Azərbaycanın dövlət müstəqilliyi milli həmrəyliyimizin müqəddəs rəmzidir
Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü tamam olmuş Azərbaycan Respublikası ötən dövrdə milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edərək özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, demokraik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir.
Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.
Tarix sübut edir ki, hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız zamanın, dövrün reallıqlarını düzgün dəyərləndirə bilən, gələcək barədə aydın təsəvvürlərə malik olan fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti nəticəsində gerçəkləşir. Bu mənada, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi də ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hələ 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya Azərbaycanlarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmişdir. Bu əlamətdar bayram ilk dəfə məhz Naxçıvanda geniş qeyd olunmuş, azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilmişdir.
Ümumilikdə, ötən əsrin 90-cı illərinin sonunda yaranmış şansdan bəhrələnərək dövlət müstəqilliyini bərpa edən müstəqil Azərbaycanın ilk illərdə üzləşdiyi vətəndaş qarşıdurması, parçalanma, siyasi səhnədən tamamilə silinmə təhlükəsindən xilas olması, respublikada vətəndaş sülhü və həmrəyliyinin təmin olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Güclü xarizması, yüksək liderlik keyfiyyətləri, mütərəqqi ideyaları ilə birləşdirici şəxsiyyət olan ümummilli lider 1993-cü ilin iyun ayından etibarən ölkədə milli birliyi, vətəndaş sülhünü təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, məskunlaşdığı ölkələrdə hər sahədə fəaliyyətlərini genişləndirməsi, yerli cəmiyyətə sıx inteqrasiyası, digər xalqların xaricdə yaşayan nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsi bu siyasətin başlıca istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli lider Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.
Milli həqiqətlərin dünyaya çatdırılmasında gənclərin geniş potensialından və imkanlarından istifadə edilməsi məsələsi Heydər Əliyevi daim dərindən düşündürmüşdür. Ümummilli lider müxtəlif ölkələrə rəsmi və işgüzar səfərləri zamanı Azərbaycan diasporunun təmsilçiləri qarşısında dərin məzmunlu nitq söyləmiş, onları ayıq olmağa, yaşadıqları yerlərdə milli həqiqətlərimizi geniş təbliğ etməyə çağırmışdır. 1997-ci il avqustun 29-da ali məktəblərə qəbul olunmuş bir qrup gənclə görüşən Heydər Əliyev bir daha bu məsələyə xüsusi toxunaraq deyirdi: “...Siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz. Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil alacağınız universitetlərdə, ali təhsil müəssisələrində yaymalısınız, təbliğ etməlisiniz”.
Dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi zərurətini nəzərə alaraq, ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu addım xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edərək, diaspor hərəkatının inkişafında yeni mərhələnin təməlini qoymuşdur. 2001-ci ilin noyabrında keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyin təmin olunması prosesinin əsasını qoymuş, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirmiş, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının rəsmi təsdiqi kimi tarixilik qazanmışdır. Qurultayda diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı bir sıra ciddi məsələlər müzakirə edilmiş, eləcə də konkret qərarlar, fəaliyyət proqramları təsdiqlənmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük iftixarla söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.
Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir. Qurultaydan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni komitə yaradılmış, habelə bu sahədə fəaliyyəti tənzimləyən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qəbul olunmuşdur. Qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılmasını; bu sahədə ciddi fəaliyyət üçün vahid strategiyanın hazırlanmasının hüquqi prinsiplərini; xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının müdafiəsində, milli özgürlüyünü qoruyub saxlamasında və inkişaf etdirməsində dövlət siyasətinin məqsədlərini; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, iqtisadi, sosial, mədəni inkişafı, digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulması prosesinə soydaşlarımızın da fəal surətdə cəlb edilməsi yollarını müəyyənləşdirmişdir.
Həmin tarixi qurultaydan sonra Azərbaycanda diaspor quruculuğu prosesi sürətlənmiş, 2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) yaradılması bu sahədə dövlət siyasətinin sistemli və mütəşəkkil şəkildə həyata keçirilməsinə imkan yaratmışdır.
Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji-siyasi iş aparmış, soydaşlarımızın konsolidasiyası üçün azərbaycançılıq ideologiyasını önə çəkmişdir. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətimizin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə və xarici dövlətlərdə yaşayan bütün vətəndaşlara, soydaşlara və həmvətənlərə hərtərəfli hüquqi və mənəvi baxımdan bərabər münasibət var.
Ulu öndərin diaspor quruculuğu siyasətini son 13 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniş tərkibli müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirmiş, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkmişdir. Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2006, 2011 və 2016-cı illərdə Bakı şəhərində Dünya Azərbaycanlılarının II, III və IV qurultayları, eləcə də dövlət dəstəyi ilə 2006-cı ilin iyun ayında Dünya Azərbaycanlı Ziyalılarının Forumu, 2007-ci ilin mart ayında Avropa Azərbaycanlıları Konqresinin II qurultayı keçirilmişdir.
Azərbaycana strateji müttəfiq olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi də xüsusi diqqət mərkəzində olmuşdur.
2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I Forumunun keçirilməsi, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının, Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının təşkili birgə əməkdaşlıq sahəsində yeni imkanlar açmışdır.
2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmiş, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapmışdır.
Nəhayət, dövlət rəhbərinin müvafiq sərəncamı ilə 2016-cı ildə Dünya Azərbaycanlılarının IV qurultayı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində bu əlamətdar tədbirin əhəmiyyətini xüsusi önə çəkmişdir: “Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər”.
Dövlət başçısı İlham Əliyev sonuncu qurultayda bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Son illər Cənubi Qafqazda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ermənilərin ifşası baxımından tarixi faktlara istinad olunmasını vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir: “Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürülmüşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılmışdır. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin”.
Ümumilikdə, dövlət başçısının son qurultaydakı çıxışını Azərbaycan diasporunun uzunmüddətli dövr üçün fəaliyyət proqramı kimi dəyərləndirmək olar. Cənab İlham Əliyev çıxışında ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqini, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi həyatında fəal iştirakını, habelə qanunverici və icra orqanlarında təmsilçiliyini, azərbaycançılıq məfkurəsini, ana dilini, tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi dərindən mənimsəmələrini, diaspor təşkilatlarımız arasında sağlam rəqabət və əməkdaşlıq mühitinin möhkəmləndirilməsini, ziddiyyətli məqamların tamamilə aradan qaldırılmasını, bədnam erməni lobbisinə qarşı əks-təbliğat işinin gücləndirilməsini prioritet məsələlər kimi önə çəkmişdir.
Tam əminliklə demək olar ki, bu gün Azərbaycanda milli birliyin və həmrəyliyin qorunub saxlanılması və möhkəmləndirilməsi Prezident İlham Əliyevin hər bir vətəndaşın mənafeyini əsas tutmaqla yürütdüyü məqsədyönlü siyasətinin nəticəsidir. İqtisadi, siyasi, hüquqi, mədəni və digər sahələrdə həyata keçirilən siyasət hər bir vətəndaşın dövlətə olan inamını gücləndirir, onlarda dövlətçilik təfəkkürünü, həmrəylik duyğularını gücləndirir. İnanırıq ki, Azərbaycanın iqtisadi imkanları gücləndikcə, respublikamız diaspor və lobbi quruculuğu sahəsində daha geniş imkanlar əldə edəcəkdir.
Qulam ŞÜKÜROV,
Hüquqşünas
Azərbaycan.- 2016.- 31 dekabr.- S.
1, 7.