Həmrəylik: Azərbaycan nümunəsi və tarixi
vəzifələr
Artıq neçə illərdir
ki, azərbaycanlılar öz həmrəylik günlərini
qeyd edirlər. Hər bir xalqın öz milli birlik fəlsəfəsi
var. Azərbaycanlıların da tarixində birlik və bərabərliyi
ifadə edən möhtəşəm təqvimlər olub. Lakin keçən əsrin 90-cı illərində
XX əsrdə əldə edilən ikinci müstəqillik
dönəminin başlaması ilə həmrəylik
anlayışı yeni məzmun aldı. Çünki
müasir tarixi mərhələdə azərbaycanlıların
həmrəyliyi müstəqil dövlət quruculuğu
prosesi ilə əlaqələndirilməli idi. Ulu Öndər
Heydər Əliyev bu vəzifənin öhdəsindən
ustalıqla gəldi və indi hər bir azərbaycanlı həmrəyliyin
nədən ibarət olduğunu yaxşı bilir. Keçən
müddət ərzində dünya azərbaycanlılarının
həmrəylik qurultayları keçirilib. Onların hər
biri qarşıya ciddi vəzifələr qoyub. Analiz göstərir ki, bu proses olduqca
məzmunlu və sistemli aparılıb. Nəticədə,
diaspor qurumları da daxil olmaqla böyük təşkilati
işlər həyata keçirilib. İndi
dünya azərbaycanlıları qarşısında yeni vəzifələr
durur. Prezident İlham Əliyevin bununla
bağlı müraciəti son dərəcə maraqlı
fikirlərlə zəngindir.
Xalqın birliyi:
Ulu Öndərin həmrəylik konsepsiyası
Tarixin hökmü ilə Azərbaycan
XX əsrdə ikinci dəfə müstəqilliyinə
keçən əsrin 90-cı illərində qovuşdu. Həmin
dövrün özünəməxsus sosial, siyasi, geosiyasi,
iqtisadi və mədəni xüsusiyyətləri vardı.
SSRİ mövcud olduğu müddətdə
milli respublikalarda cəmiyyətin birliyi sovet ideologiyası əsasında
təmin edilirdi. Bu zaman milli ideya məsələsi
qaldırılmırdı – insanlar özlərini sovet vətəndaşı
kimi identifikasiya edirdilər. Biz bu modelin
üstün və zəif cəhətləri üzərində
dayanmaq istəmirik. Burada əhəmiyyətlisi
sovetlər dağıldıqdan sonra müstəqilliyini əldə
etmiş ölkələrdə sosial birliyin, vəhdətin və
həmrəyliyin necə təmin edilməsidir. Bax, bu aspektdə vahid SSRİ-də cəmləşmiş
respublikalar fərqli yollar seçdilər. Azərbaycanın təcrübəsi onların
sırasında ən uğurlu kursun seçildiyini göstərir.
Məsələnin fəlsəfi-sosial
aspektləri analiz edilib. Lakin problem dövlətçilik
baxımından o dərəcədə aktual və mürəkkəbdir
ki, araşdırmaların davam etdirilməsi böyük zərurətdir.
Həmin kontekstdə azərbaycanlıların həmrəyliyi
məsələsi son dərəcə önəmli və
üzərində düşünülməli faktor olaraq qəbul
edilməlidir. Bunun vacibliyini dərk etmək
üçün "həmrəylik"
anlayışının fəlsəfə və elmdə
işlədilən mənalarına qısa nəzər salaq.
Biz başlıca olaraq "sosial həmrəylik"
termini üzərində dayanacağıq.
Həmrəylik qrup, yaxud etnosun
birliyidir. O,
maraqların vəhdətindən yaranır, eyni zamanda,
özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və
vəzifə ümumiliyi daxildir. Yekun
olaraq, həmrəylik cəmiyyətdə insanları vahid
orqanizmdə birləşdirmək üsulu kimi təsəvvür
edilə bilər.
Bu problemin mühüm tərəflərindən
biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli məzmun
kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə
həmrəylik başlıca olaraq qohumluq əlaqələri
üzərində qurulur. Müasir cəmiyyətlər
üçün isə müxtəlif meyarlar mövcuddur.
Burada konkret cəmiyyətin tarixi təkamülü, milli
mentalitetin özəllikləri, siyasi sistemin xüsusiyyətləri,
ölkənin yerləşdiyi regionun geosiyasi fərqlilikləri,
tarixi-coğrafi faktorlar və s. rol oynayır. Sosioloq
Emil Dürkheymə görə, sosial həmrəylik
növü cəmiyyətin tipləri ilə tənzimlənir.
Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik
tarixi xarakterlidir – hər tarixi məqam üçün
müvafiq birlik forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlik modeli belə
cəmiyyəti çətin vəziyyətlərə sala bilər.
Məsələn, Emil
Dürkheymin fikrinə görə, orqanik həmrəylik
müasir cəmiyyətlərdə olur və insanların
qarşılıqlı asılılığından
qaynaqlanır.
Burada fərdlərin bir-birinə etimadı
prinsipial rol oynayır.
Deməli, müasir cəmiyyətlərdə
həmrəyliyi təmin etmək üçün xüsusi
birləşdirici mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun
ideoloji konseptlə bağlı olur. İdeologiya
başqa faktorlarla yanaşı, etnosun dünyanın
bütün guşələrində olan nümayəndələri
arasında birlik yaratmağa imkan verir. Bu səbəbdən
müasir cəmiyyətlər üçün düzgün
ideoloji konsepsiyanın müəyyənləşdirilməsi həm
müstəqil dövlətçilik, həm də vətəndaş
cəmiyyəti formalaşdırmaq aspektlərində strateji əhəmiyyət
kəsb edir.
Azərbaycançılıq:
həmrəyliyin üç aspekti işığında
Bəs müstəqil Azərbaycanda
həmrəylik hansı məzmunda dərk edilib və onu təmin
etmək üçün konkret olaraq hansı ideoloji konsept
seçilib? Əvvəlcə onu deyək ki, müasir mərhələdə,
müstəqillik dövründə azərbaycanlıların
həmrəylik modelinin müəllifi Ulu Öndər Heydər
Əliyevdir. Məhz Ümummilli Liderin
birbaşa təşəbbüsü və konkret
addımları sayəsində dünya azərbaycanlılarının
həmrəyliyinin təmini məsələsi öz həllini
tapıb. Bu proses Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin "Dünya azərbaycanlılarının
həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın
31-nin dünya azərbaycanlılarının həmrəylik
günü elan edilməsi nəticəsində
başlayıb. Sonra Azərbaycan Milli Məclisi
həmin qərarı bütövlükdə ölkə
miqyası üçün qəbul edib. Beləliklə,
uzun və azərbaycanlıların birləşməsi
baxımından çox şərəfli olan bir yola
çıxılıb.
Azərbaycanlıların həmrəylinin
əsas prinsipləri yığcam şəkildə Heydər
Əliyevin aşağıdakı fikirlərində ifadə
olunub: "Harada olursa-olsun azərbaycanlıların birlikdə,
bərabər olması əsas şərtlərdən biridir.
Biz çalışırıq ki, Azərbaycanın
daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar
da öz qüvvələrini toplamalıdırlar.
Ayrı-ayrı qüvvələrin, qrupların arasında
fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın
müstəqilliyini qorumaq, ərazi bütövlüyünü
saxlamaq üçün hamı bütün başqa fikirləri
kənara qoyub birləşməli, bir hədəfə
vurmalı, bir məqsədə xidmət etməlidir".
Burada müasir mərhələdə
Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinə
verdiyi məzmunun təməl şərtləri əks olunub. Bunlar
bütövlükdə azərbaycançılıq
ideologiyasının müddəalarıdır. Azərbaycançılıq başqa məsələlərlə
yanaşı, həmrəylik konsepsiyasının da əsas
ideya mənbəyidir. Bunlardan
çıxış edərək yuxarıda vurğulanan məqamları
aşağıdakı kimi qruplaşdırmaq olar.
Birincisi, azərbaycanlıların
həmrəylik məsələsi Azərbaycan
Respublikasının siyasi-coğrafi sərhədlərini
aşır. Buraya dünyanın bütün regionlarında
yaşayan azərbaycanlılar daxildir. Yəni
azərbaycanlıların vahid millət kimi birliyi və bərabərliyi
məsələsi qoyulub. Bu o deməkdir
ki, Azərbaycan xalqının və dövlətinin gələcəyi
ilə bağlı məsuliyyəti harada yaşamasından
asılı olmayaraq bütün azərbaycanlılar
daşıyırlar. Bu prinsipin strateji mənası
böyükdür. Çünki tarixdə
ilk dəfə olaraq müstəqil dövlət məsələsi
həmrəylik kontekstində bu cür lakonik və dəqiq
şəkildə qoyulub.
Azərbaycanın müstəqilliyi
birbaşa millətin birliyinin təmini ilə
bağlıdır. Onu deyək ki, həmin məqam Avropa milli
dövlətçiliyinin inkişafında mühüm rol
oynayıb. Məsələn, Yurgen Habermas
millətin formalaşmasında onun hər bir
üzvünün digərini yaxından hiss etməsinin həlledici
rol oynadığını vurğulayıb. Azərbaycanda Heydər Əliyev həmrəylik məsələsini
məhz bu aspektdə aktuallaşdırıb. Bu, həm də yeni tarixi şəraitdə milli həmrəyliyə
nail olmanın yeni üsulu kimi dərk edilməlidir. Çünki əvvəlcə Çar Rusiyası,
sonra isə SSRİ dönəmlərində ayrıca millətin
həmrəyliyi, yaxud birliyi məsələsi qətiyyən
qoyulmurdu. Bu da məntiqi olaraq eyni etnosa mənsub
olanlar arasında dəyişən tarixi şəraitdə
kollektivçiliyin əsaslanacağı mexanizmlərə
kölgə salmışdı. Dünya azərbaycanlılarının
həmrəyliyi gününün təsis edilməsi bu
baxımdan milli birlik məsələsini Ulu Öndərin
uğurlu model əsasında rituallaşdırması
anlamına gəlir. Deməli, həmin
tarix adi yaddaş deyil, tarixin indiki mərhələsində azərbaycanlıların
vahid orqanizmdə birləşməsi fəlsəfəsinin
başlıca prinsipidir.
İkincisi, həmrəylik
Azərbaycan cəmiyyətində fikir müxtəlifliyinin təmin
edilməsinə qətiyyən zərər verməməlidir. Plüralizm,
demokratik düşüncə hüququ tam məzmunu ilə
saxlanmalıdır. Ayrı-ayrı qruplar,
yaxud partiyalar ölkənin siyasi gələcəyi ilə
bağlı öz fikirlərini müstəqil şəkildə
ifadə edə bilərlər. Bu o deməkdir
ki, həmrəylik müasir tarixi mərhələdə vətəndaş
cəmiyyəti və demokratik dövlət quruculuğu
kontekstində gündəmə gətirilir. Ulu Öndər bunun Azərbaycan üçün
optimal modelini verir. Belə ki, həmrəylik
azərbaycanlıların milli-mədəni dəyərlərə
sahib çıxmasında, yaşadıqları ölkədə
cəmiyyətə aktiv inteqrasiya olmaqda və müstəqil
dövləti qorumaqda özünü göstərməlidir.
Bu zaman müxtəlif qrupların mövqeləri
arasında fərqlərin olması normal
qarşılanmalı və həmrəylik fərqliliklərin
vəhdəti kimi formalaşmalıdır. Bu, kifayət qədər orqanik bir formuldur.
Onun ideoloji və mədəni
aspektdə digər əhəmiyyətli çaları cəmiyyətdə
multikultural mühitin formalaşmasında həmrəyliyin
aparıcı rolunun etirafı ilə bağlıdır. İndi
dünya qəbul edir ki, Azərbaycanda multikulturalizmin gözəl
bir nümunəsi mövcuddur. Əgər
Ulu Öndərin ideoloji konsepti, o cümlədən həmrəylik
haqqında ideyası olmasaydı, hazırda multikulturalizm sahəsində
əldə edilmiş bu uğurlar mümkün olmazdı.
Həmrəylik multikultural düşüncə
tərzini vahid məcraya yönəldən, onu bir strateji məqsəd
ətrafında birləşdirən fenomen rolunu oynayır.
Fərqli mədəni, yaxud dini mənsubluq
bütövlükdə cəmiyyətin müsbət birlik
enerjisini stimullaşdırır, toplumun orqanik birlik halına gəlməsinə
təkan verir.
Maraqlıdır ki, Heydər
Əliyev bu yanaşmanı bütövlükdə dünya
miqyasında yaşayan azərbaycanlıların
hamısına aid etməyin çox səmərəli
formulunu da ifadə edib. Bu, azərbaycanlıların öz milli dəyərlərini
saxlamaqla yanaşı, hansı ölkədə
yaşayırlarsa, onun cəmiyyətinə mütləq
inteqrasiya olunması şərtini qoymasında ifadə olunub.
Yəni azərbaycanlı həm milli-mənəvi
əxlaqi keyfiyyətlərini qoruyub saxlamalı, həm də
dünya mədəniyyətinə açıq
qalmalıdır – o, daim öz üzərində işləməli,
yeniləşməli, müasirləşməlidir. Bu aspektdə müasirliyin həmrəyliklə əlaqələndirilməsi
tarixi baxımdan çox önəmlidir. Şübhəsiz
ki, Azərbaycan alimləri məsələnin bu tərəfinin
nəzəri və siyasi-ideoloji aspektlərini dərindən
araşdırmalıdırlar.
Üçüncüsü,
dünya azərbaycanlılarının həmrəyliyi
müstəqil dövlətin qorunması və ərazi
bütövlüyünün saxlanması aspektlərində
real məzmun kəsb etməlidir. Bu, həmrəyliyin
"bir hədəfi və bir məqsədidir". Bununla müstəqil dövlətin qorunması
hansı ölkədə yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlının müqəddəs
borcu kimi başa düşülməlidir. Belə bir yanaşma müasir tarixi mərhələdə
"siyasi millət" anlayışının Azərbaycan
üçün gözəl bir modelinin ortaya qoyulması deməkdir.
Daha aydın olması
üçün bir müqayisə aparaq. Ermənistanda
həmrəylik müharibəyə hazır olmaq və zəbt
edilmiş başqa dövlətin ərazisini işğalda
saxlamaq kontekstində təqdim edilir. Burada
qondarma soyqırımı ideyasını beyinlərə
yeritmək və bu əsasda başqa millətə nifrət bəsləmək
də xüsusi yer tutur. Açıq deyilməlidir
ki, bu kimi təsəvvürlərə əsaslanan həmrəylik
real birlik deyil, daha çox başqasının
varlığına təhlükə olmaqdır. Təbii ki, bu, XXI əsrin tələbləri
kontekstində tam gələcəyi olmayan bir yanaşmadır.
Diqqət edək, Ulu Öndər
isə həmrəyliyə dövlətin qorunması və ərazi
bütövlüyünün saxlanması kontekstində önəm
verir. Burada siyasi, sosial, hərbi, təhlükəsizlik
aspektləri ilə yanaşı, mədəni element də
mühüm rol oynamalıdır. Çünki
müasir dövr mədəniyyətlərin yarış mərhələsidir,
insan faktorunun inkişaf etdirilməsi zamanıdır. Dövlətin qorunması başqa amillərlə
yanaşı, mədəniyyətin qorunması, inkişaf
etdirilməsi və dünyada təbliğ edilməsi ilə
sıx başlıdır. Məhz bu səbəbdəndir
ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra
Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği
üçün sistemli şəkildə proqramlar
hazırlanıb həyata keçirilir. Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu bu istiqamətdə əvəzedilməz xidmətlər
göstərir. Fondun Avropa ölkələri
də daxil olmaqla müxtəlif ölkələrdə həyata
keçirdiyi layihələr birbaşa Azərbaycan mədəniyyətinin
ruhunu dünya xalqlarına anladır ki, bununla da müstəqil
Azərbaycan dövlətinin əsl mahiyyətini bəşəriyyət
dərk etmiş olur. Şübhəsiz,
vurğulanan məqamın müasir dövrün tələbləri
kontekstində rolu ayrıcadır.
Ərazi
bütövlüyünün qorunması məsələsi də
bu bağlılıqda həmrəylik üçün
prinsipial məna kəsb edir. Məsələ ondan
ibarətdir ki, hər hansı cəmiyyət özünün
siyasi-mənəvi tamlığını təmin edə
bilmirsə, o, qloballaşmanın inteqrasiya dalğası
altında qalır – öz milli özünəməxsusluğunu
itirir. Bu səbəbdən cəmiyyət qlobal miqyasda
sivilizasiyaların və mədəniyyətlərin dialoqunda bərabərhüquqlu
tərəf ola bilmir. Onda nə
dövlətin, nə də xalqın suverenliyindən
danışmaq mümkün deyildir. Deməli,
Heydər Əliyevin modelində həmrəylik birbaşa
suverenliyin təmin edilməsi ilə sıx
bağlıdır. Bunu postsovet məkanı
üçün ideya yeniliyi kimi qəbul etmək
lazımdır. Çünki hələlik
başqa bir keçmiş sovet respublikası sırasında həmrəyliyi
bu məzmunda ortaya çıxaran qüvvə yoxdur.
Diaspor quruculuğu:
dörd qurultay və azərbaycanlılar qarşısında
duran əsas vəzifələr
Dünya azərbaycanlılarının
həmrəyliyinin yuxarıda vurğulanan aspektlərdə dərk
edilməsi diaspor məsələsini aktuallaşdırır. Aydın
görünür ki, həmrəylik ideyasının
reallaşması üçün dünyanın bütün
guşələrində yaşayan azərbaycanlıların
vahid təşkilati strukturda birləşməsi şərtdir.
Bu səbəbdəndir ki, Ulu Öndər Azərbaycan
diaspor təşkilatlarının yaradılması və
onların səmərəli fəaliyyətinə
böyük önəm verirdi. Prezident
İlham Əliyev həmin xətti hazırda uğurla
inkişaf etdirir. Həyata keçirilən
tədbirlərin məzmunundan bu məqamları dolğun surətdə
görmək mümkündür.
İndiyə qədər
dünya azərbaycanlılarının dörd qurultayı
keçirilib.
Birinci qurultay 2001-ci il noyabrın 9-10-da
Bakıda təşkil edilib. Bu, Heydər Əliyevin 2001-ci il may ayının 23-də verdiyi xüsusi sərəncam
əsasında baş tutub. Bu, çox uğurlu
bir başlanğıc olmaqla bir neçə istiqamətdə
fəaliyyət göstərmək üçün meydan
açdı. O cümlədən dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi
üçün baza formalaşdırdı. Bunun
nə qədər əhəmiyyətli olduğu hamıya məlumdur.
Çünki həmrəylik üçün
bütün azərbaycanlıların vahid amal ətrafında
birləşməsi ilkin şərtdir. Bunun
yolu isə müstəqil dövlətimiz olan Azərbaycan
Respublikası ilə əlaqələrin daha da möhkəmləndirilməsindən
keçir. Mütəxəssislər xüsusi
vurğulayırlar ki, həmin faktordan məntiqi nəticə
kimi qurultayın imkan verdiyi digər bir proses – dünya azərbaycanlıları
arasında birliyin, həmrəyliyin təmin olunması
alındı. O cümlədən Azərbaycan
icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsi
üçün geniş imkanlar ortaya
çıxarıldı ki, bu da tarixi rakursda ayrıca əhəmiyyət
daşıyır. Bütün bunlar milli
idealların, azərbaycançılıq ideyalarının
gerçəkləşməsi yolunda mühüm
addımların atılması fonunda baş verirdi.
Birinci qurultayın yadda qalan ən
vacib məqamı Ulu Öndər Heydər Əliyevin proqram
xarakterli nitqi oldu. Heydər Əliyev nitqində dünya azərbaycanlıları
arasında milli birliyin və həmrəyliyin təmin edilməsinə
xüsusi yer vermişdi. Ümummilli Lider Azərbaycan
dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin
möhkəmləndirilməsini qabarıq şəkildə
qurultay iştirakçılarının diqqətinə
çatdırmış, bunlarla yanaşı, Azərbaycan
dilinin və milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması, inkişaf etdirilməsi zərurətini də
məntiqi sübutlarla ifadə etmiş, bütün
bunların həyata keçirilməsi üçün isə
səylərin birləşdirilməsinin lazım gəldiyini əsaslandırmışdı.
Həmin qurultayda
qarşıya qoyulan vəzifələrin səmərəli
reallaşması zərurəti bir qədər sonra Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla
İş üzrə Dövlət Komitəsi)
yaradılmasına zəmin formalaşdırdı. Bununla Azərbaycanın
diaspor siyasəti sistemli və davamlı forma aldı.
İkinci qurultay Prezident İlham
Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı
ilə 2006-cı il martın 16-da Bakı şəhərində
keçirildi. Həmin tədbir diaspor quruculuğu işinə
və milli həmrəyliyimizin möhkəmlənməsinə
yeni təkan verdi. Qurultayda Azərbaycan
diasporunun hazırkı vəziyyətinin ciddi təhlili əsasında
bu sahədə çalışan təşkilatların fəaliyyətinin
əlaqələndirilməsinin vacibliyi əsaslandırıldı.
İnformasiya sahəsində fəaliyyətin
gücləndirilməsi, başqa xalqların diaspor təşkilatları
ilə əlaqələrin genişləndirilməsi məsələləri
xüsusilə önə çəkildi.
2008-ci ildə Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının qəbul etdiyi
"Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyası" diasporun fəaliyyət istiqamətlərini müəyyən
edən konseptual sənəddir. Sənəddə Heydər
Əliyevin müəyyənləşdirdiyi kurs əsasında
diasporun üzərinə düşən vəzifələr
öz əksini tapıb. Burada Azərbaycan
xalqının özünüdərk prosesi, milli-mənəvi
dəyərləri və müasir inkişaf səviyyəsi təhlil
edilib. Bundan başqa,
soydaşlarımızın yaşadıqları ölkələrin
cəmiyyətlərinə inteqrasiyası perspektivləri
analiz olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Dünya Azərbaycanlılarının
üçüncü qurultayı 2011-ci il
iyul ayının 5-6-da Bakı şəhərində təşkil
edildi. Qurultayda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının fəaliyyətinin
yenidən təşkili qərara alındı. Qurultay Şuranın fəaliyyətini davam etdirmək
barədə qərar qəbul etdi.
Nəhayət, 2016-cı ilin
iyun ayında keçirilən dünya azərbaycanlılarının
dördüncü qurultayı azərbaycanlıların vahid və
monolit qüvvə kimi təşkilatlanması prosesinin
respublikanın xarici siyasətində prioritet istiqamətlərdən
birinə çevrildiyini təsdiqlədi. Prezident
İlham Əliyev tədbirdəki
çıxışında müasir dünyanın informasiya
məkanına çıxmaq kimi yeni strateji xətti müəyyənləşdirdi.
Prezidentin
müraciəti: yeni zirvələrə doğru
Dünya azərbaycanlılarının
yuxarıda vurğulanan dörd qurultayında müzakirə
olunan məsələlərin məzmunu və alınan qərarlar
göstərir ki, keçən müddətdə həmrəyliyin
təmin edilməsi sistemli və məqsədyönlü
şəkildə aparılıb. Görülən
işlərin ümumi məzmunu haqqında Prezident İlham
Əliyev dünya azərbaycanlılarına etdiyi müraciətdə
dolğun fikirlər ifadə edib və dövlətin xaricdə
yaşayan soydaşlarımızın taleyinə diqqətlə
yanaşdığını bir daha vurğulayıb.
Prezident İlham Əliyev
dünyanın hansı ölkəsində yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlının
dövlətimizin və xalqımızın problemləri ilə
yaşamalı olduğunu xüsusi vurğulayıb. Prezident
problemlərin həlli üçün azərbaycanlıların
əlindən gələni etməli olduğunu ayrıca qeyd
edib. Bu fikirlərə keçilən yolun
zirvəsindən baxdıqda, yeni vəzifələr təsiri
bağışlayır. Artıq cəmiyyətimiz
dövlət quruculuğu prosesində yeni səviyyədə
aktivlik göstərməlidir. Bunu
müasir dövrün qoyduğu şərtlər, meydana
çıxardığı çağırışlar tələb
edir. Əgər birinci qurultayda ümumi vəzifələr
müəyyənləşdirilib diaspor fəaliyyətinin təşkilatlanması
və sistemli şəkildə aparılması qərara
alındısa, ikinci və üçüncü qurultaylar
dünya azərbaycanlıları qarşısında daha
konkret problemlərin həlli vəzifəsini qoydu. Onların sırasında informasiya sahəsindəki
fəaliyyəti daha məqsədyönlü və konkret
istiqamətli məcraya yönəltmək vəzifəsi də
vardı. Dördüncü qurultay isə
həmrəyliyin yeni konseptual səviyyədə təmini məsələsini
gündəmə gətirdi. İndi
yüksək təşkilati fəaliyyətlə həmrəyliyin
gücləndirilməsini paralel aparmaq, ölkənin geosiyasi
inkişafı üçün daha mütəşəkkil
çalışmaq gərəkdir. Bunun əsas
müddəaları ölkə başçısının
dördüncü qurultaydakı nitqində ifadə olunub.
Mütəxəssislər onu müasir geosiyasi
şəraitdə Azərbaycan diasporunun məqsəd və vəzifələrini
müəyyənləşdirən fəaliyyət proqramı
kimi xarakterizə edirlər. Dövlət
başçısı ayrıca qeyd edib ki, "Azərbaycanda
15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə
gətirib çıxardı".
Onun əsas əlamətləri
müasir geosiyasi trendlərin yaratdığı mənzərənin
özəllikləri ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan
diasporu ilə qurulan iş və əlaqələr, onun fəaliyyətinin
məzmunu daha yüksək səviyyəyə
qaldırılmalıdır. Bu sırada Azərbaycan
dövlətinin maraqlarının lobbiləşdirilməsi
çox mühüm vəzifələrdən biri kimi dərk
edilməlidir. Burada informasiya
savaşında daha fəal olmaqdan başlamış, diaspor təşkilatlarının
koordinasiyalı hərəkət etməsi və başqa
xalqların analoji təşkilatları ilə əməkdaşlığı
gücləndirməsinə qədər geniş spektrli
faktorlar yer alır.
Dövlət
başçısı yeni geosiyasi trendlər fonunda diaspor təşkilatları,
dövlət orqanları və ictimai qurumların daha sıx
koordinasiyası zərurətini xüsusi vurğulayıb. O cümlədən Azərbaycan
səfirlikləri göstərilən istiqamətdə fəaliyyətlərini
gücləndirməlidirlər. Bunlar ona görə
lazımdır ki, "...dünyada yaşayan azərbaycanlılar
öz tarixi Vətənləri ilə əlaqələri
heç vaxt kəsməsinlər... Azərbaycan
ilə bağlı olsunlar".
Hazırda dünyada 50 milyona
yaxın azərbaycanlının yaşadığını nəzərə
alsaq, cənab Prezidentin Azərbaycan dövlətçiliyi
üçün böyük məqsədləri
qarşıya qoyduğunu anlamış olarıq. Çünki
bu əhalinin 10 milyonu müstəqil Azərbaycan
Respublikasının indiki sərhədləri daxilində
yaşayır. 40 milyon soydaşımızın
Azərbaycanın müstəqil və demokratik dövləti
üçün çalışması, onların vahid
orqanizmdə birləşməsi təbii ki, strateji əhəmiyyətli
hadisədir. Hazırkı mərhələdə
diaspor, dövlət orqanları və ictimai təşkilatların
birliyi sayəsində həmin müqəddəs vəzifənin
öhdəsindən gələ bilərik. Deməli, növbəti hədəf Azərbaycan
dövlətinin qüdrətini onun insanlarının təmsilçiliyi
ilə dünyanın hər guşəsində hiss etdirmək
olmalıdır. Dövlət
başçısının bütövlükdə Azərbaycan
cəmiyyəti və xalqı qarşısında qoyduğu
bu yüksək amala mütləq çatmaq lazımdır.
Yuxarıda vurğulanan
özəlliklər kontekstində ölkə rəhbəri
informasiya sahəsində fəaliyyəti məzmunca yeni səviyyəyə
qaldırmaq barədə çox əhəmiyyətli fikirlər
ifadə edib.
Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq üçün çox işlər
görməyin lazım olduğunu deyib. Prezident dünya
azərbaycanlılarının dördüncü
qurultayında bildirib: "Biz dövlət olaraq bunu etməyə
çalışırıq. Ancaq diaspor təşkilatlarından
da çox şey asılıdır. Xüsusilə biz
bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı informasiya təminatında
görürük... Erməni diasporu uzun illərdir
ki, dünyada bizə qarşı çox çirkin kampaniya
aparır".
Bu zaman rəqiblərin əsas
məqsədi Azərbaycana qara yaxmaq, onun antidemokratik imicini
yaratmaqdan ibarətdir. Məhz həmin tendensiyaya qarşı
tutarlı və daha səmərəli informasiya fəaliyyəti
qurulmalıdır. Bu, hazırda diaspor təşkilatları
qarşısında duran əsas vəzifələrdən biri
olmalıdır. Cənab Prezident bu kimi məqsədlərə
çatmaq üçün lazım olan addımlardan biri kimi
diaspor təşkilatlarının birləşməsini qeyd
edib. İndi 462 diaspor təşkilatları
vardır. Onların koordinasiyalı fəaliyyəti
təbii ki, çətinliklərlə müşayiət
olunacaq. Buna görə də diaspor daxilində
inteqrasiya prosesinə böyük ehtiyac vardır.
Beləliklə, dövlət
başçısı İlham Əliyev dünya azərbaycanlılarının
dördüncü qurultayında diaspor, dövlət
orqanları və ictimai təşkilatlar qarşısında
strateji vəzifələr qoyub. Prezident müstəqillik
illərində Azərbaycanın əldə etdiyi nailiyyətlərin
bundan sonra da davam etməsi üçün bunun böyük əhəmiyyətinin
olduğunu diqqətə çatdırıb. Bu kimi
böyük məqsədlərə nail olmağın yolu isə
hər bir azərbaycanlının məsuliyyətli olması
və üzərinə düşən vəzifənin
öhdəsindən vətənpərvərcəsinə gəlməsidir.
Vurğulanan kontekstdə Prezident
İlham Əliyevin aşağıdakı fikirləri
birbaşa qarşıya qoyulan vəzifələrin
anatomiyasını təşkil edir. Ölkə başçısı
ifadə edib: "Hazırda Azərbaycan Respublikası öz
inkişafının çox məsuliyyətli bir
dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin
çiçəklənməsi, qüdrətinin
artırılması və suverenliyinin möhkəmləndirilməsi
məqsədilə qarşımıza böyük vəzifələr
qoymuşuq. Həmin vəzifələrin həlli
üçün bütün həmvətənlərimiz, o
cümlədən xaricdə yaşayan soydaşlarımız
sıx birləşməli, harada yaşamalarından
asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə
qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı
əməllərinə qarşı prinsipial mübarizə
aparmalıdırlar".
Şübhə yoxdur ki, bu
fikirlər dünya azərbaycanlılarının həm
birliyinin, həm də aktiv fəaliyyətinin yeni səviyyəyə
yüksəldilməsinin əsas prinsipləri kimi qəbul
edilməlidir.
Dövlət başçısı
dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə
müasir dövrün çağırışları
bağlılığında yeni məzmun çaları verməklə
müstəqil dövlətçiliyin strateji məqsədlərini
bir daha bəyan etmiş oldu. Hər bir Azərbaycan vətəndaşı
Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə
doğru inamla addımlayacağına tam əmindir! Bizi həmrəylik
yeni-yeni qələbələrə aparacaq!
Novruz Məmmədov,
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası
rəhbərinin müavini, Xarici əlaqələr
şöbəsinin müdiri
Azərbaycan.- 2016.-
31 dekabr.- S.4.