Marionet Teatrında Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” muğam
operasının tamaşası göstərilib
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva tamaşaya baxıb
Dekabrın 28-də Marionet
Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” muğam operasının marionet
tamaşası göstərilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tamaşaya baxıblar.
Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan Marionet Teatrı artıq öz tamaşaçılarını qarşılayır. Marionet Teatrı tamaşaçılarla görüşə milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə gəlib.
Teatrın bədii rəhbəri Tərlan Qorçu 1987-1988-ci illərdə - Azərbaycanda marionet teatrı mövcud olmadığı bir vaxtda bir neçə nəfərlə “Arşın mal alan” operettasının marionet tamaşası üzərində çalışmağa başladıqlarını bildirdi. Tamaşanın premyerasının 1990-cı ildə Fransada keçirildiyini deyən teatrın bədii rəhbəri həmin çətin dövrdə teatrın yalnız xaricdə çıxış etdiklərini təəssüflə vurğuladı. Bildirdi ki, son illərdə tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Tərlan Qorçu marionet tamaşalarının hazırlanması üçün adətən 3-5 il vaxtın lazım olduğunu deyərək, “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlədiklərini diqqətə çatdırdı. Bildirdi ki, ümumiyyətlə, bu teatrın məqsədi dahi Üzeyir bəyin musiqisinin bütün dünyada təbliğidir. Teatrın növbəti layihəsi isə “O olmasın, bu olsun” operettasının marionet tamaşası olacaq.
Sonra marionet kuklaların ifasında Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası başladı.
Qədim
Şərq folkloruna məxsus incə və
faciəli məhəbbət əfsanəsi olan
“Leyli və Məcnun” orta
əsrlər dövrü ədəbiyyatının
ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən
dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar
həsr ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq
muğamı və Qərb klassik musiqisinin sintezi əsasında
“Leyli və Məcnun” operasını
yazıb. “Arşın mal alan”
operettası və “Leyli və Məcnun”
operası hazırda Marionet Teatrının repertuarında xüsusi yer tutur.
Marionet Teatrı dünyada yetərincə maraqlı və populyar olan, ən çətin
başa gələn və eyni zamanda,
ən maraqlı və cəlbedici janrdır. Çətin olduğuna görə
əksər ölkələrdə
belə teatr ənənəsi mövcud
deyil. Hansısa ölkədə Marionet Teatrının mövcud olması həmin xalqın zəngin milli mədəniyyətindən xəbər
verir və bu teatr janrı
ölkənin tanıdılmasında
əvəzsiz rola malikdir. Bütün yaş qrupundan
olan insanların heyranedici rəğbətinə
səbəb olan bu teatr janrı
xalqımızın zəngin,
çoxşaxəli mədəni
irsinin ən müxtəlif sahələrini
- memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət
və bayramlarımız,
naxışlar və rəqslərimizi özündə
birləşdirir.
Tamaşaçıların
alqışları və aktyorları təkrarən səhnəyə
dəvət etmələri bu
tamaşanın qəlblərin ən incə tellərinə toxunduğunu nümayiş
etdirdi.
Azərbaycan.-
2016.- 29 dekabr.- S.4.