İstiqlal mücahidinin ədəbi irsi

 

Ceyhun Hacıbəyli - 125

 

Son 30 ilə yaxındır ki, Ceyhun Hacıbəyli yaradıcılığı müxtəlif aspekt və istiqamətlərdən araşdırılmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” sərəncamından sonra görkəmli yazarın həyat və yaradıcılıq yoluna maraq daha da artmış və onun irsi müasir tələblər baxımından dərindən tədqiq edilməyə başlanmışdır.

Ceyhun Hacıbəyli yaradıcılığını iki mərhələyə - mühacirətəqədərki və mühacirətdənsonrakı dövrə bölərək tədqiqi məqsədəmüvafiqdir. Ədibin yaradıcılığının birinci mərhələsi - 1905-ci ildən başlanan ilk qələm sınaqlarından 1919-cu ilədək olan mühacirətəqədərki dövrü əhatə edir. O, ilk bədii əsərlərini - kiçikhəcmli felyetonlarını, “Pristav ağa”, “Zaqafqaziya” kəndlisinin həyatından”, “Barışmaz ata”, “Nümunəvi sübut” və s. kimi hekayələrini, eləcə də ayrı-ayrı hekayələrdən ibarət “Hacı Kərim” povestini “Proqres”, “Baku”, “Kaspi” qəzetlərində dərc etdirmişdir. Həmin əsərlərin qəhrəmanları müxtəlif əsrlərdə yaşasalar da, müxtəlif millətləri və fərqli sosial təbəqələri təmsil etsələr də, onları birləşdirən ortaq və ümumi cəhətlər çoxdur. Bir tərəfdən cəhalətin, ətalətin, biganəliyin, fanatizmin, mədəni geriliyin, elmə, təhsilə, tərəqqiyə xor münasibətin, digər tərəfdən çar üsuli-idarəsinin mənfur milli siyasətinin tənqidi Ceyhun Hacıbəylinin mühacirətəqədərki bədii əsərlərinin başlıca xüsusiyyətlərindəndir.

“Pristav ağa” görkəmli qələm ustadının hekayələri arasında bir çox cəhətdən diqqəti cəlb edir. Əsər “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci nömrələrində “Dağıstani” imzası ilə çap olunmuşdur. Ən əvvəl qeyd etmək lazımdır ki, dahi bəstəkar, opera sənətimizin banisi, istedadlı yazıçı-publisist, Ceyhun Hacıbəylinin böyük qardaşı Üzeyir Hacıbəyli də eyni adlı satirik hekayə yazmışdır (“İrşad” qəzeti, 1905-ci il, ¹ 6). Hər iki əsərin mövzusu eyni hadisədən götürülmüşdür: pristavın kəndə səfərindən və onun sakinlərlə rəftarından. Odur ki, əsərlərdə oxşar cəhətlər çoxdur. Bununla belə, C.Hacıbəylinin qardaşından iki il sonra qələmə aldığı “Pristav ağa”sı əvvəlkindən xeyli fərqlənir.

Hekayədə Ceyhun bəyin məqsədi bir tərəfdən çar məmurlarının Azərbaycan kəndlisi ilə vəhşicəsinə rəftarını, onun qaniçən, quldur simasını göstərmək, digər tərəfdən müsəlman kəndlinin hüquqsuzluğunu, avamlığını, zəlil vəziyyətini, hər cür zülmə dözümlüyünü tənqid etməkdir. Əsər sərt realist bir qələmlə, sarkastik bir ifşa pafosu ilə yazılmışdır. Faktlara söykənməsi, həyatda olmuş bir hadisəni nəql etməsi müəllifi ara-sıra publisistik müdaxilələrə vadar edir.

XX əsr ədəbiyyatımızda rus hakimiyyətinə, onun məmurlarına qarşı bu cür sərt tənqidi münasibət bəsləyən ikinci bir əsər tanımırıq desək, yəqin ki, səhv etmərik. Biz əvvəllər də yazıçı və dramaturqlarımızın əsərlərində rus məmurlarının, hakimlərinin surətlərinə rast gəlmişik. Lakin həmin surətlər C.Hacıbəylinin “Pristav ağa”sından xeyli dərəcədə fərqlənir. M.F.Axundzadənin komediyalarında rus çinovniklərini, adətən, asayiş, qayda-qanun yaratmağa çalışan, adamları oğurluq və quldurluqdan çəkindirən hökumət nümayəndələri kimi görürük. Sonralar N.Vəzirovun, Ə.Haqverdiyevin, C.Məmmədquluzadənin əsərlərində, digər mollanəsrəddinçilərin felyetonlarında rus məmurları rüşvətxor, süründürməçi və s. sifətlərdə təsvir olunur. Lakin ədəbiyyatımızda müəllifin birbaşa olaraq rus hakimiyyəti nümayəndəsini əsərin əsas qəhrəmanı kimi götürərək ifşa və tənqid hədəfinə çevirməsini, onu hətta quldur və qatil obrazında təqdim etməsini biz ilk dəfə məhz C.Hacıbəylinin “Pristav ağa” hekayəsində görürük.

Ceyhun Hacıbəylinin satirik hekayələrindən “Zaqafqaziya kəndlisinin həyatından” adlı əsəri həm ideya-məzmun, həm də bədii xüsusiyyətləri ilə diqqəti cəlb edir. Hekayənin mövzusu, əsərin adından da göründüyü kimi, bir Zaqafqaziya kəndlisinin həyatından bəhs edir. Lakin bu kəndli-qaçaq Zeynal ümumiyyətlə Azərbaycan kəndlilərini yox, müəyyən ictimai-siyasi, tarixi, yaxud şəxsi səbəblər üzündən qaçaqçılıqla məşğul olmağa məcbur fərdlərin timsalıdır.

Ədibin “Barışmaz ata”, “Müdrik hakim”, “Nümunəvi sübut” hekayələrinin mövzusu isə populyar Şərq motivlərindən götürülmüşdür. Yazıçının bu əfsanələrə müraciəti təsadüfi deyil. Qədim Şərq didaktik rəvayətlərində təlqin edilənlər dövrün aktual və əhəmiyyətli problemlərindəndir. Hekayələr üçün xarakterik olan yığcam kompozisiya, sadə süjet xətti, dinamizm, kəskin və canlı dialoqlar müəllif ideyasının daha qabarıq üzə çıxarılmasına zəmin yaratmışdır. Ceyhun Hacıbəyli bu hekayələri ilə insanları ədalətə, humanizmə, ata-anaya məhəbbətə, rəhmli, səxavətli olmağa, eyni zamanda ədavətə, yalana, kin-küdurətə, haqsızlığa son qoymağa səsləyir.

“Hacı Kərim” povestini müəllif 1909-1910-cu illərdə qələmə almış, əvvəlcə hissə-hissə “Kaspi”də dərc etdirmiş, 1911-ci ildə rus, 1917-ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində nəşr etdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, C.Hacıbəyli sonralar da bu mövzuya qayıtmış, həmin silsilədən olan daha bir neçə hekayə yazmışdır. “Əziz müəllimim Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xanımın xatirəsinə” cümləsi ilə başlayan kitabın yalnız fotoplyonka variantı M.F.Axundzadə adına Milli Kitabxanada saxlanılmışdır. Biz 1995-ci ildə hekayələri fotoplyonkadan köçürərək kitabı təkrar nəşr etdirmişik. Əsər kompozisiya baxımından maraqlıdır. Hər biri 6 hekayədən ibarət povest eyni zamanda vahid süjet xəttinə, ideya və məzmuna malikdir. “Hacı Kərimin səhəri”, “Zəruri şər”, “Hacı Kərim işdə”, “Hacı Kərim qonaqlıqda”, “Hacı Kərimin romanı”, “Hacı Kərimin səfərə hazırlığı” adlı hekayələrdən ibarət əsərin ideyası cəhalətin, qadın hüquqsuzluğunun, təhsilə laqeyd münasibətin, yalançı möminliyin, xəsisliyin... amansız tənqidi, eyni zamanda maarifə, mədəniyyətə yiyələnməyin vacibliyinin təbliğidir.

Ceyhun Hacıbəylinin mühacirətəqədərki yaradıcılığında publisistika da mühüm yer tutur. Mövzu baxımından onun mühacirətəqədərki publisistik məqalələrini aşağıdakı kimi təsnif etmək olar:

- ədəbiyyat, mədəniyyət, teatr, maarif və mətbuatın problemləri;

- xeyriyyəçilik məsələləri;

- Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş şəxsiyyətlərə həsr olunmuş materiallar;

- dini dəyərlərlə bağlı, eyni zamanda fanatizmin ifşası ilə bağlı qələmə alınan yazılar;

- erməni məkrini, hiyləsini və vəhşiliyini ifşa edən məqalələr.

Dini görüşləri ilə bağlı “Quranın tərcüməsinə dair”, “Müsəlman ruhanilərinin səlahiyyəti haqqında”, “Avropalılar islam haqqında”, “Aşura haqqında”, “Ramazan başladı”, “Bir daha ruhani seminariyası barədə”, “Ruhani idarəsində islahatlar haqqında”, “İslamın biliciləri”, “Müfti barədə məsələ haqqında”, “Qurban bayramı” və s., ailə-məişət, maarif, teatr, mədəniyyət, təhsil problemlərinə həsr olunmuş “Etinasızlığımız”, “Ev tərbiyəsi haqqında bəzi qeydlər”, “Zülmət və işıq”, “Müəllimlərin təqdimatı”, “Qan düşmənçiliyi”, “Aktyora kömək edin”, “Cəmiyyətin artistə ehtiramı”, “Müsəlman teatr mövsümü”, “Kömək lazımdır”, “Bizdə cəmiyyət varmı?”, “Şəhər ibtidai məktəbinin müəllimləri haqqında”, “Nuxada gimnaziya”, “Qadın təhsilinin ehtiyacları” və s., Qars qaçqınları və xeyriyyəçiliklə bağlı “Qadın qaçqınların məsələsi haqqında”, “Böyük ehtiyac”, “Unutmayın”, “Qardaş köməyi”, “Yetimləri yada salın”, “Nəhayət, nə vaxt?”, “Dəri məsələsi” və sair kimi onlarca məqalədə qaldırılan məsələlər bir çox cəhətdən bu gün də aktualdır, əhəmiyyətlidir. Ceyhun Hacıbəylinin H.Zərdabi, İ.Qaspıralı, Azərbaycanın qadın aşıq-şairləri, Hüseyn Ərəblinski, Haşım bəy Vəzirov, Hüseyn əfəndi Qayıbov barədə yazdıqları, eləcə də Azərbaycan mətbuat tarixi ilə araşdırmaları da olduqca maraqlı və faydalıdır.

Ədibin mühacirətdənsonrakı həyatı, fəaliyyəti maraqlı, zəngin, şərəfli, yaradıcılığı da məhsuldar olmuşdur. Onun həyatının bu hissəsini bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə. Bu mübarizə 1919-cu ildən başlamış 1962-ci ilədək - vəfatına qədər fasiləsiz davam etmişdir.

Sovet rejimi Ceyhun Hacıbəylinin əlindən hər şeyi almışdı. Qurucularından biri olduğu Azərbaycan Xalq Cümhuriyyətini, doğma “Azərbaycan” qəzetini, Vətənini, əzizlərini, həmvətənlərini... Ceyhun bəy qürbətdə - Parisdə mühacir həyatı yaşayırdı, sovet hökumətinin ondan alası heç nəyi qalmamışdı, canından başqa (hərçənd ki, sovet kəşfiyyat orqanları səsini çıxaran mühacirlərin canını da alır, onları qətlə yetirirdi). O, azad idi, ən azından azad ölkədə yaşayırdı.

İstiqlal mücahidi mühacirətdə bütün qəlbi və qələmi ilə sovet-şər imperiyasına qarşı döyüşürdü: qəzet, jurnal nəşr edir, Fransa mətbuatı ilə sıx əlaqə saxlayır, “Azadlıq” radiostansiyanın yaradılmasında və fəaliyyətində yardımçı olur, Münhendə SSRİ-ni öyrənən institutla, eləcə də Sovet İttifaqına qarşı soyuq müharibənin mühacirlər arasında təşkilatçısı olan Amerika Komitəsi ilə əməkdaşlıq edirdi.

Ceyhun Hacıbəyli eyni zamanda bədii əsərləri ilə də imperiyaya, onun ideologiyasına, Stalin rejiminə qarşı amansız mücadilə aparırdı. Yazıçının fransız dilində qələmə aldığı “Nejdanovun işi” adlı hekayəsi bu qəbildəndir. Bəri başdan deyək ki, əsər həm ideya, həm mövzu, həm də kompozisiya baxımından rus dissident ədəbiyyatı nümunələrindən heç də az təsir bağışlamır. Digər tərəfdən isə, bu hekayənin təxminən ötən əsrin 50-ci illərinin ortalarında yazıldığını nəzərə alsaq, o zaman V.Aksyonov, A.Belinkov, L.Borodin, İ.Brodski, V.Voynoviç, A.Qalıç, A.Sinyavski... kimi məşhur rus dissident yazıçılarının yaratdığı ədəbi nümunələrin pioneri, qaranquşu da hesab etmək olar...

Nasirin fransız dilində yazdığı “Müəzzinin lənəti” adlı irihəcmli hekayəsi sovet rejiminin din siyasəti və onun kəskin tənqidi baxımdan diqqəti çəkir. Hekayənin mövzusu Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk dövrlərinə təsadüf etsə də, əsərin XX əsrin 50-ci illərində qələmə alındığı qənaətindəyik və bunun üçün bir sıra əsaslar var. 20-30-cu illər Ceyhun bəyin xaricdə yenicə məskunlaşaraq bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması, Azərbaycan mədəniyyətinin xaricdə qızğın təbliğ edilməsi istiqamətində fəallıq göstərdiyi, digər tərəfdən də ailə-məişət problemləri, maddi sıxıntılarla üz-üzə qaldığı dövrdür. Həmin dövr yaradıcılığında Ceyhun bəyin bu səpkili nə bədii, nə də publisistik yazılarına təsadüf edilir. İkinci Dünya müharibəsi dövrü sovet, o cümlədən Azərbaycan mühacirlərinin durğunluq, fəaliyyətsizlik dövrü kimi xarakterizə edilir. Deyilənlər “Müəzzinin lənəti” əsərinin 50-ci illərin ortalarında - soyuq müharibənin alovlandığı illərdə qələmə alındığını deməyə ciddi əsas verir. Mübaliğəsiz demək olar ki, həm mövzu, həm ideya, həm də sənətkarlıq baxımından bu hekayə nəinki Ceyhun Hacıbəyli yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində bənzərsiz bir əsərdir.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk illərindən bəhs edən çox sayda müxtəlif janrlarda qələmə alınmış bədii nümunələr mövcuddur. Köhnəliklə yeniliyin, “ələmlə nəşə”nin mübarizəsi, dindarlarla allahsızların qarşıdurması, məscidlərin bağlanması, mollaların, din xalimlərinin əzablı günləri, gənclərin, komsomolçuların yeni şüar və çağırışlardan eyforiyaya qapılması, qadınların hüquq bərabərliyi uğrunda mücadiləsi sovet yazıçılarının qələmə aldığı əsərlərdə dövrün ruhuna və tələbinə uyğun bədii əksini tapmışdır. Həmin əsərlərdə bir qayda olaraq “yeni həyat” qurucuları, dövrün qəhrəmanları tərənnüm olunur, “köhnələr”in süqutu təsvir edilirdi. “Müəzzinin lənəti” hekayəsi “qırmızı kafirlər”in müəzzinlə mübarizəsindən bəhs edir. Əslində, problem daha dərin, mürəkkəb və qəlizdir. Məsələ burasındadır ki, bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə ateist övladı üz-üzə qoymuşdur. Məzmunu real həyatdan - Azərbaycanda sovet hakimiyyəti quruculuğunun ilk illərində bir kənddə baş verən hadisədən - ildırımın vurmasındanmı, yoxsa allahsızların fitnəkar əməlindənmi, hörgüsü partlayan məscid minarəsinə son dəfə can atan müəzzinin oğlu ilə birlikdə uçqunun altında qalıb faciəli şəkildə həlak olmasından götürülmüşdür. Yazıçının epizodik obrazlar da daxil olmaqla, hekayədə təqdim etdiyi bütün tiplər orijinaldır, maraq doğurur, təsirlidir, düşündürür.

C.Hacıbəyli mühacirətdə də sevimli qəhrəmanını - Hacı Kərimi unutmamış, həmin hekayələrin bir neçəsini fransız dilinə tərcümə etmiş və “Baş tutmayan ziyarət” adlı daha bir irihəcmli hekayəni fransız dilində qələmə almışdır.

Ədibin müxtəlif dillərdə (Azərbaycan, rus, fransız) yaratdığı obrazlar qalereyası müxtəlif dövrləri, ayrı-ayrı coğrafi məkanları, fərqli millət və sosial təbəqələri təmsil edir. Mövzu, obrazlar, mühit, eləcə də yazıçının dili, əsərlərin janrı dəyişsə də, yazıçının təlqin və təqdim etdiyi ideya qalır: fərdin, cəmiyyətin, millətin, dövlətin ən böyük sərvəti azadlıqdır, ədalətdir, insan haqlarıdır. Ceyhun bəy xırda ailə-məişət problemlərindən, qadın hüquqları və azadlıqlarından yazanda da, rejim və ideologiya mövzusunda bəhs edəndə də öz ideyasına sadiqdir.

Bu baxımdan C.Hacıbəylinin “Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı” adlı irihəcmli hekayəsi də istisna təşkil etmir. Əsər Azərbaycan və rus dillərində Münhendə nəşr olunan “Azərbaycan” jurnalında dərc edilmişdir (¹ 3, 4, 5, 1952; ¹ 6-7, 9, 10, 14, 1953). Hekayənin ilk hissəsinin verildiyi 3-cü nömrədəki redaksiya yazısı diqqəti çəkir. Orada deyilir: “Ceyhun Hacıbəylinin bu yaxınlarda fransızca mühüm bir əsəri çıxacaqdır: “Proces dont on na pas parle”. Azərbaycan türkcəsində əsərin adı belə səslənir: “Səssiz-küysüz məhkəmələr”. Doğrudan da, dünya ictimai fikrini cəlb etmiş “gurultulu” Moskva məhkəmələrinə nisbətən milli cümhuriyyətlərdə qurulan məhkəmələr “səssiz-küysüz” keçdi. Lakin burada da məqsəd eyni idi. Rusiya daxilində olduğu kimi, bu ölkələrdə də Stalin öz mütləqiyyətini möhkəmləndirmək üçün bir neçə nəfər istisna olmaqla, bütün köhnə kommunistləri öldürtməli idi. NKVD-yə mənsub “klassik” bir metodla öldürtdürməkdən əvvəl isə onları əhalinin nəzərində müttəhim etmək, ləkələmək, ictimai rəyi formalaşdırmaq lazım idi. Lakin “milli” kommunistlərin əksəri ruslar kimi “könüllü” və “topdan” etiraf sistemini çox da mənimsəmədiklərindən məhkəməsiz öldürüldü, öldürülənlərin xatirəsini ləkələmək rolu isə nadirən məhkəməyə saxlanmış “sadiq” və “fanatik” kommunistlərin öhdəsinə düşmüşdü ki, bunlar da axıradək prokurorun sorğusuna “ləbbeyk” deyib, hər bir alçaqlığa gedəcəkdirlər. Azərbaycanda 30-35 nəfərə qədər Moskva lakeyləri vardı. Bunlardan yalnız Mir Cəfər Bağırov başda olmaqla üç-dörd nəfəri başlarını cəllad əlindən qurtara bildi” (¹ 3, səh.11).

Jurnal bu təqdimatdan sonra “Səssiz-küysüz məhkəmələr” əsərindən “bir faciəni təfsilatı ilə dərc etməyə” başlayır. Bəri başdan qeyd etməyi lazım bilirik ki, C.Hacıbəylinin sovet rejiminin, xüsusən məhkəmə sisteminin ifşasına həsr etdiyi bir sıra bədii, publisistik yazılar məlum olsa da, “Səssiz-küysüz məhkəmələr” adlı əsərin həm özü, həm də onun haqqında yuxarıda qeyd olunandan əlavə məlumat bizə təsadüf etməmişdir. Həmin əsərin tam mətninin tapılması, tərcüməsi, nəşri gənc tədqiqatçıların öhdəsinə düşür. “Azərbaycan” jurnalının “Bir faciə” adı ilə təqdim və dərc etdiyi “Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı” hekayəsi çoxşaxəli, çoxplanlıdır. Hekayədə müəllif Stalin siyasətinin, məhkəmə sisteminin, bütövlükdə sovet rejiminin antibəşəri mahiyyətini insanlara qarşı törədilən ağlasığmaz cinayətlərin icraçılarının bir müddət sonra rejimin köləsinə çevrilmiş növbəti nəsil tərəfindən eyni münasibətə məruz qaldıqlarını, eyni taleyi yaşadıqlarını göstərməklə ifşa edir. Tarixdən məlumdur ki, bolşevikləri gül-çiçəklə qarşılayan, onların hakimiyyətində təmsil olunan Həmid Sultanov, Əliheydər Qarayev, Dadaş Bünyadzadə kimi kommunistlər bir müddət sonra “əksinqilabçı”, “trotskiçi”, hətta “pantürkist”, “millətçi”, “müsavatçı” damğası ilə edam olunmuş, güllələnmiş, yaxud sürgün edilmişlər. Başqa sözlə desək, Gəncə üsyanını qanda boğan, Firidun bəy Köçərli kimi Azərbaycan xalqının böyük övladının qətlinə fərman verən cəlladı tarix özü cəzalandırmışdır. Vaxtilə Azərbaycan xalqının qanına susayan S.Şaumyanla Bakı Kommunasında əməkdaşlıq edən, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu üçün dəridən-qabıqdan çıxan, sonralar isə Azərbaycan SSR daxili işlər naziri olmuş Həmid Sultanova elə qurduğu sovet hökuməti qənim kəsilir: 18 il sonra - 1838-ci ildə məşhur “troyka”nın qərarı ilə güllələnir. Haqqında bəhs etdiyimiz hekayənin baş qəhrəmanı həmin Həmid Sultanov Azərbaycanda sovet hakimiyyətinin qurulmasında Moskvaya nökərçilik etmiş, sonralar da elə Moskvanın fitvası ilə qətlə yetirilmiş milli kommunistlərin ümumiləşdirilmiş obrazıdır. Elə “Şamaxı məhkəməsi” də ona dəlalət edir ki, bu qəbildən olan “məhkəmələr” Azərbaycanın istənilən bölgəsi üçün xarakterik idi.

Ceyhun Hacıbəyli də əsəri tarixi faktlara, sənədlərə istinad edərək qələmə almışdır. “Şamaxı məhkəməsi” daha çox tragikomediyanı xatırladır. İttiham olunanlar - sovet hökumətinin sadiq kölələri, kommunistlər, o cümlədən Həmid Sultanov bir andaca, özlərinin etiraf etdikləri kimi, Azərbaycanı Sovet İttifaqından ayırmağa, Sovet İttifaqını dağıtmağa çalışan “əksinqilabçı”ya, “trotskiçi”yə, “sabotajçı”ya çevrilirlər. Həmid Sultanov etiraf edir ki, SSRİ-ni yıxmaq məqsədilə yaradılan mərkəzlə, xarici kəşfiyyatla əməkdaşlıq edir, həm də “mərkəzin” digər büro üzvlərinin də adını çəkir: Ruhulla Axundov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Heydər Vəzirov, Dadaş Bünyadzadə, Həsən Səfərov, Əyyub Xanbudaqov. Ceyhun Hacıbəyli bu arada oxucusuna xatırlatmağı lazım bilir ki, “adları çəkilənlərin hamısı öz doğma yurdlarını bolşeviklərə təslim etmək üçün böyük “qeyrətlər” göstərmişlər.

Ceyhun Hacıbəyli bu əsəri fransız oxucuları üçün qələmə aldığından ara-sıra hekayəyə müdaxilə edir və müəyyən izahlar, şərhlər də verir. Xatırladır ki, Azərbaycanda - Şamaxıda qurulan məhkəmə ilə Gürcüstan, Acarıstan, Abxaziya və Türküstandakı məhkəmələr də eyni ssenari, eyni müddəalarla həyata keçirilir. Müttəhimlər bir qayda olaraq sovet hökumətini devirmək planlarını etiraf edir, bunun üçün sabotajlar həyata keçirdiklərini, əhali arasında milliyyətçilik toxumlarını səpdiklərini, kolxoz təsərrüfatına ziyan vurduqlarını, bitki və heyvanlar arasında xəstəliklər yaydıqlarını və s. “könüllü” olaraq bəyan edirlər. Bu baxımdan baytar Kələntərovun məhkəmədəki ifadəsi diqqəti çəkir. Kələntərovun dedikləri ağlasığmaz olsa da, müttəhim Tanrıverdiyev etirafları ilə onu kölgədə qoyur, Ceyhun Hacıbəylinin təbirincə desək, bu gülünc komediyanı ən yüksək dərəcəyə çıxarır.

Ceyhun Hacıbəyli Şamaxı məhkəməsinin gedişini işıqlandıran mətbuatın da rejimin alətinə çevrildiyini məharətlə təsvir edir.

Ceyhun Hacıbəyli ittihamın, eləcə də etirafların nə qədər saxta, qondarma və gülünc olduğunu suallarla dilə gətirir: “Bu sui-qəsd və terrorun icrasına bir səbəb varmı? Kimi öldürmüşlər, kimə bomba atmışlar? Bu “əksinqilabçı təşkilat”ın fəaliyyəti nədən ibarətmiş?” Yazıçı suallara özü cavab verir: Heç kim sui-qəsd və terrora məruz qalmamışdır. İttiham olunanlar və NKVD tərəfindən məhv edilənlər Moskva uşaqlarıdır.

“Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı” əsəri sənətkarlıq problemləri baxımından mübahisə predmeti ola bilər. Bədii təsvir və ifadə vasitələrinin azlığı, məhkəmə iclaslarının və müttəhimlərin dindirilməsi səhnələrinin pərakəndəliyi mətni bir qədər ağırlaşdırır. Əslində, bu məziyyətlərinə görə müəllifi qınamaq da olmur. Mövzu ağırdır, sovet məhkəmə sisteminin eybəcər, əcaib simasını canlandırmağa bəzən ürəyin və qələmin də gücü çatmır. Lakin fikrimizcə, Ceyhun Hacıbəyli oxuculara, ələlxüsus fransızlara sovet rejiminin, kommunist ideologiyasının onların həyat, təfəkkür tərzinə vurduğu zərbəni, “dəmir pərdə” arxasında baş verən dəhşətli və ağlagəlməz işgəncələri, edamları, sürgünləri, insanlıq dramını təqdim edə bilmişdir. Bu əsər Stalin vəhşətinin ağırlığını və miqyasını göstərmək baxımından çox ibrətamizdir.

Yanılmıramsa, Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi də Ceyhun Hacıbəylidir. Sinopsis yunan sözüdür, “bir baxışla oxuna bilən” mənasını verir, Avropada, o cümlədən Fransada filmin ssenarisinin ilkin mərhələsi, yaxud xülasəsi anlamında işlədilir. Sinopsis oxucuda gələcək film haqqında, onun mövzusu, məzmunu, ideyası barədə müəyyən təəssürat yaradır, ssenarist üçünsə sinopsis, müasir dillə desək, bir növ “yol xəritəsi”dir, filmin süjet xəttini cızan, göstərən mətndir, onun əsasında filmin ssenarisi ərsəyə gəlir. Burada bədii təsvir və ifadə vasitələrindən, dialoqlardan, monoloqlardan istifadə edilmir, qısası, ssenarinin, belə demək mümkünsə, eskizidir, “quru” mətndir.

Ceyhun Hacıbəylinin sinopsisi “Stalinin öpüşü və ya staxanovçu Fatimə” adlanır. 1950-ci illərdə qələmə alındığını ehtimal etdiyimiz əsər fransız dilindədir (ARDƏİA, fond-649, siyahı 1, saxlama vahidi 10).

Sinopsisin əvvəlində təqdim edilən personajların siyahısından bəlli olur ki, gələcək filmin obrazlar qalereyası rəngarəngdir və demək olar, cəmiyyətin bütün təbəqələri burada təmsil olunmuşdur: kolxoz sədrindən, respublika partiya təşkilatının birinci katibindən tutmuş Stalinədək inzibati-idarəetmə aparatının bütün strukturlarının rəhbərləri, sıravi kolxozçular, pambıqçılar, eşq-məhəbbət odu-alovu ilə yanan gənclər gələcək əsərin - kinonun qəhrəmanlarıdır.

Ceyhun Hacıbəylinin qeydindən məlum olur ki, hadisələr 1934-1938-ci illərdə Özbəkistanda baş verir. Bəri başdan qeyd etmək yerinə düşər ki, təsvir olunan hadisələr yazıçı təxəyyülünün, fantaziyasının məhsulu deyil və müəllif əsərin faktlar əsasında qələmə alındığına özü də dəfələrlə işarə vurur. Təbii sual yaranır: Parisdə, yaxud Münhendə yaşayan mühacir yazıçı “dəmir pərdə”nin içərisində cərəyan edən hadisələri, rejimin milli, dini, iqtisadi siyasətini, onun antibəşəri mahiyyətini, fəsad və faciələrini necə görə bilərdi? Mühacirlər öz xatirə və qeydlərində göstərirlər ki, sovet rejiminin çürüklüyünü, antihumanist simasını tənqid edərkən tutarlı və təkzibolunmaz faktlara, müxtəlif yollarla Sovet İttifaqından əldə etdikləri qəzet, jurnal materiallarına, sənədlərə istinad edir, əsaslanırlar.

C.Hacıbəyli müxtəlif janrlarda bu problemə toxunmuş və sovet rejiminin bütün eybəcərliklərini açmağa çalışmışdır. Onun “Nejdanovun işi” hekayəsi, “Şamaxı məhkəməsi, yaxud bir xainin aqibəti” sənədli oçerki, çoxsaylı publisistik yazıları bu qəbildəndir və 1930-cu illərdə nəinki Azərbaycanda, eləcə də bütünlüklə SSRİ-də cərəyan edən təlatümlü prosesləri öyrənmək və dəyərləndirmək baxımından da böyük əhəmiyyət kəsb edir.

...Haqqında bəhs etdiyimiz sinopsisi, yuxarıda qeyd etdiyimiz kimi, Ceyhun Hacıbəyli 50-ci illərin ikinci yarısında - ömrünün son illərində qələmə almışdır. Onun əsasında ssenari yazmaq və əsəri kinoda canlandırmaq Ceyhun bəyə nəsib olmamışdır. İndi söz onun sələflərinindir. Mücahidin yarımçıq işini başa çatdırmaqla onun əziz xatirəsini bir daha yad etmiş olardıq.

İstedadlı qələm sahibinin diqqətçəkən publisistika nümunələrindən biri irihəcmli memuarı “Bir il xəyallarda və... bütöv bir ömür” adlanır. Bu əsər bir istiqlal aşiqinin gündəliyidir, həyat dastanıdır, memuarın ruhu, xəmiri, belə demək mümkünsə, istiqlal davasından yoğrulmuşdur. Bu, çoxşaxəli, çoxplanlı, ilk baxışda yüzlərlə mövzunun pərakəndə toplusu, lakin dərindən nüfuz etdikcə vahid süjeti, ideya istiqaməti, məramı olan möhtəşəm əsərdir. Memuarı oxuduqca sanki onun qəmə, qüssəyə bürümüş sətirləri arxasından istedadlı və müdrik, zəngin həyat və qələm təcrübəsinə malik, fəqət dalğın və kədərli Ceyhun Hacıbəyli boylanır...

Memuarın bir bölməsi bu cümlə ilə başlayır: “Bəli, etiraf etməliyəm: öz adamlarımdan ayrıldığım və indi də davam edən bu 40 il ərzində öz bacılarım üçün nadir hallarda xiffət etmişəm...” Bir qədər sonra isə C.Hacıbəyli özünə xitabən bildirir: “Sən indi onlardan ayrıldığın 41-ci ilin içindəsən... Sən onları bu müddət ərzində heç vaxt görməmişsən və onları heç vaxt, qətiyyən görməyəcəksən - kişilər və qadınlar - onlar bir-birinin ardınca gedirlər. Və sənin “özün də...”. Bu kədərli sətirlərdən, eləcə də memuarın ayrı-ayrı hissələrindəki qeydlərdən bəlli olur ki, müəllif əsəri XX əsrin 40-cı illərinin sonundan qələmə almağa başlamış, 50-ci illərin sonunda bitirmişdir. Memuar fransız dilində qələmə alınmışdır. İndiyədək nəşr olunmamışdır.

Ceyhun Hacıbəylinin “Bir il xəyallarda ... və bütöv bir ömür” memuarı mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi dəyəri baxımından Azərbaycan bədii publisistikasının, mühacirət ədəbiyyatının nadir nümunələrindəndir.

Memuar

- Vətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir;

- çar və sovet imperiyasının milli siyasətinin əsl mahiyyətini, eybəcərliklərini göstərən və ifşa edən sənəddir;

- 1905-ci və 1918-ci illərdə ermənilərin Azərbaycanda, xüsusilə Bakıda törətdikləri vəhşiliklərə, qırğınlara şahidlik edən məxəzdir;

- milli adət-ənənələri, xalqımıza mənsub ailə-məişət münasibətlərini, dini mərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir;

- inqilabdanəvvəlki Bakı həyatı, xüsusilə qoçuların şəhərdəki fəaliyyəti, əhali arasındakı nüfuzu barədə müəllifin özünəməxsus görüşləridir;

- Qarabağın, xüsusən Şuşanın Azərbaycan tarixində və mədəni həyatındakı yerinə, roluna işıq salan əsərdir;

- bir mühacirin qürbət - Paris macəralarıdır;

- nəhayət, böyük Hacıbəylilər nəslinin zəngin və maraqlı həyat hekayəsindən bir parçadır. Bu məziyyətlərinə görə memuarın tərcüməsi və nəşri aktual və təqdirəlayiqdir.

Memuar müəllifin gördüyü yuxunun təsiri, təəssüratı ilə yazdığı bu cümlələrlə bitir: “Kabab qoxusu ilə hara gedirsən get, amma buradakı (qərib ölkə nəzərdə tutulur - T.A.) kababın dadı oradakı (Vətəndəki - T.A.) kababın dadından çox fərqlənir. Bəlkə bu, kabablıq üçün seçilmiş ətin növündən irəli gəlir... Orada - doğma Vətəndə ət daha ləzzətlidir, dadlıdır...” Əlbəttə, əsərin belə sonluğu memuarın bitmədiyi, yarımçıq qaldığı fikrini də yarada bilər. Bu ehtimalı müəllifin axırıncı cümlədən sonra yazdığı “son” sözü inkar edir. Deməli, bu, oxucunu düşündürmək, onu intizarda qoymaq niyyəti ilə seçilmiş bir üsuldur. Bəlkə də yuxuların, xəyalların sərhədlərinin olmadığına müəllifin bir işarəsidir. Bütün hallarda ayrı-ayrı epizodlardan, yuxulardan, hekayələrdən ibarət memuar bitkin bir əsər təəssüratı yaradır.

O ki qaldı Ceyhun bəyin mühacirətdə qələmə aldığı digər publisistika nümunələrinə, həmin əsərlərdə də müəllifin bədii əsərlərində olduğu kimi, sovet ideologiyası, rejimi, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, din siyasəti və s. konkret, tutarlı faktlarla kəskin, eyni zamanda yüksək sənətkarlıqla tənqid edilir.

 

Abid TAHİRLİ,

filologiya elmləri doktoru

 

Azərbaycan. - 2016.- 3 fevral.- S. 7.