Daha modern
iqtisadiyyata doğru
Məlum olduğu kimi, XX əsrdə
ikinci dəfə müstəqillik əldə etdiyi ilk
dövrlərdə Ermənistan tərəfindən müharibəyə
cəlb edilməsi, ictimai-iqtisadi quruluşda baş verən dəyişikliklər
və dövlət idarəçiliyində yol verilən kobud
səhvlər ağır sosial-iqtisadi gərginlik yaradaraq Azərbaycanı
vətəndaş müharibəsi ilə üz-üzə
qoymuşdu. Belə bir çətin vəziyyətdə
xalqın inamlı çağırışı ilə
hakimiyyətə gələn ümummilli lider Heydər
Əliyev qısa müddət ərzində Azərbaycanı
dünya xəritəsindən silinmək təhlükəsindən
xilas etmiş, onu böyük gələcəyi olan bir
dövlətə çevirmişdir.
Heydər Əliyevin
müdrikliyi, qətiyyəti, dövlət idarəçiliyi
sahəsində zəngin təcrübəsi sayəsində
ölkəmizdə siyasi sabitlik bərpa olunmuş, bazar
iqtisadiyyatına keçidi təmin etmək üçün
iqtisadi islahatlara başlanmışdır. 1994-cü ildə
imzalanan “Əsrin müqaviləsi” isə formalaşmaqda olan
yeni ictimai şəraitdə ölkəmizin sosial- iqtisadi
inkişafının təməlini qoymuşdur.
Ulu öndərin təşəbbüsü
və rəhbərliyi ilə ölkənin müstəqilliyinin
açarı olan ərzaq təhlükəsizliyinin təmin
edilməsi, azad sahibkarlığın bərqərar olması
və əhalinin maddi rifah halının yaxşılaşması
üçün MDB məkanında analoqu olmayan və sosial ədalət
prinsipinə əsaslanan torpaq islahatı həyata
keçirilmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti
ilə həyata keçirilən bu və digər tədbirlər
nəticəsində müstəqilliyin ilk üç ilində
daha da dərinləşmiş iqtisadi tənəzzülün
qarşısı alınmış və 1996-cı ildən
iqtisadiyyatın bir çox sahələrində inkişaf
başlamışdır.
2003-cü ildə Prezident seçilən
İlham Əliyev ulu öndərin başladığı
siyasəti uğurla davam etdirmiş və Azərbaycanı
dünya miqyasında müstəqil siyasət aparan,
özünün enerji təhlükəsizliyini təmin etməklə
yanaşı, həm də bir çox dövlətlərin bu
sahədə təhlükəsizliyinə töhfə verən
və siyasi sabitliyə malik demokratik bir ölkə kimi
tanıtmışdır. Məhz İlham Əliyevin praqmatik
siyasəti nəticəsində son illərdə ölkə
iqtisadiyyatının inkişafı üçün əsas
kapitala bütün mənbələrdən 184,1
milyard manat investisiya yatırılmışdır. Bu vəsaitin
143,6 milyard manatı bilavasitə inşaat
işlərinə yönəldilmiş və onun 55,1 faizi
istehsal təyinatlı obyektlərin tikintisinə sərf
edilmişdir. Nəticədə məhsul istehsalı durmadan
artmışdır. Təkcə 2015-ci ildə
ölkə üzrə 54,4 milyard
manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da
1995-ci ilin göstəricisindən 6,4 dəfə çox idi.
Ötən illər ərzində
milli iqtisadiyyatın bazar prinsipləri əsasında
qurulması istiqamətində həyata keçirilən məqsədyönlü
siyasət, regionların və ayrı-ayrı iqtisadi - sosial
sahələrin inkişafına dair dövlət
proqramlarının uğurla icra edilməsi və müntəzəm
olaraq aparılan islahatlar sayəsində ölkə əhalisinin
həyat səviyyəsi əhəmiyyətli dərəcədə
yaxşılaşmışdır. Məsələn, 1995-ci ilə nisbətən
2015-ci ildə əhalinin real gəlirləri 9,8 dəfə
artaraq adambaşına 4380 manat təşkil etmiş, əhalinin
orta aylıq əməkhaqqı 37,4 dəfə artaraq 467 manat
olmuşdur. Əhalinin sosial rifah halının
yaxşılaşması yoxsulluğun azalmasına müsbət
təsir göstərmiş və müqayisə olunan müddətdə
yoxsulluq səviyyəsi 49 faizdən 4,9 faizə
enmişdir. Həmin dövrdə məşğul
əhalinin sayında da kəskin artım müşahidə
olunmuş və işsizliyin səviyyəsi 2015-ci ildə 5
faizə enmişdir.
İqtisadiyyatın bazar
prinsipləri əsasında inkişafının əsasını
təşkil edən xüsusi mülkiyyətin bərqərar
olması üçün iqtisadi islahatlara başlanması
ölkənin sosial-iqtisadi inkişafı üçün
geniş imkanlar yaradır. Bu baxımdan “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi nəticəsində
ilbəil artan maliyyə ehtiyatları həmin imkanlardan daha səmərəli
istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini
zəruri edirdi. Odur ki, Prezident İlham
Əliyevin təşəbbüsü ilə ölkə
iqtisadiyyatının neftdən
asılılığını azaltmaq üçün
qeyri-neft sektorunun və onun əsas sahələrindən biri
olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə
çəkildi.
Qeyri-neft sektorunun və onun tərkib
hissəsi olan aqrar sektorun inkişafı isə regionların
sosial-iqtisadi inkişafından asılı olduğuna görə
bu sahəyə diqqətin artırılması ölkədə
formalaşan iqtisadi strategiyanın əsasını təşkil
edirdi. Bu istiqamətdə sərf olunacaq dövlət
büdcəsi vəsaitindən səmərəli istifadəni
təmin etmək üçün yeganə düzgün siyasi
və iqtisadi qərar həmin vəsaitin dövlət
proqramları əsasında xərclənməsi idi. Həmin məqsədlə Prezident İlham Əliyev
ölkə rəhbəri kimi fəaliyyətə
başladığı ilk dövrdə - 2004-cü ilin
fevralında regionların sosial-iqtisadi inkişafı üzrə
ilk Dövlət Proqramını təsdiq etmişdir. 2004-2008-ci illəri əhatə edən Dövlət
Proqramı uğurla həyata keçirilmiş və bununla
ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin
edilməsi üçün ilk növbədə daha çox
ehtiyac duyulan infrastruktur obyektlərinin yaradılması və
digər tədbirlərin həyata keçirilməsi təmin
edilmişdir. 2006-cı ildə istifadəyə
verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti
nəticəsində ölkəyə böyük valyuta
axınının başlaması isə proqramda nəzərdə
tutulan bütün tədbirlərin vaxtında yerinə
yetirilməsinə imkan vermiş və Azərbaycan dünyada
analoqu olmayan 30-35 faiz illik iqtisadi artıma nail olmuşdur. Həmin illər iqtisadi artım əsasən neft
amili ilə bağlı olsa da, o, ölkənin gələcək
inkişafının təmin edilməsi üçün
möhkəm maliyyə imkanı
formalaşdırmışdır.
Ölkədə yaranmış maliyyə
imkanından səmərəli istifadəni təmin etmək,
qeyri-neft sektorunun və infrastrukturun inkişafı
üçün möhkəm təməl qoymaq məqsədilə
Prezident 2009-cu ilin aprelində regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət
Proqramını təsdiq etdi və həmin proqram da uğurla
yerinə yetirildi. Regionların sosial-iqtisadi inkişafına
dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində
50,7 milyard, o cümlədən birinci proqrama 16 milyard, ikinci
proqrama isə 34,7 milyard manat vəsait yönəldilmişdir.
Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına
dair proqramlarda nəzərdə tutulmayan məsələlərin
həllinə dövlət başçısının
müvafiq sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan
737,4 milyon manat vəsait
ayrılmışdır. Həmin vəsaitlər hesabına
son 10 ildə regionlarda 500-dən çox sənaye müəssisəsi,
2708 məktəb binası, 500-dən çox səhiyyə,
700-ə yaxın mədəniyyət, 250-dən çox idman
və gənclər obyektləri tikilmiş və ya əsaslı
təmir edilmişdir. Proqramlar çərçivəsində,
həmçinin regionlarda mənzil tikintisi, respublika və
yerli əhəmiyyətli yolların çəkilməsi,
yenidən qurulması və təmiri, yeni körpü və
yol ayırıcılarının tikilməsi, poçt və
rabitə şəbəkəsinin yenilənməsi və
genişləndirilməsi, habelə digər infrastruktur sahələri
üzrə böyük həcmdə işlər
görülmüşdür.
Regionların sosial-iqtisadi
inkişafına dair proqramların ölkə
iqtisadiyyatında gələcək illərdə də
davamlı artımın əldə olunmasında mühüm
rolu nəzərə alınaraq 2014-cü ilin fevralında
regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafına dair növbəti Dövlət Proqramı təsdiq
edilmişdir.
Bu proqramın həyata keçirilməsi
perspektivdə ümumi daxili məhsulun artımının əsasən
qeyri-neft sektorunun inkişafı hesabına əldə
olunmasına hesablanmışdır. Bu da
ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək
üçün mövcud maliyyə ehtiyatlarının
dövlət proqramları üzrə xərclənməsinin
daha səmərəli iqtisadi model olduğunu təsdiq edir.
Prezident İlham Əliyev həmin
aqrar bölməni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet
istiqaməti hesab etmiş və bu sahəyə xüsusi diqqət
və qayğı göstərmişdir. Hazırda Prezidentin bu diqqət
və qayğısı ilə 4,5 milyon nəfər kənd əhalisi
(ümumi əhalinin 46,9 faizi) və 1698 min nəfər kənd
təsərrüfatında çalışan məşğul
əhali (cəmi məşğul əhalinin 36,4 faizi) əhatə
olunur. Dövlət başçısının
imzaladığı sənədlərə əsasən, kənd
təsərrüfatı məhsul istehsalçılarına əkin
sahələrinin becərilməsində istifadə olunan
yanacaq və motor yağlarına, buğda, çəltik,
pambıq və tütün səpininə, sortlu toxum və
tinglərin istehsalına və satışına, mineral
gübrələrin güzəştli şərtlərlə
satışına, mal-qaranın cins tərkibinin
yaxşılaşmasına, yerli at cinslərinin damazlıq
özəyinin qorunmasına, müasir kənd təsərrüfatı
texnikalarının və texnoloji avadanlıqların
alınaraq istehsalçılara güzəştli şərtlərlə
lizinqə verilməsinə, habelə aqrar sahibkarları
güzəştli kreditlərlə təmin etməyə və
bu kimi digər tədbirlərə hər il dövlət
büdcəsindən yüz milyonlarla vəsait yönəldilir.
Bunun nəticəsidir ki, ötən son 10 ildə ölkəmizdə
bütün növ kənd təsərrüfatı məhsulları,
o cümlədən taxıl (41 faiz), şəkər
çuğunduru (5 dəfə), ət (50,8
faiz), süd (53,7 faiz), yumurta (77,8 faiz) istehsalı
artmışdır. Bu dövr respublikamızda 39
quşçuluq müəssisəsi, 16 cins heyvandarlıq
kompleksi, 7 süd və 7 ət istehsalı müəssisəsi
açılmış, 28 intensiv bağçılıq təsərrüfatı,
30 müasir istixana kompleksi və 15 meyvə-tərəvəz
emalı müəssisəsi yaradılmışdır. Görülən tədbirlər nəticəsində
aqrar sektorun yeni texnika və texnologiyalara, qabaqcıl təcrübəyə
və elmi nailiyyətlərə əsaslanan innovativ
inkişafı üçün möhkəm təməl
qoyulmuşdur.
Bununla belə,
qloballaşmanın dərinləşməsi, təbii
ehtiyatların həddindən çox istismarı, iqlim dəyişikliyi
və əhalinin yüksək artımı əhalinin ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
daha böyük əzmlə çalışmağı tələb
edir. Prezident
İlham Əliyev Nazirlər
Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bu barədə demişdir: “Ərzaq
təhlükəsizliyi bizim üçün prioritetdir... Çünki ərzaq təhlükəsizliyi bundan
sonra dünya üçün ən böyük məsələ
olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini
təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər”.
Ümumiyyətlə, problemin ciddiliyini, ölkəmizin
müstəqil siyasət yeritməsi imkanını və
mövcud siyasi sabitliyi daha da möhkəmləndirmək
üçün cənab İlham Əliyev elə bir
toplantı yoxdur ki, orada respublikamızda əhalinin ərzaqla
təminatı məsələsinə toxunmasın, əlaqədar
təşkilatların diqqətini bu məsələyə cəlb
etməsin. Bunun nəticəsidir ki, son illər
ölkə əhalisinin ərzaqla təminatında əsaslı
dəyişiklik baş vermiş, respublikamızda əsas ərzaq
məhsulları ilə özünü təminetmə səviyyəsi
xeyli yüksəlmiş, bəzi məhsulların isə hətta
xarici ölkələrə ixracı
başlanmışdır.
Problemin həllinə tam
nail olmaq və əhalinin ərzaqla etibarlı və
davamlı təminatı üçün isə iqtisadi cəhətdən
ən əlverişli yol innovativ metodlardan istifadə etməkdir.
Bu gün dünyada kənd təsərrüfatı
istehsal edilən məhsulun daha çox elmi tutumlu olması
istiqamətində inkişaf edir. Bu,
iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsində
əyani surətdə özünü göstərir. Məhz bu xüsusiyyətinə görə onlar
daxili məhsul bazarında balansı təklif və tələb
əsasında saxlaya bilir, dünyanın qabaqcıl
bazarlarına daxil olur və milli məhsul
istehsalçılarını sıxışdırıb
müflisləşdirirlər. Ona görə
də qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda
da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı
qarşıda duran əsas vəzifədir və bu səbəbdən
onun həll olunması istiqamətində işlər
aparılır.
Tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, aqrar-sənaye kompleksinin
innovasiyalı inkişafını həyata keçirmək və
onu yaxşılaşdırmaq üçün innovasiya fəaliyyətinin
müvafiq infrastrukturu və ya bu fəaliyyəti informasiya,
ekspert, marketinq, maliyyə, kadr və digər xidmətlərlə
təmin edən material, texniki, qanunvericilik və digər vasitələrin
olması vacibdir. Kənd təsərrüfatında
innovativ metodlardan istifadənin qanunvericilik bazasının
yaradılması istiqamətində ölkəmizdə müəyyən
işlər görülür. 2008-ci ildə
kənd təsərrüfatında innovativ məhsul olan ekoloji
təmiz məhsul istehsalının hüquqi bazasını təşkil
edən “Ekoloji təmiz kənd təsərrüfatı
haqqında” qanun qəbul edilmişdir. Bu
qanunun tətbiqi nəticəsində respublikamızın bir
çox bölgələrində, xüsusilə Gəncə-Qazax
iqtisadi rayonunun əhatə etdiyi ərazilərdə ekoloji təmiz
kənd təsərrüfatı məhsulları istehsalı
ilə məşğul olan fermerlərin sayı ildən-ilə
artır. Qanunun tələblərinə
uyğun olaraq ekoloji kənd təsərrüfatı məhsullarının
istehsalında xəstəliklərə və ziyanvericilərə
qarşı mübarizədə kimyəvi maddələrdən
və məhsuldarlığı artırmaq üçün
süni yolla istehsal edilmiş mineral gübrələrdən
istifadəyə yol verilmir. Bunun əvəzinə
ekoloji təmiz və iqtisadi səmərəsi yüksək
olan biopestisidlərdən və biogübrələrdən
istifadə olunması, növbəli əkin sisteminin tətbiqi
nəzərdə tutulur.
Kənd təsərrüfatında
innovasiyaların yayılması təsərrüfat subyektləri
tərəfindən informasiyaların qavranılması vəziyyətindən
asılıdır. Hazırda aqrar islahatların aparılması nəticəsində
ölkəmizdə 851 mindən çox ailə (3 milyon 500 min
nəfər) torpaq payı alaraq kənd təsərrüfatı
məhsulları istehsalı ilə məşğul olur. Odur
ki, onların, o cümlədən ixtisas təhsili olmayan
çoxsaylı istehsalçıların kənd təsərrüfatı
istehsalının təşkili, marketinq, biznes
planlaşdırması, təsərrüfatın maliyyə və
istehsal vasitələri ilə təminatı, yeni texnika və
texnologiyalar, innovasiyalı məhsullar və bir çox digər
məsələlər barədə informasiyalar almağa və
müvafiq biliklərə yiyələnməyə
böyük ehtiyacı vardır. Həmin
ehtiyacı ödəmək üçün kənd təsərrüfatında
informasiya-məsləhət xidmətinin genişləndirilməsi
və onun müasir tələblər səviyyəsində təşkili
qarşıda duran əsas vəzifələrdən biri hesab
edilir.
2010-cu ildə qəbul
edilmiş “Pambıqçılıq haqqında” qanunda strateji
əhəmiyyətə malik bu məhsulun istehsalının
artırılması və bu sahədə daha çox əlavə
dəyər yaradılması üçün
pambıqçılığın klaster əsasında
inkişaf etdirilməsi nəzərdə tutulur. Pambıqçılıqda
klasterin tətbiqi xam pambığın respublikamızda
müasir texnika və texnologiyalardan istifadə etməklə
yaradılan emal müəssisələrində son məhsul
olan hazır paltar istehsalını nəzərdə tutur.
Bunun üçün pambıqçılıq
regionlarında onun istehsalı və emalı ilə
yanaşı, becərilməsində istifadə olunan bəzi
texniki vasitələrin istehsalı, elm və kadr
hazırlığı müəssisələri, habelə
hazır məhsulun satışı və
pambıqçılıqla bağlı digər fəaliyyətlə
məşğul olan müəssisələr
yaradılmalı və onların arasında kooperasiya əlaqələri
qurulmalıdır. Belə olan halda problem
kompleks halında öz həllini tapar və rəqabətə
davamlı yüksək keyfiyyətli pambıq məhsulları
ilə daxili və xarici bazarlara çıxmaq olar. Bu növ klasterləri pambıqçılıqla
yanaşı, taxılçılıq,
çayçılıq, meyvə-tərəvəzçilik,
tütünçülük, habelə südlük və ətlik
heyvandarlıq, qoyunçuluq və quşçuluğun
üstünlük təşkil etdiyi regionlarda da yaratmaq
böyük səmərə verərdi. Bu
həm də cənab İlham Əliyevin kənd təsərrüfatının
zonalar üzrə ixtisaslaşdırılmasına dair verdiyi
tapşırığın icrasını təmin edərdi.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə
mövcud olan təbii iqlim və torpaq şəraiti kənd təsərrüfatını
ixtisaslaşdırmaq və onun klaster əsasında təşkili
üçün çox əlverişlidir. Yeri gəlmişkən qeyd edək ki, Heydər
Əliyevin respublikamıza birinci rəhbərliyi
dövründə kənd təsərrüfatının
ixtisaslaşması uğurla tətbiq olunurdu.
Müasir dövrdə
iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye
və texnologiyalar parklarının yaradılması
böyük əhəmiyyət kəsb edir. Belə ki, sənaye
parklarının yaradılması ölkə
iqtisadiyyatında ixracın həcminin çoxalması,
idxalı əvəz edən məhsulların
istehsalının və məhsulların rəqabət qabiliyyətinin
artması, məşğulluğun təmin edilməsi,
investisiyaların və müasir texnologiyaların cəlb edilməsi
kimi prioritet vəzifələrin həyata keçirilməsində
xüsusi əhəmiyyətə malikdir. Buna
görə də ölkəmizdə sənaye
parklarının yaradılmasına üstünlük verilir.
Prezidentin müvafiq sərəncamları ilə Sumqayıt
Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı,
Qaradağ Sənaye Parkı, Gəncə Sənaye Parkı,
Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye
Parkı, Sumqayıt və Mingəçevir Yüksək
Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsinin
yaradılması qərara alınmış və onlardan bir
çoxu artıq fəaliyyət göstərir. Bu müəssisələr tam gücü ilə
işlədikdə minlərlə insan daimi və yüksək
maaşlı işlə təmin olunacaq, daxili və xarici
bazara yüksək keyfiyyətli, Azərbaycan brendi olan məhsullar
çıxarılacaq. Bununla həm daxili
tələbat ödəniləcək, həm də Azərbaycan
idxal edən ölkədən ixrac edən ölkəyə
çevriləcək.
Qeyri-neft sektorunun prioritet
isiqamətlərindən biri olan aqrar sahədə də
intensivləşməni genişləndirmək, məhsuldarlığı
artırmaq üçün regionlarda aqroparklar və iri təsərrüfatlar
yaradılır. Artıq Şəmkir və Xaçmaz
rayonlarında aqroparklar, Ağcabədi, Qəbələ və
digər rayonlarda iri təsərrüfatlar
yaradılmışdır. Həmin müəssisələrin
bir çoxunda hər inəkdən 7-8 min litr süd, hər
hektardan 55-60 sentner buğda, 110-115 sentner qarğıdalı əldə
edilir ki, bunlar da respublikamız üçün rekord göstəricilərdir.
Kənd təsərrüfatının
intensivləşməsində və yüksək
texnologiyaların tətbiqinin səmərəsini yüksəltməkdə
torpaqların münbitliyini artırmaq, əkin dövriyyəsinə
yeni suvarılan torpaqlar daxil etmək və mövcud əkinlərin
su təminatını yaxşılaşdırmaq da
mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə
son vaxtlar “Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhəmiyyətli
işlər görülmüşdür. Belə ki,
Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan
kanalının və Vəlvələçay-Taxtakörpü
kanalının tikintisinin başa çatması
Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarında əlavə
30 min hektar suvarılan torpaqların əkin dövriyyəsinə
daxil edilməsinə və on min hektarlarla torpaq sahəsinin
suvarılmasını yaxşılaşdırmağa imkan verəcək.
Hazırda başqa regionlarda da yeni dəryaçalar
tikilir, mövcud su anbarları təmir olunur ki, bu da gələcəkdə
əkinlərin su ilə təminatını
yaxşılaşdıracaq və məhsuldarlığı
artıracaq.
Ölkəmizdə həyata keçirilən işlər nəticəsində sosial-iqtisadi inkişafda çoxsaylı nailiyyətlər əldə edilsə də, Prezident İlham Əliyev gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək üçün müvafiq proqramların hazırlanması barədə ilin əvvəlində tapşırıqlar vermişdir. Bu günlər Prezident “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalamışdır. Yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqamətləri üzrə qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır. Strateji yol xəritələrinin qəbul edilməsində əsas hədəflər qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl sektorun inkişafı, güclü milli sahibkarlar ordusunun formalaşması, yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılması, sənaye və aqrar sektorda istehsal imkanlarının genişlənməsində özəl bölmənin rolunun daha da artırılması və digər məsələlərdir. Hazırda həmin fərmana uyğun olaraq müxtəlif istiqamətlər üzrə təsdiq edilmiş strateji yol xəritələrinin icra mexanizmləri hazırlanır.
İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış Strateji Yol Xəritəsinin icrası nəticəsində iqtisadi inkişafın Azərbaycan modeli mahiyyət etibarilə daha da təkmilləşəcək və respublikamız daxili və xarici investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevrilməklə ölkə əhalisinin daha firavan yaşamasını təmin edəcək.
Eldar İBRAHİMOV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,
iqtisad üzrə elmlər doktoru,
professor
Azərbaycan.-
2016.- 24 dekabr.- S. 7.