Milli mədəni və mənəvi dəyərlərin təbliği
mühüm amildir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin illik fəaliyyətinə həsr edilmiş toplantısı keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri, eləcə də “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvləri iştirak ediblər.
Mərkəzin direktoru Asif Usubəliyev yola salınan il ərzində görülən işlər barədə məlumat verərkən bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi bu sahədə fəaliyyətin təkmilləşdirilməsindən, müasir üsulların tətbiq edilməsindən və regionlarda geniş təbliğindən ibarətdir. Hesabat xarakterli məruzədə qeyd edilib ki, mərkəz tərəfindən ümumi iştirakçısının sayı 28 min nəfərdən çox olan 100-ə yaxın metodiki təlim, elmi-praktik konfrans, seminar, həmçinin yubiley və əlamətdar tarixi günlər, internet aksiyaları keçirilib. Eləcə də metodiki köməyin göstərilməsi məqsədilə mərkəzin 47 əməkdaşı regionlara ezam edilib. 43 rayonu əhatə edən təlim-treninqlər təşkil olunub. İl ərzində 32 adda müxtəlif məzmunlu yeni metodiki vəsait hazırlanıb. İşçi qrupu tərəfindən Azərbaycan mədəniyyəti ilə əlaqədar saxtalaşdırma, mənimsəmə və təhrif olunması ilə bağlı müxtəlif əcnəbi internet resurslarında monitorinq aparılıb, 246 fakt aşkar edilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərkəzin fəaliyyətini müsbət qiymətləndirərək, bu sahədə qəbul edilən qanunların təbliği və icra mexanizminin düzgün qurulması istiqamətində mədəniyyət işçiləri arasında apardığı treninq və kursların vacibliyini vurğulayıb. Nazir onu da bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair “Strateji Yol Xəritəsi” ilə bağlı mədəniyyət və turizm sahəsində çalışan əməkdaşlar səylərini daha da artırmalı, bu sənəddən irəli gələn məsələlərin həllində turizm üzrə metodiki tövsiyələrdən istifadə etməlidirlər.
Milli mədəni, mənəvi dəyərlərin qorunması və təbliğinin vacibliyini vurğulayan nazir bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi önəm daşıdığını, eləcə də mərkəzin AMEA-nın müxtəlif institutları ilə əməkdaşlığını yüksək qiymətləndirib, təcrübənin bölüşdürülməsinin əhəmiyyətini diqqətə çatdırıb.
“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun işinə uğurlar arzulayan nazir onların gələcək fəaliyyətində beynəlxalq təcrübədən yararlanacağına əminliyini ifadə edib.
Elmi-Metodik Mərkəzin direktor müavini Adilxan Bayramov nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və bədii təhsil şöbəsinin əməkdaşı Zəbulla Quliyev isə fəxri fərmanla təltif olunublar.
Toplantıda həmçinin Zaqatala, Şabran, Hacıqabul və Xızı rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin hesabatları dinlənilərək qiymətləndirilib.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2016.- 22 dekabr.- S. 8.