Mükəmməl inkişaf konsepsiyası
Milli iqtisadiyyatın yeni hədəfləri və əsas
prioritet istiqamətləri müəyyənləşdirilib
Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti artıq dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı islahatlar nəticəsində bu gün Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Dekabrın 7-də Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yeni hədəfləri müəyyənləşdirdi. Xarici təcrübəyə əsasən, ölkə iqtisadiyyatının inkişafında bələdçi rolunu oynayan Strateji Yol Xəritəsi postböhran mərhələsinə qədəm qoymuş və sabit makroiqtisadiyyata malik ölkələrdə tətbiq olunur. Dövlət başçısının təsdiq etdiyi Strateji Yol Xəritəsi də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da yüksəlməsinə xidmət edəcək. Sənəd qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək.
Maliyyə xidmətlərinin inkişafı - 5 strateji hədəf
və 16 prioritet istiqamət
Milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə hazırlanan Strateji Yol Xəritəsinin artıq 4 istiqaməti üzrə - maliyyə xidmətlərinin inkişafı, ağır sənaye və maşınqayırmanın inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair prioritetlər açıqlanıb.
Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya, maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla, sektorun çevikliyi, rəqabətqabiliyyətliliyi və innovativliyi prinsipləri əsasında hazırlanıb. Sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf (Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması, Maliyyə bazarlarının inkişafı, İnfrastrukturun gücləndirilməsi, Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi, Maliyyə savadlılığının yüksəldilməsi) və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi, kapital və pul bazarının inkişafı, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin inkişafı, kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılması və s. istiqamətlərdə tədbirlərdən ibarətdir.
Strateji məqsədlər isə maliyyə sisteminin daxili və xarici şoklara qarşı dayanıqlılığını artırmaq, risk idarəetməsi proseslərinin keyfiyyətini yüksəltmək və tənzimləmə çərçivəsini təkmilləşdirmək, maliyyə sisteminin infrastrukturunu gücləndirmək və inkişaf potensialını artırmaqdır.
Bu tədbirlərin
reallaşdırılması üçün 115 milyon manat
investisiya tələb olunur. Görüləcək
tədbirlər nəticəsində 2020-ci ildə iqtisadiyyatda
təxminən 750 milyon manat əlavə dəyərin
yaranması gözlənilir. Maliyyə xidmətləri
sektorunda nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi nəticəsində 2020-ci il
üçün bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən
7 faiz artacağı proqnozlaşdırılır. Maliyyə dərinliyinin (kreditlərin qeyri-neft
ÜDM-ə nisbəti) 60 faizə çatdırılması
və qeyri-işlək kredit əmsalının 8 faizədək
azaldılması hədəflənir.
Ağır sənaye
və maşınqayırmada rəqabətədavamlı
sektor yaradılacaq
Ağır sənaye və
maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində
isə Azərbaycanın bu sahədəki strateji hədəfləri
müəyyən edilib. Məqsəd mövcud resurslar nəzərə
alınmaqla ağır sənaye və maşınqayırma
sektorunda müasir tənzimləmə və təşviq siyasəti
tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik
inkişafı vasitəsilə ölkə
iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye
və maşınqayırma sahəsində əlavə dəyərin,
məşğulluğun artırılmasına, ətraf
mühitin qorunmasına və nəticədə
dayanıqlı iqtisadi inkişafa nail olmaqdan ibarətdir.
Bu məqsədə
çatmaq üçün Strateji Yol Xəritəsinin
başlıca istiqamətləri rəhbər tutulmaqla
2016-2020-ci illər ərzində ölkədə ağır
sənaye və maşınqayırma sahəsində mövcud
aktivlərin optimallaşdırılması, rəqabətədavamlı
sektorun yaradılması, maliyyə dəstəyinin təmin
edilməsi və beynəlxalq əməkdaşlığın
həyata keçirilməsi ilə bağlı strateji hədəflər
müəyyən edilib. Bu Strateji Yol Xəritəsinin məqsədləri
üçün aşağıdakı sahələr
ağır sənaye və maşınqayırma sektorunda
prioritet kimi götürüləcək: mədənçıxarma
(neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti
materialları (məsələn, sement) istehsalı, neft-qaz və
kənd təsərrüfatı maşınqayırması
kompleksi, elektrik avadanlıqlarının istehsalı,
maşınqayırma sektorunda xidmət müəssisələrinin
fəaliyyətinin inkişafı.
2020-ci ilədək nəzərdə
tutulan hədəflərə nail olunması nəticəsində
Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək
artacağı proqnozlaşdırılır. Bu təsirin əldə
olunması üçün dövlət-özəl
resursları hesabına 2,9 milyard manat
investisiya qoyuluşu tələb edilir.
Azərbaycanda ağır sənaye
və maşınqayırma sahəsinin gələcəkdə
də inkişafı üçün münbit şərait
mövcuddur. İxtisaslı kadr potensialı, yenilənən
infrastruktur, işləyən institutlar və
yaxşılaşan biznes mühiti sahənin gələcəyinin
əsas təminatıdır. Ölkədə
sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə
2016-cı ildə qəbul edimiş sənədlər və
görülmüş tədbirlər sənaye sahəsinə
investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, metallurgiya,
maşınqayırma, kimya sənayesi sahələrinə
investisiya yatıraraq yeni istehsal obyektləri quran fiziki və
hüquqi şəxslər geniş vergi və gömrük
güzəştlərindən faydalana biləcəklər.
Bakıda və
iri şəhərlərdə 5 “yaşıl market” və 50
“fermer mağazası” qurulacaq
Kənd təsərrüfatı
məhsullarının istehsalına və emalına dair
Strateji Yol Xəritəsi isə ölkənin ərzaq təhlükəsizliyinin
təmini, iqtisadiyyatın şaxələndirilməsi,
ixracyönümlü məhsulların istehsalının
artırılması, kənd yerlərində sosial rifaha
töhfə vermək baxımından xüsusi əhəmiyyət
kəsb edir.
Bu Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı
sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək
strateji baxış, 2025-ci ilədək olan dövr
üçün uzunmüddətli baxış və 2025-ci
ildən sonrakı dövr üçün hədəf
baxış əks olunub ki, bu da kənd təsərrüfatı
sahəsində həm orta, həm də uzunmüddətli
dövr üzrə strateji inkişaf hədəflərinə
çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə
icra ediləcək aydın yol xəritəsinə malik
olmasını ifadə edir. Strateji Yol Xəritəsinin
2016-2020-ci illər ərzində həyata keçirilməsi
hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə
əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı sektorunun
formalaşdırılmasına nail olmaq baxımından əlverişli
mühitin yaradılması üçün 9 strateji hədəfin
reallaşdırılması nəzərdə tutulur. Bu
strateji hədəflər ərzaq təhlükəsizliyinin
dayanıqlılığının gücləndirilməsi,
kənd təsərrüfatı məhsullarının istehsal
potensialının dəyər zəncirinin həlqələri
üzrə artırılması, kənd təsərrüfatı
sahəsi üzrə istehsal vasitələri bazarının
inkişafı və müvafiq resurslara, o cümlədən
maliyyəyə çıxışın
asanlaşdırılması, kənd təsərrüfatı
sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin
yüksəldilməsinə yönəlib. Eyni
zamanda məsləhət-informasiya xidmətləri sisteminin
inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və
istehsalçıların bazara
çıxışının asanlaşdırılması,
təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin
formalaşdırılması, aqrar sahə üzrə biznes
mühitinin təkmilləşdirilməsi və kənd yerlərində
rifahın yüksəldilməsi məsələləri
Strateji Yol Xəritəsində əksini tapıb.
Bu sənəd strateji hədəflərin
reallaşdırılması üçün 36 prioritet istiqamətdən
ibarətdir. Yol
xəritəsində kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər
üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə)
əsas hədəf indikatorları müəyyən edilib: ət
istehsalının 20 faiz, süd istehsalının 30 faiz,
pambıq istehsalının, eləcə də emalı üzrə
istehsal həcminin ən azı 4 dəfə artması, barama
istehsalı, eləcə də emalı üzrə istehsal həcminin
ən azı 1000 dəfə çoxalması, 2020-ci ilə
kimi hər regionda uyğun məhsulların dəyər zənciri
üzrə ümumilikdə 25 kiçik və orta
sahibkarlıq subyektinin yaradılması nəzərdə
tutulub. Eyni zamanda bütün aqraryönümlü ixtisaslar
üzrə ali təhsil müəssisələrində təhsilalanların
sayının 20 faiz, özəl baytarlıq xidməti göstərənlərin
sayının 30 faiz artması, paytaxtda və iri şəhərlərdə
5 “yaşıl market”in və 50 “fermer mağazası”nın
qurulması planlaşdırılıb.
Ümumilikdə isə
Strateji Yol Xəritəsində əksini tapan tədbirlərin
həyata keçirilməsi kənd təsərrüfatı məhsullarının
istehsalının artmasına, kənd təsərrüfatı
sahəsində elm və təhsilin keyfiyyətinin yüksəldilməsinə,
bazar infrastrukturunun inkişafı nəticəsində
istehsalçıların bazara
çıxışının asanlaşmasına səbəb
olacaq. Strateji
Yol Xəritəsində müəyyənləşdirilən
hədəflərə nail olunması nəticəsində kənd
təsərrüfatı məhsullarının istehsalı və
emalı sektorunda 2020-ci ildə real ümumi daxili məhsulun
birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660
milyon manat olmaqla, ümumilikdə, 1,235 milyon manat
artacağı və təxminən 20 min yeni iş yerinin
açılacağı gözlənilir.
Ərzaq təhlükəsizliyi
komissiyası, sığorta fondu yaradılacaq
Sənəddə bildirilir ki, ərzaq
təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq,
qiymətləndirmənin aparılması, proqram və layihələrin
hazırlanması, həyata keçirilməsi, fövqəladə
hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi
və s. işlərin effektivliyinin təmin edilməsi
üçün ərzaq təhlükəsizliyi
komissiyasının yaradılması nəzərdən
keçiriləcək. Komissiya üzvləri Kənd Təsərrüfatı
Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi,
Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların
nümayəndələrindən ibarət ola
bilər.
2016-2020-ci illər
üçün nəzərdə tutulmuş prioritetlər
çərçivəsində həyata keçiriləcək
tədbirlər nəticəsində 2025-ci ilədək
ölkənin aqrar-sənaye müəssisələri kənd
təsərrüfatı sektorunun əsaslı şəkildə
dəyişməsində (transformasiyasında) aparıcı
qüvvə olacaq. Bundan sonra sənaye sahələrinə
yerli və xarici özəl investisiya axını olacaq,
yüksək dəyər yaradan kənd təsərrüfatı
məhsullarının rəqabət əsasında
istehsalı və emalı həyata keçiriləcək.
2025-ci ilədək kənd təsərrüfatı məhsullarının
emalı sektorunda bu cür investisiyalar hesabına ən az bir neçə yerli aparıcı müəssisənin
yaradılması nəzərdə tutulub. Bu
aqrar-sənaye müəssisələri öz ixrac
potensialını yüksəldərək ixrac
bazarlarının sayını artıracaq (Avropa bazarı kimi
Qərb bazarları da daxil olmaqla) və dünya ticarətində
mühüm paya sahib olacaq. Həmin
dövrdə kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sahələrində yerli şirkətlərlə
yanaşı, xarici şirkətlər də geniş fəaliyyət
göstərəcək. Azərbaycanda
investisiya axınının əhəmiyyətli dərəcədə
artmasına şəraitin yaradılması, eləcə də
beynəlxalq bazar iştirakçılarının kompleks
layihələr və aqropolislər vasitəsilə yerli bazara
daxil olması nəzərdə tutulub. Bu məqsədə
xidmət edən ilk aqropolis - Ələtdəki Azad Ticarət
Zonası tipli xüsusi iqtisadi zona 2025-ci ilədək
mühüm emal mərkəzi kimi tam fəaliyyət göstərəcək.
Bundan başqa, Maliyyə
Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı
Nazirliyi özəl sığorta şirkətlərinin də
iştirakı ilə aqrar sığortanın əhatə
dairəsinin genişləndirilməsi məqsədilə
sığorta fondunun yaradılması imkanlarını
araşdıracaq. Bu sahədə beynəlxalq təcrübə
öyrəniləcək və fondun istehsalçıların
sığortalanmasına və ümumilikdə aqrar sahənin
inkişafına potensial təsirləri təhlil edilməklə
hesabatlar hazırlanacaq. Kənd Təsərrüfatı
Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birgə ölkədə kənd təsərrüfatı sahəsi
üzrə sığorta risklərinin effektiv şəkildə
qiymətləndirilməsi üçün iqlim məlumatları
və təbii fəlakətlər, heyvan və bitki xəstəlikləri,
habelə məhsuldarlıq göstəriciləri üzrə
uzunmüddətli dövr üçün informasiya bazası
yaradacaq. Kənd Təsərrüfatı
Nazirliyi Maliyyə Nazirliyi ilə birgə bitkiçilikdə
karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin
ləğvi, oxşar olaraq heyvanların karantin xəstəliklərinin
ləğvi, profilaktikası və qarşısının
alınması ilə əlaqədar zərər çəkmiş
kənd təsərrüfatı məhsulları
istehsalçılarına dəymiş maddi zərərin
ödənilməsi ilə bağlı icra mexanizmi
hazırlayacaq.
Mükəmməl
turizm təcrübəsinə nail olmaq üçün 4 əsas
hədəf müəyyənləşdirilib
“Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi”ndə isə bu
sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə
2020-ci ilədək olan dövr üçün ölkə
üzrə turizm sektorunda 4 əsas hədəf müəyyənləşdirilib. Məqsəd
2025-ci ildən sonrakı dövr üçün hədəf
baxış Azərbaycanı dünyada turistlərin ən
çox üstünlük verdiyi 20 turizm məkanından birinə
çevirmək və mövcud turizm ehtiyatlarından səmərəli
istifadə göstəricilərinin
maksimallaşdırılmasına nail olmaqdır. Sənəddə bildirilir ki, Azərbaycanın məqsədyönlü
brendinq tədbirlərinin həyata keçirilməsi, əlaqələrinin
artırılması, infrastrukturunun
yaxşılaşdırılması ilə bərabər, cəlbedici
turizm məkanlarının müxtəlifliyinin və xidmət
keyfiyyətinin artırılması ölkəni beynəlxalq
turizm məqsədləri üçün cəlbedici turizm mərkəzinə
çevirmək niyyətinin reallaşdırılmasına
şərait yaradacaq.
Turizm sektorunda 4 əsas hədəfinin
vacib istiqamətindən biri Bakının turizm
potensialından tam istifadə edilməsi ilə bağlıdır. Həm
işgüzar məqsədlərlə, həm də istirahət
məqsədilə gələn turistlər arasında beynəlxalq
tanınmanın növbəti səviyyəsinə çatmaq
və Bakı şəhərinin turizm potensialını
artırmaq üçün Milli Turizm Təbliğat Bürosu
yaradılacaq. Bu qurum paytaxtımız barədə mövcud
məlumatları yeniləmək üçün Azərbaycan
Respublikasının Turizm Şurası ilə, müvafiq
dövlət qurumları və digər təşkilatlarla birgə
işləyəcək, mühüm hədəf bazarlarda təşviqat
tədbirlərini həyata keçirəcək, eyni zamanda
sahibkarlara həm aşağı büdcəli yerləşdirmə
vasitələri üzrə seçimlərin
çeşidinin genişləndirilməsinə, həm də
şəhərin mərkəzində turizm obyektlərinin
yaradılmasına dəstək verəcək.
Digər hədəflər isə
milli səviyyədə daha yaxşı idarəetmənin təşkili,
turizm və rekreasiya zonalarının yaradılması,
mövsümiliyin aradan qaldırılması üçün
regional səviyyədə turizm infrastrukturunun inkişafı
üçün ölkə üzrə əlverişli
mühitin formalaşdırılması, regional turizm təşəbbüslərini
həyata keçirməklə Azərbaycanda turizmin inkişaf
etdirilməsi, turizm sahəsində təhsil proqramlarına
investisiya qoyuluşunun həyata keçirilməsi və
turistlərin məmnunluğunu artırmaq üçün
standartlaşdırma, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsidir.
Sənəddə qeyd edilir ki, 2020-ci
ilədək olan dövr üçün müəyyən
edilmiş hədəflərin reallaşması nəticəsində
Azərbaycanda 2020-ci ildə real ümumi daxili məhsulun
birbaşa 293 milyon və dolayı 172 milyon manatadək
artacağı, cəmi 35 min olmaqla bilavasitə turizm sektorunda
25 min iş yerinin yaradılacağı
proqnozlaşdırılır. Təsirin
gerçəkləşdirilməsi dövlət-özəl
resursları hesabına 350 milyon manat həcmində investisiya
qoyuluşunu tələb edir.
Bütün pioritet istiqamətlər bir daha təsdiqləyir ki, Strateji Yol Xəritəsi iqtisadiyyatın inkişafı ilə bağlı yeni yanaşmanı ortaya qoyur. Strateji hədəfləri müəyyənləşdirən sənəd iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq. Strateji Yol Xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair yol xəritəsini özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradır və Azərbaycan iqtisadiyyatında yeni mərhələnin əsasını qoyur.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 22 dekabr.- S.- 1,
3.