Xocalı
soyqırımının 24-cü ildönümünün
keçirilməsinə dair Tədbirlər
Planı təsdiq edilib
Azərbaycan
Respublikasının Prezidenti Administrasiyası rəhbərinin
sərəncamı ilə “Xocalı soyqırımının
iyirmi dördüncü ildönümünün keçirilməsinə
dair tədbirlər planı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.
Fevralın 26-da təhsil müəssisələrində
ilk dərslər bu
faciəyə həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad ediləcək, respublikanın şəhər
və rayonlarında, kənd və qəsəbələrində
Azərbaycanın dövlət bayraqları endiriləcək.
Azərbaycan. - 2016.- 4 fevral.- S.3.