Mixail Şvıdkoy: Poladı bütün postsovet məkanında
sevir və xatırlayırlar
“Heydər Əliyev
Poladın simasında
sadəcə taleyin hökmü ilə yüksək vəzifə
tutan növbəti naziri deyil, həm
də Azərbaycan mədəniyyətini tənəzzüldən
və talanmaqdan qorumağı bacaran bir insanı görürdü. Söz yox ki, Heydər
Əliyev Poladı sovet adamlarının
neçə-neçə nəslinin sevdiyi
bir musiqiçi kimi də qiymətləndirirdi. Amma istedadlı musiqiçi
və istedadlı nazir olmaq
heç də eyni şey deyil. Polad məhz Heydər Əliyevin dövründə
iri dövlət xadimi
oldu və eyni zamanda mədəniyyətə bağlı
insanların hörmətini qoruyub saxladı”.
RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy bu sözləri “Rossiyskaya qazeta”da dərc olunmuş “Doğmalar arasında doğma” sərlövhəli məqaləsində
yazıb.
Polad Bülbüloğlunun doğum günü ərəfəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin ötən il qeyd olunan 70 illik yubileyini xatırlayan müəllif vurğulayır ki, nazir və səfir işləməsinə baxmayaraq, Moskvadakı təntənəli yubiley gecəsində onu ilk növbədə insanlara “Dünən mənə dedin ki...” mahnısını onunla birlikdə oxumaq səadətini bəxş etmiş böyük musiqiçi, sevimli bəstəkar və müğənni kimi təbrik edirdilər. M.Şvıdkoy yazır: “Onun Azərbaycan xalq poeziyasının melodizmini üzə çıxaran vokal silsilələri, kinofilmlərə yazdığı musiqi artıq çoxdan klassikaya çevrilib, “Eşq və ölüm” baleti və simfonik musiqisi teatrların repertuarında və filarmoniya səhnələrində möhkəm yer tutur. O, nadir səsinə görə Bülbül adlandırılan böyük atasına layiq oğuldur. Bir sözlə, müxtəlif ölkələrin ucsuz-bucaqsız məkanlarını atası kimi bülbül səsi ilə fəth edən Bülbülün oğlunu təbrik edirdilər”.
RF Prezidentinin xüsusi nümayəndəsi hesab edir ki, Rusiyanın MDB ölkələrində səfiri olmaq, eləcə də MDB ölkələrinin Rusiyada səfirləri olmaq heç də asan məsələ deyil: “Hamının sanki səninlə bir dildə danışdığı, özününkü saydığın adamların yaşadığı hər bir ölkənin şəxsi maraqları, bu və ya digər proseslərə fərqli baxışları var. Bəzən kəskin münaqişələr olur. Burada dostluğun və müstəqilliyin kövrək tarazlığını qoruyub saxlamağa imkan verən ünsiyyət intonasiyası tapmaq və bu tarazlığı istənilən şəraitdə qoruyub saxlamaq lazımdır. Polad bu işin kamil ustasıdır. Yəni, öyrənmək üçün nümunəm var”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan. - 2016.- 4 fevral.- S. 4.