Yerli icra hakimiyyəti
orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi
Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 3 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Yerli
icra hakimiyyəti orqanlarının Apellyasiya Şurası
(bundan sonra - Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər tərəfindən
özlərinin sahibkarlıq fəaliyyəti ilə
bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından,
əmrindən, hərəkət və ya hərəkətsizliyindən
(korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
müraciətlər istisna olmaqla) verilmiş təkrar
şikayətlərə (bundan sonra - şikayət) baxan və
ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən
kollegial orqandır.
1.2. Apellyasiya
Şurası öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, “İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və bu Əsasnaməni rəhbər tutur.
1.3. Bu
Əsasnamənin məqsədləri üçün
“şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər tərəfindən
özlərinin sahibkarlıq fəaliyyəti ilə
bağlı verilmiş şikayətlər üzrə yerli
icra hakimiyyəti orqanının sərəncamından, əmrindən,
habelə hərəkət və ya hərəkətsizliyindən
həmin şəxslərin Apellyasiya Şurasına verdiyi
yazılı müraciəti başa düşülür.
1.4.
Apellyasiya Şurası öz vəzifələrini yerinə
yetirərkən və hüquqlarını həyata
keçirərkən digər icra hakimiyyəti orqanları,
yerli özünüidarəetmə orqanları və qeyri
hökumət təşkilatları, habelə hüquqi və
fiziki şəxslərlə qarşılıqlı surətdə
fəaliyyət göstərir.
1.5.
Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq,
şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri
əsasında qurur.
2. Apellyasiya Şurasının vəzifələri
2.0.
Apellyasiya Şurasının vəzifələri
aşağıdakılardan ibarətdir:
2.0.1.
Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar
hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və
işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış
şəkildə qərar qəbul etmək;
2.0.2.
Apellyasiya Şurasının qəbul etdiyi qərarların
icrasına nəzarət etmək;
2.0.3.
Apellyasiya Şurasında baxılan şikayətlərin
uçotunu aparmaq, onları təhlil etmək,
icmallaşdırmaq və nəticəsi barədə yerli icra
hakimiyyəti orqanının başçısına
yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;
2.0.4. fəaliyyəti zamanı öz səlahiyyətləri
daxilində insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsini təmin etmək və onların
pozulmasının qarşısını almaq;
2.0.5. qanunvericiliyə uyğun olaraq dövlət və
kommersiya sirrinin və qanunla açıqlanması və
yayılması qadağan edilən digər məlumatların
qorunması üçün zəruri tədbirlər görmək;
2.0.6.
Apellyasiya Şurasının qəbul etdiyi qərarlarla
bağlı izah vermək;
2.0.7. qanunla və Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş digər
vəzifələri yerinə yetirmək.
3. Apellyasiya Şurasının
hüquqları
3.0.
Apellyasiya Şurası öz vəzifələrini yerinə
yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
3.0.1.
Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar
icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə
orqanlarına və qeyri-hökumət təşkilatlarına,
habelə hüquqi və fiziki şəxslərə
sorğular göndərmək (müraciətlər etmək),
onlardan zəruri sənədləri və məlumatları
almaq;
3.0.2.
şikayətlə müraciət etmiş şəxsləri
(onların səlahiyyətli nümayəndələrini),
yerli icra hakimiyyəti başçısının
aparatının, inzibati ərazi dairələri üzrə
nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri
üzrə nümayəndəliklərinin, yanında olan
qurumlarda və tabeliyində olan hüquqi şəxslərin vəzifəli
şəxslərini, habelə digər əlaqəli şəxsləri
Apellyasiya Şurasının iclaslarına dəvət etmək,
onların iştirakı ilə araşdırma aparmaq, onlardan
izahatlar almaq;
3.0.3.
Apellyasiya Şurasına daxil olan şikayətlərin
araşdırılması zamanı aşkar olunmuş
nöqsanların və pozuntuların aradan
qaldırılması ilə bağlı yerli icra hakimiyyəti
başçısının aparatının, inzibati ərazi
dairələri üzrə nümayəndəliklərin, sahə
inzibati ərazi dairələri üzrə nümayəndəliklərin,
yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərin
vəzifəli şəxslərinə yazılı göstərişlər
vermək;
3.0.4. Apellyasiya
Şurasına daxil olan şikayətlərin
araşdırılması zamanı yerli icra hakimiyyəti
başçısının aparatının, inzibati ərazi
dairələri üzrə nümayəndəliklərinin, sahə
inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin,
yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərin
vəzifəli şəxsləri tərəfindən xidməti
fəaliyyətlərinin icrası ilə bağlı kobud
nöqsanlara yol verilməsi, habelə hüquqi aktların
pozulması halları aşkar edildikdə, həmin şəxslərin
məsuliyyətə cəlb olunması məqsədilə
qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin
görülməsi üçün aidiyyəti üzrə məsələ
qaldırmaq və nəticəsi barədə məlumat almaq;
3.0.5.
Apellyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin
artırılması üçün təkliflər vermək;
3.0.6.
Apellyasiya Şurasının fəaliyyəti prosesində təhlillər
və ümumiləşdirmələr aparmaq, şikayətin
araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin
aradan qaldırılması ilə bağlı təkliflər
vermək;
3.0.7.
Apellyasiya Şurasının qərarlarının yerinə
yetirilməsinin monitorinqini aparmaq və nəzarət etmək,
habelə nöqsanların aradan qaldırılması üzrə
tədbirlər görmək;
3.0.9.
Apellyasiya Şurasının fəaliyyətinə ekspert,
mütəxəssis və məsləhətçilər cəlb
etmək;
3.0.10. qanunla və Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
4. Apellyasiya Şurasının fəaliyyətinin
təşkili
4.1.
Apellyasiya Şurasının tərkibi (sədri və digər
altı üzvü) yerli icra hakimiyyəti orqanının rəhbəri
tərəfindən təsdiq edilir. Apellyasiya
Şurasının sədri yerli icra hakimiyyəti
orqanının başçısının müavinlərindən
biri olmalıdır.
4.2.
Apellyasiya Şurasının sədri:
4.2.1.
Apellyasiya Şurasının işini təşkil edir və
ona rəhbərliyi həyata keçirir;
4.2.2.
Apellyasiya Şurasının adından çıxarılan qərarları
və Apellyasiya Şurasının fəaliyyəti ilə
bağlı digər sənədləri imzalayır;
4.2.3.
Apellyasiya Şurasının digər üzvlərinin, habelə
Apellyasiya Şurasının Katibliyinin rəhbərinin və
tərkibinin təsdiq edilməsi ilə bağlı yerli icra
hakimiyyəti orqanının rəhbərinə təqdimatlar
(təkliflər) verir;
4.2.4.
Apellyasiya Şurasının iclaslarının gündəliyini
müəyyənləşdirir və keçirilən
iclaslarda sədrlik edir;
4.2.5.
Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri
baxılmaq üçün Şuranın iclaslarına
çıxarır;
4.2.6.
Apellyasiya Şurasını təmsil edir.
4.3.
Apellyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri
aşağıdakılardır:
4.3.1.
Apellyasiya Şurasının iclaslarında və fəaliyyətində
iştirak etmək;
4.3.2.
Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar
hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;
4.3.3.
Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar
münasibət bildirmək, rəy və təkliflər vermək;
4.3.4.
Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar
ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin
(toplanmış materialların) kifayət olmadığı qənaətinə
gəldikdə, əlavə sənədlərin əldə
edilərək araşdırma materiallarına daxil edilməsini
tələb etmək;
4.3.5.
Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar
Apellyasiya Şurasının adından qərarların qəbul
edilməsi ilə bağlı səsvermədə iştirak
etmək;
4.3.6.
Apellyasiya Şurasının iclaslarının
protokollarını imzalamaq;
4.3.7.
Apellyasiya Şurasının iclaslarında səs
çoxluğu ilə qəbul edilmiş qərarlardan razı
olmadıqda, həmin məsələlərin müzakirə
edilməsi üçün yazılı şəkildə əsaslandırılmış
rəylə yerli icra hakimiyyəti orqanının
başçısına müraciət etmək;
4.3.8.
Apellyasiya Şurasının iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmaq;
4.3.9.
Apellyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati
məsələlər barədə təkliflər vermək;
4.3.10. bu Əsasnamədə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək və
hüquqları həyata keçirmək.
4.4.
Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili
üçün Apellyasiya Şurasının Katibliyi (bundan
sonra – Katiblik) yaradılır. Katibliyin rəhbəri
və tərkibi Apellyasiya Şurasının sədrinin təqdimatı
(təklifi) əsasında yerli icra hakimiyyəti
orqanının başçısı tərəfindən təsdiq
olunur.
4.5.
Apellyasiya Şurasının hər bir üzvü
Şuranın iclasında baxılan məsələlər
üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə
əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı
və qərarların qəbul edilməsində iştirak etməməlidir.
4.6.
Katiblik:
4.6.1.
Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar
təşkilati tədbirləri həyata keçirir;
4.6.2.
Apellyasiya Şurasına daxil olan şikayətləri
qanunvericiliyin və bu Əsasnamənin tələblərinə
uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə
uyğun olduğu halda iş üzrə bütün zəruri
sənədlərin (materialların) 2 iş günündən
gec olmayaraq Katibliyə təqdim edilməsi üçün
yerli icra hakimiyyəti orqanının
başçısının aparatının aidiyyəti
struktur bölməsinə, inzibati ərazi dairələri
üzrə nümayəndəliklərinə, sahə inzibati ərazi
dairələri üzrə nümayəndəliklərinə,
yanında olan qurumlarına və tabeliyində olan hüquqi
şəxslərə müraciət edir;
4.6.3. bu
Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq
yerli icra hakimiyyəti orqanının
başçısının aparatının aidiyyəti
struktur bölmələri, inzibati ərazi dairələri
üzrə nümayəndəlikləri, sahə inzibati ərazi
dairələri üzrə nümayəndəlikləri,
yanında olan qurumlar və tabeliyində olan hüquqi şəxslər
tərəfindən təqdim edilmiş sənədlərin
(materialların) tamlığını və zəruriliyini
yoxladıqdan sonra toplanmış sənədləri
(materialları) rəsmi şəkildə rəy verilməsi
üçün Apellyasiya Şurasının sədrindən
başqa digər üzvlərinə göndərir;
4.6.4. bu Əsasnamənin 4.7-ci bəndinə əsasən
rəsmi şəkildə təqdim edilmiş rəyləri
ümumiləşdirir və Apellyasiya Şurasının sədri
ilə razılaşdırmaqla Apellyasiya Şurasının
iclaslarını təşkil edir;
4.6.5.
Apellyasiya Şurasının iclaslarının keçirilməsinin
vaxtı barədə Apellyasiya Şurasının üzvlərinə,
habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində
göstərilən şəxslərə iclasa ən azı
3 iş günü qalmış yazılı məlumat verir;
4.6.6.
Apellyasiya Şurasının iclaslarının protokolunu tərtib
edir və imzalanması üçün Apellyasiya
Şurasının üzvlərinə təqdim edir;
4.6.7.
Apellyasiya Şurasının qərarlarının (rəylərinin,
yazılı şəkildə verdiyi cavabların) layihəsini
hazırlayır, baxılması və imzalanması
üçün Apellyasiya Şurasının sədrinə təqdim
edir;
4.6.8.
Apellyasiya Şurasının qəbul etdiyi qərarlarının
(rəylərin, yazılı şəkildə verdiyi
cavabların) aidiyyəti üzrə göndərilməsini təmin
edir;
4.6.9.
Apellyasiya Şurasında baxılan şikayətlərin
uçotunu aparır, onları təhlil edir,
icmallaşdırır və nəticəsi barədə
Apellyasiya Şurasının sədrinə rüblük,
yarımillik və illik arayışlar (hesabatlar) təqdim
edir;
4.6.10.
Apellyasiya Şurasının iclaslarında baxılan məsələlər
barədə məlumatı kütləvi informasiya vasitələri
və yerli icra hakimiyyəti orqanının rəsmi internet
saytı vasitəsilə yayır;
4.6.11.
Apellyasiya Şurasının fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını, siyahısı qanunla
müəyyən edilmiş açıqlanmalı olan
informasiyanın yerli icra hakimiyyəti orqanının rəsmi
internet saytında yerləşdirilməsini və
informasiyanın daim yenilənməsini təmin edir;
4.6.12.
Apellyasiya Şurasının sədrinin göstərişlərini
icra edir;
4.6.13.
Apellyasiya Şurasının protokollarının və digər
sənədlərin əsllərini saxlayır;
4.6.14. bu Əsasnamədə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirir və
hüquqları həyata keçirir.
4.7. Bu
Əsasnamənin 4.6.3-cü yarımbəndinə əsasən
rəylər 2 iş günündən gec olmayaraq təqdim
edilməlidir. Təqdim edilmiş rəylər əsaslandırılmalı,
həmin rəylərdə hər hansı bir məsələyə
münasibət aydın və birmənalı şəkildə
ifadə olunmalıdır.
5. Şikayətlərə dair tələblər
5.1.
Şikayət yazılı formada tərtib edilir. Şikayətdə
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə nəzərdə tutulan məlumatlarla
yanaşı, aşağıdakı məlumatlar da göstərilir:
5.1.1. şikayət edən şəxsin VÖEN-i;
5.1.2. şikayətin predmeti üzrə bundan əvvəl
yerli icra hakimiyyəti orqanına edilmiş müraciət
(müraciətlər) və alınmış cavab (cavablar)
barədə məlumatlar;
5.1.3. şikayətin predmeti üzrə bundan əvvəl
yerli icra hakimiyyəti orqanına müraciətin (müraciətlərin)
edilməsinə səbəb olan hal barədə məlumatlar
(müvafiq yerli icra hakimiyyəti orqanının qəbul etdiyi
inzibati aktın adı, tarixi, nömrəsi, qısa məzmunu);
5.1.4. şikayətə əlavə edilmiş sənədlərin
siyahısı.
5.2.
Şikayətlər müraciət edən fiziki şəxsin
özü və ya hüquqi şəxsin rəhbəri, yaxud
onların səlahiyyətli nümayəndələri tərəfindən
(səlahiyyəti təsdiq edən sənədin surəti
şikayətə əlavə edilməklə) imzalanır.
5.3.
Hüquqi şəxs tərəfindən təqdim olunan
şikayətlərə həmin hüquqi şəxsin
möhürü vurulmalıdır. Bu tələb
rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik,
filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq olaraq
nümayəndəlik, filial və idarələrin
möhürü vurulur.
5.4.
Şikayətin əsaslı olmasını təsdiq edən sənədlərin
(dövlət, qeyri-dövlət və yerli
özünüidarəetmə orqanlarından
alınmış qərar, akt, rəy, məktub,
arayış, qəbz və digər sənədlərin)
müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətə
əlavə edilir.
5.5. Yeli icra
hakimiyyəti orqanının aidiyyəti struktur bölməsində
baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olmuş
şikayətlər (təkrar şikayət hesab edilməyən
şikayətlər), habelə korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı müraciətlər
baxılması üçün aidiyyəti üzrə
göndərilir.
5.6.
Apellyasiya Şurasında baxılmış (və ya mahiyyəti
üzrə baxılmamış) hər bir şikayət
üzrə müraciəti etmiş şəxsə (şəxslərə)
araşdırmanın nəticəsinə dair əsaslandırılmış
qərar (və ya yazılı cavab) göndərilir.
6. Apellyasiya Şurasının iclaslarının
keçirilməsi qaydası
6.1.
Apellyasiya Şurasının iclasları onun üzvlərinin
azı üçdə ikisi iştirak etdikdə baş
tutmuş sayılır.
6.2.
Apellyasiya Şurasının iclasları ayda iki dəfədən
az olmayaraq, zərurət
yarandığı hallarda isə Apellyasiya Şurasının
sədrinin razılığı ilə və ya yerli icra
hakimiyyəti başçısının göstərişi
ilə istənilən vaxt keçirilir.
6.3.
Apellyasiya Şurasının hər bir iclasının
reqlamenti müzakirə olunacaq müraciətlərdən
asılı olaraq Apellyasiya Şurasının sədri tərəfindən
müəyyənləşdirilir.
6.4.
Apellyasiya Şurasının iclaslarında Apellyasiya
Şurasına şikayətlə müraciət etmiş
şəxslər (onların səlahiyyətli nümayəndələri),
yerli icra hakimiyyəti orqanının aidiyyəti vəzifəli
şəxsləri, ekspert, mütəxəssis, tərcüməçi
və digər əlaqəli şəxslər iştirak edə
bilərlər.
6.5.
Apellyasiya Şurasının gündəliyinə daxil
edilmiş şikayətlərlə bağlı bütün dəlillər
Apellyasiya Şurasının üzvləri tərəfindən
müzakirə edilir və hər bir məsələyə
ayrıca münasibət bildirilir.
6.6.
Apellyasiya Şurasının iclaslarında qərarlar
açıq səsvermə yolu ilə iclasda iştirak edən
üzvlərin sadə səs çoxluğu ilə qəbul
edilir. Səslər bərabər olduqda,
Apellyasiya Şurasının sədri həlledici səsə
malikdir.
6.7.
Apellyasiya Şurasının gündəliyinə daxil
edilmiş şikayətlərlə bağlı Apellyasiya
Şurasının sədri, Apellyasiya Şurasının
Katibliyinin rəhbəri və ya Apellyasiya Şurasının
digər üzvlərindən biri məruzə edir.
6.8.
Apellyasiya Şurasının iclaslarında şikayətlə
müraciət etmiş şəxslərin səlahiyyətli
nümayəndələri iştirak etdikdə, nümayəndənin
səlahiyyətini təsdiq edən sənədin əsli (və
ya müvafiq qaydada təsdiq olunmuş surəti) Katibliyə təqdim
edilməlidir.
6.9.
Apellyasiya Şurasının iclaslarına dəvət olunan
şəxslər təkliflər vermək və müvafiq məsələlərə
münasibət bildirmək hüququna malikdirlər.
6.10.
Apellyasiya Şurasında baxılan şikayətlər barədə
qəbul edilmiş qərarlar barədə məlumat Katiblik tərəfindən
kütləvi informasiya vasitələri və yerli icra hakimiyyəti
orqanının rəsmi internet saytı vasitəsilə
yayılır.
6.11.
Apellyasiya Şurasının iclaslarının və gündəliyinə
daxil edilmiş şikayətlərin müzakirəsinin video
çəkilişi həyata keçirilir və ən azı
bir il müddətində saxlanılır.
6.12.
Apellyasiya Şurasının sədri üzrlü səbəblərlə
əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və
s.) Apellyasiya Şurasının iclaslarında
uzun müddət iştirak edə bilmədikdə, Apellyasiya
Şurasının sədrinin səlahiyyətləri yerli icra
hakimiyyəti orqanının başçısı tərəfindən
müavinlərindən birinə həvalə edilir.
7. Apellyasiya Şurasının iclas
protokollarına və qəbul etdiyi qərarlarına dair tələblər
7.1.
Apellyasiya Şurasının iclaslarının nəticəsi
Apellyasiya Şurasının üzvləri və Katibliyin rəhbəri
tərəfindən imzalanmış iclas protokolunda əks
olunmaqla rəsmiləşdirilir.
7.2.
Apellyasiya Şurasının iclas protokolunda
aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın keçirildiyi tarix və yer;
7.2.2. iclasda iştirak edən Apellyasiya
Şurasının üzvlərinin, Katibliyin rəhbərinin,
dəvət edilmiş digər şəxslərin və (və
ya) onların səlahiyyətli nümayəndələrinin
adları, soyadları və atalarının adları;
7.2.3. müzakirə edilməsi üçün
gündəliyə daxil edilmiş şikayətin predmeti,
qısa məzmunu və əsasları;
7.2.4. müzakirə edilməsi üçün
gündəliyə daxil edilmiş şikayətin predmeti
üzrə daha əvvəl qəbul edilmiş qərarlar və
həmin qərarların əsasları;
7.2.5.
Apellyasiya Şurasının iclasında iştirak edən
şəxslərin çıxışları;
7.2.6.
Apellyasiya Şurasının daxil olmuş şikayətlə
bağlı topladığı sübutlar, gəldiyi nəticələr,
aidiyyəti hüquqi aktlara istinad;
7.2.7.
Apellyasiya Şurası tərəfindən qəbul edilmiş
qərar.
7.3.
Apellyasiya Şurası icraatına daxil olan şikayətlər
üzrə aparılan araşdırmanın nəticəsi
olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. şikayət təmin edilir;
7.3.2. şikayət qismən təmin edilir;
7.3.3. şikayət təmin edilmir;
7.3.4. şikayətin mahiyyəti üzrə yeni qərar
qəbul edilir.
7.4.
Apellyasiya Şurasının qərarı əsaslandırılmış
şəkildə tərtib olunmalı və işin
bütün hallarını özündə əks etdirməlidir.
Apellyasiya Şurasının sədri tərəfindən
imzalanmış qərar giriş, təsviri, əsaslandırıcı
və nəticə hissəsindən ibarət olur və həmin
hissələrdə aşağıdakı məlumatlar qeyd
edilir:
7.4.1. giriş hissəsində Apellyasiya
Şurasının qərarının qəbul edildiyi tarix və
yer, qərarı imzalayan Apellyasiya Şurasının sədrinin
soyadı, adı, atasının adı, vəzifəsi,
şikayətin predmeti və irəli sürülən tələblər;
7.4.2. təsviri hissəsində daxil olmuş
şikayətlə müraciət etmiş şəxsin gətirdiyi
əsas, şikayətin predmeti üzrə daha əvvəl qəbul
edilmiş qərarlar və həmin qərarların qısa məzmunu,
əsasları, habelə işdə iştirak edən şəxslərin
izahatları;
7.4.3. əsaslandırıcı hissəsində
Apellyasiya Şurasının əldə etdiyi sübutlar və
topladığı sənədlər barədə məlumatlar,
aidiyyəti hüquqi aktlara istinadlar;
7.4.4. nəticə hissəsində Apellyasiya
Şurasının qəbul etdiyi qərar, qərarın
icrasına dair göstəriş və qərardan şikayətin
verilməsi qaydası.
7.5.
Apellyasiya Şurasının sədri tərəfindən qəbul
edilmiş qərarların (verilmiş yazılı
cavabların) aidiyyəti üzrə göndərilməsini
Katiblik təşkil edir.
7.6.
Apellyasiya Şurasının icraatına daxil olan şikayət
digər orqanın səlahiyyətlərinə aid olduğu
halda, Apellyasiya Şurası şikayətin daxil olduğu
vaxtdan ən geci 3 iş günü müddətində
şikayəti və ona əlavə olunmuş sənədləri
səlahiyyətli orqana göndərir və bu barədə
şikayətçiyə yazılı şəkildə əsaslandırılmış
məlumat verir.
Azərbaycan. - 2016.- 5 fevral.- S.7.