Azərbaycan ilə Türkiyə arasında
qarşılıqlı əməkdaşlıq uğurla davam edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə
Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC xəbər verir ki,
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv dövlətlərin
iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək
görüşünün önəmini qeyd etdi. Dövlətimizin
başçısı Türkiyə Respublikasının
iqtisadiyyat naziri Nihat Zeybekcinin Azərbaycana səfərinin həm
Şuranın iclasında iştirakı, həm də ölkələrimiz
arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi
ilə bağlı müzakirələrin aparılması
baxımından əhəmiyyətini vurğuladı.
Nazir Nihat Zeybekci Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın salamlarını Prezident İlham Əliyevə
çatdırdı.
Ölkələrimiz arasında
dostluq və qardaşlıq əlaqələrinə toxunan
nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın
Türkiyəyə ən böyük dəstək verən
ölkə olduğunu dedi.
Azərbaycan ilə Türkiyənin
ən yaxın qardaş ölkələr olduğunu
vurğulayan dövlətimizin başçısı ölkələrimizin
bir-birinə hər zaman dəstək vermələrini təbii
hal kimi dəyərləndirdi.
Görüşdə Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının iclaslarının əlaqələrimizin
daha da möhkəmləndirilməsi baxımından önəmi
vurğulandı, iqtisadi sahədə əməkdaşlığımızın
inkişafına dair məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Türkiyə Prezidentinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-
2016.- 22 dekabr.- S. 1.