Dünya şöhrətli alim, akademik Cəlal
Əliyev son mənzilə yola
salındı
Fevralın
1-də dünya şöhrətli alim, ictimai-siyasi xadim,
ölkəmizdə biologiya və aqrar elminin görkəmli
nümayəndəsi, əməkdar elm xadimi, Azərbaycanın
ali dövlət mükafatlarına - “İstiqlal” və “Şərəf”
ordenlərinə, Azərbaycan Prezidentinin “Fəxri diplomu”na
layiq görülmüş akademik Cəlal Əliyev ilə
vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun AMEA-nın binasının matəmsayağı bəzədilmiş salonunda postament üzərindəki tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin
matəm musiqisi səslənirdi.
Akademik Cəlal
Əliyevin həmkarları,
dostları, tanışları,
tanınmış elm və
mədəniyyət xadimləri
axın-axın akademiyanın
binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış
bioloq alim Cəlal Əliyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda
biologiya elminin inkişafına verdiyi töhfələrdən danışdı. Bildirdi ki,
alim bu sahədə
elmi məktəb yaradıb, bütün mənalı ömrünü
biologiya elminin inkişafına həsr edib. Akademik Cəlal Əliyevin
simasında Azərbaycan
elmi böyük bioloq alimi itirib.
AMEA-nın rəhbəri
qeyd etdi ki, görkəmli alimin elmi fəaliyyətinin
65 ilindən çoxu
kənd təsərrüfatı
bitkilərinin, əsasən
buğdanın fotosintetik
məhsuldarlığının nəzəri əsaslarının
öyrənilməsinə həsr
olunub. Onun fotosintezin tədqiqi
sahəsində yaratdığı
məktəbin əldə
etdiyi misilsiz nailiyyətlər, qazanılan
uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək
dəyərləndirilib.
Bildirildi ki, görkəmli alimin əldə etdiyi bir sıra
elmi nəticələr
dünyanın bir çox ölkələrində
uğurla tətbiq olunur. Akademik C.Əliyevin bu
istiqamətdə apardığı
tədqiqatlar ona dünyada böyük nüfuz qazandırmışdı.
Onun rəhbərliyi altında
aparılan molekulyar tədqiqatlar əsasında
buğdanın genom kitabxanası yaradılıb,
sintez olunan plazmidlərin köməyi
ilə genlərin köçürülməsi nəticəsində
davamlılıq geni daşıyan bitki regenerantları alınıb.
Bunun əsasında
gen mühəndisliyindən istifadə edilməklə
kənd təsərrüfatı
bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.
AMEA-nın rəhbəri
vurğuladı ki,
600-dən çox məqalənin
müəllifi olan Cəlal Əliyevin elmi işləri dünyanın nüfuzlu impakt faktorlu jurnallarında yer alıb. Onun rəhbərliyi ilə
80-dən çox elmlər
namizədi, 10-dan çox
elmlər doktoru hazırlanıb. Biologiya elmində
böyük bir məktəb yaradan alimin molekulyar biologiya, fotosintez, fototənəffüs və
digər istiqamətləri
əhatə edən araşdırmaları daim
xarici mütəxəssislər
tərəfindən yüksək
qiymətləndirilib. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə müxtəlif nüfuzlu elmi təşkilatlarda fəaliyyətlərini
uğurla davam etdirirlər. Dünya şöhrətli
alim, təvazökar və səmimi insan C.Əliyevin zəngin elmi irsi daim yaşayacaq,
xalqımıza, elmimizə
xidmət edəcək,
nəsillərdən-nəsillərə ötürüləcək.
Vida mərasimində çıxış
edən akademiklər Əhliman Əmiraslanov, Məhərrəm Babayev, Böyükkişi Ağayev,
AMEA-nın müxbir üzvü Validə Əlizadə C.Əliyevin
biologiya elminin inkişafındakı xidmətlərindən,
zəngin elmi, ictimai-siyasi fəaliyyətindən,
yüksək mənəvi
keyfiyyətlərindən söhbət
açdılar, alimlə
bağlı xatirələrini
bölüşdülər.
Çıxış edənlər görkəmli
alimin Azərbaycan elminin dünyada tanınması istiqamətində
gördüyü işləri
diqqətə çatdırdılar. Bildirildi ki,
ömrünün yarıdan
çoxunu Azərbaycan
biologiya elminin inkişafına həsr edən akademik Cəlal Əliyevin irsi gələcək nəsillərə layiqli mirasdır. Akademikin bu sahədə
hazırladığı kadrlar
beynəlxalq elmi qurumlarda biologiya elmini yüksək səviyyədə təmsil
edirlər. C.Əliyevin həyat
və fəaliyyəti,
eyni zamanda, Azərbaycan dövlətinə,
elminə layiqli xidmət nümunəsidir.
O, Milli Məclisin elm və təhsil komitəsinin üzvü kimi, elm sahəsində mütərəqqi qanunların
yaradılmasında mühüm
xidmətlər göstərib.
Mərhumun tələbələri adından
çıxış edən
AMEA-nın müxbir üzvü İbrahim Əzizov da görkəmli alimlə bağlı xatirələrini
dilə gətirdi. Qeyd etdi
ki, Cəlal Əliyev həm Azərbaycanda, həm də dünyanın müxtəlif aparıcı
elmi mərkəzlərində
və universitetlərində
müvəffəqiyyətlə çalışan layiqli tələbələr yetişdirib.
Sonra görkəmli
alimin cənazəsi
son mənzilə yola salındı.
Mərhum I Fəxri xiyabanda torpağa tapşırıldı.
Allah rəhmət eləsin!
AZƏRTAC
Azərbaycan. - 2016.- 2 fevral.- S.4.