Azərbaycan
Respublikasının Prezidenti yanında Apellyasiya Şurası
haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 3 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının
Prezidenti yanında Apellyasiya Şurası
haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Prezidenti yanında Apellyasiya Şurası
(bundan sonra - Şura) sahibkarlıq fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərin özlərinin
sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə
baxılması sahəsində çox pilləliyin təmin
edilməsi, mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının Apellyasiya Şuralarının qərarlarından,
hərəkət və ya hərəkətsizliyindən
(korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin
(bundan sonra - şikayət) verilməsi mexanizminin tənzimlənməsi
məqsədi ilə yaradılmış və ictimai əsaslarla
(ödənişsiz əsaslarla) fəaliyyət göstərən
kollegial orqanıdır.
1.2.
Şura öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, “İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan
Respublikasının digər qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və bu Əsasnaməni rəhbər tutur.
1.3. Bu
Əsasnamənin məqsədləri üçün
“şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər tərəfindən
özlərinin sahibkarlıq fəaliyyəti ilə
bağlı verilmiş şikayətlər üzrə mərkəzi
icra hakimiyyəti orqanının Apellyasiya Şurasının
qəbul etdiyi qərarından, qərarın qəbul edilməsindən
imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən
həmin şəxslərin Şuraya verdiyi yazılı
müraciəti başa düşülür.
1.4.
Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq,
kollegiallıq, qərəzsizlik prinsipləri əsasında
qurur.
1.5. Şura
öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti
orqanları, yerli özünüidarəetmə orqanları,
habelə hüquqi və fiziki şəxslərlə əlaqəli
şəkildə həyata keçirir.
1.6.
Şura Azərbaycan Respublikasının Dövlət gerbi əks
olunmuş xidməti blanka və möhürə malikdir.
2. Şuranın vəzifələri
2.0.
Şuranın vəzifələri aşağıdakılardan
ibarətdir:
2.0.1. Mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya
Şuralarının qərarlarından, hərəkət və
ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər
(onların səlahiyyətli nümayəndələri) tərəfindən
verilmiş şikayətlərə baxılmasını təmin
etmək;
2.0.2.
Şuraya daxil olan şikayətlər ilə əlaqədar hərtərəfli,
tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi
üzrə müvafiq olaraq əsaslandırılmış
şəkildə yazılı qərar qəbul etmək;
2.0.3.
Şurada baxılan müraciətlərin uçotunu aparmaq, onları
təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə
Azərbaycan Respublikasının Prezidentinə yarımillik və
illik arayışlar (hesabatlar) təqdim etmək;
2.0.4.
Şuranın qəbul etdiyi qərarların icrasına nəzarət
etmək;
2.0.5.
Şuranın qəbul etdiyi qərarlarla bağlı izah vermək;
2.0.6. Fəaliyyəti
zamanı öz səlahiyyətləri daxilində insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini təmin
etmək və onların pozulmasının
qarşısını almaq;
2.0.7.
Qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya
sirrinin və qanunla açıqlanması və
yayılması qadağan edilən məlumatların
qorunması üçün zəruri tədbirlər görmək;
2.0.8.
Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirmək.
3. Şuranın hüquqları
3.0. Şura
öz vəzifələrini həyata keçirmək
üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. daxil olmuş şikayətlərlə
bağlı zəruri məlumatları və sənədləri
əldə etmək üçün dövlət və yerli
özünüidarəetmə orqanlarına, qeyri-hökumət
təşkilatlarına, fiziki və hüquqi şəxslərə
sorğular vermək və onlardan belə məlumatları və
sənədləri almaq;
3.0.2. şikayət vermiş şəxsləri
(onların səlahiyyətli nümayəndələrini),
aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının vəzifəli şəxslərini, habelə
digər əlaqəli şəxsləri Şuranın iclaslarına
dəvət etmək, onların iştirakı ilə
araşdırma aparmaq, onlardan izahatlar almaq;
3.0.3.
Şuraya daxil olan şikayətlərin
araşdırılması zamanı aşkar olunmuş
nöqsanların və pozuntuların aradan
qaldırılması ilə bağlı aidiyyəti mərkəzi
və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər
verilməsi üçün Azərbaycan Respublikası
Prezidentinə müraciət etmək;
3.0.4.
Şuraya daxil olan şikayətlərin
araşdırılması zamanı mərkəzi və yerli
icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri
tərəfindən xidməti fəaliyyətlərinin
icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi,
habelə hüquqi aktların tələblərinin
pozulması halları aşkar edildikdə, həmin şəxslərin
məsuliyyətə cəlb olunması məqsədilə
qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin
görülməsi üçün aidiyyəti üzrə məsələ
qaldırmaq və nəticəsi üzrə arayış
almaq;
3.0.5. Mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya
Şuralarının fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı konfranslar və digər tədbirlər təşkil
etmək, belə tədbirlərə rəhbərlik etmək;
3.0.6. Mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq
subyektlərinin şikayətlərinə baxılması ilə
bağlı fəaliyyətini, dövlət orqanları ilə
sahibkarlıq fəaliyyəti göstərən fiziki və
hüquqi şəxslər arasındakı münasibətləri
tənzimləyən normativ hüquqi aktlar üzrə təkliflər
vermək;
3.0.7.
Apellyasiya Şuralarının fəaliyyəti ilə əlaqədar
mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşkilati
və metodiki yardım göstərmək;
3.0.8.
Şuranın fəaliyyətinə ekspert, mütəxəssis
və məsləhətçilər cəlb etmək;
3.0.9.
Şuranın fəaliyyəti prosesində təhlillər və
ümumiləşdirmələr aparmaq, şikayətlərin
araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin
aradan qaldırılması ilə bağlı təkliflər
vermək;
3.0.10.
Şuranın qərarlarının yerinə yetirilməsinin
monitorinqini aparmaq və nöqsanların aradan
qaldırılması üzrə tədbirlər görmək.
3.0.11.
Şuranın fəaliyyətinin səmərəliliyinin
artırılması üçün təkliflər vermək;
3.0.12.
Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
4. Şuranın fəaliyyətinin təşkili
4.1.
Şuranın tərkibi (sədri və digər səkkiz
üzvü) Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının və mərkəzi icra hakimiyyəti
orqanlarının nümayəndələrindən ibarət
olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilir.
4.2.
Şuranın sədri aşağıdakı vəzifələri
yerinə yetirir:
4.2.1.
Şuranın işini təşkil edir və ona rəhbərliyi
həyata keçirir;
4.2.2.
Şurasının adından çıxarılan qərarları
və Şurasının fəaliyyəti ilə bağlı
digər sənədləri imzalayır;
4.2.3.
Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir
və keçirilən iclaslarda sədrlik edir;
4.2.4.
Şuranın səlahiyyətlərinə aid məsələləri
baxılmaq üçün Şuranın iclaslarına
çıxarır;
4.2.5.
Şuranı təmsil edir;
4.2.6.
Şuranın Katibliyinin rəhbəri və tərkibi barədə
təklif verir;
4.2.7.
Şuranın fəaliyyətinin təşkili ilə
bağlı digər işləri həyata keçirir.
4.3.
Şuranın üzvlərinin hüquq və vəzifələri
aşağıdakılardır:
4.3.1.
Şuranın iclaslarında və fəaliyyətində
iştirak etmək,;
4.3.2.
Şuranın səlahiyyətlərinə aid təşkilati
məsələlər barədə təkliflər vermək;
4.3.3.
Şuranın iclasına təqdim edilmiş bütün
materiallarla əvvəlcədən tanış
olmaq;
4.3.4.
Şuraya daxil olan şikayətlərlə əlaqədar hərtərəfli,
tam və obyektiv araşdırma aparmaq;
4.3.5.
Şuraya daxil olan şikayətlərlə əlaqədar
münasibət bildirmək, rəy və təkliflər vermək;
4.3.6.
Şuraya daxil olan şikayətlərlə əlaqədar
ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin
(toplanmış materialların) kifayət olmadığı qənaətinə
gəldikdə, əlavə sənədlərin əldə
edilərək araşdırma materiallarına daxil edilməsini
tələb etmək;
4.3.7.
Şuraya daxil olan şikayətlərlə əlaqədar
Şuranın adından qərarların qəbul edilməsi ilə
bağlı səsvermədə iştirak etmək;
4.3.8.
Şuranın protokolları, qərarları və digər sənədləri
ilə tanış olmaq;
4.3.9.
Şuranın iclas protokollarını imzalamaq;
4.3.10.
Şuranın səlahiyyətlərinə aid məsələlərə
Şuranın iclasında baxılması üçün təkliflər
vermək;
4.3.11.
Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmaq;
4.3.12. bu Əsasnamədə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək və
hüquqları həyata keçirmək.
4.4.
Şuranın hər bir üzvü Şuranın iclasında
baxılan məsələlər üzrə şəxsi
maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas
verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı
və qərarların qəbul edilməsində iştirak etməməlidir.
4.5.
Şuranın cari fəaliyyətinin təşkili Katiblik tərəfindən
həyata keçirilir. Katibliyin tərkibi
Şuranın sədrinin təqdimatı (təklifi) əsasında,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
tərəfindən təsdiq olunur.
4.6.
Katiblik:
4.6.1.
Şuraya daxil olan şikayətlərlə əlaqədar təşkilati
tədbirləri həyata keçirir;
4.6.2. Bu
Əsasnamənin 2.0.1-ci yarımbəndinə müvafiq olaraq
Şuraya daxil olan şikayətləri qanunvericiliyin və bu
Əsasnamənin tələblərinə uyğunluğu
baxımından yoxlayır, onlar müvafiq tələblərə
uyğun olduğu halda iş üzrə bütün zəruri
sənədlərin (materialların) 5 iş günündən
gec olmayaraq Katibliyə təqdim edilməsi üçün
aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti
orqanlarına müraciət edir;
4.6.3. Bu
Əsasnamənin 4.7.2-ci yarımbəndinə müvafiq olaraq
təqdim edilmiş sənədlərin (materialların)
tamlığını və zəruriliyini yoxladıqdan sonra
toplanmış sənədləri (materialları) rəsmi
şəkildə rəy verilməsi üçün
Şuranın sədrindən başqa digər üzvlərinə
göndərir;
4.6.4. Bu
Əsasnamənin 4.8-ci bəndinə əsasən rəsmi
şəkildə təqdim edilmiş rəyləri ümumiləşdirir
və Şuranın sədri ilə razılaşdırmaqla
Şuranın iclaslarını təşkil edir;
4.6.5.
Şuranın iclaslarının keçirilməsinin vaxtı
barədə Şuranın üzvlərinə, habelə bu
Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən
şəxslərə iclasa ən azı 3 iş günü
qalmış yazılı məlumat verir;
4.6.6.
Şuranın iclaslarının protokolunu tərtib edir və
imzalanması üçün Şuranın üzvlərinə
təqdim edir;
4.6.7.
Şuranın qərarlarının (rəylərinin,
yazılı şəkildə verdiyi cavabların) layihələrini
hazırlayır, baxılması və imzalanması
üçün Şuranın sədrinə təqdim edir;
4.6.8.
Şuranın qəbul etdiyi qərarların (rəylərin,
yazılı şəkildə verdiyi cavabların) aidiyyəti
üzrə göndərilməsini təmin edir;
4.6.9.
Şuranın iclaslarında baxılan məsələlər
barədə məlumatı kütləvi informasiya vasitələri
və Şuranın rəsmi internet saytı vasitəsilə
yayır;
4.6.10.
Şurada baxılan müraciətlərin uçotunu
aparır, onları təhlil edir, icmallaşdırır və
nəticəsi barədə Şuranın sədrinə
rüblük, yarımillik və illik arayışlar
(hesabatlar) təqdim edir;
4.6.11.
Şuranın fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
rəsmi internet saytının yaradılmasını,
siyahısı qanunla müəyyən edilmiş
açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini
və informasiyanın daim yenilənməsini təmin edir;
4.6.12.
Şuranın sədrinin göstərişlərini icra edir;
4.6.13.
Öz səlahiyyətləri daxilində Şuranın qəbul
etdiyi qərarların icrası ilə əlaqədar
müvafiq tədbirlər görür;
4.6.14.
Şuranın protokollarının və digər sənədlərin
əsllərini saxlayır;
4.6.15. bu Əsasnamədə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirir və
hüquqları həyata keçirir.
4.7. Bu
Əsasnamənin 4.7.4-cü yarımbəndinə əsasən
rəylər 5 iş günündən gec olmayaraq təqdim
edilməlidir. Təqdim edilmiş rəylər əsaslandırılmalı,
həmin rəylərdə hər hansı bir məsələyə
münasibət aydın və birmənalı şəkildə
ifadə olunmalıdır.
5. Şuraya edilən müraciətlərlə
bağlı tələblər
5.1.
Müraciətlər yazılı formada tərtib edilməlidir.
5.2. Mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya
Şuralarının qərarlarından, hərəkət və
ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər tərəfindən
verilmiş şikayətlərdə qanunla nəzərdə
tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar
da göstərilməlidir:
5.2.1. şikayət edən şəxsin VÖEN-i;
5.2.2. şikayətin predmeti üzrə bundan əvvəl
aidiyyəti mərkəzi və ya yerli icra hakimiyyəti
orqanlarına edilmiş müraciət (müraciətlər) və
alınmış cavab (cavablar) barədə məlumatlar;
5.2.3. şikayətin predmeti üzrə bundan əvvəl
mərkəzi və ya yerli icra hakimiyyəti orqanına
müraciətin (müraciətlərin) edilməsinə səbəb
olan hal barədə məlumatlar (o cümlədən, aidiyyəti
mərkəzi və ya yerli icra hakimiyyəti orqanının və
həmin orqanın Apellyasiya Şurasının qəbul etdiyi
inzibati aktın adı, tarixi, nömrəsi, qısa məzmunu);
5.2.4. şikayətə əlavə edilmiş sənədlərin
siyahısı.
5.3.
Şikayətlər müraciət edən fiziki şəxsin
özü və ya hüquqi şəxsin rəhbəri, yaxud
onların səlahiyyətli nümayəndələri tərəfindən
(səlahiyyəti təsdiq edən sənədin surəti
şikayətə əlavə edilməklə) imzalanır.
5.4.
Hüquqi şəxs tərəfindən təqdim olunan
şikayətlərə həmin hüquqi şəxsin
möhürü vurulmalıdır. Bu tələb
rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik,
filial və bölmələrinə də şamil edilir.
Bu zaman şikayətlərə müvafiq olaraq
nümayəndəlik, filial və bölmələrin
möhürü vurulur.
5.5.
Şikayətlərin əsaslı olmasını təsdiq edən
sənədlərin (dövlət, qeyri-dövlət və
yerli özünüidarəetmə orqanlarından
alınmış qərar, akt, rəy, məktub,
arayış, qəbz və digər sənədlərin)
müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətlərə
əlavə edilir.
5.6. Aidiyyəti
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
Apellyasiya Şuralarında baxılmadan birbaşa Şuraya
daxil olmuş şikayətlər, habelə korrupsiya ilə əlaqədar
hüquqpozmalar barədə müraciətlər
baxılması üçün aidiyyəti üzrə
göndərilir.
5.7.
Şurada baxılmış (və ya mahiyyəti üzrə
baxılmamış) hər bir şikayət üzrə
müraciəti etmiş şəxsə (şəxslərə)
araşdırmanın nəticəsinə dair əsaslandırılmış
qərar (və ya yazılı cavab) göndərilir.
6. Şuranın iclaslarının
keçirilməsi qaydası
6.1.
Şuranın iclasları onun üzvlərinin azı
üçdə ikisi iştirak etdikdə səlahiyyətli
sayılır.
6.2.
Şuranın iclasları ayda iki dəfədən az olmayaraq və ya Şura sədrinin və ya
üzvlərinin müraciətinə əsasən
keçirilir.
6.3.
Şuranın hər bir iclasının reqlamenti müzakirə
olunacaq müraciətlərdən asılı olaraq
Şuranın sədri tərəfindən müəyyənləşdirilir.
6.4.
Şuranın iclaslarında Şuraya şikayətlə
müraciət etmiş şəxslər (onların səlahiyyətli
nümayəndələri), aidiyyəti mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri,
ekspert, mütəxəssis, tərcüməçi və digər
əlaqəli şəxslər iştirak edə bilərlər.
6.5.
Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə
bağlı bütün dəlillər Şuranın üzvləri
tərəfindən müzakirə edilir və hər bir məsələyə
ayrıca münasibət bildirilir.
6.6.
Şuranın iclaslarında qərarlar açıq səsvermə
yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs
çoxluğu ilə qəbul edilir. Səslər
bərabər olduqda, Şuranın sədrinin səsi həlledicidir.
6.7.
Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə
bağlı Şuranın sədri, Şuranın Katibliyinin rəhbəri
və ya Şuranın digər üzvlərindən biri məruzə
edir.
6.8.
Şuranın iclaslarında şikayətlə müraciət
etmiş şəxslərin səlahiyyətli nümayəndələri
iştirak etdikdə, nümayəndənin səlahiyyətini
təsdiq edən sənədin əsli (və ya müvafiq
qaydada təsdiq olunmuş surəti) Katibliyə təqdim edilməlidir.
6.9.
Şuranın iclaslarına dəvət olunan şəxslər
təkliflər vermək və müvafiq məsələlərə
münasibət bildirmək hüququna malikdirlər.
6.10.
Şuranın iclaslarında bu Əsasnaməyə uyğun
olaraq qəbul edilmiş və Şuranın sədri tərəfindən
imzalanmış qərarların icrası bütün mərkəzi
və yerli icra hakimiyyəti orqanları, həmçinin fiziki
və hüquqi şəxslər üçün məcburidir.
6.11.
Şuranın iclaslarının və gündəliyinə
daxil edilmiş şikayətlərin müzakirəsinin video
çəkilişi həyata keçirilir və ən az bir il müddətində saxlanılır.
6.12.
Şurada baxılan şikayətlər barədə qəbul
edilmiş qərarlar barədə məlumat Katiblik tərəfindən
kütləvi informasiya vasitələri və ya Şuranın
rəsmi internet saytı vasitəsilə yayılır.
6.13.
Şuranın sədri üzrlü səbəblərlə əlaqədar
(məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Şuranın iclasında iştirak edə bilmədikdə,
Şuranın sədrinin səlahiyyətləri Şuranın
sədri tərəfindən Şuranın digər
üzvünə həvalə edilir.
7. Şuranın iclas protokollarına
və qəbul etdiyi qərarlara dair tələblər
7.1.
Şuranın iclaslarının nəticəsi Şuranın
üzvləri və Katibliyin rəhbəri tərəfindən
imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
7.2.
Şuranın iclas protokolunda aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın keçirildiyi tarix və yer;
7.2.2. iclasda iştirak edən Şuranın üzvlərinin,
Katibliyin rəhbəri və tərkibinin, dəvət
edilmiş digər şəxslərin və (və ya)
onların səlahiyyətli nümayəndələrinin
adları, soyadları və atalarının adları;
7.2.3. müzakirə edilməsi üçün
gündəliyə daxil edilmiş müraciətin predmeti,
qısa məzmunu və əsasları;
7.2.4. müzakirə edilməsi üçün
gündəliyə daxil edilmiş şikayətin predmeti
üzrə daha əvvəl qəbul edilmiş qərarlar və
həmin qərarların əsasları;
7.2.5.
Şuranın iclasında iştirak edən şəxslərin
çıxışları;
7.2.6.
Şuranın daxil olmuş müraciətlərlə
bağlı topladığı sübutlar, gəldiyi nəticələr,
aidiyyəti hüquqi aktlara istinad;
7.2.7.
Şura tərəfindən qəbul edilmiş qərar.
7.3.
Şura icraatına daxil olan şikayətlər üzrə
aparılan araşdırmanın nəticəsi olaraq
aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. şikayət təmin edilir;
7.3.2. şikayət qismən təmin edilir;
7.3.3. şikayət təmin edilmir;
7.3.4. şikayətin mahiyyəti üzrə yeni qərar
qəbul edilir.
7.4.
Şuranın bu Əsasnamənin 7.3-cü bəndinə
uyğun olaraq qəbul etdiyi qərarı əsaslandırılmış
şəkildə tərtib olunmalı və işin
bütün hallarını özündə əks etdirməlidir.
Şuranın sədri tərəfindən imzalanmış qərar
giriş, təsviri, əsaslandırıcı və nəticə
hissəsindən ibarət olur və həmin hissələrdə
aşağıdakı məlumatlar qeyd edilir:
7.4.1.
Giriş hissəsində Şuranın qərarının qəbul
edildiyi tarix və yer, qərarı imzalayan Şuranın sədrinin
soyadı, adı, atasının adı, vəzifəsi,
rütbəsi, şikayətin predmeti və irəli
sürülən tələblər;
7.4.2. Təsviri
hissəsində daxil olmuş şikayət edən şəxsin
gətirdiyi əsas, şikayətin predmeti üzrə daha əvvəl
qəbul edilmiş qərarlar və həmin qərarların
qısa məzmunu, əsasları, habelə işdə
iştirak edən şəxslərin izahatları;
7.4.3.
Əsaslandırıcı hissəsində Şuranın əldə
etdiyi sübutlar və topladığı sənədlər
barədə məlumatlar, aidiyyəti hüquqi aktlara
istinadlar;
7.4.4. Nəticə
hissəsində Şuranın qəbul etdiyi qərar, qərarın
icrasına dair göstəriş və qərardan şikayətin
verilməsi qaydası öz əksini tapır.
7.5. Şuranın sədri tərəfindən
qəbul edilmiş qərarların (verilmiş yazılı
cavabların) aidiyyəti üzrə göndərilməsini
Katiblik təşkil edir.
Azərbaycan. - 2016.- 4 fevral.- S.2.