Alternativi olmayan
siyasi xəttin müəllifi
Dövlət müstəqilliyinin
bərpasının 25-ci ilini geridə qoyan Azərbaycan
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
yolla inkişaf edir, inamla gələcəyə doğru
addımlayır. Ölkəmizin müstəqillik tarixində
baş verən proseslərə nəzər saldıqda bir daha
aydın olur ki, ölkəmizin tərəqqisinin, qüdrətlənməsinin
və dövlətçiliyimizin əbədiliyinin yolu məhz
Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu
öndərin ideyalarının gerçəkləşdirilməsindən
keçir. Çünki Azərbaycan
dövlətinin qazandığı bütün uğurlar ulu öndər
Heydər Əliyevin müdrikliyi sayəsində məhz
müstəqilliyimizin möhkəmlənməsinin nəticəsidir.
Gələcəyə
doğru inamla
Heydər Əliyevin zəngin
siyasi uzaqgörənliyi, idarəçiliyi və gərgin əməyi
sayəsində qoyulmuş möhkəm təməl və əldə
olunmuş möhtəşəm nailiyyətlər sonrakı
illərdə respublikamızın yüksəlişi
üçün möhkəm zəmin yaratdı. Heydər
Əliyev ideyalarını layiqincə yaşadan Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın
dövlət müstəqilliyini daha da möhkəmləndirdi,
inkişafını sürətləndirdi. Ulu öndərin
yeni neft strategiyasının uğurla reallaşması, iri
enerji layihələrinin işə düşməsi və
yeni iqtisadi layihələrə start verilməsi, eləcə də
regionda cərəyan edən proseslərlə bağlı
Prezident İlham Əliyevin baxışları Azərbaycanın
daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin
qüdrətlənməsinə xidmət edir.
Bu mənada ötən 13 ildə
özünü təsdiq edən reallıq ondan ibarətdir
ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi yolla gələcəyə doğru inamla
addımlayır. Bu yol müstəqil Azərbaycan dövlətinin
daha da qüdrətlənməsinə, yüksəlişinə
və modernləşməsinə, xalqımızın daha
güclü rifahına aparır. Bu istiqamətdə
mühüm nailiyyətlərdən biri Azərbaycanın
iqtisadi inkişaf yoluna çıxmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən
düşünülmüş, təmkinli, qətiyyətli və
uzaqgörən kurs nəticəsində iqtisadi uğurlar ilbəil
artıb.
Uğurları qlobal miqyasda qəbul
edilməyən ölkə beynəlxalq aləmdə nüfuz
sahibinə çevrilə bilməz, yüksək imicə
malik olmaz. Çox uzağa getmədən elə postsovet məkanından
bu barədə kifayət qədər fakt göstərmək
olar. Azərbaycanın yüksəlişi,
dünya dövlətləri arasında öz yerini daha da
möhkəmləndirməsi, həm siyasi, həm də
iqtisadi cəhətdən regionun aparıcı dövlətlərindən
birinə çevrilməsi inkarolunmaz reallıqdır. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın
iştirakı və razılığı olmadan həyata
keçirilə bilməz. Bu mənada kosmos dövlətinə
çevrilən, bir müddət əvvəl BMT Təhlükəsizlik
Şurasına seçilməklə iki il
dünyanın ən ali təşkilatında uğurlu fəaliyyət
göstərən, yerləşdiyi bölgənin
imkanlarından, malik olduğu karbohidrogen resurslardan səmərəli
istifadə etməklə uğurlarını ildən-ilə
artıran Azərbaycan həqiqətən yüksəliş
fenomeninə çevrilib.
Prezident yeni
iqtisadi siyasətin əsas konturlarını müəyyən
etdi
Prezident İlham Əliyevin bəyan
etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd
Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır. Dövlət başçısı Azərbaycanı
müasir və qüdrətli dövlətə çevirmək
məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə
etmir, onun icra mexanizmlərinin müəyyənləşdirilməsi
istiqamətində də konkret addımlar atır. Bu, beynəlxalq iqtisadi geriləmənin
yaşandığı və hər bir dövlət
üçün sınaq dövrü olan son illərdə
daha da intensivləşib.
Son 10-12 il ərzində
ölkə iqtisadiyyatının əsas hərəkətverici
qüvvəsi olan qeyri-neft sektorunun inkişafında da
mühüm nailiyyətlər əldə olunub, onun ümumi
daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil
edib, rəqabətqabiliyyətli və ixrac potensialı
yüksək olan məhsulların istehsalı genişlənib.
Lakin 2014-cü ildən etibarən birjalarda neftin qiymətində
başlayan kəskin enmə, planetin müxtəlif yerlərindəki
mürəkkəb geosiyasi vəziyyət və bundan irəli
gələn problemlər, dünya iqtisadiyyatında cərəyan
edən təlatümlər, qlobal maliyyə
bazarlarındakı qeyri-sabitlik nəticəsində, demək
olar ki, bütün ölkələrdə iqtisadi artım
azalıb. Təbii ki, mürəkkəb qlobal
iqtisadi prosesləri, neftin qiymətinin düşməsi
dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın da
iqtisadi inkişafına təsirsiz ötüşmür və
ilk növbədə, ölkəmizə valyuta
daxilolmalarının azalmasında özünü göstərirdi.
Yaranmış situasiya ölkəmizdə də
iqtisadiyyatda gələcək neqativ ssenarilərə
qarşı mütləq qoruyucu və qabaqlayıcı
mexanizmlərin həyata keçirilməsini və gücləndirilməsini
zəruri edirdi. Odur ki, Azərbaycan Prezidenti İlham
Əliyev hələ Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında, həmçinin iqtisadi və
sosial məsələlərin həlli ilə bağlı
müşavirədə ümumdünya iqtisadi
böhranının Azərbaycana mənfi təsirlərinin
müşahidə olunduğu və enerji resurslarının
qiymətlərinin kəskin şəkildə aşağı
düşdüyü hazırkı dövrdə həyata
keçiriləcək yeni iqtisadi siyasətin əsas
konturlarını müəyyən etdi.
Dövlət
başçısı elan etdiyi yeni iqtisadi siyasətlə əlaqədar
həyata keçiriləcək islahatların bir neçə
istiqamətini müəyyən etdi ki, bunlardan biri də
iqtisadi sektorun inkişafına yol açacaq tədbirlər
kompleksi, o cümlədən qeyri-neft sektorunun inkişaf
etdirilməsi idi. Prezident İlham Əliyev bəyan etdi ki,
hazırkı dövrdə yaranmış vəziyyətin
ölkəyə mənfi təsirinin qarşısını
almaq üçün prioritet sahə hesab olunan qeyri-neft
sektorunun daha sürətli inkişafını təmin etmək
üçün əlavə təsirli mexanizmlər işə
salınmalıdır. Beləliklə, ilin
əvvəlindən başlayaraq qeyri-neft sektorunda genişmiqyaslı
və sürətli islahatlara başlandı.
Bütün bunlara nail olunması, dünya iqtisadiyyatında
baş verən proseslərə qarşı ölkə
iqtisadiyyatının dayanıqlığının daha da
möhkəmləndirilməsi üçün Prezident
İlham Əliyevin islahatlar siyasəti çərçivəsində
çevik iqtisadi idarəetmənin təşkili, biznes
mühitinin yaxşılaşdırılması,
investisiyaların təşviqi və qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması sahəsində
bu il ərzində əhəmiyyətli qərarlar
qəbul edilib.
Yeni makroiqtisadi
şəraitin diktə etdiyi strateji yol xəritələri
Bu gün Azərbaycanın
iqtisadi siyasətinin əsas məqsədlərindən biri
qısa və ortamüddətli perspektivdə dünya
iqtisadiyyatında baş verən qlobal iqtisadi proseslərin və
iqtisadi meyillərin yaratdığı risklərin ölkə
iqtisadiyyatına mövcud təsirlərini, həmçinin
ölkənin uzunmüddətli sosial-iqtisadi
inkişafının prioritet istiqamətlərini nəzərə
almaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Çətinliklərə
baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz
dayanıqlığını qoruyub saxlayıb. Ötən ilin sonu, bu ilin əvvəllərindən
isə yeni makroiqtisadi vəziyyətə cavab olaraq iqtisadi
artımın bərpası üçün struktur və
institusional islahatların sürətləndirilməsi istiqamətində
tədbirlər həyata keçirilməkdədir. Bunlar pul siyasətinin və fiskal siyasətin daha
sıx əlaqələndirilməsi, valyuta bazarlarında
sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin
bərpa olunması, iqtisadiyyatın daha çox şaxələndirilməsi,
qeyri-neft ixracının artırılması məqsədilə
kənd təsərrüfatının, sənayenin inkişaf
etdirilməsi kimi tədbirləri özündə əks
etdirir. Bu islahatların keçirilməsinə
ölkəmizdə əvvəlki illərdə
yaradılmış nəhəng maliyyə-iqtisadi potensial
hesabına formalaşmış ehtiyatlar və mövcud
ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır.
Bütün bunlar bir daha təsdiq
edir ki, qlobal dünya iqtisadiyyatında baş verən
sarsıntıların artdığı, onun müəyyən
dərəcədə Azərbaycana təsiri şəraitində
dövlətimiz milli mənafeyin qorunmasına yönələn
iqtisadi siyasət aparır. Xarici risklərin təzyiqini
minimuma endirmək üçün sistemli, təşkilati,
iqtisadi tədbirlər görür. Prezident
İlham Əliyevin dekabrın 6-da təsdiq etdiyi milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələri bu istiqamətdə həyata
keçirilən əsas tədbirlərdən biridir. Hər bir Strateji Yol Xəritəsi Azərbaycanın
gələcək inkişafından xəbər verir.
Azərbaycan Respublikasında
kənd təsərrüfatı məhsullarının
istehsalına və emalına dair Strateji Yol Xəritəsində
ölkənin kənd təsərrüfatı sahəsinin
inkişafı ilə bağlı 2020-ci ilədək strateji
baxış, 2025-ci ilədək olan dövr üçün
uzunmüddətli baxış və 2025-ci ildən sonrakı
dövr üçün hədəf baxış əks
olunub. Bu da kənd təsərrüfatı sahəsində
həm orta, həm də uzunmüddətli dövr üzrə
strateji inkişaf hədəflərinə çatmaq
üçün dövlətin ardıcıl mərhələlərlə
icra ediləcək aydın yol xəritəsinə malik
olmasını ifadə edir.
Kənd təsərrüfatının Strateji Yol Xəritəsində ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulur. Bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir. Hər bir strateji hədəfin reallaşdırılması üçün əsaslandırılmış prioritet istiqamətlər müəyyən olunub. Strateji Yol Xəritəsinin həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb: dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın təsirini minimuma endirmək məqsədilə ölkəmizdə iqtisadi islahatlara uyğun tədbirlər həyata keçirilir. Bu tədbirlərə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə çıxarılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Strateji yol xəritələri isə yeni makroiqtisadi şəraitin uğurlu inkişaf yoludur. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək.
Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir. Bu mənada Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar göstərir ki, Azərbaycanda inkişafın davamlılığı təmin olunur. Bu həm də təsdiq edir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasətinə sadiqdir, alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaq. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasi xəttə daim sadiqdir.
Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr
müavini
Azərbaycan.- 2016.- 24 dekabr.- S.9.