Azərbaycan nümunəvi tolerantlığı ilə seçilən ölkədir

 

Avarlar bu gün də, öz sələfləri kimi, azərbaycanlılarla birgəyaşayışdan məmnunluq duyurlar

 

Hər bir ölkənin yerləşdiyi coğrafi məkan, o yerin relyefi, hətta iqlimi belə buradakı insanların yaşam tərzinə buya digər şəkildə öz təsirini göstərir. Coğrafi baxımdan AvropaAsiya qitələrinin sərhədində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: Əhəməni-Sasani, Roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində məkan tapıb. Əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olub.

Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə öz yerini tutub. Bura zərdüştiliyin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin bir-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir.

Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar birgə yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

Bu yazıda əsasən avarlardan bəhs edəcəyimiz üçün bir qədər tarixi mənbələrə diqqət yetirək. İndiki avarların əsli tarixən Dağıstan ərazisində yaşayan silvlər və andaklar tayfasıdır. Bəzi ədəbiyyatlarda avarların kaspilərdən törədiyi qeyd olunub. Mənbələrə əsasən avarlar qədim dövrdə indiki kimi dağlıq ərazidə deyil, düzənlik ərazilərdə yaşayırdılar. Avarların məskunlaşdığı ərazilər Sarir adlanırdı. Sarir dövləti VI əsrdən XII əsrə qədər mövcud olub və əhalisi xristian olub. XII əsrdən etibarən avar dövlətini əhatə edən müsəlman feodal dövlətlərinin təzyiqi və mütəmadi hücumları nəticəsində Sarir dövləti tədricən zəifləyib və əhalisi müsəlmanlaşdırılıb.

Yazılı mənbələrin araşdırılması ilə bərabər “avaretnoniminin türk dilləri ilə izah olunması da bizə bu gün Şimali Qafqazda, həmçinin Azərbaycanın şimal-qərbində yaşayan avarların qədim türk tayfalarının varisləri olduğunu söyləməyə əsas verir.Avarsözü türk dillərindəki “avara” və yaayara” sözündən olub “çılğın, dikbaş, döyüşkən, dalaşqan” və ya “dirənən, qarşı gələn” kimi izah edilir. Tarixin bütün mərhələlərində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də məhz bu xüsusiyyətləri ilə bağlı idiqeyd olunan cəhətlər onlara verilən etnik adda da özünü tapmışdı.

Yolumuz Püştətalayadır

Respublikamızın şimal-qərb bölgəsində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən ən son yaşayış məntəqəsi olan Balakən rayonuna budəfəki səfərimiz tamamilə fərqli bir amacdan irəli gəlirdi. Məqsədimiz burada say baxımından və ümumilikdə rayon ərazisindəki mövcud 27 etnik qrup arasında daha çox yaşayış məntəqəsində məskunlaşmış avar ailələrində olmaq və onların azərbaycanlılarla bigəyaşayış məsələlərinə ayna tutmaq idi.

Digər tərəfdən, istəyimiz indiyədək haqqında daha az məlumat olan kəndlərdə olmaq idi. Fikrimizi öyrənən rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva tərəddüd etmədən Püştətala bələdiyyəsi ərazisində olan kəndlərə getməyimizi məsləhət bildi.

Püştətala rayon mərkəzindən təxminən 12-13 kilometr aralıdır. Bələdiyyə ərazisinə daxil olan kimi yerli sürücü kəndlər haqqında məlumat verir. Hərəkət etdikcə yolların səliqə-sahmanı, evlərin bir çoxunun zövqlə inşa olunması açıq-aşkar görünür. Bunlar isə bu məkanda yaşayan insanların zəhmətdən çəkinmədiklərinin, işdən qorxmadıqlarının, təmizliyə, gözəlliyə önəm verdiklərinin real təcəssümü sayıla bilər. Yol boyu gördüyümüz qoyun sürüləri, inək naxırları, əkilmiş taxıl sahələri dediklərimizi bir daha təsdiqləyirdi.

Nəhayət, bələdiyyə binasının qarşısına gəlib çıxırıq. Burada bələdiyyə sədri ilə - Şamsu Bayramova ilə görüşürük. O, Gəncə Kənd Təsərrüfatı Akademiyasının məzunudur. Ali təhsilini başa vurduqdan az sonra işgüzarlığı, savadı nəzərə alınaraq sovetlər dönəmində kənd sovetinin sədri, müstəqilliyimizin bərpasından sonra ərazi icra nümayəndəsi işləyib. Bələdiyyə seçkiləri keçirildiyi ilk illərdən seçkilərdə iştirak edibqalib gəlib. Uzun illərdir ki, hazırda çalışdığı vəzifənin yükünü öz zərif çiyinlərində sevə-sevə daşıyır.

Şamsu xanım əvvəlcə çalışdığı Püştətala bələdiyyəsi haqqında məlumat verərək dedi: - Bələdiyyə 6 kənddən ibarətdir. Bunlara Godoşbinə, Qaravəlli, Mollaçıbinə, Qamıştala, Pirqaxbinə və Püştətala kəndləri daxildir. Mollaçıbinə və Püştətala yaşayış məntəqələri əsasən avarlardan ibarətdir. Bunların arasında avar millətini təmsil edənlər çox olsa da, əksəriyyətinin şəxsiyyət vəsiqəsində azərbaycanlı yazılıb. Mollaçıbinə kəndindəki azərbaycanlılar isə əsasən vaxtilə Şəkidən və digər ətraf yaşayış məntəqələrindən köç edib gələnlərdir. Bələdiyyə ərazisində yaşayan əhalinin ümumi sayı isə 2650 nəfərdir.

Əhalinin məşğuliyyəti əsasən heyvandarlıq, bağçılıq və bitkiçilikdir.

Ş.Bayramova dedi ki, ərazidə yaşayan insanların istər mətbəxi, istərsə də adət-ənənəsi tamamilə bir-birinə inteqrasiya olunub. Yas-toy, bayram mərasimləri bir yerdə keçirilir. Bundan başqa, qız alıb-vermək məsələsi də heç vaxt müzakirə predmeti olmayıb. Qız və oğlanın bir-birinə könlü oldusa, kifayətdir. Valideynlərin üzərinə düşən vəzifə isə bu izdivaca xeyir-dua vermək və el adəti ilə onları evləndirməkdir.

Katexdən başlayan köç

Şamsu xanımın köməyi ilə Püştətala kəndində bir avar ailəsi ilə görüşümüz baş tutur. Maşınımız ikimərtəbəli, kənardan abadlığı, səliqə-sahmanı hiss olunan bir evin qarşısında dayanır. Burada bizi orta yaşlı, sağlam cüssəli bir şəxs qarşılayır. Bu, evin sahibi, iki il əvvəl müqəddəs Kəbə evini ziyarət edən Hacı Avakər Laçinovdur. Bizi əsl Azərbaycan ailələrində gördüyümüz ədəb-ərkan və qonaqpərvərliklə evə - çay süfrəsinə dəvət edir. Girişdə Bakıdan qonaq gəlmiş ortancıl qardaşı Ramazan, xanımı və qız övladı da bizə xoşgəldin edirlər.

Evin düzəninə nəzər salıram. 23 il əvvəl Qubadlıda, 15 il əvvəl Ordubaddabir il əvvəl Saatlıda gördüyüm evlə avar ailəsinin məskunlaşdığı bu mənzildə ciddi fərq görmürəm. Masanın üzərinə düzülən çay dəstgahında olanlarda da ciddi bir fərqlilik yoxdur. Sadəcə olaraq şirniyyat qismində masaya qoyduqları tort bir qədər seçilir. Bu da, sözsüz ki, zövq məsələsidir.

Ev sahibi Avakər Laçinov ziyarətimizin səbəbini bilincə söhbətə başlayır: - Kəndimizin tarixi çox da qədim deyil. Bildiyimiz kimi, XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarlar əsasən hazırda Katex adlanan yerdə məskunlaşıblar. Həmin dövrlərdə hazırda abad, evli-eşikli, bağlı-bağatlı gördüyünüz bu kəndlərin sahələri boş çöllük olub. Bu da ərazinin heyvandarlıq üçün cəlbediciliyini artırıb. Dağlıq və dağətəyi ərazilərdə yaşayanların əsas çörək təknəsi isə ilk növbədə heyvandarlıqdır. Bu baxımdan insanlar mövsümi olaraq heyvanlarını bura sürərək ərazidəki münbit şəraitdən istifadə edərmişlər. Sonradan isə zamanla məskunlaşma başlayıb. Bu yerin ilkin sakinləri əsasən Katexdən köç edib gələnlərdir.

A.Laçinov deyir ki, böyük qardaşları İsa ilə Adalov təxminən səksən il əvvəl Katexdə doğulublar. Ailələrinin hazırkı məkanda məskunlaşmaları hardasa 1930-cu illərə təsadüf edir. Onlardan birinin şəxsiyyət vəsiqəsində avar, digərlərində isə azərbaycanlı yazılıb. Onun sözlərinə görə, bələdiyyə ərazisinə daxil olan kəndlər arasında müəyyən məsafənin, fərqli millətlərin olmasına baxmayaraq, heç bir ayrı-seçkilik müşahidə edilmir.

Orta məktəbi də Azərbaycan dilində oxuduqlarını deyən Avakər məlumat verdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin bəzi yerlərində etnik zəmində problemlər yaşansa da, bu kəndlərdə həyat öz axarından çıxmayıb. İnsanlar isti ocaqlarına su calamayıblar. A.Laçinov fikrini davam etdirir: - Çünki nəinki biz, hətta atamız, babamız belə Balakən ərazisində doğulub, burada yaşayıb və eləcə də dünyalarını dəyişərək Haqqın rəhmətinə qovuşublar. Bütün həyatları boyunca da bölgə insanları ilə çörəklərini yarı bölüb, bir məsciddə namaz qılıb, xeyirlərində sevinib, çətin günlərində bir-birinin dərdinə şərik çıxıblar. Əgər onların son mənzil saydığı torpaq buradırsa, onda bizüçün başqa cür düşünməli, zamanında böyüklərimizə qucaq açanlara arxa çevirməliyik?!

O, bugünə kimi iki övladının xeyir işinigörüb və dəvətlilərə fərq qoyulmadığını bildirir. İnzibati əraziyə daxil olan kəndlərdən bütün yaxın hesab etdiyi avar da, azərbaycanlı da əziz qonaqları olublar.

Söhbət əsnasında öyrəndik ki, xeyir və şər məclislərində verilən yeməklər də yalnız azərbaycanlılar yaşayan kəndlərdə olandan ciddi şəkildə fərqlənmir. Buradakı məscidlərdə məzhəb məsələsi də diqqəti çəkmir. Bu isə bölgədə ümumilikdə sünni-şiə məsələsinin olmamasından xəbər verir.

Avakərin ortancıl qardaşı Ramazan Laçinov da söhbətə qoşularaq deyilənləri təsdiqləyir və bildirir ki, bu coğrafi məkanda yaşayanların hamısı Azərbaycan vətəndaşıdır. Ona görə də burada azərbaycanlı-avar ayrı-seçkiliyi heç zaman olmayıb və inanırıq ki, bundan sonra da belə davam edəcək.

Mollaçıbinənin beynəlmiləl ailəsi

Laçinovlar ailəsindən minnətdarlıq hissi ilə ayrılaraq Mollaçıbinə kəndinə üz tuturuq. Burada da yol boyu müşahidə etdiklərimiz, demək olar ki, əvvəlki kənddə gördüklərimizin oxşarıdır. Qalaqlanmış ot tayaları, yelini südlə dolu inəklər, quyruğu yer ilə sürünən qoyun-quzular, bağlarda səliqə ilə budanmış meyvə ağacları ətrafda məhz halal zəhmətinə güvənən insanların cəmləşməsinin göstəricisi idi. Sibixanovların həyətinə daxil olduqda da eyni mənzərəyə şahidlik etdik. Bu ailəyə gəlməyimizin səbəbi isə Bəşir Sibixanovun avar, həyat yoldaşı Sevilin isə Azərbaycan əsilli olmasıdır.

Bəşir və Sevil Sibixanovların izdivacından 3 övladları dünyaya gəlib. İki oğlanbir qız. Bəşir zarafatqarışıq bir ciddiyyətlə deyir ki, o, beynəlmiləl bir ailəni təmsil edir. Belə ki, kiçik oğlunu öz kəndlərindən avar xanımla evləndirsə də, böyük oğlu Rusiyada yaşayır və rus milliyyətindən olan qadınla ailə həyatı qurub. Qızı da qonşu Qamıştala kəndində yaşayan azərbaycanlı oğlana ərə gedib. Bundan başqa, B.Sibixanovun anası da azərbaycanlı olub. Özündən başqa iki qardaşı da azərbaycanlı xanımlarla ailə həyatı qurub.

Bəşir Sibixanov deyir ki, istər prosesində, istərsə də ailədə Azərbaycan dilində danışmağa daha çox üstünlük verirlər. Bunun da səbəbi bayrağı altında yaşadıqları dövlətə rəğbətdən, özlərini bu toplumun bərabərhüquqlu üzvü kimi görməkdən irəli gəlir.

Sevil Sibixanova da əsl adət-ənənə və valideyn xeyir-duası ilə bu ailəyə gəlin köçdüyünü deyir. Və əminliklə bildirir ki, bu ailənin qurulmasında valideynlərinin heç bir narazılığı olmayıb. Hətta 4 il nişanlı da qalıb. Hazırda isə 6 nəvələri var.

Püştətala bələdiyyəsinə daxil olan kəndlərdən çıxaraq geriyə - Balakən rayon mərkəzinə yol alırıq. Yol boyu səfər zamanı eşitdiklərim və müşahidələrim məni çox mütəəssir edir. Görünür, hər bir işdə özül düzgün qoyulduqda, insanın qəlbi mərhəmət hissi ilə dolu olduqda, qapısından girənə qucaq açdıqda qonaq da sevə-sevə bu evin sakini olmaq arzusuna düşür. Təxminən üç əsrlik tarixi birgə yaşadığımız, süfrələrimizi bölüşdüyümüz mərd, çılğın, döyüşkən və din qardaşlarımız olan avarlar kimi...

 

Əli SƏLİMOV,

 

Azərbaycan. - 2016.- 6 fevral.- S.5.