Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun əvəzsiz xidmətləri var

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu beş illiyini qeyd edib

 

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulanbu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.

Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində fonda daxil olan 7098 layihədən 3341-i dəstəklənib. Onlardan 963-ü yerli, 94-ü beynəlxalq, 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilən layihələrdir.

Bildirilib ki, Azərbaycanda təşkil olunan nüfuzlu beynəlxalq tədbirlər Gənclər Fondunun elan etdiyi prioritet istiqamətlərdə əksini tapıb. Bu mühüm tədbirlərə “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə ictimai dəstək kampaniyası və s. daxildir. Bundan əlavə, Gənclər Fondunun qrantları hesabına beş il ərzində 269 gənc xarici ölkələrə səfər edib.

Gənclər və idman naziri Azad Rəhimov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənclər siyasətinin yeni istiqamətlərinin müəyyən olunduğunu, qısa müddətdə bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Nazir deyib ki, Azərbaycanın gənclər siyasəti BMT və digər beynəlxalq təşkilatlar tərəfindən model kimi qəbul olunur. Ötən dövrdə ölkəmizdə bir çox beynəlxalq gənclər forumları və konfransları keçirilib, Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramı imzalanıb və böyük uğurla reallaşdırılıb.

Gənclər üçün Prezident Mükafatının təsis olunduğunu bildirən Azad Rəhimov deyib: “Bu, gənclərə olan dövlət qayğısıdır. Gənclərimiz həmişə ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirkreativ fikirləri ilə seçilirlər. Gənclərimizin inkişafında fondun xidmətləri əvəzsizdir. Fond gənclər təşkilatlarına və fəal gənclərə öz ideyalarını reallaşdırmaqda yaxından kömək edir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində fond böyük uğurlara imza atıb”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Gənclər Fondunun yaradılmasının beşinci ildönümünün mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, beş il ərzində ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində, gənclərlə işin intensivləşdirilməsində, eləcə də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin reallaşdırılmasında Fondun mühüm rolu var.

Ölkəmizdə gənclər siyasətinin formalaşması və həyata keçirilməsi barədə danışan Əli Həsənov deyib ki, bu siyasətin konsepsiyasının təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümummilli lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə qarşısında duran taleyüklü məsələlər sırasına gənclər siyasətini də əlavə etdi. Müstəqilliyin əvvəllərində Azərbaycanda dövlətə və dövlətçiliyə qarşı çıxan qüvvələr əsasən gənclərdən istifadə edirdilər. Gənclər ayrı-ayrı düşərgələrə bölünür, hakimiyyət uğrunda mübarizəyə, müxtəlif ambisiyaların həyata keçirilməsinə cəlb olunurdular. Təsadüfi deyil ki, 1994-cü ildə ulu öndərin yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi oldu. Həmin dövrdən Azərbaycanda gənclər siyasəti formalaşdırıldı, 1996-cı ildən etibarən hər il Azərbaycan gənclərinin forumu keçirildi, gənclər siyasətinin əsas prinsipləri və icra mexanizmləri müəyyənləşdirildi.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır. Dövlətimizin başçısının təşəbbüsü ilə iki Dövlət Proqramının qəbul olunması, Gənclər Fondunun yaradılması bu sahəyə yüksək diqqətin göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin fiziki sağlamlığına, vətənpərvər ruhda yetişməsinə, yüksək intellektə malik olmasına xüsusi önəm verdiyini vurğulayan Əli Həsənov ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən, fondun fəaliyyətinin müsbət nəticələrindən danışıb. Bu gün Azərbaycanda vətənpərvər gəncliyin formalaşdığını qeyd edən Prezidentin köməkçisi deyib ki, aprel döyüşləri bunun nümunəsi oldu. Hazırda yüksək intellektli gənclərimiz müxtəlif transmilli şirkətlərdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında çalışan, bir neçə xarici dil bilən yüksək intellektli gənc diplomatlarımızın sayı artmaqdadır. Xaricdə təhsil alıb ölkəmizə qayıdan, elm və təhsil sahəsində nümunə olan, parlamentdə, məhkəmə-hüquq sistemində və digər dövlət qurumlarında fəaliyyət göstərən gənclərimiz var. Bu, onu göstərir ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti öz bəhrəsini verir.

“Azərbaycanda həyata keçirilən gənclər siyasətinin nəticələri göz qabağındadır. Əldə olunan bütün bu uğurlarda Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun xüsusi rolu var. Əgər biz əvvəllər Olimpiya Oyunlarında bir-iki idmançımızın qalib gəlməsi ilə fəxr edirdiksə, sonuncu Olimpiadada 18 medal qazandıq və komanda hesabında dünyada ən yaxşı nəticələr əldə edən ölkələrdən biri olduq. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”, - deyən Əli Həsənov bu uğurlarda əməyi olanlaraFondun kollektivinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov qeyd edib ki, fondun dəstəklədiyi və Bakı ilə yanaşı, regionları da əhatə edən layihələr gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallıqlarını daha da artırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində yüksək fəallığı ilə seçilir, mühüm tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan dövlətinin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə fəal və vətənpərvər gəncliyin yetişdiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumla Gənclər Fondu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verən fondun kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı da çıxışında fondun beş illik fəaliyyətinin müsbət nəticələrini yüksək dəyərləndirib, təmsil etdiyi qurumun adından kollektivə təbriklərini çatdırıb.

Sonda fondun elan etdiyi qrant müsabiqəsinin “C” və “D” kateqoriyaları üzrə qalibləri məruzələrlə çıxış ediblər.

 

Azərbaycan.- 2016.- 23 dekabr.- S. 4.