Mingəçevir şəhərinin və Yevlax
rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihə
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
Mingəçevir şəhərinin
və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihə (bundan
sonra – pilot layihə) icbari tibbi sığortanın həyata
keçirilməsi qaydasını, müddətini, baza zərfinə
daxil olan tibbi xidmətlərin dairəsini və tariflərini,
sığorta ödənişi metodlarını, və pilot
layihə ilə bağlı digər məsələləri
tənzimləyir.
2. Əsas
anlayışlar
2.1. Pilot layihənin məqsədləri
üçün aşağıdakı əsas
anlayışlardan istifadə edilir:
2.1.1. pilot layihənin
baza (əsas xidmətlər) zərfi (bundan sonra – baza zərfi)
– pilot layihə çərçivəsində sığorta
olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə
göstərilən tibbi xidmətlərin siyahısı;
2.1.2. sığorta olunan –
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir
şəhəri və ya Yevlax rayonunda qeydiyyata
alınmış Azərbaycan Respublikasının vətəndaşları,
habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində
nəzərdə tutulmuş qaydada yaşayış yeri
üzrə Mingəçevir şəhəri və ya Yevlax
rayonunda qeydiyyata alınmış müvəqqəti və ya
daimi yaşayan əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər;
2.1.3. icbari tibbi
sığorta ödənişi (bundan sonra – sığorta
ödənişi) – sığorta olunanlara tibbi xidmətlərin
göstərilməsi müqabilində baza zərfində qeyd
olunmuş tariflərə uyğun olaraq tibb təchizatçısına
ödənilən maliyyə kompensasiyası;
2.1.4. adambaşı
sığorta ödənişi metodu – ilkin səhiyyə xidməti
göstərən tibb təchizatçısına təhkim
olunmuş şəxslərin sayına görə və baza zərfinə
daxil olan tibbi xidmətlər üçün müəyyən
edilmiş tarifə əsasən həmin tibb təchizatçısına
maliyyə vəsaitinin ödənilməsi (təhkim
olunmuş şəxslərə tibbi xidmətin göstərilib
göstərilməməsindən asılı olmayaraq);
2.1.5. xidmətə
görə sığorta ödənişi metodu – göstərilmiş
hər bir tibbi xidmətə görə baza zərfinə
daxil olan tibbi xidmətlər üçün müəyyən
edilmiş tariflərə uyğun olaraq tibb təchizatçısına
maliyyə vəsaitinin ödənilməsi;
2.1.6. icbari tibbi
sığorta hadisəsi (bundan sonra – sığorta hadisəsi)
– baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə
edilməsinə əsas verən hadisə və ya hal;
2.1.7. tibb təchizatçısı
– Mingəçevir şəhəri və ya Yevlax rayonu ərazisində
Agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə
qurumları, “Əhalinin sağlamlığının
qorunması haqqında”, “Özəl tibb fəaliyyəti
haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan
Respublikasının qanunlarına əsasən fəaliyyət
göstərən və müəyyən olunmuş tariflər
çərçivəsində Agentliklə xidmətlərin
göstərilməsinə dair müqavilə
bağlamış özəl tibb fəaliyyəti və ya
özəl tibbi praktika ilə məşğul olan hüquqi və
ya fiziki şəxslər və aptek təşkilatları;
2.1.8. ilkin səhiyyə
xidməti – dövlət və ya pilot layihənin 2.1.7-ci
yarımbəndində göstərilən özəl tibb təchizatçıları
tərəfindən sığorta olunanlara göstərilən
ilkin tibbi sanitar yardım xidmətləri;
2.1.9. sığorta
tələbi – sığorta olunanın pilot layihəyə
uyğun olaraq baza zərfinə daxil olan tibbi xidmətlərdən
istifadə edilməsinə dairtibb təchizatçılarına
müraciəti;
2.1.10. azadolma məbləği
– sığorta tələbi irəli sürüldükdə,
baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə
edilməsinin icbari tibbi sığorta təminatı ilə əhatə
olunmayan və sığorta olunanın üzərində qalan
hissəsi.
2.2. Pilot layihədə istifadə
olunan digər anlayışlar “İcbari sığortalar
haqqında”, “Sığorta fəaliyyəti haqqında” və
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası
qanunlarında, eləcə də sığorta sahəsindəki
digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları
ifadə edir.
3. Pilot layihənin
tətbiq dairəsi və müddəti
3.1. Pilot layihə Azərbaycan
Respublikasının Mingəçevir şəhəri və
Yevlax rayonunun ərazisinə şamil olunur.
3.2. Pilot layihə 2017-cı il 1 yanvar tarixində başlayır və
2018-ci il 1 fevral tarixində başa çatır.
4. Sığorta
olunanların hüquq və vəzifələri
4.1. Sığorta olunanların
aşağıdakı hüquqları vardır:
4.1.1. sığorta
hadisəsi baş verdikdə baza zərfinin uyğun olaraq tibbi
xidmətlərdən istifadə etmək;
4.1.2. göstərilən
tibbi xidmətin növü, həcmi, keyfiyyəti və şərtləri
haqqında düzgün məlumatın verilməsini tibb təchizatçılarından
tələb etmək;
4.1.3. “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən həkim sirri ilə
qorunan məlumatların gizli saxlanmasını tələb etmək;
4.1.4. tibb təchizatçısının
təqsiri üzündən dəymiş zərərin əvəzinin
ödənilməsini tibb təchizatçısından tələb
etmək;
4.1.5. “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.2. Sığorta olunanların
aşağıdakı vəzifələri vardır:
4.2.1. tibb təchizatçısına
müraciət etdikdə, şəxsiyyətini təsdiq edən
sənədi təqdim etmək;
4.2.2. pilot layihənin
tələblərinə, o cümlədən göndəriş
sisteminə riayət etmək.
4.3. “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
digər vəzifələri həyata keçirmək.
5. Tibb təchizatçısının
hüquq və vəzifələri
5.1. Tibb təchizatçısının
aşağıdakı hüquqları vardır:
5.1.1. pilot layihənin
13-cü hissəsinə uyğun olaraq bağlanmış
müqavilə əsasında göstərilmiş tibbi xidmət
üzrə sığorta ödənişinin həyata
keçirilməsini Agentlikdən tələb etmək;
5.1.2. baza zərfinə
daxil olan tibbi xidmətlərin növü, həcmi və
göstərilməsi şərtlərinin pilot layihənin
13-cü hissəsində nəzərdə tutulmuş
müqaviləyə uyğun olmamasını mübahisələndirmək;
5.1.3. “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
5.2. Tibb təchizatçılarının
aşağıdakı vəzifələri vardır:
5.2.1. azadolma nəzərə
alınmaqla, sığorta olunanlara baza zərfi çərçivəsində
ödənişsiz tibbi xidmətlər göstərmək;
5.2.2. sığorta
olunanlara baza zərfi çərçivəsində göstərilən
tibbi xidmətin keyfiyyətinə təminat vermək;
5.2.3. sığorta
olunanlara baza zərfi çərçivəsində göstərilən
tibbi xidmətin uçotunu aparmaq;
5.2.4. göstərilmiş
tibbi xidmətin növünə, həcminə və şərtlərinə
nəzarətin həyata keçirilməsi üçün
göstərilmiş tibbi xidmətlər, habelə tibbi xidmət
göstərilmiş şəxslər barədə məlumatları
Agentliyə təqdim etmək;
5.2.5. baza zərfi
çərçivəsində göstərilən tibbi xidmətlər
barədə hesabatları bu sənəddə nəzərdə
tutulmuş müddətdə Agentliyə təqdim etmək;
5.2.6. rəsmi
internet saytında iş rejimi və göstərilən tibbi
xidmətin növləri barədə məlumatları yerləşdirmək;
5.2.7. Agentliyin müraciətinə əsasən
tibbi xidmətin keyfiyyəti və əlçatanlıq
göstəriciləri barədə məlumatları Agentliyə
təqdim etmək;
5.2.8. tibb
işçisinin təqsiri üzündən şəxslərin
sağlamlığına dəymiş zərərin əvəzini
ödəmək;
5.2.9. ixtisaslaşdırılmış
tibbi xidmətin göstərilməsi mümkün
olmadıqda, tibb təchizatçısı tərəfindən
sığorta olunanları bu xidməti göstərən və
Agentliklə müqavilə bağlamış digər tibb təchizatçısına
göndərmək;
5.2.10. “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
6. Agentliyin
hüquq və vəzifələri
6.1. Agentliyin aşağıdakı
hüquqları vardır:
6.1.1. baza zərfi
çərçivəsində tibb xidmətlərin göstərilməsi
və bu xidmətlərin maliyyələşdirilməsi barədə
tibb təchizatçıları ilə müqavilə
bağlamaq;
6.1.2. baza zərfi
çərçivəsində göstərilən tibbi xidmətlərin
növünə, həcminə, keyfiyətinə və şərtlərinə
nəzarət etmək;
6.1.3. pilot layihədə
nəzərdə tutulmuş vəzifələrin tibb təchizatçısı
tərəfindən icra edilmədiyi və ya lazımınca
icra edilmədiyi təqdirdə, sığorta olunanlara baza zərfi
çərçivəsində göstərilmiş tibbi xidmətlərə
görə sığorta ödənişini həyata
keçirməmək, qismən həyata keçirmək və
ya tibb təchizatçısından sığorta ödənişi
məbləğinin geri qaytarılmasını tələb
etmək;
6.1.4. baza zərfinə
daxil olmayan xidmətlərin ödənilməsindən imtina
etmək;
6.1.5. sığorta
tələblərinin zəruriliyinə nəzarət etmək;
6.1.6. fəaliyyət
istiqamətlərinə uyğun olaraq digər hüquqları
həyata keçirmək.
6.2. Agentliyin vəzifələri:
6.2.1. sığorta
tələbi irəli sürüldükdə, pilot layihədə
müəyyən edilmiş növdə, həcmdə və
şərtlərə uyğun olaraq tibbi xidmətlərin təşkilini
və maliyyələşdirilməsini həyata keçirtmək;
6.2.2. baza zərfinə
daxil olan tibbi xidmətlərin növü, həcmi və
göstərilməsi şəsrtlərinin pilot layihənin
13-cü hissəsində nəzərdə tutulmuş
müqaviləyə uyğun olmasına nəzarət etmək;
6.2.3. sığorta
olunanlara baza zərfi çərçivəsində göstərilmiş
tibbi xidmətlərə görə tibb təchizatçısına
sığorta ödənişini həyata keçirmək;
6.2.4. baza zərfi
çərçivəsində göstərilmiş tibbi xidmətlərlə
əlaqədar sığorta olunların şıkayətlərinə
baxılmasını təmin etmək;
6.2.5. tabeliyinə
verilmiş dövlət səhiyyə qurumlarının xərclər
smetasını təsdiq etmək;
6.2.6. tabeliyinə
verilmiş dövlət səhiyyə qurumlarının
işçilərinə icbari tibbi sığorta sahəsində
təlimlər təşkil etmək;
6.2.7. fəaliyyət
istiqamətlərinə uyğun olaraq digər vəzifələri
həyata keçirmək.
7. Sığorta
ödənişi
7.1. İlkin səhiyyə xidməti,
TTTY, ambulator və stasionar tibbi xidmət üzrə
sığorta ödənişinin məbləği və
ödənilmə şərtləri pilot layihənin
2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə
tutulmuş sığorta ödənişi
metodlarınından istifadə etməklə pilot layihənin
13-cü hissəsinə uyğun olaraq Agentlik və tibb təchizatçısı
arasında bağlanan müqavilə ilə müəyyən
edilir.
7.2. Pilot layihədə nəzərdə
tutulmuş sığorta ödənişi metodlarının tətbiqi
qaydası Agentlik tərəfindən müəyyən edilir.
7.3. Agentliyin tabeliyinə verilmiş
dövlət səhiyyə qurumlarının xərclər
smetasında nəzərdə tutulmuş məbləğ ilə
Agentlik tərəfindən həmin qurumlara verilmiş
sığorta ödənişlərinin məbləği
arasında fərq yarandığı halda, həmin fərqin
aylıq əsaslarla maliyyələşməsi Agentlik tərəfindən
təsdiq edilmiş pilot layihə büdcəsinin vəsaitləri
hesabına həyata keçirilir.
7.4. Pilot layhənin 7.3-cü bəndinə
uyğun olaraq Agentlik tərəfindən ödənilən fərqin
xərclənməmiş hissəsi cari ilin sonunda həmin
qurumların icra olunmuş xərclər smetası əsasında
Agentliyə geri qaytarılır.
8. Sığorta
ödənişindən imtinanın əsasları
8.0. Agentlik aşağıdakı
hallarda sığorta ödənişinin verilməsindən
imtina edir:
8.0.1. sığorta
tələbi baza zərfinə daxil olmayan tibbi xidmət ilə
bağlı olduqda;
8.0.2. sığorta
tələbi mənəvi zərərlə və ya gəlir
itkisi ilə bağlı olduqda;
8.0.3. sığorta
hadisəsinin baş vermədiyi aşkar edildikdə;
8.0.4. tibb təchizatçıları
tərəfindən göstərilən tibbi xidmətlərə
dair düzgün olmayan məlumatların Agentliyə təqdim
edildiyi aşkar edildikdə.
9. TTTY və ilkin səhiyyə xidmətinin
təşkili qaydası
9.1. İlkin səhiyyə xidmətlərini
göstərən tibb təchizatçısı yalnız ona
təhkim olunmuş sığorta olunanlara xidmət göstərir.
Sığorta olunanların ilkin səhiyyə
xidməti üzrə fəaliyyət göstərən tibb təchizatçısına
təhkim olunma qaydası Agentlik tərəfindən müəyyən
edilir.
9.2. Sığorta olunanların təhkim
olunduğu ilkin səhiyyə xidmətlərini göstərən
tibb təchizatçısı haqqında məlumatı
Agentliyin nümayəndəsindən əldə edir.
9.3. Sığorta olunanlar ilkin səhiyyə
xidmətlərini göstərən tibb təchizatçısını
ildə 2 (iki) dəfədən çox olmamaq şərtilə
Agentliyə müraciət etməklə həmin ərazidə
fəaliyyət göstərən digər tibb təchizatçısı
ilə əvəz edə bilər.
9.4. TTTY stasionar qaydada tibb təchizatçısının
yerləşdiyi inzibati binada və ya
çağırış üzrə fəaliyyət göstərir.
TTTY-nın iş qaydası Agentlik tərəfindən müəyyən
edilir.
10. Tibb təchizatçılarında
göndəriş sisteminin tətbiqi
10.1. Sığorta olunanların baza zərfi
çərçivəsində ambulator tibbi xidmətlərdən
istifadəsinə yalnız ilkin səhiyyə xidmətlərini
göstərən tibb təchizatçısının
göndərişinə əsasən yol verilir.
10.2. Sığorta olunanların baza zərfi
çərçivəsində stasionar tibbi xidmətlərdən
istifadəsinə ambulator tibbi xidmət, ilkin səhiyyə,
TTTY sahəsində faəliyyət göstərən tibb təchizatçısının
göndərişinə əsasən yol verilir.
10.3. Sığorta olunanlar ambulator və
stasionar tibbi xidmətlərdən göndərişsiz istifadə
etmək istədikdə, pilot layihə ilə nəzərdə
tutulmuş azadolma məbləğıni ödəməlidirlər.
Baza zərfinə daxil olan stasionar tibbi xidmətlər
Agentlik tərəfindən müəyyən edilmiş
növbəlilik qaydasında göstərilir.
11. Baza zərfi
11.1. Baza zərfi TTTY və ilkin səhiyyə,
ixtisaslaşmış ambulator-poliklinik və stasionar tibbi xidmətləri,
eləcədə dərman vasitələri ilə təminatı
əhatə edir.
11.2. Pilot layihə çərçivəsində
baza zərfinə daxil olan tibbi xidmətlərin
siyahısı və tarifləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
olunur və Agentliyin rəsmi internet saytında yerləşdirilir.
11.3. Azadolma məbləği nəzərə
alınmaqla, pilot layihə çərçivəsində
sığorta olunanlar baza zərfinə daxil olan tibbi xidmətlərdən
istifadə etmək hüququna malikdirlər.
11.4. Sığorta olunanlar baza zərfi
ilə əhatə olunmayan tibbi xidmətlərdən Azərbaycan
Respublikası Prezidenti tərəfindən müəyyən
edilmiş tariflərə uyğun olaraq öz vəsaitləri
hesabına istifadə edə bilərlər.
12. Azadolma məbləği
12.1. İlkin səhiyyə xidmətinin
göndərişi olmadan ambulator tibbi xidmət
üçün birbaşa müraciət edilən hallarda
sığorta olunan hər müraciət üçün 3
(üç) manat həcmində azadolma məbləği
ödəməlidir.
12.2. Sığorta olunan kompüter
tomoqrafiyası (tam, kontrastlı, kontrastsız və
kompüter tomoqrafiyası altında keçiriləcək
diaqnostik və müalicəvi müdaxilələr daxil
olmaqla) üzrə göstərilən tibbi xidmətə dair
tibb təchizatçısına 2 (iki) dəfədən
artıq müraciət etdikdə, hər əlavə
müayinə üçün 10 (on) manat həcmində
azadolma məbləği ödəməlidir.
12.3. Sığorta olunan maqnit rezonans
tomoqrafiyası (tam, kontrastlı, kontrastsız) üzrə
göstərilən tibbi xidmətə dair tibb təchizatçısına
2 (iki) dəfədən artıq müraciət etdikdə, hər
əlavə müayinə üçün 20 (iyirmi) manat həcmində
azadolma məbləği ödəməlidir.
12.4. Baza zərfinə daxil olan tibb
vasitələri istisna olmaqla, digər tibb vasitələrinin
qiyməti sığorta olunan tərəfindən ödənilir.
12.5. Azadolma məbləği
sığorta olunan tərəfindən birbaşa tibb təchizatçısına
ödənilir.
13. Tibbi xidmətlərin
maliyyələşdirilməsinə dair müqavilə
13.1. Tibbi xidmətlərin maliyyələşdirilməsinə
müqavilə Agentlik və tibb təchizatçısı
arasında bağlanılır.
13.2. Tibbi xidmətlərin maliyyələşdirilməsinə
dair müqavilə tərəflərin hüquq və vəzifələrini,
sığorta ödənişinin müddətlərini,
müqavilənin şərtlərinin pozulması nəticəsində
dəbbə pulunun həcmini, müqaviləyə xitam verilməsi
şərtlərini və Azərbaycan Respublikasının
Müıli Məcəlləsi və “Tibbi sığorta
haqqında” Azərbaycan Respublikası Qanunundan irəli qələn
digər məsələləri tənzimləyir.
13.3. Tibbi xidmətlərin maliyyələşdirilməsi
haqqında müqavilənin forması Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin tələbləri
nəzərə alınmaqla Agentlik tərəfindən müəyyən
edilir.
14. Tibbi xidmətlərin
tarifləri
14.1. Pilot layihə çərçivəsində
baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
olunur.
14.2. Pilot layihə ilə əhətə
olunmayan şəxslərə tibbi xidmətlər göstərildikdə,
baza zərfinə daxil olan və baza zərfinə daxil olmayan
tibb xidmətlər Azərbaycan Respublikası Prezidenti tərəfindən
müəyyən olunmuş tariflərə uyğun olaraq
öz vəsaitləri hesabına göstərilir.
15. Tibb işçilərinin əmək
haqları
Göstərilmiş tibbi
xidmətlərin müqabilində tibb işçilərinin
mövcud əmək haqlarına əlavələr Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin tələbləri
nəzərə alınmaqla Agentlik tərəfindən müəyyən
edilmiş qaydada verilir.
16. Subroqasiya
hüququ
16.1. Pilot layihənin məqsədləri
üçün subroqasiya hüququ sığorta ödənişi
almış şəxsin ona dəymiş zərərə
görə məsuliyyət daşıyan
üçüncü şəxsə qarşı malik
olduğu hüquqlardan və vasitələrdən həmin
ödənişi həyata keçirmiş Agentliyin istifadə
etmək hüququdur.
16.2. Agentlik subroqasiya hüququndan məhkəmə
qaydasında istifadə etmək hüququna malikdir.
16.3. Sığorta ödənişi
almış şəxsin eyni risklərdən
sığortalanmasını nəzərdə tutan digər
sığorta müqaviləsi mövcud olduqda, icbari tibbi
sığorta üzrə sığorta ödənişini həyata
keçirmiş Agentlik həmin müqavilənin tərəfi
olan sığortaçıya qarşı sığorta
ödənişi miqdarında subroqasiya hüququndan istifadə
etmək hüququna malikdir.
17. Tibbi xidmətin
növünə, həcminə və göstərilməsi
şərtlərinə nəzarət
17.1. Baza zərfinə daxil olan tibbi
xidmətlərin növü, həcmi və göstərilməsi
şərtlərinin pilot layihənin 13-cü hissəsində
nəzərdə tutulmuş müqaviləyə uyğun
olmasına nəzarət Agentlik tərəfindən həyata
keçirilir.
17.2. Tibb təchizatçısı
pilot layihənin 17.1-ci bəndinin Agentlik tərəfindən
icrası zamanı lazımi şərait yaratmalı, zəruri
materialları təqdim etməli və mütəxəssislərin
(ekspertlərin) fəaliyyətinə mane olmamalıdır.
18. Agentliyin və
tibb təchizatçılarının
hesabatlılığı
18.1. Agentlik pilot layihə ilə
bağlı xərcləri hər rüb üzrə təhlil
edir və Azərbaycan Respublikasının Prezidentinə məlumat
verir.
18.2. Tibb təchizatçıları
hər ayın 15-dən gec olmamaq şərtilə ötən
təqvim ayı üzrə baza zərfi çərçivəsində
göstərilmiş tibbi xidmətlər barədə Agentliyə
hesabatlar təqdim edirlər.
18.3. Hesabatların növü,
forması və təqdim edilmə qaydası Agentlik tərəfindən
müəyyən edilir.
19. Satınalma
Pilot layihə müddətində
Agentlik və Agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə
qurumları tərəfindən malların (işlər və
ya xidmətlərin) satın alınması “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanunun 21-ci maddəsinə əsasən bir mənbədən
satınalma metodu tətbiq edilərək həyata
keçirilir.
Azərbaycan.-
2016.- 30 dekabr.- S. 8.