Dünyanın ilk və ən böyük Miniatür Kitab Muzeyi Azərbaycandadır

 

Dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 14 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir. Bəzi vətəndaşlarımız buranı tanımasalar da, Miniatür Kitab Muzeyi xarici ölkələrdə xeyli şöhrət qazanıb.

Bu günlərdə İçərişəhərdə, XV əsrin memarlıq abidəsi olan Şirvanşahlar Sarayının yaxınlığında yerləşən həmin muzeyin qonağı olduq. Bizi muzeyin təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova qarşıladı. Onun müşayiəti ilə muzeydəki eksponatlarla tanışlığa başladıq. Zərifə xanım dedi ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Beynəlxalq kitab və müəllif hüquqları günündə fəaliyyətə başlayıb. Bu, dünyada ilk özəl miniatür kitablar muzeyidir.

 

Nöqtə boyda kitab

 

Muzey Z.Salahova tərəfindən 33 ildən artıq müddətdə toplanmış nadir kolleksiya əsasında yaradılıb. Bu gün muzeydə 145 kv.m sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin var idi) dünyanın 69 ölkəsində nəşr edilmiş 5600-dən çox, o cümlədən ölçüləri 75x75 mm qədər olan 2913 sayda miniatür kitab nümayiş etdirilir. Ekspozisiyanın “Azərbaycanda nəşr olunmuş miniatür kitablar”, “Nadir miniatür kitablar”, “Dini ədəbiyyat miniatür kitablarda”, A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüşYevgeni Onegin” poemasının da daxil olduğuPuşkinianakimi bölmələri böyük maraq doğurur. Bunların arasında 1998-ci ildə Bakıda nəfis tərtibatla nəşr olunmuş “Heydər Əliyev. Əsrin müqaviləsi” kitabı, habelə 1815-ci ildə Londonda buraxılmış “İngiltərə tarixi” və digər nadir nüsxələr diqqəti xüsusilə cəlb edir. Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab hesab edilir. Onlardan birinin ölçüsü 0,75x0,75 mm və 3-nün ölçüsü isə 2x2 mm təşkil edir. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib. Adi gözlə nöqtə kimi görünən kitabın oxunması üçün özünün lupası var. Bundan başqa, vitrində alman istehsalı olan mikrokitablardan 1-nin ölçüsü 2,0x2,9 mm (Leypsiq) və 3-nün ölçüsü 3,5x3,5 mm (Münhen) olan kitablar da vardır.

Muzeydə dini mövzulu nadir kitablara da rast gəlmək olar. Bu, əsasən XVII əsrə aid olan “Quran” nəşrləri, 4 cildliİncil” (1907), katolik dua kitabçası, Tövrat, “Buddist hekayələri s.-dir. Nadir kitabların ümumi tirajı əsasən yüksək olmur. Bəzən belə kitabların tirajı ən çox 50 nüsxə olur. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ənqocakitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunanQuran”dır. Muzeydə məşhur “Beatles” qrupunun mahnılarının sözləri toplanan cəmi 5 nüsxəsi olan minikitab da var.

Zərifə Salahovanın sözlərinə görə, muzeyin fondu yeni miniatür kitablarla, habelə hədiyyə edilən nəşrlərlə daim zənginləşdirilir. Muzeyin yaradılması təşəbbüsünün necə yarandığına gəldikdə isə, o qeyd etdi ki, 1982-ci ilin noyabrında Moskvada Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətində İ.Krılovun təmsillərinin tam külliyyatının kiçik formatlı faksimil nəşrini 23 rubla əldə etməyi ona təklif etdilər: “Bu qiymət o zamanlar üçün böyük idi, lakin mən pulunu ödəyərək kitabı aldım. Bax elə həmin gündən mənim kolleksiyamın formalaşdırılması başlandı. Arxada qalan təxminən 33 il ərzində mən 7500-dən çox miniatür kitab toplaya bildim”.

 

Ginnesin Rekordlar Kitabına düşən ən böyük kolleksiya

 

Muzeydə Amerikanın tanınmış rəssamları, heykəltəraşları qrafiklərinin əl işləri olan qeyri-adi miniatür kitablar da sərgilənir. Bu nadir kitabları müəlliflər özləri muzeyə bağışlayıblar. Muzeyin təsisçisi dedi ki, “buraya ABŞ səfirliyindən nümayəndələr gəlmişdi. Onlardan soruşdum ki, amerikalılar haradan biliblər ki, Azərbaycanda belə bir muzey var? Gülərək dedilər ki, Amerikada Azərbaycanı üç şeylə tanıyırlar - neft, kürü Miniatür Kitab Muzeyi”.

Azərbaycana məxsus Miniatür Kitab Muzeyinin kolleksiyası böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına da düşüb. Zərifə xanım dedi ki, muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsinə nail olmaq üçün yarım ildən artıq gərgin işləmək lazım gəlib. Bunun üçün sifariş 2014-cü ilin birinci yarısında təqdim edilib.

Muzeydə saxlanılan miniatür kitab nüsxələrindən 2913-ü bütün tələblərə tamamilə uyğun gəlir. Çünki bu kitabların ölçüləri 75x75 mm-dən çox deyil - miniatür kitabın müasir standartı da məhz belədir. Kitabların xeyli hissəsinin ölçüləri 100x100 mm-dən çox deyil. Bu isə keçmiş SSRİ- miniatür kitab standartlarına uyğundur. Nəhayət, 2015-ci il yanvarın 20-də Ginnesin Rekordlar Kitabının rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub. Zərifə Salahovaya təqdim olunan “Guinness World Records” sertifikatı hazırda muzeyin içərisində divardan asılaraq nümayiş etdirilir.

 

Muzey Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaranıb

 

Z.Salahova vurğuladı ki, bu muzeyin yaradılması indi dünyada rekord kolleksiyaya malik olması ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün olub: “10 oktyabr 1993-cü ildə Heydər Əliyev birinci dəfə Prezident seçilmişdi. Oktyabrın 15-də andiçmə mərasimində mən iştirak edirdim. Orada onun dərin məzmunlu nitqinə qulaq asdım fikirləşdim ki, gərək bu nitqi miniatür kitab şəklində 3 dildə (Azərbaycan, rus, ingilis) nəşr etdirim. Bilirsiniz ki, o zaman Azərbaycanda ictimai-siyasi vəziyyət ağır idi. Mən sponsor taparaq o kitabı - “Vətənə, dövlətə sədaqət andı” Moskvada çap etdirdim. 3 iyul 1995-ci ildə Milli kitabxanada kitabın təqdimatı keçirildi. Orada sərgiyə 2000 miniatür kitab düzmüşdüm. Tədbirdə Heydər Əliyev iştirak edirdi. Dedim ki, cənab Heydər Əliyev, əgər yer versələr, miniatür kitab muzeyi yaradaram onu şəhərə bağışlayaram. Heydər Əliyev isə öz çıxışında ədəbiyyatdan, kitabın gənclərin tərbiyəsindəki rolundan ətraflı danışdı. Amma yer məsələsinə toxunmadı. Nəhayət, sərgidəki kitablara baxanda soruşdu ki, bu kitabların hamısı sənindir? Dedim, bəli, burada 2000 kitab var, amma ümumilikdə məndə 4000 miniatür kitab mövcuddur. O, kitablarla maraqlandı. Fərhad Şirinkitabı çox xoşuna gəldi. Həmin kitabı ona bağışladım. Bu tədbirdən bir neçə ay keçdi, Memarlıq Departamentindən mənə zəng vurdular ki, muzey üçün İçərişəhərdə haranı seçsəniz, orada da sizə yer verəcəyik. Bu kimin tapşırığı idi? Təbii ki, Heydər Əliyevin. O bilirdi ki, bu kitabların bizim xalqımızın mədəniyyətinə böyük təsiri var”.

 

Xarici ziyarətçilərin sırasında prezidentlər var

 

Vədinə sadiq qalan Zərifə xanım muzeyi həqiqətən Bakı şəhərinə bağışlayıb. Belə ki, muzeyə giriş hər zaman ödənişsizdir. Kim istəyir sərbəst şəkildə buraya daxil olur muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verir. Muzeylə maraqlananlar da az deyil. Təkcə ötən il 35533 nəfər muzeyi ziyarət edib. Onlardan 8670-i böyüklər, 4186-sı tələbələr, 8921-i məktəblilər, 1044 nəfəri isə uşaqlardır. Muzeydəki ekspozisiya əcnəbi vətəndaşların da xüsusi diqqətini çəkir. Belə ki, 2015-ci ildə 12712 nəfər xarici vətəndaş muzeyin ziyarətçilərindən olub.

Muzeyin girişində rəy kitabı da yer alır. Keçən il ərzində bu kitaba 1790 nəfər rəy yazıb. Onların arasında Monteneqronun Xorvatiyanın prezidentləri var.

Söhbət əsnasında muzeyin rəhbəri Mədəniyyət Turizm Nazirliyinə olan gileyini gizlətmədi. Bildirdi ki, Miniatür Kitab Muzeyinin fəaliyyətinin 14 ili tamam olmaq üzrədir. Bu müddət ərzində nazirliyin rəsmiləri muzeylərlə bağlı şöbəsinin heç bir əməkdaşı bir dəfə olsun bu muzeyə gəlməyib, yaxud buranın fəaliyyəti ilə maraqlanmayıb.

Sonda onu da qeyd edək ki, Miniatür Kitab Muzeyinin Naxçıvanda da filial var. Filial 2014-cü il dekabrın 18-dən fəaliyyətə başlayıb. Orada 12 vitrində 31 ölkədə çap olunmuş 1090 miniatür kitab nümayiş olunur. Bundan başqa, yaxın günlərdə muzeyin Gəncədə filialının açılması nəzərdə tutulub.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2016.- 4 fevral.-  S.7.