Bolşeviklər
cümhuriyyətçi Alqoca bəyi və ailəsini necə
məhv etdi
Repressiya
qurbanları
XIX əsrin sonu, XX əsrin əvvəllərində
Gəncəbasar bölgəsində xalqının
azadlığı, müstəqilliyi yolunda mübarizələrdə
fərqlənən, Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularından olan və bolşeviklərin qəzəbinə
tuş gələnlərdən biri də şəmkirli Alqoca
bəy Hacı Murad oğludur.
Alqoca 1865-ci ildə Şəmkirin
Qaracəmir kəndində tanınmış sahibkar - Hacallar nəslinin
ağsaqqallarından olan Hacı Murad kişinin ailəsində
dünyaya göz açmışdı. Ailədə bir
bacı (Səlmi), bir qardaş idilər. Alqoca boydan balaca,
çox çevik, işgüzar, mərd və vətənpərvər
idi. O, Qaracəmirlinin sayılıb-seçilənlərindən
olan Hacı Məhəmmədin qızı Telli xanımla ailə
qurmuşdu. Bu izdivacdan iki qızı - Mülküxanım və
Səlfinaz, oğlu Qəmbər dünyaya gəlmişdi. Təəssüf
ki, Telli 31 yaşında rəhmətə gedir. Uşaqlar
azyaşlı olduğundan hər iki tərəfin
ağsaqqallarının tövsiyəsi ilə Alqoca bəy
ikinci dəfə Güllü xanımla evlənir. Bu evlilikdən
onun Şəmşəd, Şəmdan, Çilovdar adlı
oğlanları dünyaya gəlir.
Alqoca bəy elmə, təhsilə,
maarifə böyük dəyər verirdi, kənddə
savadlı gənclərin olmasını
alqışlayırdı. O, övladlarının da təhsil
almasına xüsusi diqqət yetirirdi. Uşaqlarının
ayağı yer tutan kimi onları molla məktəbinə
qoyur, ərəb əlifbasını öyrənmələrinə,
yazıb-oxumalarına ciddi fikir verirdi. Onların rus dilini bilmələrini
də vacib sayırdı. Bunun üçün o, Rusiyadan dayə-müəllimə
gətirtmişdi. Pedaqoq Mariya Nikolayevna günün müxtəlif
vaxtlarında uşaqlara rus dilinin əlifbasını və
qrammatikasını öyrədər, onların sərbəst
danışması üçün çoxlu kitablar, rəvayətlər,
nağıllar oxuyardı.
Alqoca atadanqalma təsərrüfatı
genişləndirərək, çoxlu qoyun-quzu sürülərinin,
mal-qara naxırlarının, 1000 başdan yuxarı at
ilxısının sahibinə çevrilmişdi. “Alqoca dəyirmanı”nı,
“Alqoca bulağı”nı indiki nəsil də yaxşı
xatırlayır. Kürqırağı ərazidə
qoyun-quzu yatağı, camış və at tövlələri,
Ceyrançöl istiqamətində 220, Qaracəmirlidən
Alabaşlı və Təzəkənd kəndlərinə
doğru ərazilərdə 150 hektara yaxın əkin sahəsi,
Kommuna kəndinin alt yanında üzüm bağları var idi.
Alqoca hər il xeyli pambıq, taxıl əkdirər, tədarük
etdirib Gəncəyə, İrana, Türkiyəyə və
başqa ölkələrin bazarlarına göndərərdi.
Alqoca bəy bütün Gəncəbasarın
ehtiram göstərdiyi, millət təəssübkeşi, Gəncə
Müsəlman Milli Komitəsinin üzvü Xudadat bəy Rəfibəyli,
Gəncə Qəza İcraiyyə Komitəsinin üzvü
Aslan bəy Səfikürdiski və Adil xan Ziyadxanovla, komitənin
gənclər təşkilatının sədri Nağı bəy
Şeyxzamanlı, habelə türkiyəli hərbçi,
könüllülər bölüyünə rəhbərlik
edən Hüsaməddin Tuğacla dost idi. Onlar tez-tez görüşərdilər.
Alqoca Gəncə Xeyriyyə Cəmiyyətinin və “Qeyrət”
özünümüdafiə təşkilatının
üzvü idi. O, həmkəndliləri Hacı Məmməd
oğlu İsayla, Ramazan oğlu Rüstəm və Təməzlə,
Qaçaq Poladla, Eminli Tanrıverdiylə dəfələrlə
Gəncədə Ələkbər bəyin dəvətlisi
olmuşdu, erməni iğtişaşlarının
qarşısını almaq üçün məsləhətləşmələrdə
iştirak etmişdi.
Nəinki Gəncəbasarda,
Gürcüstan tərəflərdən İrana, Türkiyəyəcən
məşhur olan bu şəxs rəiyyət və hökumət
yanında nüfuz sahibi idi. Ətrafında Hacallar nəslindən
və qonşu kəndlərdən yığma silahlı dəstəsi
var idi. Bu dəstəni yaxın dostu, “Qeyrət”in Morul nahiyəsi
üzrə nümayəndəsi Süleyman ağa Bədirbəylinin
tövsiyəsi ilə yaratmışdı. Süleyman
ağanın oğlu İsfəndiyar bəyin Gədəbəydə
dərzi dükanları var idi. Süleyman ağa həmin dərzilər
vasitəsilə daşnakların Azərbaycan kəndlərinə
gizli hücumlarından xəbərdar olan kimi Qaracəmirliyə
xəbər göndərərdi. Bu zaman Alqocanın
adamları Çardaxlıda, Borumda, Borsumda, Salerdə, eləcə
də Göyçə tərəflərdə türk
qanına susayan erməni silahlılarının azərbaycanlıların
soyqırımına rəvac verən əməllərinin,
talanlarının qarşısını almaq
üçün Gədəbəydə qaçaq Məcidin dəstəsi
ilə birləşərək erməniləri
susdurardılar.
Bölgənin ən varlı
sahibkarı və sözü ötənlərindən olan
Alqoca bəy həm də xeyriyyəçi idi. Gəncə
Xeyriyyə Cəmiyyətinin və “Qeyrət”
özünümüdafiə təşkilatının
üzvü kimi fəqir-füqəraya, kasıb-kimsəsizə
əl tutmaqda tayı-bərabəri yox idi. 1913-cü ildə
Balkan müharibəsi zamanı neft milyonçusu
H.Z.Tağıyevin və digər Bakı
milyonçularının anadolululara qardaş köməyi təşəbbüsünə
ilkin dəstək olan Alqoca bəy cəmiyyətin xətti ilə
xeyli maliyyə yardımı etmişdi.
O, həmin vaxt çar
çinovniklərindən, Gəncə xəfiyyəçilərindən
qaçaq düşən, sonda bolşeviklərlə də
sözü-söhbəti düz gəlməyən Gəncəbasar
qaçaqlarına da əl tuturdu.
Alqocanın milli təəssübkeşliyini
sındırmağa çalışan Yelizavetpol (Gəncə)
qubernatorluğundakı ermənipərəst qüvvələr
onu ələ almaq istəyirlər. Bu məqsədlə onu hətta
Nikolay hökumətinin 1913-cü ilin əvvəllərində
Peterburqdan Qafqaza gəlmiş xüsusi nümayəndəsi knyaz
Qolitsınla görüşdürürlər.
Görüşün sonunda knyaz
Qolitsın Alqocaya: “Siz bu hörmətin və var-dövlətin
müqabilində Peterburqda Çar imperatorluğu iqamətgahında
əyləşməyə layiqsiniz. Orada Sizin ayrıca
kabinetiniz, kürsülü stolunuz və
başınızın üstündə Nikolay həzrətlərinin
bayrağı olacaqdır. Əlahəzrət Nikolayın fərmanı
ilə Sizə bəylik - bəy titulu veriləcəyi nəzərdə
tutulub...” - demişdi.
Bu zaman Alqoca təklifə görə
təşəkkürünü bildirərək: “Onsuz da mənim
kim olduğumu xalq yaxşı bilir...” - deyərək, onlarla
münasibətə girməmək üçün bu addan
imtina etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasında və təşkilatlanmasında əlindən gələni
əsirgəməyən Alqoca bəy özü və bir
neçə yaxın qohumu bolşevik-erməni silahlı birləşmələrinin
törətdikləri vəhşiliklərin qarşısını
almaq məqsədilə 1915-ci ildə Qaracəmirli kəndində
könüllü özünümüdafiə dəstələrinin
yaradılmasında böyük əmək sərf edir. 1918-ci
ilə kimi həmin özünümüdafiə dəstələri
üçün öz vəsaiti ilə tüfəng, geyim və
ərzaq alır. Gəncə Müsəlman Milli Komitəsinin
üzvü, yaxın dostu Xudadat bəy Rəfibəylinin
tapşırığı ilə 1918-ci ilin yanvarında Şəmkirdə,
Şəmkir stansiyasında məşhur “Eşelon
davası”nda başının dəstəsi ilə
Ramazanoğulları ilə çiyin-çiyinə çar
ordusu hissələrinin tərksilah edilməsində
böyük fəallıq göstərir.
Sovet imperiyası 1920-ci il aprelin
28-də Milli hökuməti süquta uğradıb, Azərbaycanı
işğal edəndən sonra bolşevik-erməni hakimiyyəti,
habelə Hərbi İnqilabi Şura Müsavatın fəallarından
və Xalq Cümhuriyyətinin qurucularından olan milyonçu
Alqoca bəyin böyük sərvətə malik olduğunu
yaxşı bilirdi. Odur ki, ailəsinə göz verib,
işıq vermir, malını-mülkünü dövlət
nəfinə müsadirə adıyla qarət edirdilər.
Hacallar nəslini, xüsusilə Alqocayla qohum ailələri dəyirmanın
boğazından diri salıb ölü
çıxarırdılar. Alqoca bəyin adı üstündə
olan Hacallar nəslinin üzdə olanlarını aldadaraq
qızıllarını-pullarını gizlin-gizlin mənimsəyirdilər.
Onların əkin yerlərini, qoyun-quzu, mal-qara sürülərini
əvvəlcə yarı bölüb artel yaratdılar, sonra
böldükləri ikinci yarını da təsərrüfat
alətləri ilə birlikdə əllərindən alıb
kolxoz düzəltdilər. Bir sözlə, mərhələli
şəkildə həyata keçirilən qarət və
işgəncələr hesabına bolşeviklər Hacallar nəslindən
qopardıqlarını qopardılar, öldürdüklərini
öldürdülər, həbs etdiklərini həbs etdilər,
neçəsini də Rusiyanın gedər-gəlməz
ucqarlarına sürgünə göndərdilər.
Böyük xeyriyyəçi kimi
tanınan Alqoca bəyin oğlu Aslan Muradov Qaracəmirlidə
orta məktəbi bitirəndən sonra Bakı Dövlət
Universitetinin Hüquq fakültəsində təhsil
almışdı. Bir il idi ki, ixtisası üzrə Bakıda
işləyirdi. 1935-ci il iyun ayının əvvəllərində,
gecəyarı qaragödəkcəlilər Aslanı
yaşadığı evdən aparırlar, Leninin heykəlinə
qarşı pis hərəkət etdiyinə görə həbs
edirlər. Sonra üçlüyün qərarı ilə 8
il azadlıqdan məhrum etməklə Arxangelsk vilayətinə
sürgün edirlər. Ağ dənizdə Kond adasında
sürgündə olan Aslan iki ay sonra işgəncələrə
məruz qalan, təhqir olunan azərbaycanlıların
müdafiəsinə qalxaraq mühafizəçilərlə
dalaşır. Bu zaman rus zabiti elə düşərgə
yoldaşlarının yanında Aslanı güllələyir.
Aslanın böyük
qardaşı, 1908-ci il təvəllüdlü Qənbər Gəncədə
molla məktəbində oxumuşdu. Sovetləşmədən
sonra orta məktəbi bitirən Qəmbər həmin il sənədlərini
Bakı Dövlət Universitetinə verir. Bunu eşidən
çuğul xəbəri dərhal Gəncə NKVD-sinə
çatdırır. Qənbər bir neçə gündən
sonra böyük həvəslə Bakıya gedib imtahan
günlərinin vaxtını öyrənmək istəyəndə
sənədlərini geri qaytarırlar: “Sən qolçomaq
oğlusan, sinfi düşmənin övladı şura
balaları ilə bir yerdə oxuya bilməz!” - deyirlər.
Qəmbər sənədlərini
götürüb Gəncəyə qayıdır. Bolşeviklərin,
NKVD işçilərinin əlindən Gəncədə və
Şəmkirdə yaşamağın mümkünsüz
olduğunu hiss edən Qəmbər qonşulara eşitdirir ki,
bu yaxınlarda Türkiyəyə oxumağa gedəcək.
Günlərin birində evdən xeyli qızıl
götürüb bir müddət Qazaxın Poylu kəndində
yaxın qohumlarının evində gizlənir. Bu arada
Gürcüstanda gizli yaşayan doğma dayısı İsgəndər
bəyi (1937-ci ildə repressiya olunub) axtarıb tapır.
Dayısının köməyi ilə
sənədlərini Tiflisdə hərbi məktəbə
verir və qəbul olunur. Yerini heç kimə bildirməyən
Qəmbər məktəbi uğurla başa vurandan sonra
bölük komandiri kimi çalışır. Hökumət
dairələrində hörmət-izzət, etibar qazanmaq
üçün işində çox ayıq-sayıq olur.
Bir gün axtarışda olan gürcü və ermənilərdən
ibarət 7 nəfərlik məşhur oğru dəstəsinin
izinə təkbaşına düşür və onları
yaxalayır. Quldurlar nə qədər hədə-qorxu gəlsələr
də, Qəmbər fikrindən dönmür. Buna görə
Qəmbər Muradov Gürcüstan Respublikasının ordeni
ilə təltif edilir, şəxsi silahla
mükafatlandırılır.
Günlərin birində İsgəndər
bəy Qəmbərin yanına gəlib deyir ki,
axtarışdasan, özünü gözlə, yaxın
vaxtlarda səni aradan götürəcəklər...
Hər ikisi birgə
çıxış yolu arayır. Nəhayət, çoxlu
pulun müqabilində, bir milis nəfərinin vasitəsilə
Qəmbər bir neçə günün içində
pasportunu və adını dəyişdirib olur Bayram. Hətta
səhhəti ilə əlaqədar işdən
çıxır, təcili başqa ünvana
köçür. Az sonra çoxlu dost-tanışı və
geniş əlaqələri olan dayısının köməyi
ilə Gürcüstan Atçılıq Zavoduna direktor təyin
edilir. Bir il çəkməmiş Qəmbər-Bayram məsələsi
yenidən ortaya çıxır. Dayısı Qəmbərə
deyir ki, yaxşısı budur, qaç canını qurtar... Qəmbər
tərslik edir, məsləhətə laqeyd yanaşır,
tutulacağına inanmaq istəmir.
Bu söhbətdən bir neçə
gün sonra Azərbaycan Dövlət Siyasi İdarəsinin əməkdaşları
Qəmbəri Tiflisin mərkəzində, səhər işə
gedəndə qapısının ağzında yaxalayırlar.
Aparıb idarənin zirzəmisinə salırlar və bu xəbəri
dolayısı ilə Şamxora, Qaracəmirliyə
çatdırırlar. Doğmaları əl-ayağa
düşür. Müstəntiqlər Tiflisə gizli
görüşə gələn qohumlarla
danışıqlarda Qəmbəri salamat buraxacaqlarını
vəd edirlər və onlardan, elə Qəmbərin
özündən də xeyli qızıl alırlar. Bir
neçə gündən sonra isə Qəmbəri məcbur
edirlər ki, Şamxorda, Qaracəmirli kəndində
yaşayan anasına məktub yazsın ki, “mən
sağ-salamatam, Türkiyədəyəm, nigaran olmayın,
yaxşı da dolanıram...”
Təhlükəsizlik əməkdaşları
istədikləri qədər qızılı əldə edəndən
sonra məktubu poçt vasitəsilə Qaracəmirliyə
göndərirlər. Bundan təxminən bir həftə
ötmüş Qəmbəri Türkiyəyə yola salmaq
adı ilə gecənin qaranlığında həbsxanadan
çıxarıb maşınla şəhərin kənarına
gətirirlər, maşından düşürüb
sağollaşırlar, irəlidə onu Türkiyəyə
yoldaşlıq edəcək adamın gözlədiyini deyirlər.
Onlardan bir neçə addım aralanan Qəmbəri arxadan
güllələyirlər. Gecəylə bütün hökumət
dairələrinə bildirirlər ki, Qəmbər həbsxanadan
qaçmaq istəyərkən güllələnib.
Alqoca bəyin oğlu Şəmşəd
isə 1929-cu ildə Bakıya gəlib Azərbaycan Pedaqoji
İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil
olmuşdu. Boylu-buxunlu, yaraşıqlı gənc idi. Anası
Güllü “Şəhərli qızlar oğlumu başdan
çıxarar...” deyib onu öz qardaşı Həsənin
qızı Badisəba ilə evləndirir. Şəmşəd
universiteti bitirəndə artıq bir azyaşlı övlad
(qızı Ofelya) atası idi. 1933-cü ildə ali məktəbi
müvəffəqiyyətlə bitirdikdən sonra rayona
qayıdır, Qaracəmirliyə qonşu Şəmkir
stansiyasında orta məktəbdə dil-ədəbiyyat müəllimi
işləyir, beş il bu məktəbdə axşamlar
savadartırma kurslarında yaşlılara əlifbanı
öyrədir, gündüzlər də şagirdlərə
“Şura dərsi” deyir.
Şəmşəd ərəb
dilini yaxşı bildiyindən dost-tanışın
israrlı xahişi ilə Qaracəmirlidə Saralılar nəslinə
məxsus mülkdə bolşeviklərdən gizlin 5 nəfər
uşağa təmənnasız ərəb dilini öyrədirdi.
Bir müddətdən sonra “gizli dərs”dən xəbər
tutan komsomolçu çuğullar dərhal rayon mərkəzinə
məlumat verirlər. Hökumət adamları Şəmşəd
müəllimi həbs etmək üçün Qaracəmirliyə
gələndə kənd camaatı onu ələ vermir, gizlənməsinə
şərait yaradır. Bundan sonra NKVD Şəmşədi
yeni quruluşun düşməni kimi axtarışa verir.
Üç aya yaxın Şəmşəd
müəllimin evini yerli komsomolçu və firqəçilər
nəzarətdə saxlayırlar. O, hərdən xəlvətə
salıb üzünü-başını qırxdırmaq
üçün uşaqlıq yoldaşı olan dəlləyin
yanına gedir. Günlərin birində NKVD haradansa bundan xəbər
tutur. Həmin saat Siyasi İdarənin əməkdaşları
gəlib dəlləyi rayon mərkəzinə aparır və
elə qulaqburması verirlər ki, onların dediyi ilə
razılaşmalı olur.
Payızın orta ayı idi. Şəmşədin
ikinci övladı dünyaya gəlmişdi. Çox sevinirdi.
Çağanın - oğlu Fidayılın 40-ı
çıxsa da, hələ adqoydu mərasimi olmamışdı,
ailə Şəmşədin evə gəlişini gözləyirdi.
Odur ki, Şəmşəd gizləndiyi qohum evindən
çıxıb uşağını görmək, tədbiri
yola vermək üçün evinə getməyi qərarlaşdırır.
Həmişə səliqəli geyinib-kecinməyi xoşlayan
Şəmşəd birdən nə fikirləşirsə, “əşi,
gedim üzümü də qırxdırım, qoy layiqli olsun”
deyib, şər qarışana yaxın ətrafına göz
qoya-qoya gəlib həmin dəlləyin dükanına
çatır. Dükanda heç kimin olmadığını
görüb astaca içəri keçir, hal-əhvaldan sonra
güzgünün qabağında oturur. Bu zaman dəllək
dükanın giriş qapısında, üzü bayıra tərəf
astanada dayanıb, əlindəki dəsmalı
çırpırmış kimi havada yellədərək,
xeyli aralıda duran güdükçüyə Şəmşədin
gəldiyini işarə verir. Pusqudakı NKVD-çilər bir
anın içində dükana doluşurlar. Onlar üzü
sabunlu Şəmşədin qoluna qandal vururlar. Onu qara “M-1”ə
mindirirlər. Məsələnin nə yerdə olduğunu bilən
Şəmşəd müəllim rayon mərkəzinə tərəf
yol gedəndə yanındakılardan xahiş edir ki, onsuz da mən
gedirəm, icazə versəydiniz, qayıdıb ailəmlə
görüşərdim, ondan sonra məni hara istəyirsiniz
aparın.
NKVD-çilər Şəmşəddən
yaxşı qızıl pul alacaqları şərti ilə
rayon mərkəzinə az qalmış geri dönürlər.
Şəmşəd müəllimin
həyat yoldaşı Badisəba qonşulara həmişə
danışırdı ki, həmin gün qarqaradakı it az
qalırdı zənciri qırsın. Evin pəncərəsindən
baxanda gördüm ki, Şəmşəd bir neçə
adamla həyət darvazasından içəri girdi. Asta-asta evə
keçdi, əlləri arxadan bağlı idi. Evdəkilərlə,
mənimlə salamlaşdı, balaca, yaşyarımlıq
qızı Ofeliyanın üzündən öpə-öpə
çağa yatan beşiyə tərəf çöndü,
qəddini düzəldib azca duruxdu, “Adını Fidayıl
qoyun”, sonra evə göz gəzdirə-gəzdirə “Mən
gedirəm” deyib, hamıyla sağollaşdı. Elə o gedən
oldu.
Şəmşəd müəllimi
Şamxor, Gəncə NKVD-sinin zirzəmisində 2 il
saxlayırlar. “Atan Alqoca bəyin gizlətdiyi silahların,
qızılın yerini de” adıyla günlərlə ona
işgəncə verirlər. Türmə rəhbərliyi,
müstəntiqlər əlaltından “Bu gün-sabah
buraxacağıq” adıyla Şəmşəd müəllimin
anasını, yaxınlarını aldadaraq xeyli qızıl
qoparırlar. İstədiklərinə nail olandan sonra, 1937-ci
ildə üçlüyün səyyar sessiyasının qərarı
ilə Arxangelskə, Ağ dənizin sahillərinə 10 illik
sürgünə göndərirlər.
Pul gücünə bu məlumatı
haradansa öyrənən Şəmşədin anası
Güllü Muradova yaxın qohumu Koxa Astanın rus dilini bilən
oğlu Salehi də özüylə dilmanc götürüb,
haqsızlıqlara etiraz əlaməti olaraq 1938-ci ildə
Moskvaya, Stalinin qəbuluna gedir. Günlərlə Kremlin
divarları önündə qalan Güllü Muradova çox
çək-çevirdən sonra Stalinin qəbuluna
düşür, əhvalatı rəhbərə
danışır və oğlunun yanına getmək, onu
görmək istədiyini təvəqqe edir.
Koxa Astanın oğlu Saleh
danışırmış ki, Stalin düyməni basdı,
bir anda qapı açıldı və hərbi geyimli zabit
ayaqlarını cütləyib, əlini gicgahına qoyub əmrə
müntəzir olduğunu bildirdi.
Stalin rusca dedi: “Bu qadın
xeylağı ordan bura gəlibsə, bunda hünər var.
Kömək edin, gedib oğlunu görsün!”
Moskvadan birbaşa Arxangelskə,
oradan da Ağ dənizin sahilindəki Solovkiyə gedirlər.
Güllü ana və dilmanc Saleh xüsusi təyinatlı
şimal düşərgələrinin Kond adası
ölüm düşərgəsinin rəisi ilə
görüşür. Məlum olur ki, Şəmşəd
artıq həyatda yoxdur, düşərgənin
qayda-qanunlarına riayət etmədiyinə görə
güllələnib. Hətta ananın təkidi ilə
aparıb qəbrini də göstərirlər. Ana oğlunun məzarı
üstündə xeyli göz yaşları axıdır.
Güllü ana qayıdıb rəislə
kabinetində görüşüb xudahafizləşəndə:
“Heç olmasa ölüsünü verin, aparım öz kəndimdə
dəfn edim” deyir. Rəis buna qəti etiraz edir. Bu zaman
Güllü ana əlini gödəkcəsinin cibinə
salıb bir kisə qızılı qoyur rəisin stolunun
üstünə: “Al bu qızılı, ömrün boyu
işləsən, bu qədər pul qazana bilməzsən,
götür, oğlumun sümüklərini ver aparım...”
deyə yalvar-yaxar edir. Söhbət dalana dirənəndə
Güllü ana əlini gödəkcəsinin cibinə
atıb ikinci kisəni də birincinin yanına qoyur. Həm
qızıla, həm də ananın cəsarətinə,
inadkarlığına təəccüb qalan rəis
“yumşalır...”
Axşamçağı
düşərgədən bir neçə azərbaycanlı
qəbiristanlığa gedib Şəmşədin nəşini
bir tabuta yığıb, yola hazırlayır. Bu zaman
Güllü Muradova bu dəstəyə rəhbərlik edən,
düşərgədəki tibb məntəqəsində həkim
işləyən, Gəncə Gizli Müsavat Təşkilatının
rəhbəri olmuş və buna görə Solovkiyə 10
illiyə sürgün edilmiş Cahangir Ağazadə ilə
görüşüb xeyli söhbət edir. O, Güllü
anaya və dilmanc Salehə bildirir ki, Şəmşəddən
əvvəl onun qardaşı Aslan burada sürgündə
idi. Rus dilini, ərəb dilini yaxşı bilirdi, qanunpərəst
idi. Atasını yaxşı tanıdığımdan, həm
də həmyerli kimi özümə doğma bilirdim. Amma neyləməli,
düşərgədəki qanunsuzluğa görə bir qrup
azərbaycanlı dustağın müdafiəsinə
qalxdı, komandirlə mübahisə edərkən güllələdilər.
Şəmşəd bura gələndə
söhbətlərdən qardaşı Aslanın da bu
düşərgəyə gətirildiyindən və söylədiyim
hadisədən xəbərdar oldu. Hövsələsizlik etdi,
acıqlı-acıqlı gedib qardaşını güllələyən
zabiti söydü, əl-qol atdı, bu zaman zabit onu da güllələdi...
Güllü ana o vaxt avtomobil nəqliyyatı
qıt olduğundan iki yaxşı at arabası kirayələyir,
birində azərbaycanlı molla, iki nəfər əlavə
köməkçi və Şəmşədin tabutu, digərində
isə Güllü ana və dilmanc Saleh iki gecə üç
gün yol gəlirlər. Güllü ana bu yolun araba ilə nə
qədər çətin və Şəmşədin
tabutunun gətirilməsinin nə qədər
mümkünsüz olduğunu görüb mollanın məsləhəti
ilə yol kənarında kiçik bir rus kəndinin
yaxınlığında, kənd çayından bir az
aralıda qəbir qazdırıb, nəşi müsəlman
qaydası ilə dəfn etdirir.
Güllü ana Şəmşədin
adını və soyadını başdaşına
yazdırır ki, havalar açılanda gəlib aparsın.
Salehə də bərk-bərk tapşırır ki, kənddə
savadlı adam güllələnəndə, hörmətli
kimsə həbs ediləndə bolşeviklər sevinirlər.
Odur ki, heç kimə “Şəmşəd
ölübdü” demə, bolşeviklər sevinərlər.
Ona görə Güllü ana kənddə hamıya deyirdi ki,
getdim, Şəmşədlə görüşdüm,
işi-gücü, özü də lap yaxşıdır.
Bir neçə aydan sonra
Güllü ana bir neçə adamla Şəmşədin nəşi
arxasınca Rusiyaya gedir. Həmin yerə çatanda
görür ki, yolun kənarındakı çay
yazqabağı daşıb, sel-su Şəmşədin qəbrini
yuyub aparıb.
...Çar imperiyasının,
sonralar isə sovetlərin işğalçılıq siyasətinə
boyun əyməyən və bolşevik-erməni birləşmələrinə
qarşı çıxan Alqoca bəyi, eləcə də
onun repressiyaya məruz qalan oğlanlarını el-oba həmişə
ehtiramla yad edir. Hacı Murad oğlu Alqoca bəyin kənd qəbiristanlığında
məzarının sağında və solunda dövrün
haqsızlıqlarına məruz qalmış - repressiya
olunmuş ailə üzvlərinin, o cümlədən
övladları Aslanın, Şəmşədin, Qəmbərin,
Bayramın, Şəmdanın və 1941-1945-ci illər
müharibəsində itkin düşən Əhmədin
şəkilləri əks olunmuş simvolik kompleks abidə-qəbirləri
var. Başdaşları üzərində ad və
soyadları, təvəllüdləri və repressiya
olunduqları illər qeyd olunub. Qədirbilən kənd
camaatının yaddaşından silinməyən bu
insanların həyatlarına ölkədən kənarda
ölüm düşərgələrində son verilsə də,
ruhları vətən torpağında, doğmalarının
yanında olmuşdur.
Rəhman
SALMANLI,
Azərbaycan.-
2016.- 21 dekabr.- S. 7.