O, səmanı
çox sevirdi
Vətən sənə
oğul deyir
“Ben dahil
tüm devrenin sevgisini kazanan Urfan. Seni hep sevdik və seveceyik..! Dostum, sen okuyarak bitirmədigim
bir kitap, Harp Okulu ise defter oldu bana... Azeri Hava Kuvvetleri senin gibi bir
subaya sahip olduğu için çox şanslı”...
Bu sözlər Hərbi
Hava Qüvvələrinin
pilotu, şəhid
mayor Urfan Vəlizadə
haqqında illər öncə onunla birlikdə Türkiyə Hava Hərb Okulunu bitirən qardaş ölkənin pilotları tərəfindən
deyilib. Onlar gənc təyyarəçini
yüksək insani keyfiyyətlərinə, vətənpərvərliyinə
və bacarıqlı
pilot olmasına görə
çox sevirdilər və onu Bakı
qartalı adlandırırdılar...
Urfanla çiyin-çiyinə xidmət
edən azərbaycanlı
hərbçi dostları,
döyüş yoldaşları
ilə də söhbət edərkən
oxşar fikirləri eşitdik. Hamı onun şücaətindən,
necə sərrast
pilot olmasından danışırdı.
Sadəcə bu dəfə
onun haqqında deyilənlərə 20 illik
təyyarəçilik təcrübəsi,
saysız-hesabsız məharətli
uçuşlar, nümunəvi
zabit ömrü və bir də
sonuncu döyüşdəki
igidliyi əlavə olunmuşdu.
Bu ilin aprel ayında təmas xəttində baş verən dördgünlük müharibə
təkcə ordumuzun döyüş hazırlığının
yüksəkliyini göstərmədi,
həm də igid Azərbaycan oğullarını növbəti
dəfə öz həmvətənlərinə tanıtdı. Hərbçilərimizin ayrı-ayrılıqda kimliyinin,
bir daha nəyə qadir olduğunun şahidi olduq, onları sanki yenidən tanıdıq. Bu gün haqqında danışdığımız Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, şəhid mayor Urfan Vəlizadəni də bizə tanıtdıran məhz aprel zəfəri oldu.
Urfan Vəlizadə
1978-ci il noyabrın 1-də Bakıda
dünyaya gəlib. Orta təhsilini Nizami rayonu 210 saylı məktəbdə alıb.
Sonra Türk Hava Hərb Okuluna (Kuleli Askeri Lisesi 1845) daxil olub 5 il orada təhsil aldıqdan sonra peşəkar pilot kimi Vətənə dönüb. Hələ orta məktəb
illərində həkim
olmaq istəsə də, getdikcə fikrini dəyişir.
Azərbaycan torpaqlarının düşmən tapdağına
düşməsi və
bunun xiffəti ona taleyini ömürlük
hərb sənəti ilə bağlamasına təkan verir. O sənətə ki, sonradan Urfan onu sevəcək, həmişə işi ilə fəxr duyacaq və Tanrıya şükür
edəcək ki, hərbçidir, Vətəninə
zabit kimi xidmət edir. Bu barədə xatirə dəftərində deyilir:
“Gərək Qarabağ
problemini həll edək. Bu dərdi
gələcək nəsillərə
buraxmayaq”.
“Pilotun yaddaş kitabçası”nı o yazıb
Odur ki, Urfan hərb sənətini incəliyinə qədər öyrənir. Başa düşür ki, məqsədə çatmaq üçün bilikli, bacarıqlı və işinin peşəkarı olmalıdır. Qardaş Türkiyədə yüksək göstəricilərlə (aldığı mükafatlardan da bunu görmək mümkündür) təhsilini bitirib Vətənə döndükdən sonra nümunəvi xidməti ilə fərqlənməyi bacarır, təyyarəçiliyin sirlərini dərindən mənimsəyərək mayor hərbi rütbəsinə qədər yüksəlir. Həyat yoldaşı Könül Vəlizadənin dediyinə görə, xidmət etdiyi hərbi hissədə “Pilotun yaddaş kitabçası”nı Urfan tərtib edibmiş. O, pilot üçün nəyin lazım olduğunu çox dəqiq bilirdi. Xidmətinin ilk illərində Hərbi Hava Qüvvələrinin Kürdəmir, sonra isə Qala hərbi hissəsində qulluq edib. Bir neçə il Azərbaycan göylərində qırıcı idarə etməklə öz məharətini göstərib. Riskli uçuşları ilə çoxlarını heyrətləndirməyi bacarıb.
Urfan Vəlizadənin ailə üzvləri ilə görüş zamanı onu həm zabit, həm də ailə başçısı kimi daha yaxından tanımaq imkanı qazandıq. Könül Vəlizadə ömür-gün yoldaşı, onun igidliyi ilə fəxr etdiyini, amma itkisi ilə barışa bilmədiyini deyir. O, inana bilmir ki, 10 il əvvəl taleyini bağladığı insan indi onu tərk edib: “Urfanla orta məktəbi bir bitirmişik. Hər birimiz həkim olmaq istəyirdik. Ancaq tale elə gətirdi ki, o, hərb, mən isə humanitar sahə üzrə təhsil aldım. Nədənsə Urfanın hərbçi, xüsusilə pilot olmasından çox qorxurdum. Düşünürdüm ki, ailə həyatımız çətin olar, övladlarına vaxt ayıra bilməz. Bəzən ürəyimin dərinliyində - onu itirə bilərəm - deyə, qorxunc hisslər də keçirirdim. Ancaq Urfan çox keçmədən diqqət və qayğısı ilə bu düşüncələri yox etdi. Nümunəvi xidməti ilə sübut etdi ki, insan üçün çətin iş yoxdur. Hətta mənə də hərb sənətini sevdirməyi bacardı. Onunla hər zaman fəxr etmişəm, indi də fəxr edirəm. Öz işini necə sevirdisə, ailəsini, uşaqlarını da elə sevirdi. Həmişə bizə vaxt ayırar, övladlarından nəzərini çəkməzdi. Ancaq bizi tərk edəcəyini heç deməmişdi...”
“Uşaqlarıma ataları haqqında çox danışacam”
Könül xanım Urfanla bağlı xatirələrini bölüşdükcə kövrəlir, qəhərlənir, amma yenə də onun haqqında çox danışmaq istəyir. Deyir Urfan haqqında nə qədər danışsam, yorulmuram: “Uşaqlarım böyüsün, onlara ataları haqqında çox danışacam, lap çox. Qoy bilsinlər ki, necə ataları olub”.
Urfanla Könül 2005-ci ildə el adəti ilə nişanlananda rəhbərliyin məsləhəti ilə Urfan qırıcıdan düşüb helikopterdə pilot olur. Bu, Könül üçün göydəndüşmə idi. Təbii ki, bir xanım üçün qırıcı təyyarədən helikopter daha təhlükəsiz görünə bilərdi. Ağsaqqalların xeyir-duası ilə 2006-cı il iyulun 6-da çütlüyə toy çalınır. Bütün qohum-əqrəba, dost-tanış qol açıb oynayır, bu xeyir işə alqış deyirlər. Həmin günün bir özəlliyi də bəy-gəlin taxtına çıxan Könül xanımın doğum gününün olması idi. Yəqin gənclərin istəyinə uyğun tarixi belə seçmişdilər. Toy gününün səhərisi Hərbi Hava Quvvələrində çalışan hərbi qulluqçuların əməkhaqlarının artırılmasını isə Urfan sevinərək yenicə ailə qurduğu xanımın “ayağının düşərli” olması ilə bağlamışdı.
Çox keçmir ailədə uşaq səsi eşidilir. İndi Urfanın iki qız övladı var: Zəhra və Betül. Zəhranın 8, Betülün isə 1 yaşı var. Uşaqların hər ikisi mart ayında dünyaya göz açıb. Urfanın istəyi ilə sonuncu dəfə qızlarının ikisinin də doğum gününü eyni vaxtda - martın 23-də qeyd ediblər. Axırıncı dəfə ailəsi ilə mart ayının 30-da birlikdə olub.
Urfan Könüllə sonuncu dəfə telefonla aprelin 2-də danışıb. Hər işin yaxşı olacağını, tezliklə qayıdacağını deyib. Həmin gün təmas xəttində başlayan qızğın döyüşdə Urfan ona təhkim olunan Mi-24 helikopterini idarə edirdi. O, düşmənə əks hücum zamanı özünün də sevdiyi bu helikopterlə erməni istinadgahlarına zərbə endirdi və döyüş yoldaşları ilə birlikdə həlak oldu. Cəbhə dostlarının dediyinə görə, hücuma hazırlaşanda Urfan zarafatla helikopterə minən yoldaşlarına “hər kəs öz yerində otursun, sonra tabutumuz səhv düşər, yaxınlarımız da bizi səhv ağlayarlar” - deyib. Əslində, bunun döyüş şəraitinə uyğun, reallıqdan doğan bir “zarafat” olması aydın görünür.
Bəli, şəhidlik hər
insanın taleyinə yazılmır. Bu ad da seçilmişlərə nəsib
olur. Urfan bu il aprelin
6-da 20 illik nümunəvi
xidmət ilə təqaüdə çıxacaqdı.
Artıq
bunun üçün
sənədləri də
hazırlanmışdı. Amma yenə tələsmədi.
Sən demə, böyük Yaradan vaxtı, vədəni aprelin 6-na yox, 2-nə yazıbmış... II Fəxri xiyabanda dəfn olunan şəhid pilotumuz igidliyinə görə ölümündən sonra
ölkə başçısının
sərəncamı ilə
“Azərbaycan Bayrağı”
ordeninə layiq görülüb.
Şəhidimiz haqqında yazıya təsadüfən qardaş ölkənin zabitlərinin onun haqqında dediyi sözlərlə başlamadıq. Onlar Urfanın düşmən gülləsinə tuş gəlməsinə və həyatını itirməsinə heç cür inana bilmirdilər. Deyirdilər ki, Urfan istənilən döyüş şəraitindən çıxış yolunu tapmağı bacaran zabit idi. Türkiyəli pilotlar birlikdə oxuduqları 5 il ərzində onu belə tanımışdılar. Onlar sağlığında olduğu kimi, ölümündən sonra da Urfana və onun ailəsinə böyük ehtiram göstərirlər. Könül xanımın dediyinə görə, dəfndə iştirakdan əlavə, bir neçə türkiyəli zabit - Urfanın tələbə yoldaşları onun evinə gəlib ailəsinə baş çəkiblər, şəhid qardaşlarına hazırladıqları barelyefi ailəsinə təqdim ediblər. Bir ay öncə Könül Vəlizadə Urfanın Türkiyədə oxuduğu məktəbə baş çəkərkən də qardaş ölkənin onu tanıyan hər bir vətəndaşından çox böyük diqqət görüb, yüksək sayğı ilə qarşılanıb.
Urfanın həyat yoldaşı şəkər xəstəsidir. Bu gün iki azyaşlı övladının qayğısı da onun üzərindədir. Amma Urfan ona demişdi ki, başına bir iş gəlsə, dövlət ona sahib çıxacaq. Əslində də belədir: şəhidimizin ailəsi dövlətin qayğısından, xüsusilə ölkə başçısının və Mehriban xanım Əliyevanın şəhidlərə, onların ailələrinə göstərdiyi diqqətdən çox razıdır. O, bizimlə söhbətində dedi ki, bu gün Azərbaycanda yeni vətənpərvər nəsil yetişir. Sadə insanlar arasında da şəhidlərə, onların yaxınlarına diqqət artıb: “İstərdim ki, bu, tam kütləvi olsun. Hamı şəhidləri tanısın, onlara hörmət etsin. Çünki şəhidlər bizim hamımızın vətəni olan Azərbaycan uğrunda özlərini fəda ediblər”.
Elnur HADIYEV,
Azərbaycan.-
2016.- 29 dekabr.- S. 7.