Oğru varlı evə göz dikər, yaxud Hacıbəyli qardaşlarının
nigarançılığı
Erməni terroru, vəhşiliyi, məkri, xəyanəti, riyakarlığı barədə tədqiqatçıların, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin, səyyahların, salnaməçilərin qələmə aldıqları tarixi mənbələrdə, arxiv sənədlərində, bədii əsərlərdə külli miqdarda dəlillər var. Erməni xislətinə daha bir eybəcərlik xasdır: oğurluq, plagiatçılıq.
Azərbaycan xalqına məxsus musiqi əsərlərinin, folklor nümunələrinin və digər mədəni irs nümunələrinin, hətta daşınmaz tarix və mədəniyyət abidələrinin əsrlər boyu ermənilər tərəfindən oğurlandığına, mənimsənildiyinə və erməni nümunələri kimi təqdim edildiyinə dair nəinki əcnəbi məxəzlərdə, eləcə də erməni mənbələrində saysız-hesabsız fakt məlumdur. Son iki yüz ildə indiki Ermənistan ərazisindəki minlərlə türk mənşəli toponim dəyişdirilmiş, bir sıra sənədlərdə Qafqazdakı çox sayda Alban kilsələri, qədim abidələr haqqında məlumatlar saxtalaşdırılaraq erməni milli sərvəti kimi təqdim edilmişdir. Ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Ermənilər digər milli sərvətlərimiz kimi xörəklərimizi də öz adlarına çıxırlar, oğurlayırlar. Bu gün onlar ta qədimdən Azərbaycanın milli xörəyi sayılan və qəbul edilən plovu, yarpaq, kələm, badımcan dolmalarını, kabablarımızı, lavaşı həyasızcasına öz adlarına çıxırlar. Qısaca desək, yüz illərdir ki, ermənilər XI əsr fars ədəbiyyatının parlaq nümunələrindən olan “Qabusnamə”də yazıldığı kimi, “bədfel, kündəbədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmən” xislətlərindən əl çəkmirlər. Tanınmış İsveç şərqşünası,”Müsəlman intibahı” kitabının müəllifi professor Adam Mets (1869-1917) ermənilər haqqında keçmişdə deyilənləri və gələcəkdə deyiləcəkləri özünün üç cümləsi ilə ifadə etmişdir: “...ağ qulların ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”.
Ermənilərin oğruluğuna daha bir tarixi sənəd şahidlik edir. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Versal Sülh Konfransında iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərarından sonra Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi və Ceyhun Hacıbəylinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti 1919-cu il aprelin 22-də Parisə yola düşür. Bir müddət sonra Ceyhun bəy böyük qardaşı Üzeyir bəydən məktub alır. 1920-ci il yanvarın 16-da Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin tanınmasından 5 gün sonra yazılan, “Azərbaycan” qəzeti idarəsindən (1919-cu ildə Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş və 1920-ci il aprelin 28-dək bu vəzifədə çalışmışdır) yola salınan və “Gözümün işığı Ceyhun!” ilə başlayan məktubda Ü.Hacıbəyli hal-əhvaldan, kiçik girişdən sonra nigarançılıqla yazır: “Bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan (Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il avqustun 1-də özünün Ukraynadakı keçmiş diplomatik nümayəndəsi Mir Yusif Vəzirovu - Yusif Vəzir Çəmənzəminlini İstanbula göndərilən diplomatik missiyanın başçısı təyin etmişdir - T.A. ) bir məktub aldım. Yazır ki, ermənilərin fransızca “Renessans” qəzeti iddia edir ki, “Arşın mal alan”ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu bildirir və israr eləyir ki, mən əsərlərimin notlarını çap edib ona göndərim ki, o da səfarət xərcinə onların bütün Avropada, Amerikada intişarına səy etsin. Hərgah mən Parisdə olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz olaraq çap etdirərdim. Mən əhvalatı Nəsib bəyə (Nəsib bəy Yusif oğlu Yusifbəyli (1881-1920) Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində - maarif naziri, Azərbaycan Demokratik Respublikası hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş nazir, eləcə də daxili işlər naziri (16 iyun 1919 - 22 dekabr 1919) işləmişdir - T. A.) söylədim, o, dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.
Dahi bəstəkar daha sonra qardaşına yazır ki, gələcəkdə sizin buraya gəlmək, yaxud mənim Parisə getmək imkanımız olsa, o zaman “...musiqi işlərimlə məxsusi məşğul olub, bu xüsusda Avropa əfkari-ümumiyyəsinin diqqətini cəlb edərdik. Üzeyir Hacıbəyli erməni oğurluğundan o dərəcə ehtiyatlanırdı ki, məktubunda Bakıda “O olmasın, bu olsun” tamaşasına “ingilis böyüklərindən birinin də baxdığını, qeydlər apardığını, əsərin müəllifinin kim olduğunu da cib dəftərçəsinə yazdığını Ceyhun bəyə xəbər verməyi lazım bilirdi”. Üzeyir bəy qardaşına sevinclə yazırdı ki, əsərlərim avropalıların marağına səbəb olur. Ona görə də bu yolda müntəzəm işləməliyik.
Tarix göstərir ki, ermənilərin öz xislətindən - oğurluqdan əl çəkmək niyyəti yoxdur. Onlardan zərər görməmək, erməni plagiatlığına qarşı effektli mübarizə aparmaq üçün çarə Üzeyir bəyin dediyinə qalır “...bu yolda müntəzəm işləməliyik”, “oğru varlı evə göz dikər”- atalar sözü ilə təsəlli, təskinlik tapmamalıyıq...
Abid TAHİRLİ,
filologiya elmləri doktoru
Azərbaycan.-
2016.- 21 dekabr.- S.7.