Birgəyaşayışın nümunəsi
Azərbaycan Şərqlə Qərbi birləşdirən
multikultural məkana çevrilib
Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkə əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün ilk növbədə etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir.
Milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər edilməsi cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir. Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə edilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikamızda bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməyib.
Prezident İlham Əliyev Azərbaycanın çoxkonfessiyalı ölkə kimi dünyaya nümunə olduğunu bildirib: “Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. Yəni, dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr əsasən yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb, ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilmiş və hələ həyata keçiriləcək proqramlar çoxdur”.
Xalqımızın əvəzsiz sərvəti olan, böyük qurbanlar hesabına qazanılmış və bu yaxınlarda 25 illiyini qeyd etdiyimiz dövlət müstəqilliyinin əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir.
Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər edilməsi cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.
Ölkə başçısının milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Bakıda ildə bir dəfə Beynəlxalq Humanitar Forumun keçirilməsi də mühüm əhəmiyyətli məsələ kimi qeyd olunmalıdır. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir. Ötən müddətdə keçirilən beynəlxalq humanitar forumlarda aktual humanitar əməkdaşlıq məsələləri müzakirə edilib. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda dünya dinləri liderlərinin zirvə görüşü baş tutdu. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu yüksək səviyyədə keçirildi. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparıldı.
Bakı bu yaxınlarda beşinci dəfə Beynəlxalq Humanitar Foruma evsahibliyi etdi. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi mühüm hadisə kimi qeyd oluna bilər. Bu forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Multikulturalizmlə bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır.
Prezident İlham Əliyev Azərbaycanın Şərqlə Qərbi birləşdirən multikultural məkan olduğunu bildirib: “Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır.
Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur”.
Regionda əsas söz sahibi kimi çıxış edən Azərbaycanın son illər əldə etdiyi davamlı uğurlarını həzm edə bilməyən müəyyən bədxah qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq. Səbəb kifayət qədər sadədir: son illər Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi antimilli dairələri ciddi narahat edir. Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü haki-miyyətin mövcudluğu antiazərbaycançı şəbəkəyə qətiyyən sərfəli deyil. Regionda maraqlarını gerçəkləşdirmək istəyən müəyyən dairələrin zaman-zaman uğursuz ssenarilərlə spekulyasiyalar etmələri də bu baxımdan başadüşüləndir. Ancaq qüdrətli Azərbaycan dövləti antimilli qüvvələrə və onların buyruq qullarına həmişə tutarlı cavab verib.
Azərbaycanda tolerantlıq bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bugünün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib.
Elnur HACALIYEV,
Azərbaycan.-
2016.- 22 dekabr.- S. 7.