Milli istehsalın yeni
hədəfləri müəyyənləşir
Prezident İlham
ƏLİYEV: “Yerli istehsal,
idxaldan asılılığın
azaldılması bizim gələcək
dayanıqlı inkişafımızın əsas məsələsidir”
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir.
Neftin qiymətinin 3-4 dəfəyədək aşağı düşməsi səbəbindən ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi neqativ təzyiqlərin yaranması nəzərə alınaraq hökumət obyektiv zərurət kimi ötən ilin fevral və dekabr aylarında manatın devalvasiyasını həyata keçirmiş, beləliklə, bir tərəfdən ölkənin strateji valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısı alınmış və tədiyə balansı tarazlaşdırılmış, digər tərəfdən milli iqtisadiyyatın rəqabətqabiliyyətliyi artırılmışdır.
Mərkəzi Bankın 2016-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı göstərir ki, respublikamız bu il qlobal maliyyə iqtisadi böhranın təsirlərinə maksimum müqavimət əzmi nümayiş etdirəcək. Bəyanatda qeyd olunduğu kimi, “Ortamüddətli dövrdə milli iqtisadiyyatın “yenidən balanslaşdırılması”, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (“təklif iqtisadiyyatı”) keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran strateji çağırışdır. Bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcəkdir”.
2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görüləcək. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
Manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli dərəcədə azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta ehtiyatlarının yüksək səviyyədə (hazırda ÜDM-in 100 faizindən çox) qorunub saxlanmasına gətirib çıxarmalıdır.
Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması bu il də iqtisadi siyasətin prioritetləri sırasındadır. Həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.
Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” fərmanı bu sahədə həyata keçirilən dövlət siyasətinin bir nümunəsi sayıla bilər. Ölkə başçısının 3 mart 2013-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilmiş, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ hüquqi baza formalaşdırılmışdır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir.
Ölkə başçısının 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı da çox mühüm əhəmiyyətli sənəddir. Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratmışdır. Prezident İlham Əliyevin imzaladığı fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənib. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqləndi. Sahibkarlıq fəaliyyəti üçün xüsusi lisenziyaların alınması prosesinin sadələşdirilməsi və “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi, sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətində dayandırılması, Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin edilməsi sahibkarlığın inkişafına göstərilən dəstəkdir.
Prezident İlham Əliyev tərəfindən investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilən qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə geniş infrastruktur quruculuğu aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bildirib: “Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır. Ona görə müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün”.
Dövlət proqramının məqsədlərinə uyğun olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq. İnvestisiyaların təşviqi ilə bağlı dövlət başçısının imzaladığı sənədlərə əsasən vergi, gömrük və digər güzəştlərin bu layihələrə də şamil edilməsi onların uğurlu icrasına stimul yaradacaq, nəticədə istehsal və emal sənayesinin xammal təminatı möhkəmlənəcək və xarici amillərdən asılılıq əhəmiyyətli dərəcədə azalacaq, 15 mindən çox yeni iş yeri açılacaq. Satınalmalar üzrə qanunvericiliyə edilmiş dəyişikliklər, o cümlədən tenderlərdə yerli sahibkarlara güzəştin 20 faizədək müəyyən edilməsi onların layihəni qazanmaq imkanını artırmaqla yerli istehsalın inkişafına əlavə stimul verəcək.
Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılmasının, infrastrukturun yeniləşdirilməsinin, regionların tarazlı və davamlı inkişafının və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan syasətin məqsədyönlülüyündən xəbər verir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaq.
Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapır. Beynəlxalq maliyyə qurumları bu istiqamətdə apardığımız fəaliyyəti yüksək qiymətləndirir. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı yüksək yerlərə layiq görüb. Davos Dünya İqtisadi Forumu da ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 40-cı yerə layiq görmüşdür. Belə ki, ölkəmiz dünya miqyasında 40-cı, MDB məkanında isə birinci yerdədir. Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi qeyri-neft sektorunun inkişafına şərait yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan. - 2016.- 4 fevral.- S.1, 5.