“Bakı Ağ Şəhər”
dünyanın ən modern, müasir şəhərsalma qaydalarına əsaslanır
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ötən müddətdə görülən işlər barədə məlumat verdilər.
Qeyd olundu ki, burada
mükəmməl infrastruktur
formalaşdırılıb. Xəqani Rüstəmov
küçəsi ilə
Nobel prospektinin kəsişməsindəki
yeraltı piyada keçidində işlər
tamamlanmaq üzrədir.
Burada 220
metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda
mərmər-qranitdən istifadə
olunmaqla tavanın üzlənməsi işləri
davam etdirilir. Həmin keçiddə 8 eskalator quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində daha iki piyada
keçidinin inşası
nəzərdə tutulur.
Dövlətimizin başçısına
məlumat verildi ki, “Bakı Ağ Şəhər” layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri
də daxil olmaqla yeni salınan
yolların ümumi uzunluğu 22,3 kilometrə
çatacaq, eni isə 16 metrdən 47 metrədək dəyişəcək.
Ümumilikdə, burada 63 çoxsaylı
kəsişən yolun
təmiri və asfaltlanması həyata keçiriləcək. Bakının iki əsas prospektini
- Babək və Nobel prospektlərini birləşdirən
Xəqani Rüstəmov
küçəsi 3 gediş
və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir.
Bildirildi ki, “Ağ Şəhər” layihəsi çərçivəsində
“Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas və kəsişən bir neçə küçədə
işlər yekunlaşıb.
Layihə çərçivəsində
küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar və zeytun ağacı əkilib. Yeni salınan küçələrdə
hərəkətin normal təşkili
üçün 200-ə qədər
yol nişanı quraşdırılıb.
Dövlətimizin başçısı
və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə
tanış oldular.
Prezident İlham Əliyevə xüsusi detallarla bəzədilən, klassik
üslublu Paris evlərinin
məhəllələrində aparılan abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri
barədə ətraflı
məlumat verildi. Burada sakinlərin
rahatlığı və
dolğun istirahətləri
üçün hərtərəfli
şərait var. Məhəllələrdə
uşaqlar üçün
oyun meydançası,
yaşıllıq zonası,
yerüstü avtodayanacaq
yaradılıb. Məhəllələrin təhlükəsizliyi də
sutka ərzində diqqətdə saxlanılır.
Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz,
kanalizasiya xətləri,
internet və İPTV artıq
sakinlərin istifadəsinə
verilib. Dövlətimizin başçısının siyasətinə uyğun olaraq, insan amili,
soydaşlarımızın ən yüksək standartlar səviyyəsində
yaşayışı və
istirahəti bu layihənin başlıca məramıdır.
Sonra Prezident İlham Əliyevə 2-ci Yaşıl
Ada küçəsində
aparılan işlər
barədə məlumat
verildi. Buradakı binaların üzərində
xüsusi dizaynlı
ad lövhələri, klassik
üslublu saat, küçələrin adlarının
piyada yollarında qeyd edilməsi, binaların vitrinlərinin
“Ağ Şəhər”
haqda məlumat plakatları ilə bəzədilməsi, müxtəlif
növ ağaclar və həmçinin Yaşıl Ada Evlər zonasına giriş binası diqqəti xüsusilə cəlb edir. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün də müvafiq şərait yaradılıb.
Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz
və sərbəst gediş-gəlişinə imkan
verir.
Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı
ilə də tanış oldular. “Sahil
14” və “SETA” MTK yaşayış
kompleksləri arasındakı
bu xudmani yaşıllıq məkanı
kvartalın bənzərsiz
memarlıq üslubunu
üzvi şəkildə
tamamlayır. Avtonəqliyyat vasitələrindən azad
ərazi sakinlərin rahatlığı və istirahəti üçün
işıqlandırma sistemi,
velosiped dayanacaqları,
küçə mebelləri
ilə təmin olunub, buradakı yaşıllıqlar göz
oxşayır.
1-ci Yaşıl
Ada küçəsindəki
yeni yol da müasirliyi ilə diqqəti çəkir. Burada “Müşahidəçi 2” daş heykəli qoyulub. Xatırladaq ki, “Müşahidəçi
1” daş heykəli
2016-cı ilin sentyabrında
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Daşın Nəğməsi”
birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu
çərçivəsində təqdim olunub. “Müşahidəçi 2” heykəli
“Bakı Ağ Şəhər”in inkişafını
və buradakı dəyişiklikləri müşahidə
edən insan anlamı daşıyır.
Heykəlin yaxınlığında yerləşdirilən günəş
enerjisini elektrik enerjisinə çevirən
dizayner skamyası elektron cihazlar üçün nəzərdə
tutulub. Bu da “Bakı Ağ
Şəhər”də ətraf
mühit məsələlərinə
maksimum diqqət yetirilməsinin əyani nümunələrindən biridir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazisində
tikinti işlərinin
gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxdılar.
Qeyd edildi ki, şəhərin
qədim və iri parklarından olan Nizami Parkının
yaxınlığında yerləşən
Knightsbridge (Naytsbric) kompleksində
yaşayış binaları,
biznes mərkəzi və məktəbin tikintisi aparılır. Park rayonunda 20 mərtəbəli
binalar inşa olunur, yeni istinad
divarı tikilir.
“Bakı Ağ
Şəhər” layihəsi
dünyada iqtisadi və maliyyə böhranının tüğyan
etdiyi indiki dövrdə Azərbaycanda
investisiyalar üçün
yaradılan əlverişli
biznes mühitinin, sahibkarlığın inkişafına
dövlətin hərtərəfli
dəstəyinin və
insan amilinin əsas meyarlarından biri olmasının əyani təcəssümüdür.
Mərkəzi Bulvar küçəsində
də tikinti işləri davam edir. Eni 37 metr, uzunluğu isə 2 kilometr olan bu
yol “Bakı Ağ Şəhər”in mərkəzi ilə kəsişir və layihənin bir neçə rayonlarını
birləşdirir.
Dövlətimizin başçısına məlumat
verildi ki, burada “Ağ Şəhər”in Mərkəzi
Park Rayonu salınacaq. Yaşayış binaları və biznes mərkəzindən
ibarət rayonun adı burada salınacaq böyük parkdan qaynaqlanır. “Ağ Şəhər”in
şimal hissəsindəki
Babək rayonunda da inşaat işləri səngimir.
Müasir üslublu evlərdən
ibarət həmin rayonda yeni meydan
tikilir. Bildirildi ki, modern dizaynlı meydan “Ağ Şəhər”in Babək
prospektindən eni 37 metr, hər iki istiqamətdə üçzolaqlı avtomobil
yolları, geniş və yaşıllaşdırılmış
piyada səkilərindən
ibarət girişi olacaq.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak etdilər.
Dövlətimizin başçına məlumat verildi ki, Fəvvarələr Meydanının sahəsi keçmiş “Qara Şəhər”in ən çox çirklənmiş ərazilərindən biri sayılırdı. Yeddimərtəbəli müasir üslublu yaşayış binaları, park, ictimai avtodayanacaq və piyada keçidindən ibarət olacaq bu kvartalda hazırda tikinti işləri gedir. Yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, eksklüziv uşaq meydançası, xüsusi landşaft dizaynı və 760 yerlik avtodayanacaq tikiləcək. Fəvvarələr Meydanında layihələndirilən park və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə birbaşa “Ağ Şəhər” bulvarına qədər 2 kilometrlik yolu gedib-gələ biləcəklər. Bildirildi ki, Nobel prospekti boyunca Fəvvarələr Meydanının “ləndmark”ı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni Central Plaza meydanı Hollandiyanın UN Studio memarlıq bürosu tərəfindən layihələndirilib. “Ağ Şəhər”də salınan metro stansiyalarından birinin çıxışı da məhz bu ofis kompleksinin yerləşdiyi ərazidə olacaq.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlini qoydular.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada ağac əkdilər.
Təməli beş il əvvəl qoyulan “Bakı Ağ Şəhər”də ötən müddətdə böyük həcmdə işlər görülüb və tikinti-quraşdırma tədbirləri davam edir, dünyadakı müasir şəhərsalma tendensiyasını maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Ağ Şəhər” meqalayihəsi uğurla reallaşdırılır.
Təməlqoyma mərasimindən
sonra xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.-
2016.- 27 dekabr.- S.2.