İlham Əliyev olduğu kimi
Başqalarından müsbət mənada seçilmək, daim yüksəlmək və hamıdan öndə getmək hər bir insanın arzusu, təbii istəyidir. Ancaq nəyisə arzulamaq asan, ona nail olmaq isə qat-qat çətindir və hər adama qismət olmur. Bunun üçün bəzən insanın fərdi qabiliyyəti və həyatda qazandığı bilgiləri belə azlıq edir. Odur ki, fitri istedad sahibi olmaqla yanaşı, min bir əziyyətə qatlaşaraq özünütəsdiqin çətin və maneələrlə dolu yollarında inam, inad və mətinliklə addımlamağı da bacarmalısan.
Bu bir həqiqətdir ki, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmək, dünya miqyaslı siyasətçi kimi tanınmaq və onun kölgəsindən çıxmaq müşkül məsələ sayılırdı. Səbəb həm də çox sadə idi: Kimin dövlət başçısı seçilməsindən asılı olmayaraq onun özü də, gördüyü işlər də bu siyasət nəhəngi ilə daim müqayisə olunacaqdı. Əslində, ulu öndər Heydər Əliyevdən sonra siyasət meydanında hamının birmənalı şəkildə qəbul etdiyi lider də görünmürdü. Müxalifət partiyaları arasında gedən çəkişmələr, “ana müxalifət” adı uğrunda “barışmaz mübarizə”, “meydan liderləri”nin bir-birini həzm etməməsi və bəyənməməsi sonda onların parçalanmasına, nüfuzlarını itirərək gözdən düşmələrinə səbəb oldu. Çünki partiya liderlərinin hamısı təxminən eyni səviyyədə olmaqla bahəm heç biri hamı tərəfindən qəbul da edilmirdi! Əksinə, hər birini istəməyənlərin sayı istəyənlərdən qat-qat çox idi!
Yalnız İlham Əliyev bu məsələdə istisna təşkil edirdi. O, prezidentliyə iddialılardan bir neçə boy yüksəkdə dayanırdı! Ancaq dövlətə rəhbərliyi dövründə də bu üstünlüyünü sübuta yetirməli idi.
Zaman kimin kim
olduğunu göstərir! 2003-cü ilin Prezident seçkilərində
xalqın yüksək etimadını qazandıqdan sonra
dövlət başçısı işlədiyi qısa
müddətdə bu fərq o qədər sürətlə
artdı ki, indi Azərbaycanda İlham Əliyevin olduğu
yüksəklik kimsə üçün əlçatan deyil!
Bunu həm də xarici
sorğu mərkəzlərinin ildə bir neçə dəfə
keçirilən nəticələri aydın şəkildə
təsdiq edir.
Doxsan faizdən yuxarı reytinq, əslində,
başqalarının belə bir niyyətə düşməsinə
heç əlyeri də qoymur!
İlham Əliyevin özünütəsdiqi
çox qısa müddətdə baş verdi.
Ulu öndər Heydər Əliyevdən sonra ölkə
xaricindəki maraqlı qüvvələrə güvənərək
Azərbaycanda rəhbərliyi ələ keçirmək istəyən
aqressiv müxalifət Prezident seçkilərindən dərhal
sonra küçələrə çıxaraq
iğtişaşlar və özbaşınalıqlar törətməyə,
xaos və anarxiya yaradaraq ötən əsrin 90-cı illərindəki
“üsulla” - zorakılıqla hakimiyyətə yiyələnməyə
çalışdı. Lakin yeni seçilən Prezident
güclü əli ilə hamısının burnunu ovdu,
sabitliyi pozmaq cəhdinin qarşısını qısa
müddətdə, qətiyyət və ustalıqla aldı!
Eyni zamanda hamıya göstərildi ki, artıq Azərbaycanda
zor gücünə hakimiyyətə gəlmək ənənəsinə
birdəfəlik son qoyulub!
Yüksək intellekti və
xarizması olan İlham Əliyev Heydər Əliyev məktəbində
ən çox “dərs keçən” və ən çox
öyrənən şəxsiyyətdir!
Dünyanın ən öncül ali təhsil ocaqlarından birini - Moskva Dövlət
Beynəlxalq Əlaqələr İnstitutunu fərqlənmə
diplomu ilə bitirməsi və sonra orada saxlanılaraq müəllim
işləməsi böyük diplomatiyanın incəliklərinə
dərindən yiyələnməsinə, görkəmli siyasi
xadim kimi yetişməsinə “elmi dəstək” olmuşdu.
Cənab İlham Əliyev də
yaxşı bilirdi ki, Heydər Əliyevdən sonra Azərbaycana
rəhbərlik edən hər kəs daim bu dahi şəxsiyyətlə
müqayisə olunacaq, onun göstərdiyi bütün fəaliyyətə
bu prizmadan yanaşılaraq qiymət veriləcəkdir!
Əslində, İlham Əliyev bu
müqayisəyə və yanaşmaya da hamıdan çox
hazır idi!
***
İstənilən dövrdə
dövlət başçısının övladı olmaq hər
kəs üçün tale qisməti ilə yanaşı,
yüksək məsuliyyət və ciddi sınaq da deməkdir!
Doğrudur, hərdən bu səbəbdən
insan təqsiri olmadan təqiblərə də məruz qala
bilir. Ulu öndər Heydər Əliyev
Moskvada işləyərkən qəfil xəstələnəndə,
Siyasi Bürodan kənarlaşdırıldıqdan sonra təqib
və təhlükələrə məruz qalanda İlham
Əliyev də daim onun yanında idi, qorxulu günlərdə
və məqamlarda birgə addımlayırdılar.
Belə çətinliklərə,
düşmənçilik əməllərinə
qarşı birgə mübarizədə gələcək
dövlət xadimi xeyli yeni təcrübə də topladı.
Bu yerdə maraqlı bir məsələyə
də toxunmaya bilmirik. İstər sovet dövrü, istərsə də
sonrakı dövrlərdə ölkə rəhbərliyində
çalışan yüksək çinli məmurların
övladları müxtəlif “ərkəsöyünlükləri”,
yaxud qanunpozmaları ilə rəsmi (mətbuatda), yaxud qeyri-rəsmi
(ağız söhbətlərində)
hallandırılmış, hətta övlada görə
atası vəzifədən məhrum edilən, müxtəlif
cür cəzalandırılan partiya-sovet rəhbərləri,
müxtəlif ranqlı məmurlar da olmuşdu. Lakin İlham Əliyev bir dəfə də olsun
valideynlərinə sıxıntı, problem yaşadacaq
addımlar atmamış, ailənin imtiyazlarına güvənərək
qayda-qanunu pozmamışdır. Nə yeniyetməlik və
tələbəlik çağlarında, nə də gəncliyinin
sonrakı dövrlərində!
Əksinə, valideynləri və
dostları üçün həmişə qürur və fərəh
mənbəyi olmuşdur!
Həyatda insan bərkə-boşa
düşməli, müxtəlif sınaqlardan
çıxmalı olur. Bəzən belə sınaqlar
ağır, hətta məyusedici olur. Amma onların
verdiyi dərs heç zaman unudulmur və ömür boyu kara gəlir.
Ulu öndər Heydər
Əliyev xain Qorbaçovun mənfur əməlləri nəticəsində
Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra ailə
üzvlərinin də təqibi başlandı. İstedadlı və
perspektivli kadr kimi bitirdiyi ali məktəbdə
saxlanılaraq gələcək diplomatlara dərs deyən
İlham Əliyev atasına görə işdən
çıxarıldı... Məsələ heç də
işin itirilməsində deyildi, ancaq qərarın
subyektivliyi və ədalətsizliyi göz qabağında idi!
Əl-ələ verərək
hər şeyə təzədən başlamalı oldular. Heydər Əliyev təqaüdçü,
İlham Əliyev isə iş adamı kimi...
Dünya fırlanmaqda, tarix
öz gərdişində idi.
Hələ heç kim
bilmirdi ki, qarşıda nələr var.
Əslində, tarix özünə gərək
olacaq bu şəxsiyyətləri yeni dövrə, yeni
missiyaların icrasına, daha çətin və məsuliyyətli
imtahana hazırlayırdı!
Artıq qırmızı
imperiya çökür, müttəfiq respublikaların
SSRİ adlı ittifaqı dağılırdı.
Yenidən azadlıq qazanacaq
“köhnə müstəmləkələri” daha çətin
sınaqlar gözləyirdi. Azərbaycanın vəziyyəti
xüsusilə mürəkkəb və təhlükəli
sayılırdı. “Dağlıq Qarabağ problemi”
adlı məkrli plan hazırlayaraq meydana atanlar ölkəmizi
itaət boyunduruğunda saxlamaq üçün min bir fitnə-fəsad
törədir, ərazilərimizi işğal edərək əhalini
məcburi köçkün vəziyyətinə
salırdılar.
Azərbaycanın nəinki
müstəqilliyi, hətta bir dövlət kimi
mövcudluğu da sual altında idi. Onu yalnız Heydər Əliyev
dühası xilas edə bilərdi!
Xalqın çağırışına
biganə qalmayan ulu öndər “Mən həyatımın
qalan hissəsini də xalqıma bağışlayıram” -
deyərək yenidən ölkə rəhbərliyinə
qayıtdı.
Onu hədsiz dərəcədə çətin
və mürəkkəb vəzifələr gözləyirdi.
Ölkəni xaos və anarxiya girdabından
çıxarmaq, müharibədə atəşkəsə
nail olmaq, qanunsuz silahlı dəstələri ləğv etmək,
möhkəm və dönməz sabitlik yaratmaq hələ
işin yarısı idi. İslahatlar
aparmaq, bazar iqtisadiyyatı münasibətlərinə
keçidi təmin etmək, ən əsası ölkəni
böhrandan çıxarmaq, iqtisadiyyatı dirçəltmək
lazım idi. Həm iqtisadi yüksəlişə nail
olmaq, həm də ölkənin maraqlarını
dünyanın aparıcı dövlətlərinin
maraqlarına uyğunlaşdıraraq müstəqilliyi qoruyub
saxlamaq zəruri idi. Əvvəlki iqtidarların
bütün səylərinə baxmayaraq, bu məsələlərin
uğurlu həllinə kömək edəcək neft
müqavilələrinin imzalanması mümkün
olmamışdı. Ulu öndər məsələnin
sürətli həllinə nail olmaq üçün o
dövrdə Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti vəzifəsində çalışan cənab
İlham Əliyevi də neft danışıqlarına cəlb
etdi.
Bu, yeni bir sınaq idi.
Məsələnin çətinliyi
bağlanılacaq müqavilələrdə Azərbaycanın
milli və dövləti maraqlarının sonadək qorunub
saxlanılmasında idi. Çünki dünyanın aparıcı dövlətlərinə
məxsus iri neft şirkətləri daha çox fayda
götürməyə, öz maraqlarını üstün
tutmağa can atırdılar.
Həm də
danışıqlar mərhələsini mümkün qədər
tez başa çatdırmaq vacib idi.
Gərgin keçən
danışıqlar bir neçə dəfə yarıda
qırılacaqdı. Məsələyə dərindən bələdliyi
və diplomatik məharəti cənab İlham Əliyevə
bu vacib missiyanı uğurla başa çatdırmaqda kömək
etdi. 20 sentyabr 1994-cü ildə müstəqil Azərbaycan
özünün ilk neft kontraktını - “Əsrin müqaviləsi”
neft sazişini imzaladı!
Bu, təkcə dövlətimizin yox,
həm də bu işə şəxsi töhfəsini verən
cənab İlham Əliyevin də qələbəsi
sayılırdı!
Növbəti dəfə
İlham Əliyev özünü idman sahəsində
sınadı.
Keçid dövründə
Azərbaycan idmanına da böyük zərbələr dəymişdi. Sahə
başlı-başına buraxılmış,
qazanılmış əvvəlki uğurlar da itirilmişdi.
Belə ki, idman qurğuları və
meydançaları dağılmış, təcrübəli
idmançılar və məşqçilər başqa
ölkələrə gedərək özgə bayraqları
altında çıxış etməyə
başlamışdı. Hətta respublika
stadionu işbazlara verilərək “tolkuçka”ya
çevrilmişdi. Nəinki ölkə
daxilində müxtəlif yarışlar keçirməyə,
idmançıları beynəlxalq yarışlara göndərməyə
belə vəsait tapılmırdı. Əslində,
Azərbaycan idmanının yenidən və yeni təməllər
üzərində qurulması zərurəti
yaranmışdı. Dövlətin gənclər siyasəti
də bunu tələb edirdi!
Azərbaycan
idmançılarının cənab İlham Əliyevi Milli
Olimpiya Komitəsinin prezidenti seçməsi ən uğurlu
addım oldu.
Yüksək enerji və məsuliyyətlə
fəaliyyətə başlayan İlham Əliyev ona göstərilən
etimadı qısa müddətdə doğrultdu. Həm də
nəinki doğrultdu ölkə idmanını sürətlə
inkişaf etdirərək görünməmiş səviyyəyə
qaldırdı, Azərbaycanı idman dövlətinə
çevirməklə onun dünyadakı imicinə daha bir yeni
xarakterik cizgi əlavə etdi.
Bu gün Azərbaycan
regionlarında qırxdan çox olimpiya idman kompleksi, ölkə
paytaxtında bütün növlər üzrə ən
yüksək səviyyəli yarışları keçirməyə
imkan verən stadionları, idman qurğuları, sarayları
olan və idmanı kütləviliyə çevirdiyi bir
ölkədir.
Artıq dünya idman federasiyaları yüksək ranqlı
yarışlarını burada keçirməyə can
atırlar. Azərbaycan I Avropa Oyunlarına
yüksək səviyyədə evsahibliyi etdi, “Formula-1”
yarışlarını uğurla keçirdi və
keçirməkdədir. IV İslam Həmrəyliyi
Oyunları da növbəti ildə Bakıda baş
tutacaqdır. İndi dünyanın
bütün ölkələrindən olan idmançılar Azərbaycan
bayrağı altında yarışmağı özlərinə
şərəf bilirlər.
İdmançılarımızın Olimpiya, Paralimpiya
oyunlarında, dünya, Avropa birinciliklərində və beynəlxalq
yarışlarında qazandıqları medalların
sayı-hesabı yoxdur! Təkcə sonuncu XXXI
Yay Olimpiya oyunlarında yığmamız 18 medala sahib
çıxdı.
Azərbaycana rəhbərlik etdiyi
dövrdə cənab İlham Əliyev o qədər iş
görərək saysız-hesabsız yeniliklərə imza
atıb ki, onların hamısını bir yazıya
sığışdırmaq mümkün deyil! Odur
ki, ən mühüm dəyişiklikləri və yenilikləri
qısaca şəkildə xatırlatmaqla kifayətlənirik.
***
İLHAM ƏLİYEV Azərbaycanın
müstəqil daxili və xarici siyasətini müəyyən
edən, dünya dövlətləri və beynəlxalq təşkilatlarla
münasibətlərdə yalnız dövləti və milli
maraqları əsas tutan ən yüksək reytinqli dövlət
başçılarındandır. O, yorulmadan, gərgin və səmərəli
fəaliyyət göstərməyi, ən yüksək nəticəyə
nail olmağı hamıdan yaxşı bacarır. Qısa
müddət ərzində Azərbaycanı uğurla dünya
birliyinə inteqrasiya edib, BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvünə çevirib,
dünyanın maraqları ilə ölkəmizin
maraqlarını üzvi surətdə uzlaşdırıb!
İLHAM ƏLİYEV dünyanın ən
mötəbər beynəlxalq tədbirlərinin sevilən və
arzuolunan dəvətlisinə çevrilib!
İndiyədək
dünyanın elə bir dövləti yoxdur ki, onun ən
yüksək səviyyəli rəsmisi ölkəmizə qonaq
gəlməsin. Azərbaycan həm də beynəlxalq tədbirlərə
qonaqpərvərliklə evsahibliyi edən məkandır.
Cənubi Qafqazın ən güclü və modern dövləti
sayılan Azərbaycanda artıq yeni islahatlara start
verilmişdir!
İLHAM ƏLİYEVin iqtisadi sahədə
nail olduğu uğurlar saymaqla qurtarmaz! Onun rəhbərliyi
dövründə ölkə üzrə ÜDM istehsalı 3
dəfə artıb, işsizlik və yoxsulluq 5 faizədək
azalıb. Yeni sahibkarlıq təbəqəsi
yaranıb və dövlət qayğısı ilə əhatə
olunub. Nəqliyyat, enerji təhlükəsizliyini
təmin edən Azərbaycan iqtisadi sahədə keçid
dövrünü başa vurub, Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizini işə salaraq
logistika mərkəzinə çevrilib. Regionların
inkişafına xüsusi diqqət yetirən cənab İlham
Əliyevin rəhbərliyi ilə müstəqillik
dövründə ümumi gücü 2400 meqavat olan 23 elektrik
stansiyası tikilərək ümumi enerji potensialı 6300
meqavata çatdırılmış, 340 körpü və
tunel istifadəyə verilmiş, bölgələrdə
4-ü beynəlxalq səviyyəli olmaqla 6, aeroport istifadəyə
verilmişdir. Bəzi dövlətlərin əngəl törətmək
cəhdlərinə baxmayaraq, cənab İlham Əliyevin
şəxsi təşəbbüsü və iradəsi ilə
gələn il istismara buraxılacaq Bakı-Tbilisi-Qars dəmir
yolu xətti həyata vəsiqə qazanmış, yenə də
Prezidentimizin qətiyyəti sayəsində TANAP, TAP və “Cənub
qaz dəhlizi” layihəsi reallaşdırılmağa
başlanmışdır. Azərbaycan dünya
kosmos ailəsinin üzvlüyünə qəbul edilmişdir.
İLHAM ƏLİYEV
xalqın mədəni və milli-mənəvi dəyərlərinə
daim hörmət və ehtiramla yanaşır. Onun
gördüyü işlər sayəsində Azərbaycan
dünyada tolerant, multikulturalizm ənənələrinə
sadiq nümunəvi dövlət kimi tanınır. Xalqımız bütün dinlərə və mədəniyyətlərə
eyni gözlə baxır, heç bir ayrı-seçkiliyə
yol vermir. Cənab İlham Əliyevin və
Heydər Əliyev Fondunun birgə təşəbbüsü
ilə dünyanın ən qədim məscidlərindən
biri sayılan Şamaxı məscidi bərpa olunaraq fəaliyyətə
başlamışdır. Ölkə paytaxtında
sinaqoq, katolik və provaslav kilsələri fəaliyyət
göstərir, Şəkidəki Qafqaz Alban kilsəsi,
Suraxanıdakı qədim atəşpərəstlik məbədi,
Göygöldəki Alman lüteran məbədi təmir edilərək
tarixi abidə kimi yaşadılır. Novruz bayramı, Azərbaycan
muğamı, saz sənəti, tar
ifaçılığı, habelə Qobustan və
İçərişəhər tarixi-memarlıq qoruğu UNESCO-nun
qeyri-maddi mədəni irs siyahısına
salınmışdır.
İLHAM ƏLİYEV BMT-nin, Avropa
Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq
Təşkilatının, İqtisadi Əməkdaşlıq
Təşkilatının, Davos İqtisadi Forumunun və digər
qurumların tribunasından bacarıqla istifadə edərək
xalqımızın və dövlətimizin maraqlarını
qoruyur. Onun təklifi və təşəbbüsü ilə
müntəzəm şəkildə bir sıra beynəlxalq tədbirlər
- Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası
Dialoq Forumu, Dünya dinləri liderlərinin Zirvə
görüşü, BMT-nin Sivilizasiyalararası
Alyansının Qlobal Forumu öz iclaslarını Bakıda
keçirir.
İLHAM ƏLİYEV Azərbaycanı
başdan-başa yenidən tikib, qurub və
abadlaşdırıb. İndiyədək sayı bilinməyən
müxtəlif obyektlərin təməlqoyma və
açılış mərasimlərini keçirən ən
nadir dövlət başçılarındandır. Regionlara müntəzəm səfərlər edir,
daim xalqla, sadə insanlarla birbaşa ünsiyyətə girir.
Onun seçimi və zövqü ilə
Bakıda bir sıra nadir və müasir memarlıq inciləri
yaradılmışdır. Bunların sırasına Heydər
Əliyev Mərkəzi, Ginnesin Rekordlar Kitabına düşən
Dövlət Bayrağı meydanı, “Üç alov qülləsi”
binası, “Büllur saray”, “Dənizkənarı bulvar”, Heydər
Məscidi, Milli Gimnastika Arenası, hotellər şəbəkəsi
və digərləri daxildir. Taxtakörpü,
Şəmkirçay və Tovuzçay su anbarları isə əsrlər
boyu Azərbaycan xalqına xidmət edəcəkdir.
İLHAM ƏLİYEVin ən
böyük diqqət ayırdığı məsələlərdən
biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllidir. Nüfuzları
qayğısına qalmayan BMT Təhlükəsizlik
Şurasının, ATƏT-in Minsk qrupunun və həmsədr
dövlətlərinin dişsizliyi sayəsində indiyədək
problemin sülh yolu ilə çözümünə nöqtə
qoymaq mümkün olmamışdır. Dövlət
başçısı beynəlxalq aləmdə prinsipial və
inadlı fəaliyyəti ilə yanaşı, qaçqın
və məcburi köçkünlərin sosial məsələlərinin
həllinə də qayğı ilə yanaşır. Hakimiyyətinin ilk günlərində “Bir dənə
də olsun qaçqın şəhərciyi qalmayacaqdır!”
- deyən cənab İlham Əliyev vədinə
vaxtından qabaq əməl etmişdir. İndiyədək
qaçqın və məcburi köçkünlərin
sosial-məişət və mənzil problemlərinin həlli
məqsədilə bu sahəyə müxtəlif mənbələrdən
6,1 milyard dollar vəsait xərclənmiş, 95 müasir tipli
yaşayış kompleksi və qaçqın şəhərciyi
salınmış, 240 min nəfərdən çox
qaçqın və məcburi köçkün mənzil
şəraitini yaxşılaşdırmışdır. Bu istiqamətdəki işlər yenə də davam
etməkdədir.
İLHAM ƏLİYEV sosial
layihələrin icrasını daim diqqət mərkəzində
saxlayır. Son 13 ildə 3 mindən çox məktəb, 600-dən
çox xəstəxana, tibb mərkəzi tikilmiş, əsaslı
şəkildə təmir edilmişdir. Ölkədə
qazlaşdırma 90 faizə
çatdırılmışdır. Rayon
mərkəzlərinin əksəriyyətinə yeni içməli
su xətti çəkilmiş, kanalizasiya sistemi qurulmuşdur.
İlk dəfə olaraq Qubanın Xınalıq
kəndinə asfalt yol çəkilmişdir. Azərbaycanda demokratik cəmiyyət qurulmuş, mətbuat
və söz azadlığı, insan hüquqlarının
qorunması təmin edilmişdir. İlham
Əliyevin qayğısı sayəsində şəhid ailələrinə,
müharibə əlillərinə və veteranlarına,
jurnalistlərə dövlət hesabına tikilərək təmir
edilmiş mənzillər, fərdi minik avtomobilləri verilir.
İLHAM ƏLİYEV
Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi daim əsgər
və zabitlərlə birlikdədir. O, müntəzəm olaraq təmas xəttində
olur, ön səngərlərdən düşmən
mövqelərini seyr edir, döyüşdə fərqlənən
əsgər və zabitləri təltif edir, əsgər yeməkxanalarında
onlarla bir süfrə arxasında oturur. İlham
Əliyevin Azərbaycan dövləti qarşısında ən
böyük xidmətlərindən biri onun ən müasir,
güclü, ən yeni texnologiyalara əsaslanan silahlarla təchiz
edilmiş ordusunu formalaşdırmasıdır. Bu gün Azərbaycan Ordusu düşmənin istənilən
hərbi hədəfini məhv etməyə qadirdir. İlham Əliyevin rəhbərliyi ilə yaradılmış
Müdafiə Sənayesi kompleksində 1160 adda silah-sursat
istehsal edilir. “Zərbə” pilotsuz
uçuş aparatının istehsalı ən böyük
nailiyyətlərdəndir. Dördgünlük aprel
müharibəsində Azərbaycan Ordusu, onun əsgər və
zabitləri nəyə qadir olduqlarını göstərdilər
və son 22 il ərzində ilk dəfə düşmənin
işğal etdiyi ərazilərin bir parçasını geri
qaytardılar, xeyli əraziyə isə nəzarəti bərpa
etdilər.
Aprel müharibəsində cənab
İlham Əliyev sərkərdəlik məharətini
nümayiş etdirdi. Düşmən aldığı zərbədən
hələ də özünə gələ bilməyib.
Hətta havadarları belə onu şokdan çıxara
bilmirlər!
İLHAM ƏLİYEVin qətiyyət
və prinsipiallığa, vətən sevgisinə və qədirbilənliyə
söykənən yüksək mənəvi keyfiyyətlərini
də qürur və məhəbbətlə qeyd etməliyik. Hərdən
onun gözlənilmədən atdığı addımlar təkcə
Azərbaycan xalqı tərəfindən deyil, dünya
ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
İlham Əliyev protokolun imkan verdiyi
bütün görüşlərdə sinədəftər,
“konspektsiz” danışır. Nitq və
çıxışları səlis, məntiqli və təsirli
olur. İndiyədək bir dəfə də
olsun artıq söz, qeyri-dəqiq ifadə işlətməyib.
Əksinə, onu “çaşdırmaq” istəyən
jurnalistlərin boğazını qurudub.
Macarıstan məhkəməsi Azərbaycan
zabiti Ramil Səfərov haqqında həddindən çox sərt
və ədalətsiz cəza verdikdə cənab İlham
Əliyev tam məxfi şəkildə onun vətənə gətirilməsini
təşkil etdi, ölkə sərhədini keçən
kimi Prezident səlahiyyətlərindən istifadə edərək
bağışladı, vəzifə və rütbəsini bərpa
etdi.
Düşmən təxribatına cavab verərək böyük şücaət göstərən Mübariz İbrahimovun cəsədinin qaytarılmasına nail oldu, onu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görərək hörmət və izzətlə dəfn etdirdi.
Tədbirlərin birində Türkiyənin arxasınca danışanın ağzından vuraraq “Türkiyə Prezidenti burda yoxdur, amma mən burdayam!” - deyə cavabını verdi!
Budur İlham Əliyev!
Budur mərd və igid sərkərdənin qətiyyəti!
Budur xalqını, dövlətini sevən rəhbərin prinsipial mövqeyi və cəsarəti!
Xalq İlham Əliyev kimi sərkərdəsi ilə fəxr edir!
Bu gün İlham Əliyev nüfuzlu dövlətin nüfuzlu rəhbəridir!
Heç kim bizimlə diktə dilində danışa bilmir!
Heç kimdən asılı deyilik və yalnız dövləti və milli maraqlara xidmət edirik!
Qarşıya qoyulan bütün hədəflərə çatmışıq!
Əsl gücümüz iqtidarla xalqın birliyində, Azərbaycan xalqının yeganə, hamı tərəfindən qəbul olunan liderinə sonsuz məhəbbət və dəstəyindədir!
Xalq sınanmış oğlu İlham Əliyevi sevir!
İlham Əliyev isə daim xalqın yanında, onun müstəqilliyi, rifahı, xoşbəxt gələcəyi uğrunda mübarizədədir!
Onun qələbəsi hər birimizin qələbəsidir!
Uğurlar, təbriklər!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2016.- 24 dekabr.- S. 1, 3.