Böyük sənətin qüdrəti
XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri də Qara Qarayevdir. O, musiqimizdə yeni yollar açan novator sənətkar idi. Onun yaradıcılığı təkcə Azərbaycanın deyil, keçmiş SSRİ kimi qüdrətli bir ölkənin musiqi aləminə, mədəniyyətinin inkişafına təkan vermişdi. İki dəfə - 1946 və 1948-ci illərdə o dövrdə çox önəmli sayılan Stalin mükafatını almışdı. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülmüşdü. 1967-ci ildə Lenin mükafatı laureatı olmuşdu. Musiqi sənətinin inkişafındakı böyük xidmətləri 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adı ilə qiymətləndirilmişdi. Q.Qarayev müxtəlif illərdə “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri ilə mükafatlandırılmış, SSRİ Ali Sovetinə deputat seçilmişdi. Elmdə isə AMEA-nın akademikliyinə qədər yüksəlmişdi. Adı XX əsr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri sırasında ön cərgədə olmuşdur.
Bunlar Qara Qarayevin yüksək titullarıdır. Onun əsl siması, şəxsiyyəti, varlığı, mənəviyyatı və nadir istedadı isə əsərlərində öz əksini tapıb. O əsərlərində ki, onlar Q.Qarayevin Azərbaycanın dahi və ölməz bəstəkarı olduğuna əbədi zəmanət verib. Bu əsərləri yaratmağa təkan olan istedad da, öz növbəsində, gendən və qandan qaynaqlanıb, dərin köklərdən güc alıb.
Qara Qarayevin ata babası Fərəc Hacı Qara oğlu Abşeron yarımadasında, Bakı yaxınlığında yerləşən Fatmayı kəndindən idi. Ana babası İsgəndər bəy Axundov isə Şamaxının tanınmış nəsillərindən birinin nümayəndəsi idi.
Görkəmli bəstəkar Azərbaycan tibb elminin və səhiyyəsinin fəxri olan, məşhur pediatr Əbülfəz Qarayevin oğludur. Ə.Qarayev əməkdar elm xadimi idi. Odessa Tibb İnstitutunun məzunu olan çox istedadlı mütəxəssis - uşaq həkimi kimi fəaliyyətinə hələ sovet hakimiyyəti qurulmazdan əvvəl başlamışdı. Sonra uzun illər Azərbaycan Dövlət Tibb İnstitutunda və rəhbəri olduğu Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İnstitutunda onlarca həkim-pediatr yetirmişdi. Oğlu Qaraya isə təbiət başqa bir yöndə istedad vermişdi - musiqi istedadı.
Qara Qarayev həm də nəcib bir ananın tərbiyəsini almış, böyük istedadı ona həm də əsil-nəcabətli xanım Sona İsgəndər qızı tərəfindən keçmişdi. Belə ki, Sona xanım həmin zəmanənin meyarları ilə hərtərəfli təhsil görmüş ilk azərbaycanlı qadınlardan idi. Şəriətin qadağalarına baxmayaraq, valideynləri Sona xanımı hələ yeniyetmə vaxtından Bakı şəhər idarəsi yanında orta məktəbdə oxutdurmuşdular. Sonra o, “Müqəddəs Nina” məktəbinin Bakı bölməsini bitirmişdi. Həm də fortepiano ifaçılığı təhsili almışdı.
Lakin Qara Qarayev yaradıcılığı təkcə istedada deyil, həm də dərin bilik və geniş dünyagörüşə əsaslanırdı. Onun musiqisi məhdudluq nə olduğunu bilmirdi. Əsərləri ümumbəşəri bir keyfiyyətə malik idi. Bəstəkarın Nizaminin yaradıcılığından bəhrələnərək yazdığı eyniadlı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yaratdığı “İldırımlı yollarla” baletləri dünyanın bir çox ölkəsinin ən böyük səhnələrində göstərilmişdir. Onun Birinci simfoniyası Azərbaycanın ilk simfoniyalarından olmaqla yanaşı, həm də dəyərli əsərlər sırasındadır. Kamera orkestri üçün yazdığı Üçüncü simfoniya isə Azərbaycan musiqisində dodekfoniya (12 səsli) yazı üslubunun başlanğıcıdır. İspan yazıçısı Servantesin əsəri əsasında yaratdığı “Don Kixot” simfonik qravürləri, “Vyetnam süitası”, Nizaminin poeması əsasında yazdığı “Leyli və Məcnun” və s. tamaşaçının böyük ürəklə qəbul etdiyi və sevdiyi dəyərli incilərdir.
Opera sənətində də dahi bəstəkarın səhifələri var. Belə ki, o, Cövdət Hacıyevlə birlikdə “Vətən” operasını yazıb, SSRİ Dövlət mükafatına layiq görülüb, fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasını yaradıb.
Ecazkar Qara Qarayev musiqisi çoxminli tamaşaçılara “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Bir məhəlləli iki oğlan”, “Xəzər haqqında povest”, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Nizami” və digər filmlərdən də yaxşı tanışdır.
Bəstəkar eləcə də Azərbaycan musiqisi üçün tamamilə yeni olan müzikl janrına müraciət etmişdi. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaratmışdı. Ümumiyyətlə, Qara Qarayev bir çox janrlarda bəstəkar “qələm”ini sınamış və böyük istedadı ona bunların hamısında öz dəst-xəttini qoymağa imkan vermişdi. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər beləcə yaranmışdı. İrihəcmli əsərlər müəllifinin Puşkinin şeirləri əsasında yazdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kimi kantataları da dinləyicilər tərəfindən sevilmiş, rəğbətlə qarşılanmışdır. Bu əsərlər insanın qəlbinə dərhal yol açır, varlığına hakim kəsilirdi. Bu, böyük bir sənətin qüdrəti, həqiqi ilhamın gücü idi.
Qeydlərimizin məqsədi böyük bəstəkarın tərcümeyi-halını vərəqləmək deyil, onu bir insan, ziyalı, şəxsiyyət kimi xatırlamaq, yaddaşlarda yaşayan məziyyətlərini bir daha yada salmaqdır. Bununla belə, bəstəkarın ömürnaməsinə yenidən qısaca bir nəzər yetirək.
...1918-ci il fevralın 5-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası yanında əvvəlcə musiqi məktəbində, sonra musiqi texnikumunda oxuyub. 1935-ci ildən konservatoriyanın tələbəsi olub. 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilən gənc sənətkar növbəti ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. O, 1941-ci ildə Bakıya qayıdır və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyir.
1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti sədrinin müavini olur və 1946-cı ildən yenidən Moskva Konservatoriyasında təhsil alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim işləyir. SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü seçilir, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, 1949-1953-cü illərdə konservatoriyanın direktoru vəzifələrini yerinə yetirir. 1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilir. 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyir. IV-IX çağırış SSRİ Ali Sovetinin deputatı olur. 1954-cü ildən ömrünün sonunadək SSRİ Lenin və Dövlət Mükafatları Komitəsinin üzvü kimi fəaliyyət göstərir.
1982-ci ildə dünyasını Moskvada dəyişir. Məzarı isə doğma torpağında - Bakıda Fəxri xiyabandadır.
Bunlar böyük sənətkarın tərcümeyi-halından yalnız qısa sətirlərdir.
Q.Qarayevin əsərləri dünyanın ən böyük teatrlarının səhnələrini bəzəyib. Özü isə ən mötəbər beynəlxalq musiqi tədbirlərinin iştirakçısı, ən böyük müsabiqələrin münsiflər heyətinin sədri, üzvü olub.
Tədqiqatçılar dahi bəstəkarın bütün yaradıcılığını qiymətləndirərkən xüsusi vurğulayıblar: o, klassik və müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına dəyərli töhfə vermiş, müxtəlif janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və ümumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir. Bütün bunlar Prezident İlham Əliyevin bəstəkarın 90 illiyinin keçirilməsi barədə 19 dekabr 2007-ci il tarixli sərəncamında da bir daha vurğulanıb.
Sənətşünaslıq doktoru, professor Zemfira Səfərova Q.Qarayev yaradıcılığını belə səciyyələndirir: “Qara Qarayev XX əsri musiqi termini ilə “metro asselerando e erescendo” kimi müəyyənləşdirmişdir. Bu terminin mənası hərəkəti sürətləndirib səslənməni gücləndirmək deməkdir. Qeyd edək ki, bəstəkarın özü həyatda bu tempə riayət edərək yazıb-yaratmışdır. Q.Qarayevin hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayrama çevrilmiş, musiqimizdə bir dönüş yaratmışdır”.
Maraqlıdır ki, bəstəkarın yaradıcılığını tədqiq və təhlil edən alimlər, araşdırıcılar da onun musiqisini şəxsiyyətindən ayırmamışlar. Q.Qarayevin dərin köklərlə Azərbaycan musiqisinə, ümumiyyətlə, xalqa bağlı bir şəxsiyyət, maraqlı bir insan olduğunu qeyd etmişlər.
Qara Qarayevin musiqi folkloruna münasibəti və ondan istifadə etməsi hər kəsin diqqətini çəkən məqam olub. Böyük bəstəkar hələ gənc yaşlarından xalqın musiqi sərvətlərini dərindən öyrənib mənimsəməyə həvəs göstərib. Hətta 1937-ci ildə Azərbaycanın rayonlarına gedən folklor ekspedisiyasının rəhbəri olub. Səfər zamanı o, folklor musiqisi ilə yaxından tanış olub və qayıtdıqdan sonra sanki özünü sınayaraq “Şur” dəstgahını nota salıb. Yeri gəlmişkən qeyd edək ki, bəstəkarın yaradıcılığında obrazlı melodik təfəkkürün mənbəyini əsasən klassik Azərbaycan muğamları təşkil edir. Xalqın mənəvi xəzinəsinin ən parlaq nümunələrindən olan muğamlardan güc alan sənət isə, təbii ki, həm güclü, həm də möhtəşəm olur. Bu, eyni zamanda Qara Qarayev vətənsevərliyinə bir nümunədir. Bəstəkarın yaradıcılığını tədqiq edən Akif Quliyev yazır: “Muğamların fəlsəfi əzəmətini, ülvi gözəlliyini, şairanə nəfəsini duyub varlığına hopdurduğundan Qara Qarayev onları müdrik sənət adlandırıb. Musiqinin potensial qüdrətini genişləndirmək üçün o, muğamları əsərlərinin milli dayaq sütunu edib. Bəstəkar muğamların ən səciyyəvi intonasiyaları və spesifik ifadə vasitələrindən böyük bədii cəsarət və yüksək fəlsəfi fikirlə zəngin hisslərin parlaq ifadəsi olan yeni keyfiyyətli dövri melodiyalar yaradıb”.
Qara Qarayev yaradıcılığı nə qədər geniş olsa da, onun adı gələndə ilk növbədə iki böyük əsəri - “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri yada düşür. Çoxsaylı, müxtəlif janrlı əsərlər silsiləsini bu iki baletsiz təsəvvür etmək mümkün deyil. Çünki mayasına humanizm və böyük ideyalar hopdurulmuş bu əsərlər təkcə Azərbaycanın deyil, bütün keçmiş SSRİ-nin musiqi xoreoqrafiya sənətində yeni səhifə açmış və dəyərinə görə bütün dünya tamaşaçıları tərəfindən yüksək səviyyədə qəbul edilmişdi.
“Yeddi gözəl”də Q.Qarayev dahi Nizamiyə, onun ideya və obrazlarına müraciət edib. Lakin bəstəkar yaradıcı insan, fəlsəfi düşüncəli alim, mütəfəkkir olduğu üçün müraciət etdiyi mənbəyə münasibəti də özünəməxsus olub. O, baletdə Nizaminin eyniadlı poemasının süjet xəttini deyil, ümumiyyətlə, yaradıcılığının əsas istiqamətverici mövzusunu, yəni əxlaqi-etik mövzunu götürüb. Burada bəstəkar xalq musiqisinin xüsusiyyətlərindən də geniş istifadə edib. Qeyd edək ki, balet ilk dəfə 1953-cü ildə Leninqrad (indi Sankt-Peterburq) Dövlət Kiçik (Malıy Teatr) Opera Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub.
“İldırımlı yollarla” baletini isə 1958-ci ildə tamamlayıb. Balet çox yüksək dəyərləndirilib, rəğbət qazanıb və 1967-ci ildə Lenin mükafatına və Lenin ordeninə layiq görülüb.
“İldırımlı yollarla” baleti müasir və aktual mövzuda - müstəmləkə xalqlarının öz azadlıqları uğrunda mübarizəsinə həsr edilib. İrqi bərabərsizlik əsərin özəyini təşkil edir. Onun qəhrəmanları öz azad sevgiləri, məhəbbətləri uğrunda mübarizə aparırlar və məhv olurlar.
“Övladlar, bizim zəmanəmizin nəğməsini oxuyun, nifrət, müharibə haqqında deyil, məhəbbət haqqında oxuyun”. Bəstəkar məhz Abrahamsın bu sözlərini əsərə epiqraf götürərək onları tamaşanın əvvəlində səsləndirir.
Əsrlərin sübut etdiyi həqiqətdir ki, böyük sənətkarlar əsərlərindəki milliliyin təzahürləri ilə əzəmətli olurlar. Q.Qarayev yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir. Bu, onun istər “Ürək mahnısı” kantatasında, istər “Leyli və Məcnun” simfonik poemasında, simfoniyalarında, skripka və orkestr üçün konsertlərində, fortepiano üçün prelüdlərində, bir sözlə, bütün əsərlərində aydın görünür, duyulur.
Dahi Üzeyir bəy Hacıbəyli məktəbinin layiqli davamçısı olan böyük sənətkarı Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərb sintezi, vəhdəti məsələsi çox düşündürürdü. Belə ki, o, həmin sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətlərinin qarşılıqlı əlaqəsində görürdü. Qara Qarayev yaradıcılığı dar çərçivəyə sığan sənət deyildi. Çünki o, Nizami, Səməd Vurğun, Rəsul Rza poeziyası ilə məhdudlaşmayıb, Şekspir, Servantes, Puşkin, Ömər Xəyyam, Lermontov, Löpe de Veqanın yaratdıqları obrazlara da müraciət etmişdi. Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi müasirlərinin əsərlərindən bəhrələnmişdi.
Bütün bunlar sübut edir ki, Qara Qarayevin bütün varlığına milli musiqimizin ruhu hopmuş olsa da, o, nə qədər milli köklərlə bağlansa da, dünya musiqisi ilə ciddi maraqlanır, onu öyrənirdi. Tələbələrinə məsləhət görürdü ki, Qərb bəstəkarlarının əsərlərinə qulaq assınlar. Bəli, Q.Qarayev ədalətli insan, yeniliyi qəbul edən sənətkar idi. O, dayanmaq bilmirdi, daim axtarışlar aparırdı.
Yalnız klassik ədəbiyyatı və xalq ədəbiyyatını, xalqının tarixini mükəmməl bilən bəstəkar belə düşünə, belə hərəkət edə, belə əsərlər yarada bilərdi. Q.Qarayev məhz bu cür dərin bilici idi. Yoxsa onun yaratdığı əsərlər dünyanın ən böyük konsert, tamaşa salonlarını pərəstişkarlarla doldurmağa qadir olmazdı.
Qara Qarayevin şəxsiyyəti ilə yaradıcılığı bir-birindən ayrılmaz idi. Bu böyük sənətkar haqqında danışarkən bir məqamı mütləq vurğulamaq lazımdır. Qara Qarayev rusdilli idi. Lakin onun bütün varlığına və yaradıcılığına azərbaycançılıq hissi hakim kəsilmişdi. Vaxtının çoxu Moskvada keçsə də, ürəyi Bakıda idi. Tez-tez müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək üçün xarici ölkələrə getsə də, fikrindəki, qəlbindəki Azərbaycan idi, onun mədəniyyətini təbliğ edir, onun təəssübünü çəkirdi.
Qəlblərdə, yaddaşlarda yaşayan xatirələr Q.Qarayev şəxsiyyətinə aid bir çox həqiqətlərə işıq salır. Q.Qarayevin anası Sona xanımı necə dəfn etdiyini yada salanlar var. Camaat güman edirmiş ki, cənazə orkestrin müşayiəti ilə yola salınacaq. Bir də görürlər ki, onların yaşadığı binanın həyətə çıxan blokunun ağzına “Ərrəhman” surəsini avazla oxuyan din xadimləri çıxdı. Onların ardınca cənazə çıxarıldı, arxada isə qəmli, hüznlü oğul addımlayırdı.
Müasirləri yazır ki, Q.Qarayev Qurani-Kərimi yaxşı bilirdi. Söhbətləşəndə həmişə Quran ayələrindən misal gətirirdi.
Təsadüfi deyil ki, onun musiqisində, hətta “İldırımlı yollarla” baletində də Azərbaycan ab-havası duyulur, Azərbaycan ətri gəlir. O, Azərbaycan musiqisinə etinasızlığı bağışlamazdı. Heç vaxt yol verməzdi ki, musiqimizə yad cərəyanlar, özgə nəfəslər gəlsin. Xalq musiqisinə yaradıcılıqla yanaşmağı əsas götürürdü.
Odur ki, Qara Qarayevi Azərbaycan bəstəkarlıq məktəbinin möcüzəsi adlandıranlar heç də səhv etmirlər. Xalq artisti, professor Vasif Adıgözəlov yazır ki, “Q.Qarayevin ətrafında o zaman bir çox bəstəkar və musiqişünaslar yetişdilər. Lakin elə onların yetişməyinin səbəbkarı Q.Qarayev olmuşdur. Tək bəstəkar kimi yox, şəxsiyyət kimi, ensiklopedik biliyə malik insan kimi, müəllim kimi hamıya nümunə idi. Və təbiidir ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin əsaslarını yaratsa da, Qara Qarayev bu musiqiyə çox böyük sıçrayış, yüksəliş gətirdi”.
Qara Qarayev Azərbaycan bəstəkarlarının əksəriyyətinin müəllimi olub. Onların arasında Arif Məlikov, Vasif Adıgözəlov, Sevda İbrahimova, Musa Mirzəyev, Xəyyam Mirzəzadə və başqaları var. O, bu vəzifəsini sevə-sevə yerinə yetirirdi. Bəstəkarın ixtisas dərsləri dar çərçivə ilə məhdudlaşmırdı. Burada ədəbiyyat və digər mövzularda da söhbət gedirdi. Bütün bunlar tələbələrini həm də şəxsiyyət kimi yetişdirirdi. Bəstəkar dərs dediyi hər bir gəncin mənəvi dünyasını aça bilirdi, hərəsinə fərdi münasibət bəsləyirdi. Ona görə də tələbələrin heç biri yaradıcılığına görə digərinə bənzəmirdi. Bu, onun dəst-xətti idi.
Qara Qarayev böyük Dmitri Şostakoviçin tələbəsi olmuşdu. Şostakoviç ciddi müəllim idi və Q.Qarayev onun pedaqoji prinsiplərini əxz etmişdi. “Müasirlik mənim qəlbimi daha çox həyəcanlandırır” deyərdi. Ona görə də dahi bəstəkar məzmun, forma, musiqi ifadəsi etibarilə tamamilə müasir əsərlər yaratmışdır.
Qara Qarayevin musiqisini dinlədikcə insana elə gəlir ki, həmin əsər məhz bu gün yazılıb. Yeniliyini, müasirliyini itirməyən əsər isə həmişə qiymətlidir.
İradə
ƏLİYEVA,
Azərbaycan. - 2016.-6 fevral.- S.6.