Həyatımın ən xeyirxah insanı
Uzun müddətdir ki, “Heydər Əliyev mənim həyatımda” ikicildliyi masaüstü kitabıma çevrilib. Dəfələrlə oxuduğum bu dəyərli nəşri həm də mütəmadi olaraq vərəqləyir, xalqımızın tanınmış övladlarının, ictimai xadimlərinin, əmək qəhrəmanlarının, sadə peşə sahiblərinin dünyanın ən böyük azərbaycanlısı barədə xatirələrinə nəzər salıram.
Çox nüfuzlu akademikimiz, həqiqi dövlət müşaviri Ramiz Mehdiyevin məsləhətçi və ön söz müəllifi, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənovun redaktoru, hörmətli deputatımız, əməkdar jurnalist Bəxtiyar Sadıqovun buraxılışına məsul olduğu bu kitab ulu öndərin mərhəmət və xeyirxahlığından konkret nümunələr əsasında, şahidlərin dili ilə söhbət açan, onun nurlu və əziz xatirəsini yaşadan ən fundamental, sanballı nəşrlərdəndir.
Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın hazırladığı bu ikicildliyə nəzər salarkən son dövrlər bir fikir daim məni düşündürür. Dövlət qəzetimizin və hörmətli müəlliflərin yeni bir nəşr - “İlham Əliyev mənim həyatımda” kitabı üzərində işə başlamalarını çox arzu edirəm. Bəli, son 13 il ərzində on minlərlə insan hörmətli Prezidentin qayğısını, himayədarlığını, diqqətini görüb. Milyonlarla həmvətənimizə müstəqil dövlət, yüksək rifah, inkişaf etmiş cəmiyyət bəxş edən İlham Əliyevin həm də on minlərlə azərbaycanlının həyatında birbaşa mərhəmət izi var.
Mən də bu sıradayam. Qürurla deyirəm ki, İlham Əliyev mənim həyatımda müstəsna rol oynayıb, yol göstərənim, istiqamət verənim olub. Bu dahi insanı hər zaman nailiyyətlərimin səbəbkarı kimi qəbul edirəm. İlham Əliyev ən yüksək dövlət mükafatları, fəxri adlarla məni təltif edib. “Şöhrət” ordeni, “Tərəqqi” medalı, Azərbaycan Prezidentinin fəxri diplomçusu, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar məşqçi” kimi müstəsna titullarla dövlət başçısı tək məni yox, bütün şəcərəmi şərəfləndirib.
İlham Əliyev biz idmançıların sevimlisidir, bunu hamı bilir. Dövlət başçısı ilə müxtəlif tədbirlərdə, yarışlarda, özü də xarici ölkələrdə də dəfələrlə görüşmüşəm. Yüksək alicənablığı, xüsusi nəcibliyi, həssaslığı ilə hər dəfə qəlbimizi yenidən fəth edib. Onunla ünsiyyətdə heç vaxt maneə görmürük. Əsl xalq adamı, əsl lider, əsl rəhbərdir!
Mən son üç olimpiya oyunlarının hakimi olmuşam, ən yüksək olimpiya təltifi olan “Qızıl Fit”lə mükafatlandırılmışam. Bu göstərici hər bir hakim üçün ən böyük şərəf və qürurdur. Mən yaşadığım bu şərəfə və qürura görə məhz cənab Prezidentə borcluyam!
Cünki məhz İlham Əliyevin sayəsində Azərbaycan bu gün dünyanın ən öncül idman ölkələrindən birinə çevrilib və beynəlxalq səviyyədə ən nüfuzlu idman dövlətlərindən biri kimi qəbul olunur. Buna görə də beynəlxalq idman təşkilatlarında təmsilçilərimizə böyük etimadla yanaşılır, məsul vəzifələr həvalə edilir, bizi daim yaxşı mənada fərqləndirirlər. Pekin və London olimpiadalarından sonra mənə Rio Yay Olimpiya Oyunlarında da hakimliyin etibar edilməsi, İlham Əliyevin rəhbərliyi altında gündən-günə güclənən, beynəlxalq miyqasda daha böyük etibar qazanan Azərbaycan idmanının növbəti nailiyyətidir.
Möhtərəm İlham Əliyev mənim, o cümlədən bütün idmançıların ən böyük dayağı, ən səmimi qayğıkeşi, ən dəyərli dostumuzdur. O, bizə həmişə yüksək əhvali-ruhiyyə, qələbə əzmi bəxş edir. Bu ilin yayında Azərbaycan nümayəndə heyətini Braziliyaya - XXXI Yay Olimpiya Oyunlarına yola salarkən İlham Əliyev dedi: “Əminəm ki, olimpiyaçılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər və vətənə böyük qələbə ilə qaydacaqlar”. Rəhbərimiz qarşımıza konkret vəzifə qoydu və göstərdiyi bu böyük etimadla hər birimizdə yüksək məsuliyyət hissi yaratdı.
Və biz qələbə ilə qayıtdıq. İlham Əliyevin olimpiyaçıları - Azərbaycan idmançıları medal sayına görə 207 iştirakçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında birinci oldular. Biz İlham Əliyevin etimadını doğrultduq. Biz möhtərəm Prezidentin qarşısında daşıdığımız məsuliyyəti 18 medalla ödədik! Bu, Azərbaycanın olimpiya hərəkatında yeni bir rekordu oldu!
Qazanılan bu medallar, Azərbaycanın 207 dövlət arasında 15-ci yer tutması böyük qələbədir və bu böyük qələbənin fatehi də məhz cənab Prezidentdir! Buna görə də ən böyük təşəkkür İlham Əliyevə düşür!
Bir məqamı da qeyd edim ki, hakim kimi planetin ən böyük idman yarışmasında ədalətin təmsilçisi, haqqın qoruyucusu, doğrunun tərəfdarıydım. Qəbul etdiyim hər bir qərar, mübahisəli məqamlarda verdiyim hər bir rəy ədaləti təmin etməklə yanaşı, həm də doğma Azərbaycanın böyük nüfuzuna, yüksək idman imicinə uyğun olmalıydı. Çünki mənim ədalətim Azərbaycanın, şəxsən Prezidentin ədalətindən qaynaqlanırdı. Ədalətli ölkənin, ədalətli Prezidentin təmsilçisinin ədalətsiz qərar verməsi mənə yaraşmazdı və bilirəm ki, İlham Əliyev də məni bağışlamazdı. Yeri gəlmişkən, dünya mətbuatının geniş işıqlandırdığı Özbəkistan-Monqolustan güləşçilərinin məşhur yarışmasında son saniyələrdə verdiyim qərar həm Beynəlxalq Güləş Federasiyası, həm də dünya idman ictimaiyyəti tərəfindən birmənalı şəkildə ədalətli sayıldı. Bir etiraz belə eşitmədim. Mən bu uğurun da hesabatını Prezidentin qarşısında fəxrlə verirəm.
Səmimiyyətimə inanın, hakimlik etdiyim hər bir döyüşdə Azərbaycanı təmsil etdiyimi, İlham Əliyevin etimadı qarşısında daşıdığım məsuliyyəti bir an da olsa unutmadım. Tək mən yox, eyni zamanda, 56 olimpiyaçımız da Azərbaycanı təmsil etdiklərini və ən əsası, Azərbaycan uğrunda, İlham Əliyevin etimadını doğrultmaq uğrunda mübarizə apardıqlarını bir an da olsa yaddan çıxarmadılar.
Bir məqama da hökmən toxunmalıyam. Yay Olimpiya Oyunlarına hazırlıq öncəsi və ondan sonra da neçə ölkədə seminarda oldum. Orada həmsöhbət olduğum həmkarlarım, həmçinin Rioda görüşdüyüm çoxsaylı xarici hakim yoldaşlarım hələ də I Avropa Oyunlarının yüksək təəssüratı altında idilər. Rioda həmkarlarım dəfələrlə bildirdilər ki, Bakıdakı təşkilatçılıq Braziliyadakından qat-qat səviyyəli, peşəkar və daha möhtəşəm idi. Cənab Prezidentin sayəsində I Avropa Oyunları, sonra isə “Formula-1” yarışları elə möhtəşəm baş tutub ki, biz azərbaycanlı idmançıların beynəlxalq səviyyədə üzümüz ağ olub, hörmətimiz dəfələrlə artıb. Buna görə Prezidentlə yanaşı, onun bu sahədəki əsas yardımçısı - I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri çox hörmətli Mehriban xanım Əliyevaya bütün idmançılarımız sonsuz dərəcə minnətdardırlar. Əminik ki, gələn il İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil ediləcək, Azərbaycanın idman nüfuzu daha da yüksələcək.
Daha bir ili geridə
qoyuruq. 2016-cı il əlbəttə ki,
dünya miqyasında ən çətin, böhranlı illərdən
oldu. Savaşlar daha da alovlandı, milyonlarla insan
qaçqın və məcburi köçkünə
çevrildi, dövlətlər iqtisadi səfalət
halına düşdü. Bir sözlə, 2016-cı il dünya üçün təlatümlü,
narahat və problemli il kimi tarixə yazıldı. Bu mənfi təsirlər təəssüf ki, Azərbaycandan
da yan ötmədi. Amma böyük
qürur duyuruq ki, düşünülmüş siyasət nəticəsində
Azərbaycan qlobal tənəzzüldən, böyük faciələrdən
qurtula bildi. Prezident İlham Əliyevin
müəllifi olduğu yeni islahatlar kursu ölkəmizi digər
dövlətlər kimi çıxılmaz böhrana
düşməyə qoymadı. Ən əsası
isə bu çətinliklərdən xalq məhz Prezidentin ətrafında
daha sıx səfərbər olaraq qurtulacağına tam əmindir.
Hörmətli Prezident
İlham Əliyev bu həssas dövrdə nümayiş
etdirdiyi yüksək liderlik qabiliyyəti ilə xalqın
inamını, etimadını bir daha doğrultdu. Əhalimiz tam
əmin oldu ki, necə ki, Heydər Əliyev 1993-cü ildə
Azərbaycanı xaosdan, tənəzzüldən xilas etdi, eləcə
də İlham Əliyev dünyanı bürüyən bu
qlobal böhrandan Azərbaycanı qoruya biləcək.
2017-ci ilə qədəm
qoyuruq. Bu il ərzində də
uğurlarımızın davam edəcəyinə əminik.
Öz sahəmizlə bağlı bir məqamı qeyd edim ki,
gələn il ərzində də Azərbaycan
dünya idmanının mərkəzlərindən biri olacaq. İslam Həmrəyliyi Oyunlarını keçirməklə,
“Formula-1”i bu dəfə məhz “Azərbaycan qran-prisi” adı
ilə təşkil etməklə ölkəmiz davamlı
şəkildə təbliğ olunacaq. Bundan
əlavə, müxtəlif idman növləri üzrə Azərbaycan
dünya və qitə çempionatlarına evsahibliyi edəcək.
İnanıram ki, Azərbaycan
idmançıları 2017-ci ildə də
xalqımızın, Prezidentin etimadını doğruldacaq, qələbə
estafetini davam etdirəcəklər.
Üç ay öncə Azərbaycan xalqı Konstitusiya islahatlarına səs verməklə həm də Prezident İlham Əliyevə növbəti etimad mandatı verdi. Bu referendum Azərbaycanın inkişafının davamlılığına, ölkədə sabitliyin daha etibarlı təminatına yönəldi. Mən və xeyli idmançı təşviqat prosesində vəkil kimi iştirak etdik, əhali ilə görüşlərdə əsl həqiqəti onlara çatdırdıq. Bir daha əmin olduq ki, vətəndaşlarımızın rəhbərinə olan inamı, güvəni sarsılmazdır!
Hər birimiz daha güclü Azərbaycan naminə İlham Əliyevin ətrafında daha sıx birləşmişik. Böyük himayədarımızın rəhbərliyi altında Azərbaycanın daha böyük nailiyyətlər qazanması üçün yenə də ön cərgədə olacağıq.
Biz idmançılar həm də bu dövlətin, Heydər Əliyev siyasi kursunun və ən nəhayət, şəxsən Prezident İlham Əliyevin sədaqətli əsgərləriyik. Bu, həmişə belə olub, həmişə də belə olacaq!
24 dekabr tarixi yalnız Əliyevlər ailəsi üçün özəl gün deyil. Bu tarix hər bir layiqli azərbaycanlı üçün, o cümlədən biz idmançılar üçün ən əziz, dəyərli günlərdəndir. Hər birimizin qəlbi səmimi arzularla, böyük şükranlıqla, minnətdarlıqla coşub-daşır.
Əziz Prezident, dəyərli dostumuz, səmimi himayədarımız, Siz bizimlə olduğunuz kimi, biz də Sizinləyik!
Sizin əmrinizdəyik!..
Hicran ŞƏRİFOV,
“Şöhrət” ordenli, Prezidentin fəxri
diplomçusu,
əməkdar bədən tərbiyəsi
və idman xadimi,
beynəlxalq dərəcəli hakim,
“Dünyanın ən yaxşı güləş hakimi”
mükafatçısı
Azərbaycan.-
2016.- 24 dekabr.- S. 10.