Fərdi jurnalist yazıları
müsabiqəsində birinci yerə layiq görülən media
nümayəndələri mükafatlandırılıb
Dekabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində
birinci yerə layiq görülmüş media nümayəndələrinin
mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, dövlət himninin səsləndirilməsi ilə
başlayan tədbirdə
rəsmi şəxslər,
Milli Məclisin deputatları, aparıcı
yerli və xarici kütləvi informasiya vasitələrinin
rəhbərləri və
müsabiqədə qalib
olmuş jurnalistlər
iştirak ediblər.
Tədbiri açan
Fondun icraçı direktoru Vüqar
SƏFƏRLİ qonaqları və media təmsilçilərini
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il münasibətilə
təbrik edib.
Sonra 2016-cı ildə KİVDF-nin təşkilatçılığı ilə keçirilən müsabiqələr barədə
məlumat verilib. V.Səfərli bildirib ki, Fond tərəfindən 2016-cı ildə
keçirilmiş 10 müsabiqədə
600-dən çox jurnalist
iştirak edib, onlardan 445 nəfəri qalib gələrək mükafatlandırılıb. KİV-lərə ayrılan vəsait müqabilində
qəzetlərdə il ərzində 19 istiqamət üzrə 6
min səhifədən çox
yazı dərc olunub. Eyni zamanda, xarici
ölkələrin media sahəsində
təcrübəsini öyrənmək
məqsədilə KİV rəhbərlərinin
Londona, Ankaraya səfərləri təşkil
edilib.
İcraçı direktor Fondun Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə
noyabrın 8-dən dekabrın
15-dək KİV-lərə Dövlət Dəstəyi
Konsepsiyasında əksini
tapmış 19 istiqamət
üzrə keçirdiyi
fərdi jurnalist yazıları müsabiqəsinə
160 yazının təqdim
edildiyini bildirib. Diqqətə çatdırılıb ki, dekabrın 23-də müsabiqənin nəticələri
açıqlanıb, həmçinin
ikinci və üçüncü yerlərə
layiq görülmüş
media nümayəndələri mükafatlandırılıblar. Bu gün isə
birinci yeri tutan jurnalistlər mükafatlandırılacaqlar. Müsabiqənin şərtlərinə əsasən, birinci yerin qaliblərinə 500, ikinci yerin qaliblərinə
400, üçüncü yerin
qaliblərinə 300 manat
mükafat veriləcək.
Milli Məclisin deputatı, Mətbuat Şurasının
sədri Əflatun
AMAŞOV qalibləri təbrik
edib, habelə belə müsabiqələrin
əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin mediaya əsil dost münasibəti göstərdiyini
vurğulayıb və
Azərbaycan mediasının
inkişafından söz
açıb. Ə.Amaşov Azərbaycan jurnalistləri
adından dövlətimizin
başçısını yubileyi münasibətilə
təbrik edib.
Sonra Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
HƏSƏNOV çıxış edib. Əli Həsənov dövlətimizin
başçısının ünvanına yubileyi münasibətilə səslənən
təbrikləri Azərbaycan
mediasının Prezident
İlham Əliyevdən
razılığının əlaməti kimi səciyyələndirib və
bunu Prezidentə çatdıracağını bildirib.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra, 1993-cü ildən
başlayaraq medianın
cəmiyyətin ən
nüfuzlu institutlarından
biri səviyyəsinə
qaldırıldığını vurğulayan Əli Həsənov deyib: “Media, ümumiyyətlə, bütün
dünyada cəmiyyətin
ən nüfuzlu ictimai institutudur. Ona görə də Ümummilli Lider hər zaman medianı cəmiyyətin
əsas mexanizmlərindən,
əsas ictimai institutlarından biri səviyyəsində görür
və dəyərləndirirdi.
Təsadüfi deyil ki,
media azadlığı, siyasi
plüralizm Azərbaycan
Konstitusiyasına cəmiyyətin
əsas aparıcı
meyillərindən, atributlarından
biri kimi Ümummilli Liderin təşəbbüsü ilə
daxil edilib. Heydər Əliyev 1998-ci il 6 avqust
tarixli Fərmanla media
üzərindən bütün
dövlət-ictimai tənzimləmə
mexanizmlərini aradan qaldırdı və media özünü tənzimləmə
yoluna qədəm qoydu. Sonradan Mətbuat Şurası
yaradıldı. Beləliklə, media-dövlət-cəmiyyət
münasibətləri, medianın
fəaliyyətinin əsas
istiqamətləri müəyyənləşdirildi”.
Əli Həsənov qeyd edib ki, Prezident
İlham Əliyev
media ilə bağlı
fikirlərini dəfələrlə
səsləndirib və
müasir Azərbaycan
cəmiyyətini, Azərbaycan
dövlətini azad mediasız, siyasi plüralizmsiz təsəvvür
etmədiyini deyib. Prezident İlham
Əliyev qeyd edib ki, azad
media Azərbaycan cəmiyyətində
mühüm rola malikdir. Buna görə
də dövlətimizin
başçısı KİV-in inkişafı, söz və mətbuat azadlığının möhkəmləndirilməsi
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirir. Xalqın
milli iradəsini dövlətçiliyin mühüm
amili kimi dəyərləndirən Əli
Həsənov vurğulayıb:
“KİV bir tərəfdən
cəmiyyətdə milli
iradənin formalaşmasında
iştirak edir, digər tərəfdən
bizim intellektli jurnalistlərimiz yaxşı
nümunələri cəmiyyətə
təlqin edir və beləliklə, bu prosesdə mühüm rol oynayır. Əslində bu gün Azərbaycan dövləti
mediaya həm də cəmiyyətlə,
xalqla dövlət arasında əlaqə vasitəsi kimi baxır. Media vasitəsilə biz öz fikirlərimizi, siyasətimizi
xalqa çatdırırıq,
eyni zamanda, dövlətimiz, siyasətimiz,
hakimiyyətimiz haqqında
cəmiyyətin rəyini
öyrənirik”.
Prezidentin köməkçisi bildirib
ki, dövlət yeddi ildir KİVDF vasitəsilə mediaya şəffaf şəkildə
yardım göstərir. Bu məqsədlə 28 milyon
manata yaxın birbaşa vəsait yönəldilib. “Bilirsiniz ki, təxminən bir o qədər də vəsait jurnalistlərin digər qayğılarına,
KİV-lərin maddi-texniki
bazasının möhkəmləndirilməsinə
və digər məqsədlərə yönəldilib.
Ulu öndər Heydər Əliyev qəzetlərin dövlətə olan borclarını dondurub, nəşriyyatda onlara güzəştli şərait
yaradılıb, KİV bir
sıra vergilərdən
azad olunub. Bir sözlə, media dövlətin
bütün qayğı
mexanizmərindən, resurslarından
istifadə edib və etməkdədir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
jurnalistlər üçün
yaşayış binası
tikilib və mənzillər pulsuz paylanılıb. Hazırda daha
bir binanın tikintisi gedir. Yəqin ki, gələcəkdə
bunun davamı da olacaq. Bütün bunlar ona görə
edilir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai
funksiyanızı, rolunuzu
bundan sonra da dolğun şəkildə və bacarıqla həyata keçirəsiniz. Bu baxımdan biz bir tərəfdən jurnalistlərin
peşəkarlığının, vətənpərvərlik hislərinin
artırılması, digər
tərəfdən də
KİV-in maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində
işlər görürük
və görməkdə
davam edəcəyik.
Prezident İlham Əliyev Sizin arxanızdadır, Sizin dostunuzdur”, - deyə Prezidentin köməkçisi
diqqətə çatdırıb.
Azərbaycan bu gün dünyada
böyük nüfuz,
hörmət qazanıb. Bununla yanaşı, onun əleyhdarları da az deyil.
Bu barədə danışan
Əli Həsənov deyib: “Biz bu gün böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq. Böyük islamafob dairələrlə
üz-üzəyik. Regionda və
beynəlxalq aləmdə
Azərbaycanı istəməyən
missioner təşkilatlar var
ki, onlar xalqımızın birliyini,
inkişafını görmək
istəmir və qarşımızda müxtəlif
maneələr yaradırlar.
Bütün bu sahələrdə
jurnalistlərin köməyinə
ehtiyacımız var və düşünürəm
ki, siz də
bu köməyinizi dövlətdən və xalqdan əsirgəməyəcəksiniz”.
Əli Həsənov
çıxışının sonunda tədbir iştirakçılarını və bütün jurnalistləri qarşıdan
gələn Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə
təbrik edib, onlara yeni yaradıcılıq
uğurları arzulayıb.
Sonra müsabiqədə birinci
yeri tutan jurnalistlərə mükafatlar
verilib. Onların arasında AZƏRTAC-ın müxbiri Tahir Ağaməmmədov da var.
Tədbir konsert proqramı ilə davam edib.
Azərbaycan.- 2016.- 25 dekabr.- S. 8.