TürkPA-ya üzv
ölkələrin parlament sədrləri
ulu öndər Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət ediblər
Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlamentlərinin sədrləri - Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov dekabrın 22-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən parlament sədrləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən parlament sədrlərinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra Şəhidlər xiyabanında qəhrəman
türk əsgərlərinin xatirəsinə
ucaldılmış abidə ziyarət edilərək
önünə əklil qoyulub.
Azərbaycan.-
2016.- 23 dekabr.- S. 3.