmin güclənməsini
və özfikirliyin təqib olunmasını göstərməyə
çalışmışdır. Onun elmi
axtarışlarının mühüm istiqamətlərindən
biri elmin formalaşması və inkişafı məsələsidir.
Alim Azərbaycanda ilk elmi mərkəzlərin yaranması
tarixini öyrənmiş, 1945-ci ildə Milli Elmlər
Akademiyasının yaradılmasının əsasını
qoymuş “Azərbaycanın tədqiqi və tətöbbə
cəmiyyəti” nin, Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutunun, SSRİ EA Zaqafqaziya
filialının fəaliyyətini hərtərəfli tədqiq
etmişdir.
T.Musayeva 1920-30-cu illərdə
Azərbaycanın təkcə İttifaq daxili deyil, həmçinin
respublika tarixşünaslığında tədqiq
olunmamış xarici ölkələrlə mədəni əlaqələrini
üzə çıxarmışdır. Bəhs olunan
illərdə Azərbaycan xarici ölkələrlə
geniş mədəni əlaqələr həyata
keçirirdi. Bu axtarışların nəticələri
“Azərbaycan beynəlxalq mədəni
qarşılıqlı əlaqələrdə” mövzusuna həsr
olunmuş beynəlxalq simpoziumda (Bakı, 1988) təhlil
edilmişdir. Azərbaycanın mədəniyyət
tarixini T.Musayeva kompleks şəkildə tədqiq etmişdir.
Yuxarıda qeyd edilən problemlərlə
yanaşı, 1920-30-cu illərdə ədəbiyyat və incəsənət
(teatr, musiqi, kino, təsviri incəsənət) məsələləri
də onun tədqiqat obyektidir. Bu problem 2000-ci ildə nəşr
edilmiş çoxcildli “Azərbaycan tarixi”nin VI cildinin
müvafiq fəsillərində (V,VIII, X)
öz əksini tapmışdır.
T.Musayeva bir sıra ümumiləşdirilmiş,
o cümlədən Ümumittifaq əhəmiyyətli əsərlərin
yazılmasında iştirak etmişdir. O, 1917-ci ildən 1941-ci ilədək
olan dövrü əhatə edən, 1975 və 1976-cı illərdə
Moskvada nəşr edilmiş “SSRİ-də mədəni həyat”
Ümumittifaq xronologiyasının I və II cildlərinin
hazırlanmasında Azərbaycandan tərtibçi kimi
iştirak etmişdir.
T.Musayeva üç cildli “Azərbaycan
tarixi” kitabının” (Bakı, 1963, III cild, I, II hissələr)
müəlliflərindən biridir. O, 2000-ci ildə çap olunmuş
“Azərbaycan tarixi”nin VI cildinin müəllifi
və və redaksiya heyətinin üzvlərindən biridir. Alim ötən əsrin 20-30-cu illərində Azərbaycan
mədəniyyətinin yaranması və inkişafı tarixinə
həsr edilmiş V, VIII fəsillərin müəllifi, X fəslin
isə müştərək müəllifidir. Azərbaycan Sovet Ensiklopediyasında nəşr
olunmuş bir sıra məqalələrin müəllifidir.
T.Musayeva 2003-cü ildə nəşr
olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri
əməllər barədə tarixi həqiqətlər”
adlı əhəmiyyətli əsərin tərtibçi
redaktoru və müəlliflərindən biridir. O, Azərbaycan MEA-nın 60
illik yubileyi ilə bağlı 2005-ci ildə nəşr
olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının
yaradılması və elmi ziyalı kadrların
formalaşması yollarında (1920-1945-ci illər)” adlı
monoqrafiyanın və I Türkoloji qurultayın 80 illiyinə həsr
olunmuş “Azərbaycan xalqının əlifbasının
inkişafı yolunda mühüm mərhələ” adlı
2006-cı ildə çap olunmuş kitabın həmmüəllifidir.
2015-ci ildə T.Musayevanın “Azərbaycan mədəniyyəti
əsrlərin dönəmində (XX əsrin 20-30-cu illəri)”
adlı sanballı monoqrafiyası işıq üzü
görmüşdür. Bu monoqrafiyanı
alimin apardığı çoxillik araşdırmaların nəticəsi
hesab etmək olar. Monoqrafiya XX yüzilliyin
20-30-cu illərində Azərbaycanda mədəni quruculuq
tarixinin kompleks öyrənilməsinə həsr olunmuşdur.
Əsər əhatə dairəsinə,
faktların zənginliyinə görə mədəniyyət
tariximizin öyrənilməsinə sanballı töhfə
hesab oluna bilər.
Tədqiq edilən problemlərin
mahiyyətinə dərindən nüfuz etmək,
çoxsaylı mənbələrin və arxiv
materiallarının tədqiqata cəlb edilməsi, elmi nəticələrin
dəqiqliyi və ciddiliyi, elmi həqiqətin müdafiəsində
prinsipiallıq və ardıcıllıq T.Musayevanın elmi
işləri üçün səciyyəvi cəhətlərdir. T.Musayeva beynəlxalq,
Ümumittifaq və respublika əhəmiyyətli konfrans,
simpozium və sessiyalarda elmi məruzələrlə dəfələrlə
çıxış etmiş, bu forumlarda respublikada tarix elmini
ləyaqətlə təmsil etmişdir.
T.Musayeva elmi-təşkilatçılıq
işində fəal iştirak edir. Uzun illərdir ki, o,
Tarix İnstitutunun Elmi Şurasının və Doktorluq
dissertasiyaları müdafiəsi üzrə
ixtisaslaşdırılmış şuranın
üzvüdür. 27 namizədlik və 12
doktorluq dissertasiyalarının opponenti olmuşdur.
T.Musayeva elmi kadrların
hazırlanması sahəsində böyük iş aparır.
Onun rəhbərliyi altında 12 nəfər
namizədlik dissertasiyası müdafiə etmişdir və
hazırda o, 4 doktorluq işinin və bir sıra aspirant və
dissertantların elmi rəhbəridir.
O, eyni zamanda, pedaqoji fəaliyyətlə
də məşğul olmuşdur. T.Musayeva bir neçə il
ərzində Bakı Dövlət Universitetinin tarix fakültəsində
“Azərbaycan tarixi” üzrə ümumi kursdan, “Azərbaycanda
mədəni quruculuq tarixi” üzrə isə ixtisas kursundan dərs
demişdir, dəfələrlə universitetin tarix fakültəsində
dövlət imtahanları komissiyasına sədrlik
etmişdir.
T.Musayeva tarix elminin nailiyyətlərinin
təbliği sahəsində fəal iş aparır. Onun dövri mətbuatda Azərbaycanın
sosial-iqtisadi və mədəni inkişafı məsələlərinə
həsr edilmiş 25 publisistik məqaləsi nəşr
olunmuşdur. İşlədiyi müddətdə
T.Musayeva özünü yüksək erudisiyalı və təşəbbüskar
elmi işçi, respublika elmi ictimaiyyəti içərisində
aparıcı mütəxəssis kimi
tanıtmışdır. T.Musayeva uzun elmi
axtarışlar yolunda həyat yoldaşı tarix elmləri
doktoru, professor Adil Məmmədovla birgə
addımlamışdır. Bu gün hər iki
görkəmli alim Azərbaycan tarix elminin daha da
inkişafı naminə öz dəyərli fəaliyyətlərini
davam etdirirlər.
Yaqub MAHMUDOV,
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı
Azərbaycan.-
2016.- 21 dekabr.- S. 6.