Azərbaycan Prezidenti İlham Əliyev
Londonda “Suriyaya və regiona dəstək” konfransında iştirak edib
Fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak edib.
Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.
Dövlətimizin başçısı konfrans çərçivəsində keçirilən “Təhsil” mövzusunda sessiyada çıxış edib.
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
-Zati-aliləri, xanımlar və cənablar.
Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Bu, həqiqətən də humanitar fəlakət idi. O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına düşən qaçqın
sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və
işsiz qalaraq, yaşayış imkanlarından
məhrum olmuşdu.
Biz beynəlxalq humanitar təşkilatlara,
xüsusilə tariximizin
çətin məqamında
bizə dəstək olan BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığına
minnətdarıq.
Bu gün Azərbaycan
özü donor ölkədir. Biz, Suriya qaçqınları
da daxil olmaqla maliyyə yardımını təmin
edirik. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs
rejimi müəyyən
edilmişdir. Əfsuslar ki,
o vaxtdan bəri danışıqlar masası
ətrafında bu münaqişənin həlli
ilə bağlı ciddi irəliləyişə
nail olunmamışdır. BMT-nin Təhlükəsizlik
Şurası Ermənistan
silahlı qüvvələrinin
Azərbaycanın işğal
olunmuş ərazilərindən
dərhal və qeyd-şərtsiz çıxmasını
tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən
bu qətnamələrə
məhəl qoyulmur.
Lakin
1994-cü ildə atəşkəs
razılığının əldə olunması bizə inkişaf etmək imkanını verdi. O vaxtdan
bəri Azərbaycanın
inkişafı çox
sürətli olub. Biz
demək olar ki, 250 min qaçqını
lazımi ev
şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla
100 faiz savadlılıq
səviyyəsi var. On il bundan
əvvəl qaçqınların
təxminən 70 faizi
yoxsulluq şəraitində
yaşayırdı. İndi isə
qaçqınlar arasında
yoxsulluq səviyyəsi
yalnız 12 faiz təşkil edir. Ümumilikdə işsizlik və
yoxsulluq 5 faizdir.
Mən bu göstəriciləri nəyə görə sizin diqqətinizə çatdırıram?! Çünki ölkə yalnız sabitlik və sülh şəraitində
inkişaf edə və böyük çətinliklərin öhdəsindən
gələ bilər.
Bu gün biz bir çox çıxışları
və yardım çağırışlarını dinlədik. Azərbaycan Suriyada humanitar
inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır.
Lakin ən əsası sülh, atəşkəs,
siyasi həllin tapılmasıdır. Yalnız
bundan sonra iş yerləri açılacaq, təhsil
istənilən səviyyədə
olacaq və insanlar öz gələcəyinə inanmağa
başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət
çəkmiş bir
ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında
təcrübəmizi paylaşa
bilərik. Son on illikdə
Azərbaycanda 1,5 milyon iş yeri yaradılmışdır.
Biz təhsil sahəsindəki
təcrübəmizi də
paylaşa bilərik.
Ölkəmizdə 3 mindən çox
məktəb inşa edilmişdir və dediyim kimi, Azərbaycanda
100 faizlik savadlılıq
səviyyəsinə nail olunmuşdur.
Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də
paylaşa bilərik və biz bunu edəcəyik.
Lakin ən önəmlisi sülhdür. Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran
bir nömrəli məsələdir. Əminəm ki, bu gün
apardığımız müzakirələr
həmin siyasi həllin tapılmasında
öz vacib rolunu oynayacaqdır.
Bu gün Azərbaycan
əsaslı maliyyə
və iqtisadi potensialı olan bir ölkə kimi buna sülh
deyil, yalnız atəşkəs şəraitində
nail ola bilmişdir.
Əlbəttə ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək
olmaqda davam edəcəyik. Biz Suriya
qaçqınlarını qəbul etmək üçün üzərinə
belə böyük bir yükü götürən ölkələrə
minnətdarıq. Bir daha qeyd etmək istəyirəm, biz buraya sülhü və bu cür dəyərləri
təşviq etmək
üçün gəlmişik.
Bu baxımdan Azərbaycan öz vacib rolunu oynamağa
davam edəcəkdir.
Çox sağ
olun.
AZƏRTAC
Azərbaycan. - 2016.- 5 fevral.- S.1.