Lider və onun
ölkəsi
Hər bir lider
öz xalqının yetirməsi, hər bir ölkə öz
liderinin əsəridir
Xalqların tarixini və
taleyini təyin edən başlıca səbəblər
sırasında lider amili həmişə həlledici rol
oynayıb. İnkişafın zirvəsinə yüksəlmiş
bütün xalqlar tarixin ayrı - ayrı zamanlarında
fövqəladə istedadlı liderlərə sahib olmaq
xoşbəxtliyindən yetərincə bəhrələnmək
şansına minnətdar olmalıdırlar. Bəşəri tərəqqinin bu
sınanmış qanunauyğunluğu bütün xalqlara və
ölkələrə eyni dərəcədə şamil edilə
bilər. Azərbaycan xalqına
ayrı-ayrı zamanlarda dahi şəxsiyyətlər olan
liderlərin rəhbərlik etməsi onun qismətinə düşən
böyük nəsib kimi dəyərləndirilir. XX əsrin 70-ci illərindən başlayan Azərbaycan
intibahı və nəhayət, müstəqil Azərbaycan
dövlətinin qurulması dahi siyasətçi ümummilli
lider Heydər Əliyevin tarixi xidmətlərinin birbaşa nəticəsidir.
XXI əsrin başlanğıcından isə
ölkəmizin yeni intibahı Prezident İlham Əliyevin rəhbərliyi
sayəsində gerçəkləşməkdədir. Hər bir lider öz xalqının yetirməsi, hər
bir ölkə öz liderinin əsəridir.
İnam, ümid,
etimad
2003-cü ildə prezident seçkilərinə
qatılan və inamlı qələbə qazanan İlham
Əliyevin həyatında ilk ən böyük siyasi
uğurunun həlledici səbəbini aşağıdakı
trilogiya şəklində ifadə etsək, yəqin ki, səhvə
yol vermərik: inam, ümid, etimad. Seçki
kampaniyasının həyata keçirilməsində
iştirak etdiyimə görə insanların əhvali-ruhiyyəsini
yaxından müşahidə edə bilir və seçicilərin,
bütünlüklə xalqın İlham Əliyevə
inandığını, ümid və etimad hissi ilə
yanaşdığını aydın görürdüm.
Elə o zamandan etibarən “xalq seçimində
heç vaxt yanılmır” deyimi mənim üçün bir
daha sınaqdan çıxmış oldu. Daha
doğrusu, İlham Əliyev öz genişmiqyaslı və
yüksək dərəcədə səmərəli fəaliyyəti
ilə bu xalq deyiminin doğruluğuna şübhə yeri
qoymadı.
Xalqın İlham Əliyevə
inamı hər şeydən əvvəl, onun Heydər
Əliyev siyasətinin ən parlaq və ardıcıl
davamçısı olmaq potensialına əsaslanırdı. İnsanlar
Heydər Əliyev siyasətinə alternativ görmədiyindən,
Heydər Əliyevsiz hakimiyyəti onun siyasətinin
ardıcıl surətdə həyata keçirilməsi
formasından ayrı şəkildə qəbul etmək istəmirdi.
İctimai ovqat ölkənin gələcək
taleyini məhz bu şərtlər daxilində qavrayır və
həmin səbəbdən də İlham Əliyevə
böyük inamla yanaşırdı. Ədalət
naminə qeyd etmək lazımdır ki, İlham Əliyevin
artıq o zamana qədər formalaşmış gənc və
qətiyyətli siyasətçi obrazı da öz növbəsində
ona inamı formalaşdıran vacib amillərdən biri kimi nəzərdən
keçirilməlidir.
İlham Əliyevin şəxsiyyətinə,
prezident kimi fəaliyyətinin perspektivlərinə inam təbii
olaraq insanlarda ümid yaradırdı. İnsanlar İlham
Əliyevə inanaraq ümid edir, ümid edərək
inanırdılar. Siyasətçinin
uğur qazanması baxımından hər iki anlayış
müstəsna əhəmiyyət daşıyır. Hesab edirəm ki, 2003-cü ildə İlham
Əliyevin prezidentlik kampaniyasının uğurlu gedişi və
nəticəsi həm də bu iki fundamental siyasi kapital üzərində
qərar tuturdu. Seçicilərin və
bütünlükdə xalqın İlham Əliyevə inam və
ümidinin məntiqi nəticəsi səsvermə zamanı
ona göstərilən böyük etimadda özünü
göstərməli idi və göstərdi. Bu etimad İlham Əliyevə həm inamın, həm
də ümidin bariz ifadəsi, parlaq təcəssümü
idi.
2003-cü ilin prezident
seçkiləri artıq müasir tariximizin 13 illik şərəfli
səhifəsini təşkil edir. Tam məsuliyyətlə deyə bilərəm
ki, 13 il bundan əvvəl Prezident İlham Əliyevə
xalqın nümayiş etdirdiyi inam, ümid və etimad nəinki
azalıb, əksinə, daha da güclənib, daha dərindən
dərk edilən dəyərlər kimi özünü təsdiq
edib. Səbəbləri haqqında mülahizələr
yürütməyə başlasaq, yəqin ki, ilk növbədə,
Prezident İlham Əliyevin xalqın inamını, ümidini
və etimadını ən yüksək səviyyədə
doğrultduğunu göstərmək lazım gələr.
İndi xalq ona həm ümummilli lider Heydər
Əliyevin ən layiqli və ardıcıl varisi, həm də
müdrik siyasətçi və dövlət xadimi kimi
inanır, ümid edir, etimad göstərir. Azərbaycanın 13 illik şərəfli inkişaf
tarixi, ölkəmizin həyatında baş verən fundamental
dəyişikliklər Prezidentə bəslənən ümumxalq
məhəbbətinin əsasını təşkil edən
başlıca səbəblərdir. Onu da
vurğulamaq yerinə düşər ki, Prezidentə
xalqın inamı və etimadı öz növbəsində
onun fəaliyyətinin uğurlarının mənəvi əsasını
təşkil edir. Prezident İlham
Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqın dərin
etimadı dövlət başçısı kimi onu
ruhlandırır, gücünə güc qatır və beləliklə
də xalqla iqtidarın birliyi möhtəşəm gücə
çevrilərək Azərbaycanı inkişafın zirvələrinə
doğru aparır. 2016-cı ilin sentyabr
ayının 26-da Prezident İlham Əliyevin təşəbbüsü
ilə keçirilən referendum və onun nəticələri
dövlət başçısına ölkə əhalisinin
böyük inam və etimadının yeni təsdiqi kimi yadda
qaldı.
Heydər
Əliyev ideyalarına sədaqət
Prezident İlham Əliyevin
siyasi keyfiyyətlərini, istinad etdiyi dəyərlər
sistemini ümumi şəkildə səciyyələndirməli
olsaq, vurğulanmalı başlıca cəhət Heydər
Əliyev ideyalarına sədaqət hesab edilməlidir. Müasir Azərbaycan
siyasətçilərinin böyük çoxluğu
yuxarıda qeyd olunan siyasi dəyərləri mənimsəmiş,
Heydər Əliyevin ardıcılları kimi özünü
təsdiqləmişdir. Bu mənada, Heydər
Əliyev ideyalarına sədaqət müasir Azərbaycan
dövlətçiliyinə sədaqətin bir növ simvoluna
çevrilib. Lakin Prezident İlham
Əliyevin Heydər Əliyev ideyalarına sədaqəti fərqli
məna və mahiyyət parametrlərinə malikdir. İlham Əliyev şəxsiyyətinin siyasətçi
mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun
nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və
bütün şəkildə ifadə etmək
üstünlüyünə malikdir. Səbəbi isə
sadə və anlaşılandır: İlham Əliyev həm
şəxsiyyət, həm də siyasətçi kimi Heydər
Əliyev ideyalarının,
dünyagörüşünün, siyasi davranış
qaydalarının mühitində formalaşıb. Dahi siyasətçi və dövlət
adamının siyasi irsinin mahiyyətini və ruhunu onun qədər
duya biləcək ikinci kimisə təsəvvür etmək
mümkün deyil.
Qeyd olunanlar Prezident İlham
Əliyevi bir yandan ən böyük Heydər
Əliyevçi kimi səciyyələndirməyə imkan
verir. Eyni zamanda, yeni tarixi şəraitdə, müasir
çağırışlar fonunda onun Heydər Əliyev
ideyalarına yaradıcı yanaşmaq, onların yeni şəraitdə
təkmilləşdirilməsi hüdudlarını dəqiq
müəyyənləşdirmək kimi üstünlüklərini
təmin edir.
İlham Əliyev
üçün Heydər Əliyev ideyaları, eyni zamanda,
onun özünün siyasi baxışları və siyasi fəlsəfəsi
ilə eyniyyət təşkil edir, dövlət
strategiyası və cari siyasətin işlənib
hazırlanmasında, obrazlı şəkildə desək,
mayak rolunu oynayır. Prezidentin bu sahədə sistemli
ardıcıllıq nümayiş etdirməsi xüsusi
vurğulanmağa layiqdir. O, ilk dəfə prezident
seçkiləri kampaniyasına qoşulduğu 2003-cü ildən
bu günə qədər daim Heydər Əliyev siyasətinə
sədaqətini bəyan edib və praktik fəaliyyətində
bu sədaqətini təcəssüm etdirib.
İlham Əliyev Heydər
Əliyev siyasətini tam, bitkin sistem kimi qəbul edir və
ölkəmizin uğurlarını bilavasitə həmin siyasətin
həyata keçirilməsinin birbaşa nəticəsi
sayır. Bu ümumi yanaşma həm daxili siyasətə, həm
də xarici siyasətə, həm iqtisadi siyasətə, həm
də sosial həyatda, mədəniyyət sahəsində, digər
sahələrdə həyata keçirilən siyasətə
şamil edilir. Heydər Əliyev siyasəti
bütün sferaları əhatə etdiyi kimi, başqa
sözlə ifadə olunsa, məkan məhdudiyyəti
tanımadığı kimi, onun xronoloji çərçivəyə
salınması da qeyri-mümkündür. Bu siyasi konsepsiyanın universallığı zaman
anlayışına da şamil edilir və təsadüfi
deyildir ki, artıq qeyd olunduğu kimi, Prezident İlham
Əliyev ölkəmizin bugünkü uğurlarını da,
heç şübhəsiz, dahi liderin siyasətinin
ardıcıl surətdə həyata keçirilməsi ilə
əlaqələndirir.
Prezident İlham Əliyevin
yanaşmasında Heydər Əliyev ideyalarının universal
xarakter daşıması onlara yaradıcı
yanaşmağı mümkün və zəruri edir. Yeniləşən
tarixi şərait, Azərbaycanın dinamik inkişafı,
dünya birliyinə surətlə inteqrasiya etməsi, beynəlxalq
aləmdə cərəyan edən proseslər və aktual
çağırışlar ölkənin inkişaf
konsepsiyasına yeni yanaşmaları qaçılmaz
etmişdir. Sözügedən həqiqətlərin
Prezident İlham Əliyev tərəfindən dərindən dərk
və təhlil edilməsi hadisələrə və
onların gələcək inkişaf perspektivlərinə
münasibətdə yeni, orijinal yanaşmaların zəruriliyini
ortaya qoymuş oldu. Məmnunluq hissi ilə
qeyd etmək lazımdır ki, Prezident fəlsəfi dərinliyi
və siyasi praqmatizmi ilə seçilən Heydər Əliyev
ideyalarını yeni tarixi şəraitin tələblərinə
uyğun şəkildə müasirləşdirmək və zənginləşdirmək
vəzifəsini böyük bacarıqla həyata keçirməyə
müyəssər olmuşdur.
Bu gün tam əminliklə
deyə bilərik və deyirik ki, Azərbaycan Heydər
Əliyev ideyaları əsasında inkişaf edir. Eyni zamanda, həqiqətin
etiraf olunmalı digər tərəfi ondan ibarətdir ki, bu
ideyalar müasir çağırışlara tam
adekvatdır, ölkəmizin müasirləşməsi, modernləşməsi,
çağdaş dünyanın inkişaf meyillərinə
cavab verir. Azərbaycanın artıq
bütün dünyada formalaşmış müasir, dünyəvi,
demokratik, tolerant dövlət və cəmiyyət imici bu
fikirləri söyləməyə möhkəm təməl
yaradıb. Ölkəmizin modernləşmə
vüsətinə və tempinə görə dünyada ən
qabaqcıl mövqeyə malik olması hamılıqla etiraf
olunur. Azərbaycanın tolerantlıq
modeli, multikulturalizm mərkəzi kimi bütün dünyada
tanınması da artıq heç kimə sirr deyil. Eyni fikirləri çox qısa zaman kəsiyində
ölkəmizin beynəlxalq miqyaslı mədəniyyət mərkəzinə,
surətlə inkişaf edən idman ölkəsinə
çevrilməsi ilə əlaqədar söyləyə bilərik.
Azərbaycanın yüksək səviyyəli
beynəlxalq siyasi və iqtisadi diskussiyalar arenasına
çevrildiyi həqiqətinin getdikcə daha geniş şəkildə
etiraf olunduğunu, güman edirəm ki, unutmaq olmaz. Yaxud ən müasir yüksək və dəqiq
texnologiyalar sahəsində nailiyyətlər, dərin iqtisadi
islahatlar və müasir idarəetmə metodları -
bütün bunların hamısı müasir Azərbaycanı
səciyyələndirən xüsusiyyətlərdir.
Heydər Əliyev Azərbaycanın gələcəyini məhz
belə təsəvvür edirdi və onun irs
olaraq qoyub getdiyi ideyalar həmin məqsədlərə xidmət
göstərir. Ümummilli liderin ideyalarına
istinad edən Prezident İlham Əliyev Azərbaycanın onun
arzu etdiyi gələcəyini qurdu. İndi
isə daha da inkişaf etdirilməsi, daha da müasirləşməsi
və modernləşməsi vəzifəsini uğurla həyata
keçirir. Mayak rolunu isə həmişə
olduğu kimi, Heydər Əliyev ideyaları oynayır.
Yeni baxış:
islahatların birinci mərhələsi
Ümummilli lider Heydər Əliyevin
prezidentliyinin 10 ili Azərbaycanın həyatında
fundamental dəyişikliklərlə tariximizə daxil
olmuşdur. Siyasi və iqtisadi sabitliyin təmin olunması,
xaos, anarxiya, separatizm, insan haqlarının mütəmadi surətdə
pozulması kimi halların birdəfəlik aradan
qaldırılması sistemli şəkildə yeni, müstəqil
dövlət quruculuğunu uğurla həyata keçirməyə
zəmanət verdi. Dahi
dövlət xadimi Heydər Əliyev müdrikliyindən
qaynaqlanan siyasi islahatlar həyata keçirildi, müstəqil
Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul
edildi, liberal iqtisadiyyatın əsaslarını yaratmağa hədəflənmiş
islahatlar gerçəkləşdirildi. İqtisadiyyatın
inkişafının nüvəsi kimi Heydər Əliyevin yeni
neft strategiyası işlənib hazırlandı. Onun çox vacib tərkib hissəsi olan “Əsrin
müqaviləsi” imzalandı. Azərbaycanın
zəngin neft ehtiyatlarını dünya bazarına
çıxarmağa imkan verən, həm də fövqəladə
geosiyasi dividendlər vəd edən Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri ixrac marşrutu üzrə çəkildi.
Demokratik cəmiyyət
quruculuğu istiqamətində əhəmiyyətli
addımlar atıldı, hüquqi dövlət və vətəndaş
cəmiyyəti təsisatları yaradıldı, siyasi
plüralizm qərarlaşdı. Azərbaycanın beynəlxalq
siyasi və iqtisadi birlik və təşkilatlara
inteqrasiyası daha ardıcıl və sistemli şəkildə
həyata keçirilməyə başladı. Ölkənin xarici siyasət prioritetləri aydın
parametrlər kəsb etdi, nizamlı ordu yaradıldı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi sahəsində
strategiya qəti şəkildə qərarlaşdı və
beynəlxalq ictimaiyyətə aydın və qəti mövqe
çatdırıldı.
Bir sözlə, müstəqil
Azərbaycan dövləti quruldu və inkişaf, tərəqqi,
yüksəliş yolunda ilk inamlı addımlarını
atmağa başladı. XX əsrin son onilliyinə real parçalanmaq təhlükəsi
ilə qədəm qoyan Azərbaycan Heydər Əliyevin
dühası sayəsində XXI əsrin birinci onilliyinə
artıq özünü təsdiq etmiş, gələcək
inkişaf imkanları şübhə doğurmayan uğurlu
dövlət kimi daxil ola bildi.
Növbəti onillikdə Azərbaycanın
böyük yüksəliş iddiaları aydın
görünməkdə idi. Bu milli iddiaların həyata
keçirilməsi missiyası artıq 2003-cü ildə
xalqın etimadını qazanmış Prezident İlham
Əliyevin çiyinlərinə qoyulmuşdu.
Qeyd edildiyi kimi, XXI əsrin
onilliyinə böyük milli inkişaf iddiaları ilə
daxil olan Azərbaycanda yeni islahatlar obyektiv zərurətə
çevrilmişdi. Yeni dövrün tələblərinə
cavab verən, müasir baxışlara əsaslanan islahatlar
olmadan ölkənin inkişaf iddiaları reallaşmaq imkanlarına
malik deyildi. Prezident İlham Əliyevin yeni
baxışlara əsaslanan islahatlar konsepsiyası məhz bu
tarixi zərurətdən qaynaqlanır və həmin
dövrün çağırışlarına cavab kimi qiymətləndirilməlidir.
Yeni baxış anlayışı da ilk növbədə
Heydər Əliyev ideyaları əsasında yeni
çağırışların mahiyyətlərinə
uyğun qərarların qəbul edilməsi zərurəti
kimi dərk edilməlidir.
Prezident İlham Əliyevin
islahatlar konsepsiyasının hədəflərini
aydınlaşdırmağa çalışsaq, bir sıra
başlıca məqamları (məqsədləri) qeyd etməmək
mümkün deyil. Bunların sırasında ən
başlıcası, yeni iqtisadi inkişaf modelinin
hazırlanması hesab olunmalıdır. Əvvəlki
on ilin inkişafı artıq aydın parametrlər kəsb edən
iqtisadi modelin yaradılması prosesini başa
çatdırmağı qaçılmaz etmişdi və həmin
vəzifə Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində
sınaqdan uğurla çıxdı. Azərbaycanın
inkişaf modeli iqtisadi faktor və reallıq kimi həm ölkə
daxilində, həm də beynəlxalq qurumlar tərəfindən
etiraf olundu.
İnkişafın Azərbaycan Modeli
dedikdə, hər şeydən əvvəl, bu elementlər
toplusu başa düşülür: hipersürətli iqtisadi
yüksəliş; yeni, müasir idarəetmə texnologiyalarının
tətbiq edilməsi; iqtisadiyyatda insan faktorunun rolunun və əhəmiyyətinin
artırılması; neft strategiyasından daxil olan
böyük vəsaitlərin səmərəli idarə
olunması; müasir iqtisadiyyatın əsası kimi geniş
infrastruktur layihələrinin həyata keçirilməsi;
ölkənin regionlarının sosial və iqtisadi
inkişafının tarazlaşdırılması; artan
iqtisadi potensialdan insanların sosial müdafiəsi məqsədləri
ilə ən səmərəli şəkildə istifadə
edilməsi.
Qeyd etmək lazımdır
ki, Prezident İlham Əliyevin islahatçılıq strategiyası
öz miqyasları və vüsətinə görə kifayət
qədər geniş olub təkcə iqtisadi fəaliyyət
sferası ilə kifayətlənmir. İslahatçılıq
hərəkatının cəmiyyətin bütün sahələrini
əhatə etməsi sözügedən strategiyanın fərqləndirici
xüsusiyyəti kimi göstərilməlidir. Həqiqət bundan ibarətdir ki, İlham
Əliyevin prezidentliyi dövründə islahatlardan kənarda
qalan sahə xatırlamaq mümkün deyil. Bu mənada yeni dövrün islahatları kompleks və
sistemli xarakteri ilə diqqəti cəlb edir. Elə bu səbəbdən də çox zaman “Azərbaycanın
iqtisadi modeli” “Azərbaycanın inkişaf modeli” kimi dəyərləndirilir.
Hesab edirəm ki, belə yanaşmanın ciddi əsasları
olduğunu etiraf etməmək qeyri-mümkündür. Məhz hərtərəfli və dərin islahatlar
sayəsində Azərbaycanın müasir siması
formalaşmışdır. İlham
Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki
dünyanın ən dinamik iqtisadiyyatı kimi etiraf olundu, həm
də qlobal miqyasda ən sürətlə və müasir dəyərlər
çərçivəsində dəyişən ölkə
imicini qazana bildi.
Deyilənlərə yekun vuraraq etiraf
etmək lazım gəlir ki, 2003-cü ildən etibarən Azərbaycanın
misilsiz tərəqqisi və yüksəlişi ümummilli
lider Heydər Əliyevin yaratdığı sosial-iqtisadi və
siyasi bazaya, neft strategiyasının həyata keçirilməsi
sayəsində əldə olunan böyük neft pullarına və
əlbəttə, Prezident İlham Əliyevin uğurlu
islahatlarına əsaslanır.
Böyük
sıçrayış və onun real təcəssümü
Prezident İlham Əliyev
dövlət başçısı kimi fəaliyyətinə
obyektiv olaraq öz qarşısına möhtəşəm hədəflər
qoyaraq başlamalı olmuşdur. Bu zərurət
ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin
öz bəhrəsini getdikcə daha aydın şəkildə
göstərməyə başlaması fonunda cəmiyyətin
ondan gözləntilərindən irəli gəlirdi. İqtisadi və siyasi sabitlik təmin edilmiş,
iqtisadi liberallaşdırılmanın ilk ciddi addımları
atılmış, ölkə üçün əlverişli
beynəlxalq mühit təmin edilmiş, neft
strategiyasının iqtisadi dividendləri - böyük neft
pulları isə Azərbaycana axmağa artıq hazır vəziyyətdə
idi. Sözün həqiqi mənasında,
möhtəşəm hədəflər mərhələsi
aktual məna kəsb edirdi. Azərbaycan
öz tarixində, yəqin ki, ən böyük
sıçrayışının astanasında
dayanmışdı. Həllini gözləyən
yeganə vəzifə bütün bunları dərk edərək
gerçəkləşdirməyə qadir olan siyasi iradənin
təmin edilməsindən ibarət idi.
On üç il
sonra İlham Əliyevin seçki proqramını
xatırlayıb təhlil etməli olsaq, etiraf etmək
lazım gələr ki, artıq o zamandan etibarən gələcək
prezident tarixin onun üzərinə qoyduğu möhtəşəm
vəzifələri yerinə yetirməyə hazır idi. 2003-cü ildə çoxlarının başa
düşməyə çətinlik çəkdiyi vəzifələrin
İlham Əliyev tərəfindən özünün
seçki proqramına daxil edilməsi deyilənin əyani təsdiqidir.
Misal üçün, prezidentlik müddəti ərzində -
5 ildə 600 min yeni iş yerinin açılması,
qaçqın və məcburi köçkünlərin illər
boyu ağır şəraitdə yaşadığı
çadır şəhərciklərinin aradan
qaldırılması barədə vədlərini yada salmaq,
düşünürəm, yetərlidir ki, İlham
Əliyevin prezident kimi özünün qarşısında
qoyduğu hədəflərin miqyası barədə aydın
təsəvvür yaransın. Bu mənada onun daha bir bəyanatı
da xatırlanmağa layiqdir: “Böyük işlər görmək
üçün qarşımıza möhtəşəm vəzifələr
qoymalıyıq” - deyən Prezidentin ölkəsinin çox
qısa bır zamanda dünyanın ən dinamik
iqtisadiyyatına çevrilməsi, əlbəttə, tamamilə
qanunauyğundur. Ancaq bir şərtlə: səsləndirilən
bəyanat onun müəllifinin intellektual, siyasi iradə, qətiyyət,
idarəçilik bacarığı və xalqına ürəkdən,
təmənnasız xidmət göstərmək kimi şəxsi
keyfiyyətlərinə adekvat olsun.
İlham Əliyevin
prezidentlik fəaliyyəti barədə söhbət
açarkən vacib bir məqam da mütləq şəkildə
vurğulanmalıdır. Prezidentlik hər bir insan üçün
ən böyük siyasi, idarəçilik, eyni zamanda, insani
sınaqdır. Etiraf etməliyəm ki,
İlham Əliyevdən ötrü 2003-cü ildən
başlayan prezidentlik daha ciddi, bəlkə də
üçqat sınaq idi. Əvvəla,
ona görə ki, o, Azərbaycan Respublikasının Prezidenti
vəzifəsində Heydər Əliyevi - dahi siyasətçini
və dövlət adamını əvəz etməli
olmuşdu. İkincisi, cəmiyyətə
özünün seçki platformasını ancaq bir hissəsi
haqqında yuxarıda söhbət
açdığımız möhtəşəm vəzifələr,
yəni, seçki vədləri əsasında təqdim
etmişdi və xalq onların yerinə yetirilməsini səbirsizliklə
gözləyirdi. Üçüncüsü
isə İlham Əliyev Azərbaycanın tarixində dövlətin
xəzinəsinə daxil olan ən böyük pulları
uğurla, ən səmərəli şəkildə idarə
etməli idi.
Məmnunluq hissi ilə qeyd
etməliyəm ki, Prezident İlham Əliyevin bütün bu
sınaqlardan uğurla çıxdığına əmin
olmaq üçün onun prezidentliyinin birinci müddətinin
başa çatmağını gözləməyə ehtiyac
qalmadı.
İlham Əliyev
dövrünün böyük sıçrayışı, hər
şeydən əvvəl, Azərbaycan iqtisadiyyatının
qeyri-adi inkişafında təcəssüm edir. Bunu Azərbaycanın
iqtisadi möcüzəsi də adlandıranlar var və ədalət
naminə qeyd etmək lazımdır ki, belə
düşünənlər heç də səhv etmirlər.
Təxminən 10 il ərzində
iqtisadiyyatın 3 dəfədən çox artmasına
başqa ad verilməsi bəlkə də qəribə
görünərdi. Sözügedən
sıçrayışın iqtisadi kateqoriyalarla
ölçülən digər təcəssümü qismində
dövlət büdcəsinin 20 dəfəyə yaxın
artımı təqdim edilə bilər.
Azərbaycanın
sıçrayışının növbəti təcəssümü,
haqlı olaraq, yüz minlərlə yeni iş yerlərinin
açılması hesab olunmağa layiqdir. Təxminən 12
il ərzində ölkədə 1,3 milyona
yaxın iş yeri yaradıldı, əhalinin işlə təminatında
ciddi dönüş baş verdi. İqtisadi və
sosial məna tutumu kifayət qədər yüksək olan bu
möhtəşəm vəzifələrin yerinə yetirilməsi
də Azərbaycanın inkişaf modelinin möcüzə
sayıla biləcək nəticələri sırasında
layiqli yer tutur. Ölkənin əmək qabiliyyətli təxminən
5 milyonluq əhalisinin 1,3 milyonu, yəni, hər
dörddən biri İlham Əliyevin prezidentliyi dövründə
işlə təmin olunmuşdur.
Sürətli iqtisadi
inkişaf, büdcə gəlirlərinin kəskin artması,
dövlətin maliyyə imkanlarının genişlənməsi
ictimai istehlakın yeni modelinin formalaşması zərurətini
aktuallaşdırmış oldu. Prezident İlham
Əliyevin müdrikliyi və uzaqgörənliyi yenidən
özünü göstərmək imkanı qazandı.
Bir yandan artan maliyyə imkanları maaş
və pensiyaların artımı, sosial müdafiə tədbirlərinin
gücləndirilməsi ilə müşayiət olunmağa
başladı. Əhalinin həyat səviyyəsi
ciddi şəkildə yaxşılaşdı, istehlak
artdı. Digər tərəfdən isə milli sərvətin
ən səmərəli şəkildə istifadə
olunması mexanizmi yaradıldı: a) neft gəlirlərinin əhəmiyyətli
hissəsinin qorunması forması kimi Dövlət Neft Fondunun
ölkənin iqtisadi və maliyyə sistemində rolu və əhəmiyyəti
daha da artırıldı; b) genişmiqyaslı infrastruktur
layihələri ilə bir yandan milli gəlirin yenidən
bölünməsinin müasir və kifayət qədər səmərəli
forması tətbiq edildi. Digər yandan isə ölkədə
infrastrukturun köklü surətdə yeniləşməsi və
modernləşməsi strategiyasına start verildi.
Müasir qlobal problemlər
sırasında ilk pillələrdə dayanan yoxsulluğun
aradan qaldırılması sahəsində əldə olunan
nailiyyətlər böyük sıçrayışın təcəssümlərindən
biri kimi tarixi əhəmiyyətə malikdir desək, yəqin
ki, həqiqəti etiraf etmiş olarıq. 10 il ərzində yoxsulluq həddinin
təxminən 10 dəfə, 49 faizdən 5 faizə qədər
azaldılması bu sahədə bütün dünyada əldə
edilən ən möhtəşəm nailiyyət kimi tarixə
daxil olmuşdur.
Nəhayət, Azərbaycanın
tarixi sıçrayışının ümumi, sintetik təcəssümü
barədə.
Ölkəmizin dünyada ən sürətlə
yeniləşən, dəyişən, müasirləşən
ölkə statusunun hamılıqla qəbul edilməsi milli
qürur hissi yaratmaya bilməz. Bu gün Azərbaycan
və onun paytaxtı Bakı ən müasir ölkə və
şəhər sayılırlar. Dəyişən
təkcə ölkənin siması deyil, onun yaşamaq,
müasirləşmək, gələcəyə layiq olmaq
imkanlarını qazanmasıdır. İnsanların
layiqli yaşaması üçün ən əlverişli,
rahat şəraitin yaradılmasıdır. Bakının beynəlxalq miqyaslı mədəni,
siyasi, intellektual mərkəzə, dialoq, idman, tolerantlıq mərkəzinə
çevrilməsidir. Nəticədə
bütünlükdə Azərbaycanın, onun mədəni
mühitinin, dəyərləri sisteminin müasirləşməsi,
modernləşməsidir, insanların həyatı ilə
yanaşı həyata baxışlarının dəyişməsidir.
Bir sözlə, ölkəmiz son 13 il ərzində
möhtəşəm sıçrayış yolu keçərək,
vaxtilə ümummilli lider Heydər Əliyevin dediyi kimi, sanki
dünyaya yenidən doğmuşdur. Bu
sıçrayış İlham Əliyevin iradəsinin, əməyinin,
idarəçilik bacarığının nəticəsi, bir
sözlə, onun haqqıdır. Proses isə davam edir. Azərbaycan yeni bir sıçrayışa
hazırlaşır. İnanıram ki, bu
sıçrayış da Prezident İlham Əliyevin haqqı
kimi onun hazırladığı yeni iqtisadi islahatların təcəssümünə
çevriləcək.
İnkişafın mərhələlərlə,
spiralvari formada baş verməsi tarixin ortaya qoyduğu təkamül
qanunauyğunluğunun vacib tərkib hissəsi
sayılmaqdadır. Bütün xalqlar və
ölkələrin inkişaf tarixi bu fikrin əyani sübutu
kimi təqdim oluna bilər. Təbii ki, Azərbaycan
istisna deyil və onun inkişafının indiyədək
ayrı-ayrı mərhələləri olub və bundan sonra
da olacaq. Hər bir təkamül mərhələsi
müəyyən edilmiş hədəflərə çatmaq
üçün daxili imkanlarını səfərbər
etdikdən sonra yeni mərhələyə keçid zərurəti
yaranır. Hesab edirəm ki, Azərbaycanın
2004-cü ildən başlayan inkişaf mərhələsi
yeni hədəflərlə müşayiət olunan yeni mərhələyə
adlamağa sosial sifariş alıb. Bunu həm
əvvəlki iqtisadi tsiklin vəzifələrinin uğurla
yerinə yetirilməsi, həm yeni inkişaf hədəflərinin
müəyyən edilməsi, həm də dəyişən
daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir.
Artıq bir ilə yaxındır ki, ölkəmiz
yeni islahatlar ab-havası şəraitində yaşayır.
Prezident İlham Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası
hazırlanır və ardıcıl surətdə həyata
keçirilməkdədir. Prosesin vüsətini,
miqyasını, hədəf olaraq seçdiyi vəzifələrin
əhəmiyyətini nəzərə alaraq onu islahatların
ikinci dalğası adlandırmaq tamamilə yerinə
düşərdi.
İslahatların ikinci
dalğası Azərbaycanın son 13 ildə davamlı və
dayanıqlı inkişafının məntiqi davamı olub,
onun yeni fazaya daxil olması məqsədlərinə xidmət
göstərir. Buna görə də əvvəlki
dövrdə əldə olunan nailiyyətlər yeni hədəflərə
doğru irəliləyişlər zamanı etibarlı
fundament rolunu oynayır və eyni zamanda, həm ilkin, həm də
yeni islahatlar dövrləri vahid iqtisadi inkişaf
strategiyasının mərhələləri kimi nəzərdən
keçirilir.
İslahatların yeni
dalğasının əsas hədəfi ölkəmizdə
inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə
qaldırılmasından ibarətdir. Prezident İlham
Əliyevin “Azərbaycan xalqı daha yaxşı
yaşamağa layiqdir” tezisində ifadə olunan siyasi kursu
mahiyyət etibarilə islahatların ikinci dalğasının
ideya əsası kimi qəbul olunmalıdır.
Hazırkı şəraitdə
həyata keçirilməkdə olan islahatların resurs
bazasının istinad nöqtəsinin dəyişdirilməsi
onun fərqləndiricisi xüsusiyyətlərindən biri
sayıla bilər. Əvvəlki mərhələdə
istinad olunan başlıca resurs bazası neft
strategiyasının reallaşması nəticəsində əldə
edilən vəsaitlərdə istifadə olunurdu. Başqa sözlə desək, inkişafın
lokomotivi rolunda neft amili dayanırdı və əsas diqqət
ondan ölkənin mənafeləri, xalqın rifahı naminə
ən səmərəli şəkildə istifadə
olunmasına yönəldilmişdi. İndi
isə inkişafın resurs bazasına münasibətdə
diqqət fərqli amillərə yönəldilir, başqa
sözlə, iqtisadi şaxələndirmə prioritet vəzifə
olaraq ön plana çəkilir.
Prezident İlham Əliyevin
yeni islahatlar strategiyasının mərkəzində duran vəzifələr
sırasında iqtisadi liberallaşdırmanın yeni səviyyəyə
yüksəldilməsi diqqəti xüsusilə cəlb edir. Söhbət
sahibkarlığın inkişafı üçün əlavə
təminatların verilməsi ilə yanaşı,
liberallaşdırmanın bank-kredit sisteminə daha dərindən
sirayət etməsindən gedir. Həyata
keçirilən tədbirlər kompleksinin ölkəmizdə
azad bazar iqtisadiyyatının bütün parametrləri
üzrə qərarlaşmasını, deməli, iqtisadi
inkişafa əlavə təminatı şərtləndirmiş
olacaq.
İslahatların ikinci mərhələsini
səciyyələndirən xüsusiyyətlərdən digəri
idarəetmə sahəsinin təkmilləşdirilməsi, daha
çevik idarəçilik sisteminin yaradılması məqsədilə
zəruri optimallaşmanın həyata keçirilməsidir. Burada idarəetmə
xərclərinin azaldılmasından tutmuş innovativ idarəçilik
formalarının tətbiq edilməsinədək geniş
spektrli yeniləşmə nəzərdə tutulur. Hədəf
qərarların qəbul edilməsinin sürətləndirilməsi,
yersiz süründürməçilik hallarının və
digər neqativlərin qətiyyətlə aradan
qaldırılması, icraya nəzarətin gücləndirilməsi
və s. bu qəbildən olan və sosial sifariş xarakteri kəsb
etmiş vəzifələrin həllidir.
Genişmiqyaslı idarəetmə
islahatları istər-istəməz siyasi mahiyyət kəsb
edir və bu mənada Prezident İlham Əliyevin təşəbbüsü
ilə Azərbaycan Respublikasının Konstitusiyasına bir
sıra əlavə və dəyişikliklərin edilməsi
məqsədi ilə 2016-cı il sentyabr
ayının 26-da keçirilən referendum xüsusi əhəmiyyət
daşıyır. Referendum yolu ilə
Konstitusiyanın təkmilləşdirilməsi əslində,
islahatlar strategiyasının vacib elementi olub, sonuncunun
Prezidentin siyasətində nə dərəcədə vacib əhəmiyyət
kəsb etdiyinə bilavasitə dəlalət edir.
Prezident İlham Əliyevin
islahatlar siyasətinin ikinci fazasını xarakterizə edən
vacib bir məqam da ayrıca vurğulanmalıdır. Bu da onun cəmiyyətə
dərin islahatlar kimi təqdim edilməsidir. Prezidentin hazırkı yeniləşmə xəttini
dərin islahatlar adlandırması ona nə qədər
böyük diqqət yetirdiyinin əyani sübutudur. İslahatların nəinki cənab İlham
Əliyevin təşəbbüsü ilə, həm də
onun bilavasitə rəhbərliyi ilə həyata keçirilməsi
faktı öz növbəsində ikinci islahatlar
dalğasının uğurlarına əlavə təminat
hesab edilə bilər.
Azərbaycan növbəti
böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz
təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli
dəyişikliklərin yeni dalğasına
hazırlaşır. Heç bir
şübhə yoxdur ki, əvvəlki iki onillikdə
olduğu kimi, indiki mərhələdə də Azərbaycan
dünyanı yeni möcüzəsi ilə təəccübləndirə
biləcək. Bunun ən etibarlı təminatı
Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları
və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti,
xalqına təmənnasız xidmət göstərmək
arzu və bacarığıdır. Hər
bir ölkə tarixi, keçmişi, mədəniyyəti, inkişaf
göstəriciləri və əlbəttə, lideri ilə
tanınır. Azərbaycan fəxr edir ki, onun lideri
İlham Əliyevdir!
Əli
ƏHMƏDOV,
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Yeni Azərbaycan
Partiyasının sədr müavini - icra katibi
Azərbaycan.-
2016.- 23 dekabr.- S. 1, 5.