Strateji yol xəritələri keyfiyyətcə
yeni inkişafın strategiyasıdır
Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini geridə qoyan respublikamız üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə, öz yolu ilə inamla addımlamasıdır. Xüsusən, beynəlxalq iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan son illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Azərbaycan iqtisadiyyatında yeni makroiqtisadi şərait formalaşıb
İnkişaf dinamikasına malik Azərbaycanın iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Belə ki, Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzindədir. Bu səpkidə görülən işlər Azərbaycanın iqtisadi yüksəlişinə böyük töhfələr verərək onu daha sürətli hala gətirib.
Son illərdə dünya iqtisadiyyatında müəyyən kataklizmlərlə müşayiət olunan proseslər baş verməkdədir. Bu sırada neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artma ilə zəif ayaqlaşması ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolması mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Bu, öz növbəsində xarici valyutada daxilolmaların azalmasına səbəb olub. Belə proseslər isə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib və ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyət yaranıb.
Odur ki, bu gün Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədlərindən biri qısa və ortamüddətli perspektivdə dünya iqtisadiyyatında baş verən qlobal iqtisadi proseslərin və iqtisadi meyillərin yaratdığı risklərin ölkə iqtisadiyyatına təsirlərini, həmçinin ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətlərini nəzərə almaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu sırada qarşıda duran əsas vəzifələr isə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişafına nail olmaq, ixrac və rəqabət imkanlarını genişləndirmək, investisiya qoyuluşunu sürətləndirmək, sahibkarlıq fəaliyyətini stimullaşdırmaqdır.
Ona görə, hələ ötən ilin sonlarından başlayaraq Azərbaycanda ÜDM-in azalmasının qarşısının alınmasına xidmət edən antiböhran xarakterli xüsusi tədbirlərin, ən əsası, gələcək neqativ ssenarilərə qarşı qoruyucu və qabaqlayıcı mexanizmlərin, iqtisadi artımın bərpası üçün struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə start verildi. Bunlar pul siyasətinin və fiskal siyasətin daha sıx əlaqələndirilməsi, valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın daha çox şaxələndirilməsi, qeyri-neft ixracının artırılması məqsədilə kənd təsərrüfatının, sənayenin inkişafı kimi tədbirləri özündə əks etdirir. Bu islahatların keçirilməsinə ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır.
Beləliklə, dünya enerji və əmtəə bazarlarındakı baş qaldıran mənfi fəsadlar Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şərait formalaşdırıb. Ən əsası, Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən bütün tədbirlər neqativ proseslərin ölkəmizə təsirini mümkün qədər azaltmağa imkan verib. Ona görə də problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayır. Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən bu iqtisadi islahatlar beynəlxalq maliyyə institutları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanın mövcud iqtisadi şəraitdə atdığı addımlar dəstəklənir.
Milli mənafenin qorunmasına yönələn iqtisadi siyasət
Bütün bunlar bir daha təsdiq edir ki, qlobal miqyasda sarsıntıların artdığı, onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlətimiz milli mənafenin qorunmasına yönələn iqtisadi siyasət aparır. Xarici risklərin təzyiqini minimuma endirmək üçün sistemli, təşkilati, iqtisadi tədbirlər görülür. Prezident İlham Əliyevin dekabrın 6-da təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdəndir. Ölkə başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncamına müvafiq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələri hazırlanıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı hədəfləri özündə ehtiva edir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Təsdiq olunana qədər strateji yol xəritələrinin layihələri açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır.
Sərəncama əsasən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına, habelə ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri təsdiq olunub. Bunların hər birində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.
Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın təsirini minimuma endirmək məqsədilə ölkəmizdə iqtisadi islahatlara uyğun tədbirlər həyata keçirilir. Bu tədbirlərə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə çıxarılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Strateji yol xəritələri isə yeni makroiqtisadi şəraitin uğurlu inkişaf yoludur.
Bu xəritələrin hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bundan sonra hazırlanacaq dövlət proqramları, inkişaf konsepsiyaları, strategiyalar, tədbirlər planları strateji yol xəritələrinə uyğun olacaq. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeni mərhələnin əsası qoyulur. İndiyə qədər qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin. Ən əsası, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək.
Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Hazırkı şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi strategiyası çərçivəsində qeyri-neft sektorunun inkişafına yönəlmiş sistemli tədbirlər, aparılan islahatlar ölkənin dayanıqlı inkişafı, ötən illərdə əldə olunmuş uğurların davam etdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Natiq CAVADOV,
“Sənayeavtomatika”
İstehsalat Birliyinin baş direktoru,
texnika elmləri doktoru, professor,
Azərbaycan Mühəndislik Akademiyasının akademiki
Azərbaycan.-
2016.- 23 dekabr.- S. 5.