“Sonsuz Dəhliz” filmi “Global Film
Awards” mükafatına layiq
görülüb
Müstəqil litvalı rejissor
Aleksandras Brokasın rejissoru olduğu “Sonsuz Dəhliz” (“Endless
Corridor”) sənədli filmi
ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global
Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”na layiq görülüb.
Avropa Azərbaycan Cəmiyyətindən
AZƏRTAC-a bildirilib ki,
bu mükafat “Müstəsna nailiyyət”
nominasiyası üzrə
verilib.
“Global Film Awards” dörd unikal film yarışmasını
(Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST
Film Awards and IMPACT DOCS Awards) özündə
birləşdirir ki, onun məqsədi film, televiziya, video və yeni media sahəsində müstəsna nailiyyətləri
qiymətləndirməkdir. Bu beynəlxalq müsabiqəyə
dünyanın istənilən
ölkəsini təmsil
edən tanınmış
kinorejissorlarla yanaşı,
karyera pilləsinin başlanğıcında olan
rejissorların filmləri
də təqdim edilir və film sənayesində öz sözünü demiş peşəkar və müstəqil münsiflər
heyəti tərəfindən
seçilir. Builki
qaliblər arasında
Amerika Birləşmiş
Ştatları, Böyük
Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıb.
"Global
Film Awards” tərəfindən təqdim olunan “Humanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə
toxunan kinorejissorların
peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər
jürilər tərəfindən
il ərzində
daxil olan yüzlərlə filmin içərisindən diqqətlə
seçilir.
Sözügedən müsabiqə artıq 11 ildir keçirilir. “2015-ci il
Humanitar mükafat”a layiq görülmüş
filmlərin siyahısı
aşağıdakı keçiddə
verilib:
http://globalfilmawards.com/about-global-film-awards
“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat
kampaniyası çərçivəsində
ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs,
London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə
təqdimatı keçirilib.
İngilis dilində çəkilən film Leyla
Əliyevanın təşəbbüsü
ilə Azərbaycan, rus, türk, fransız, italyan, alman və ərəb
dillərinə tərcümə
olunub.
Film Türkiyənin “Kanal
24”, “CNN Türk”, Albaniyanın
Milli Televiziyasında və İsrailin “Channel 1”
televiziya kanalında nümayiş etdirilib.
Qeyd edək ki, filmin
premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında
(BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. “Sonsuz dəhliz”
sənədli filmi prodüserlər Aleksandras
Brokas (Litva) və nüfuzlu “Grammy
Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.
Ekran əsəri britaniyalı aktyor, BAFTA mükafatçısı
Ceremi Ayronz tərəfindən səsləndirilib.
Film Xocalı dəhşətlərinin
şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il
sonra yenidən Azərbaycana gələrək
qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə
alınmış xatirələri
və Ermənistan tərəfindən faciənin
təşkilində birbaşa
iştirak etmiş şəxslərlə müsahibəsi
əsasında qurulub.
Ekran əsərində Qarabağın
Azərbaycan tarixi və mədəniyyəti
üçün əhəmiyyətinə
dair süjetlərə
yer verilib. Filmdə Xocalı qırğınına dair
indiyədək az məlum olan yeni faktlar,
sənədlər və
vaxtilə çəkilmiş
videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli
şəkildə tamaşaçıya
çatdırılır.
Azərbaycan. - 2016.- 5 fevral.- S.8.