Erməni məkrinin
ilk qurbanı
Azərbaycanın inkişaf
etmiş sənaye mərkəzlərindən biri
olan Xankəndinin işğalından 25 il ötür
Bu gün Azərbaycanın ən gözəl şəhərlərindən
biri, vaxtilə Qarabağ xanlığının
istirahət mərkəzi
olmuş - Xankəndinin
işğalından 25 il ötür. Ölkəmizin inkişaf etmiş
sənaye mərkəzlərindən
biri olan bu yurd indi
bizə yaxın olduğu qədər də uzaqdır. Dağlıq
Qarabağ müharibəsində
ən ağır sınaqlar ilə üz-üzə qalan, erməni məkrinin ilk qurbanı olan bu doğma şəhər
bu gün xəyallarda yaşayır.
25 ildir ki,
həsrət çəkir
xankəndililər və
bir gün doğma yurda dönəcəkləri günü
səbirsizliklə gözləyirlər.
Xatırladaq ki,
1991-ci il dekabrın 28-də mühüm
strateji əhəmiyyətə
malik olan Kərkicahan qəsəbəsinin
işğalı ilə
Xankəndi və ətraf ərazilər erməni silahlı birləşmələri tərəfindən
işğal edilib.
Bu gün Xankəndi əhalisinin çox hissəsi Bakı, Gəncə, Sumqayıt şəhərlərində,
Abşeron, Ağcabədi,
Naftalan və Ağcakənd ərazilərində,
eləcə də paytaxtın Pirşağı,
Mərdəkan, Zuğulba
qəsəbələrində məskunlaşıblar. Qarabağ müharibəsinin
ilk məcburi köçkünləri
olmuş Xankəndi əhalisi o ağrılı-acılı
günləri bu gün ürək yanğısı ilə xatırlayır. Nə qədər
ağır olsa da, onların bir neçəsi yaşadıqları faciəli
günlərin acı
xatirələrini bizimlə
bölüşdülər.
Həmin vaxt və bu gün
də Nizami Gəncəvi adına
Xankəndi 4 saylı orta məktəbdə müəllim işləyən
Nadir Rəşidov:
- Biz Xankəndidə
çox rahat və sakit həyat
sürürdük. Heç bir
problemimiz yox idi. Heç vaxt bizi narahat edəcək hadisə ilə rastlaşmadığımız üçün ermənilərlə,
ruslarla birgə sakit yaşayırdıq.
Amma sən demə, görəcəkli
günlərimiz qabaqda
imiş...
Xankəndidə ilk mitinq 13 fevral 1988-ci ildə mərkəzi meydanda təşkil olundu. Həmin vaxt məktəbdə
dərsdə idim.
İllərlə bizimlə birgə
sakit formada yaşayan ermənilər sanki azğınlaşmışdılar.
Bu hadisələrdən öncə isə yerli azərbaycanlılardan
bütün odlu silahlar yığılmışdı.
Xalqın müqavimət göstərməyə
silahı yox idi. Ermənilər isə dağılmaqda
olan imperiyanın silahlarını ələ
keçirmişdilər. Şəhərdə hətta bütün
lövhələrdə birinci
erməni, ikinci rus dilində yazılar görmək mümkün idi.
İlk mitinqdən bir həftə sonra, fevralın 20-də Dağlıq
Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatları qanunsuz olaraq vilayətin Azərbaycanın
tərkibindən ayrılaraq
Ermənistan SSR-yə
birləşdirilməsi məsələsini
qaldırdılar. Bu, Dağlıq
Qarabağın azərbaycanlı
icmasının haqlı
narazılığına səbəb
oldu. Bundan sonra sovet rəhbərliyi vəziyyəti
sabitləşdirmək üçün
Xankəndiyə daxili
qoşunların batalyonunu
göndərdi. Həmin aylardan
etibarən ermənilərin
azərbaycanlılara qarşı
terror hərəkatı başlandı.
Bizdə
qorxu, vahimə yaratmağa çalışırdılar.
Uşaqlar məktəbə gələ bilmirdilər.
Bir müəllim kimi şagirdlərimin gözlərindəki
qorxu, həyəcan hissini görəndə ürəyim parçalanırdı.
“Xankəndi məcburi köçkünlərə
dəstək” İctimai
Birliyinin sədri Xatirə Vəliyeva:
- Biz Dağlıq
Qarabağın mərkəzində
ermənilərin çoxluq
təşkil etdiyi bir şəhərdə yaşayırdıq. 5 erməni, 3 rus, 2 Azərbaycan məktəbi
vardı. Evimiz şəhərin
mərkəzində idi.
Hadisələr başlayan zaman
22 yaşım vardı.
Hər şeyi çox dəqiq xatırlayıram.
1988-ci ildən başlayaraq yerli azərbaycanlı əhaliyə
qarşı mənəvi
repressiyalar başlanmışdı.
Heç bir müəssisədə azərbaycanlı
rəhbər ola bilməzdi. Azərbaycanlılar ancaq zavodlarda
fəhlə işləyirdilər.
Şəhərdən çıxıb oxumağa gedənləri geri qayıdanda qeydiyyata salmırdılar.
Üstüörtülü formada azərbaycanlıların
Xankəndidən qovulması
prosesini həyata keçirirdilər. Vəziyyət getdikcə çətinləşirdi.
Sumqayıt hadisələrindən sonra xeyli sayda
erməni ailəsini Xankəndiyə gətirərək
məskunlaşdırdılar. Sumqayıtda ermənilərin özlərinin
təşkil etdikləri
təxribatın acısını
Xankəndi əhalisi çəkdi. Onlar məkrli
planlar qurub evlərimizi daş-qalaq edir, yandırırdılar
və beləcə, başıbəlalı Xankəndi
sakinləri dekabrın
26-da şəhəri tərk
etmək məcburiyyətində
qaldılar. Ancaq bu,
xankəndililərin doğma
yurddan didərgin düşmələrinin başlanğıcı
idi. Şəhərdən çıxanların bir qismi Xocalıya,
bir qismi Şuşaya, bir qismi isə Ağdama üz tutdu. Orada bir müddət
yaşasalar da, həmin şəhərlərin
işğalı nəticəsində
yenidən ağır
zərbə aldılar.
Xankəndinin igid oğulları Şuşada, Xocalıda son
nəfəslərinə kimi
döyüşdülər. Xankəndinin
Şirin Mirzəyev, Nizami Məmmədov kimi Milli Qəhrəmanları,
igid oğulları var və bu
gün də bizim qəlbimizdə yaşayırlar. Biz öz yurdumuza qayıtmaq arzusundayıq və inanırıq ki, bu arzumuz
bir gün gerçəkləşəcək.
Kərkicahan qəsəbəsinin
sakini Kəmalə Şahmuradova:
- Həyatıma ağır və sağalmaz yara vuran acı keçmişi xatırlamaq
mənimçün çox
çətindir. Çünki həyatda ən böyük varlığım
olan 2 doğma qardaşımı bu savaşda itirmişəm.
Qardaşımın birinin nəşini
belə tapa bilməmişik. Hadisələr başlayanda 17 yaşım
vardı. Dekabrın qarlı-şaxtalı
günlərində ermənilərin
hücumu zamanı insanlar qaçıb dağlarda gizlənirdilər.
Soyuqda-sazaqda bir müddət
qaldıqdan sonra yenə evlərinə dönürdülər. Beləcə, Kərkicahan əhalisi çox ağrılı-acılı
günlər yaşadı.
Düz 4 il
köməksiz vəziyyətdə
camaat dözdü. Kərkicahan qəsəbəsi
Xankəndi, Şuşa,
Qaybalı, Xəlifəli,
Kosalar və Cəmilli ilə həmsərhəd idi. Kərkicahana
həm Şuşadan,
həm də Xankəndidən şose yolu var idi.
İnsanlar daha çox
Şuşaya üz tuturdular.
İşğal gününə qədər
Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi
yerli özünümüdafiə
dəstələri, yeni
yaranmış polis və
Milli Ordunun bir qrup əsgərləri
tərəfindən təşkil
olunurdu. Dekabrın 28-də ermənilər hücuma keçdilər.
Topların mərmiləri evləri
darmadağın edirdi.
Onlardan biri də evimizə
düşdü. Atam anamı
dağıntılar altından
zorla çıxardı.
Kəndin bir çox
əhalisinə divan tutdular.
Erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında
özünümüdafiə dəstələri son nəticədə
geri çəkilməyə
məcbur olublar.
Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının
hücumlarının qarşısını
almaları nəticəsində
dinc əhali qəsəbədən çıxarıldı.
Kərkicahan və ətraf
ərazilər uğrunda
gedən döyüşlərdə
34 nəfər şəhid
oldu, 150 nəfər isə yaralandı. Biz Ağdama üz
tutduq. Ancaq polis məktəbini bitirib Şuşaya təyinat alan böyük
qardaşım Natiq, su maşını ilə kəndlərə su daşıyan kiçik qardaşım Namiq Şuşada son nəfəslərinədək döyüşərək
şəhid oldular. Onlardan bir müddət sonra bacımın həyat yoldaşı Tahir də şəhidlik
zirvəsinə yüksəldi.
Xankəndi sakini Xatirə Salmanova:
- Mən
Xankəndiyə gəlin
köçmüşdüm. Yoldaşım Rusiya Federasiyasında çalışırdı. Hadisələr başlayanda üç
azyaşlı uşaqla
olmazın müsibətlərini
yaşadım. Ermənilər evlərə hücum edəndə zirzəmiyə
enirdik. Bir dəfə tələsik
çıxdıq və
uşağın yeməyini
götürə bilmədim.
Səhərə qədər uşaq
ağladı və axırda halsız vəziyyətdə qollarımda
qaldı. Balamı bağrıma
basıb için-için
ağlayırdım ki,
o biri uşaqlar mənə baxıb həyəcanlanmasınlar. Elə bildim uşaq ölüb. Amma səhər
gördüm sağdır.
Sovet ordusunun əsgərləri
gəldilər və mənə yeməyi götürməyə yardım
göstərdilər.
Ermənilər çox məkrli idilər. Mitinq başlamazdan öncə
bir qrup erməni şəhərə
çıxıb azərbaycanlılar
yaşayan evlərin pəncərələrini vurub
sındırırdılar. Mitinq başlayanda isə bir-birinə xəbər verirdilər ki, yalnız pəncərələri
qırıq olan evlərə hücum edib yandırsınlar.
Beləcə, bizi Xankəndidən
qovmaq üçün
müxtəlif iyrənc
üsullara əl atırdılar və məkrli istəklərinə
də nail olurdular.
Biz Xocalıya üz tutduq və 1992-ci ilin fevral ayında Xocalı soyqırımı
törədildi. Biz yenidən yurddan didərgin düşdük.
Bütün bunlar Xankəndi sakinlərinin yaşadıqları
faciəli günlərin
canlı təsviri idi. Ancaq 25 ildir yurd həsrəti ilə yaşayan xankəndililər inanırlar
ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü
qətiyyətli siyasət
nəticəsində tezliklə
Azərbaycanın tarixi
torpaqları erməni
işğalçılarının tapdağından qurtulacaq və xankəndililər öz doğma yurdlarına dönərək
yenidən xoşbəxt,
firavan həyat sürəcəklər.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2016.- 28 dekabr.- S. 11.