Azərbaycanın xarici siyasəti
beynəlxalq aləmdə ölkəmizin mövqelərini
möhkəmləndirir
Başa çatmaqda olan 2016-cı il ölkəmizin beynəlxalq aləmlə əməkdaşlığının dərinləşməsi ilə yadda qaldı. Ümumiyyətlə, Azərbaycan Respublikasının xarici əlaqələrinin genişləndirilməsi dövlətin prioritet istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində olub. Dünyanın yaxın və uzaq ölkələri ilə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın beynəlxalq ictimaiyyətdə etibarlı tərəfdaş imicini davamlı olaraq möhkəmlətməklə bərabər, onun dünya iqtisadiyyatının inkişafına töhfəsini nümayiş etdirir.
Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkələrdən biri kimi həmişə diqqət mərkəzindədir. İlk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi işində Köhnə dünyanın ölkəmizlə sıx əməkdaşlığı diqqəti cəlb edir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış işbirliyi ötən müddət ərzində böyük uğurlarla müşayiət olundu. Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra öz təbii sərvətlərinin sahibi oldu, beynəlxalq iqtisadiyyata inteqrasiya yolu tutaraq Xəzərin özünəməxsus sektorunda dünyanın aparıcı energetika şirkətlərinin iştirakı ilə neft yataqlarının istismarına başladı və beləliklə, ilk dəfə dənizdə beynəlxalq əməkdaşlığa start verildi. Ardınca Azərbaycan neftini dünya bazarlarına daşıyan şaxələndirilmiş boru kəmərləri şəbəkəsi işə düşdü, bir vaxtlar çoxlarının sırf əfsanə kimi təsəvvür etdiyi “Üç dəniz əfsanəsi” reallığa çevrildi. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri enerji layihəsi olmaqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyəni, bu bölgədə yaşayan xalqları bir-birinə yaxınlaşdıran amil kimi çıxış edirdi.
Reallığa çevrilmiş əfsanə indi də davam edir. Azərbaycan təbii qaz ehtiyatları ilə zəngin olduğundan dünyanın, xüsusilə Avropanın ölkəmizə marağı böyükdür. Avropalı istehlakçılar alternativ enerji mənbəyi kimi Azərbaycanda hasil edilən mavi yanacağın intizarındadırlar. Məhz ölkəmizin təşəbbüsü ilə 45 milyard dollara başa gələcək “Cənub qaz dəhlizi” layihəsinin - XXI əsrin layihəsinin reallaşması başlamışdır. Hazırda layihənin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Sonrakı mərhələdə Balkan ölkələrinin də “Cənub qaz dəhlizi”nə qoşulacağı gözlənilir. Beləliklə, Azərbaycan cəmi bir neçə ildən sonra Cənubi Avropa ilə energetika sahəsində uzunmüddətli əməkdaşlıq yoluna qədəm qoyacaq.
Keçən il martın 17-də “Cənub qaz dəhlizi”nin birləşdirici komponenti olan
TANAP layihəsinin təməli qoyuldu. Bir il sonra - bu il martın 17-də isə TANAP-ı tamamlayan TAP layihəsinin təməli qoyuldu. Beləliklə, əsrin layihəsinin icrası istiqamətində konkret iş başladı. Beş il ərzində reallaşdırılması nəzərdə tutulan “Cənub qaz dəhlizi” layihəsi mərhələ-mərhələ həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatacaq. İlk dövrdə kəmərlə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə satılacaq.
Yəqin ki, bu il Azərbaycan üçün regional və beynəlxalq əməkdaşlıq baxımından ən çox diqqətçəkən hadisələrdən biri Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatının yaradılması oldu. Avqust ayında üç dövlətin başçılarının Bakıda keçirilmiş görüşü və üçtərəfli sammit çərçivəsində əldə olunmuş razılaşmalar fövqəladə əhəmiyyəti ilə yadda qaldı. Yeni regional əməkdaşlıq formatı yaratmaq təşəbbüsü də məhz Azərbaycan rəhbərliyinə məxsus idi. Özü də belə bir formatın meydana çıxması üç ölkənin ikitərəfli əlaqələrinin yüksəldiyi səviyyəni əks etdirirdi. Belə ki, həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə - Azərbaycan milli müstəqilliyini bərpa edəndən bəri hər iki qonşusu ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələri yüksək səviyyədə qurmuşdur. Öz növbəsində Rusiya-İran əlaqələri xüsusilə son illər nəzərəçarpacaq şəkildə inkişaf etmişdir. Üstəlik, beynəlxalq iqtisadi sanksiyalar ləğv olunduqdan sonra İranın dünya dövlətləri, o cümlədən Azərbaycan və Rusiya kimi qonşu ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirməsi üçün əlverişli şərait yaranmışdır. Bütün bunlarla yanaşı, yeni əməkdaşlıq formatının iştirakçısı olan ölkələri bir araya gətirən təkcə sırf coğrafi yaxınlıq - qonşuluq yox, həm də onların oxşar maraqları bölüşməsi, regional və beynəlxalq problemlərə münasibətdə ortaq məxrəcə gəlmək istəyidir.
Azərbaycan-İran-Rusiya formatı regional əməkdaşlıqda konkret olaraq bir sıra mühüm nəticələr vəd edir. Söhbət ilk növbədə regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələsindən gedir. Məlum olduğu kimi, beynəlxalq terrorizm və ekstremizm ən əcaib formalarda təzahür etdiyi Yaxın Şərq regionumuzdan çox da uzaq deyil. Suriyada, İraqda cərəyan edən hadisələr Azərbaycan, Rusiya və İranı da ciddi narahat edir, onların gələcəyinə də birbaşa təhlükə yaradır. Odur ki, yeni regional formatın üzvü olan ölkələr beynəlxalq terrorizmlə mübarizədə uğurun yalnız birgə səylər hesabına təmin ediləcəyinə əmindirlər.
Digər tərəfdən, üç ölkə başqa bir mühüm inkişaf layihəsini - “Şimal-Cənub” nəqliyyat dəhlizini reallaşdırmaq əzmindədir. Ümumi uzunluğu 7200 kilometr olan beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran və Fars körfəzi ölkələrindən Azərbaycan və Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin və sərnişinlərin daşınması üçün optimal imkanlar yaradır. Layihənin üç marşrut - Şərq (Qazaxıstan-Türkmənistan-İran), Transxəzər (Rusiya-İran) və Qərb (Rusiya-Azərbaycan-İran) marşrutları üzrə reallaşdırılması nəzərdə tutulur. Layihənin Azərbaycan, İran və Rusiyanın maraqları ilə bilavasitə əlaqəli olan Qərb marşrutu daha cəlbedicidir. Bu marşrutun üstünlüyü ondadır ki, Azərbaycan beynəlxalq nəqliyyat qovşağı olaraq bütün istiqamətlərdə dəmir yolu ilə yükdaşımalarda daha çox imkanlar təqdim edir. Yaxın vaxtlarda Azərbaycan-İran dəmir yolu əlaqəsi reallaşdırıldıqdan, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra Azərbaycanın tranzit potensialı artacaq. Bütövlükdə yeni nəqliyyat dəhlizinin işə düşməsi regional əməkdaşlığa güclü təkan verəcək, beynəlxalq ticarət canlanacaq, çoxsaylı iş yerləri açılacaq, nəticə etibarilə iştirakçı ölkələrin iqtisadi qüdrəti artacaq.
Üç ölkənin xüsusi diqqət yetirdiyi başqa bir mühüm əməkdaşlıq istiqaməti energetikadır. Azərbaycan, İran və Rusiya liderlərinin fikrincə, birgə enerji layihələrinin reallaşdırılması regionun davamlı inkişafını təmin etmək üçün əlverişli şərait yaradır. İlk növbədə elektrik enerjisi mübadiləsi məqsədilə üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi vacibdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Rusiya və İranla enerji xətlərini birləşdirdikdən sonra qarşılıqlı enerji mübadiləsinin həcmi getdikcə artır. İran və Rusiyanın enerji xətləri birləşdirildikdən sonra isə etibarlı enerji dəhlizi formalaşacaq, xarici bazara çıxış imkanı yaranacaq. Yeri gəlmişkən, Azərbaycan qonşu ölkələrlə energetika sahəsində əməkdaşlığı genişləndirməklə elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Energetika sahəsində üçtərəfli əməkdaşlıq çərçivəsində nəzərdə tutulan vəzifələr həyata keçirildikdən sonra ölkəmizin enerji ixracı potensialı daha da artacaq.
Ümumiyyətlə, Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı təkcə qeyd olunan istiqamətlərlə məhdudlaşmır, istisnasız olaraq bütün sahələrdə üçtərəfli əlaqələri ən yüksək səviyyəyə çatdırmaq məqsədi güdür. Sözsüz ki, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması nəticə etibarilə regional və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcək.
Azərbaycanın ikitərəfli əlaqələri təkcə yuxarıda adı çəkilən ölkələri əhatə etmir. Həmişə olduğu kimi, bu il də Prezident İlham Əliyev xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi naminə gərgin fəaliyyət göstərmişdir. İl ərzində dövlət başçısı Birləşmiş Ərəb Əmirlikləri, İran, Avstriya, Almaniya və Rusiyaya səfər etmişdir. Həmçinin Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə (Davos), “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədilə Böyük Britaniyaya (London), 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Türkiyəyə (Ankara), IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ABŞ-a (Vaşinqton), İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), Ümumdünya Humanitar Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), NATO sammitində iştirak etmək üçün Polşaya (Varşava), MDB Dövlət Başçıları Şurasının iclasında iştirak məqsədilə Qırğızıstana (Bişkek), 23-cü Ümumdünya Energetika Konqresində iştirak məqsədilə Türkiyəyə (İstanbul) səfərləri əlaqələrimizin ikitərəfli və çoxtərəfli əsasda inkişafı, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Bu il bir sıra ölkələrin dövlət və hökumət başçıları Bakının qonağı olmuşlar. Qətər Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus, Türkiyə, İran və Rusiya prezidentləri ölkəmizə səfər etmişlər. Həmçinin Rusiya, Macarıstan, Türkiyə, Pakistan və İsrailin baş nazirləri Bakıda olmuşlar. Azərbaycanın evsahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olmuşlar.
Eləcə də dövlətimizin digər yüksək vəzifəli nümayəndələrinin xarici ölkələrə çoxsaylı səfərləri, həmçinin çoxlu sayda dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər nümayəndə heyətlərinin Bakıya səfərləri ölkəmizin ikitərəfli əlaqələrinin genişlənməsinə zəmin yaratmışdır.
Bütövlükdə Azərbaycan diplomatiyası il ərzində xarici siyasət xəttinin prioritet istiqamətlərini rəhbər tutaraq dövlətin maraqları naminə geniş fəaliyyəti ilə diqqəti cəlb etmişdir. Prezident İlham Əliyevin yeritdiyi xarici siyasət xətti qarşıda duran bütün vəzifələrin icrasını təmin etmişdir.
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2016.- 29 dekabr.- S. 1, 6.