Qeyri-neft sektorunun ən
gəlirli sahələrindən biri də
turizmdir
Prezident İlham
ƏLİYEV: “Turizmin inkişafı daha sürətlə getməlidir”
Azərbaycanın turizm sahəsində qazandığı nailiyyətləri əyani göstərmək üçün 2012-ci ildə Bakıda keçirilən “Eurovision”u və keçən il böyük uğurla baş tutan I Avropa Oyunlarını xatırlatmaq kifayətdir. Amma bu cür qitə əhəmiyyətli tədbirlərsiz də ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Bundan əlavə, Bakıda və bölgələrdə keçirilən beynəlxalq idman yarışları, musiqi festivalları və digər tədbirlərdə iştirak edən qonaqlarımız üçün yaradılan şərait, onların ölkəmizdən razı qayıtması da turizmin inkişafını aydın göstərən reallıqdır.
Azərbaycanda iqtisadiyyatın neft amilindən asılılığını təmin etmək üçün artıq neçə illərdir qeyri-neft sektorunun inkişafı prioritet vəzifə kimi qarşıya qoyulub. Nəticədə nəzərəçarpacaq uğurlar qazanılıb. Məsələn, Qusar rayonu ərazisində fəaliyyət göstərən “Şahdağ” kurort zonasında turistlər həm yayda, həm də qışda istirahət edə bilirlər. Bu zona əsasən dövlət vəsaitləri hesabına yaradılıb. Sonra özəl qurumlar da orada hotel və mehmanxanalar inşa ediblər. Lakin bütün infrastrukturu və birinci hoteli dövlət öz hesabına tikib.
Prezident İlham Əliyev bu kompleksin məqsədini
vurğulayaraq demişdir:
“İnsanlara şərait yaratmaq,
o bölgəni - şimal
bölgəsini inkişaf etdirmək, iş yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə
gəlir qazanmaq üçün
- budur məqsəd. Burada həm sosial, həm regional, həm də iqtisadi siyasət birləşir. Ona görə
turizm üçün
bütün başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir.
İndi bizim belə zonalarımız var.”
Azərbaycanın elə bir bölgəsi
yoxdur ki, orada turizmi inkişaf
etdirmək mümkün
olmasın. Qəbələ rayonunun beynəlxalq
turizm zonasına çevrilməsi, Naftalanın
beynəlxalq müalicə-kurort
mərkəzi kimi şöhrətinin özünə
qaytarılması deyilənlərin
sübutudur. Şabran
rayonunda “Qalaaltı”, Naxçıvanda “Duzdağ”
müalicəvi kurort mərkəzlərinin
yaradılması da bu qəbildən olan dəyərli tədbirlərdir.
Bir sözlə, son 12 il ərzində Azərbaycanda
turizm potensialı xeyli inkişaf etmiş, yeni beynəlxalq səviyyəli
istirahət mərkəzləri
yaradılmış, dünyanın
ən müasir hotel brendləri ölkəmizə
gəlmişdir. İndi istər
ölkənin iri şəhərlərində, istərsə
də Qəbələdə,
Şamaxıda, Qubada,
Lənkəranda, Şəki-Zaqatala
zonasında və digər çoxsaylı yüzlərlə istirahət
mərkəzləri fəaliyyət
göstərir.
İndiki iqtisadi böhran şəraitində qeyri-neft
sektorunun əsas qollarından biri olan turizmin daha
sürətlə inkişaf
etdirilməsi xüsusi
önəm daşıyır. Dövlət turizm sektorunun inkişafı üçün
yerli və xarici sərmayənin cəlb edilməsini vacib hesab edir.
Yerli şirkətlər bu sahəyə investisiya qoymalıdır. Bu işə xarici şirkətlər də qoşulmalıdır.
Lakin sərmayələrin
yönəldilməsi və
infrastrukturun yaradılması
heç də bütün məsələləri
həll etmir. Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci
ilin sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında, eləcə də “Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı
Dövlət Proqram”ının
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda turizmin inkişafı üçün
kompleks tədbirlərin
gərək olduğunu
bildirmiş, ilk növbədə,
bütün süni əngəllərin aradan qaldırılmasının vacibliyini
qeyd etmişdir. “Bütün süni
əngəllər aradan
götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür
ki, Bakıya, Azərbaycana səyahət
etmək istəyən
xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin.”
Məlumdur ki, Azərbaycanda turistləri maraqlandıran
bir sıra ənənəvi sənət
növləri var. Hər
bir turist gəldiyi ölkədən
müəyyən nişanə,
yadigar, yaxud hədiyyə kimi bir suvenir əşya
aparmaq istəyir. Məsələn, müxtəlif ölçülü
xalçalar, digər
xalq sənəti nümunələri onların
ən çox seçdikləri məhsullardandır.
Turistlərin diqqətini Azərbaycan
xanımlarının milli
baş örtüyü
olan kəlağayı
da çox cəlb edir.
Bütün bunları nəzərə
alaraq dövlət başçısı yerlərdə
turistləri maraqlandıran
ənənəvi sənət
növlərinin inkişaf
etdirilməsini tapşırmışdır. Kəndlərdə bu işin, məsələn,
xalçaçılığın təşkili çox fayda verə bilər. Bunun üçün xalçaçı qadınlar
dəzgahlarla, iplərlə,
digər materiallarla təmin olunmalıdırlar.
Beləliklə, həm kənd
yerlərində yaşayan
qadınların məşğulluq
problemi və dolanışığı həll
olunar, həm turistlərin hədiyyə
seçimi geniş olar, həm də həmin məhsullar xaricə ixrac edilər.
Turizmin bu cür kompleks şəkildə inkişafı
sahənin gündən-günə
güclənməsinə və
qeyri-neft sektoruna öz töhfəsini verməsinə səbəb
olacaq.
Flora SADIQLI,
Azərbaycan. - 2016.- 4 fevral.- S.5.