Vətən tarixinin görkəmli tədqiqatçısı

 

Azərbaycan xalqının dəyərli şəxsiyyətləri içərisində görkəmli tarixçi alim Sara Balabəy qızı Aşurbəylinin adı xüsusi vurğulanmalıdır. Keçən əsrin 6-cı ilində dünyaya gəlmiş, yeni əsrin əvvəllərində (2002-ci ildə) haqq dünyasına qovuşmuş S.Aşurbəyli zəngin, mənalı elm yolu keçmişdir.

O, Bakı şəhərində anadan olmuşdu. Zəngin ailədə böyümüş, dövrün tələbləri səviyyəsində, habelə milli adət və ənənələrə uyğun şəkildə təlim və tərbiyə almışdı. Sara xanım İstanbuldakı Janna d'Ark adına fransız kollecində oxumuşdu. 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsini bitirmişdi. Lakin “proletariat diktaturasının möhkəmləndiyi” tarixi mərhələdə “arzuolunmaz sosial mənşəyə” malik olan S.Aşurbəylinin şərqşünaslığa, tarix elminə doğru yönəlməsi meyili böyük əngəllərlə qarşılaşmışdı. Ötən əsrin 30-cu illəri SSRİ-də “sinfi düşmənlərin aşkara çıxarılması” və onların cəzalandırılması ilə əlamətdar idi. Belə bir ziddiyyətli tarixi məqamda Sara xanım elmlə məşğul olmaq arzusunu qəlbində yaşadaraq, əldə etdiyi bilik potensialını gerçəkləşdirməklə sadəcə həyatda qalmaq qərarına gəlmişdi. O, 1941-ci ildə daha bir ali təhsil müəssisəsini - V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Xarici dillər fakültəsini bitirmişdi.

S.Aşurbəylinin bütün fəaliyyətini iki mərhələyə bölmək mümkündür:

1) O, keçən əsrin 50-ci illərinin ortalarınadək əsasən pedaqoji fəaliyyətlə və rəssamlıq (boyakarlıq) sənəti ilə məşğul olmuşdur;

2) Sara xanım XX əsrin 50-ci illərinin ortalarından ömrünün sonunadək Vətən tarixinin araşdırılması sahəsindəki məhsuldar elmi fəaliyyəti ilə fərqlənmişdir.

S.Aşurbəyli 1937-1958-ci illər ərzində Azərbaycanın müxtəlif ali məktəblərində fransız və ingilis dillərini tədris etmişdir. Həmin dövrdə o, rəssamlıq sahəsindəki böyük məharətini nümayiş etdirmiş, 1946-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir. Xarici dillərin tədrisi və rəssamlıq həmin dövrdə sovet rejimi üçün ən pis halda “neytral” fəaliyyət növü idi. Buna görə də Sara xanımın həmin sahələrdəki fəaliyyətinə böyük əngəllər törədilmirdi.

Ömrünün təxminən 20 ilini “neytral” fəaliyyət növlərinə (xarici dillərin tədrisinə və rəssamlığa) həsr etmiş Sara xanım sovet rejiminin cəmiyyətə total nəzarətinin müəyyən qədər zəiflədiyi tarixi bir məqamda özünün əski, gənclik arzusuna uyğun olaraq tarix elminə doğru döndü. O, 1954-1958-ci illərdə Azərbaycan SSR EA-nın Tarix Muzeyində orta əsrlər şöbəsinin müdiri vəzifəsini uğurla icra etdi.

Sara xanımın tarix elminə qayıdışı Azərbaycan tarix elminin təkamülünün çox mühüm keyfiyyət mərhələsinə təsadüf etdi. Bu sahənin yeni təkamül mərhələsi təqribən ötən əsrin 50-ci illərinin II yarısında başlandı. Həmin zamandan etibarən ölkədə Vətən tarixi ilə məşğul olan, Azərbaycanın milli mənafelərinə bağlanmış araşdırıcılar xeyli fəallaşdı. Məhz bu dövrdə elmi tədqiqat prosesinə fəal şəkildə qoşulan Sara xanım artıq rəssamlıq, xarici dillərin tədrisi təcrübəsini də keçmişdi. 1958-1961-ci illərdə Sara xanım Azərbaycan SSR EA-nın A.A.Bakıxanov adına Şərqşünaslıq İnstitutunda elmi katib və böyük elmi işçi vəzifələrində çalışdı. O, 1961-ci ildən Azərbaycan SSR EA-nın Tarix İnstitutunda, ömrünün son illərində isə Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda səmərəli elmi fəaliyyət göstərdi.

Sara xanımın başlıca tədqiqat obyekti Azərbaycanın orta əsr şəhərlərinin, xüsusilə Bakı şəhərinin ictimai-iqtisadi, siyasi, mədəni inkişaf tarixinin tədqiqi olmuşdur. Şirvanşahlar dövləti və Bakı şəhəri Sara xanımın daha çox bağlandığı araşdırma mövzuları idi. Tədqiqatçının xeyli məqaləsi rus, ingilis, fransız dillərində nəşr olunmuşdur. S.Aşurbəyli bir çox Azərbaycan araşdırıcıları kimi, sovet dövrünün ənənələrinə uyğun olaraq əsərlərini rus dilində yazmış və nəşr etdirmişdir. Sovet hakimiyyəti dövründə hətta tarixin qədim və orta çağları ilə məşğul olan tədqiqatçılardan “marksizm-leninizm klassiklərinə” müraciət olunması, onların “dəyərli” müddəalarından iqtibaslar gətirilməsi, araşdırma prosesində əldə edilmiş nəticələrin həmin ehkamlara uyğunlaşdırılması tələb olunurdu. Alimlərdən tələb edilirdi ki, milli tarixin bütün mərhələləri və problemləri mütləq “böyük Rusiya xalqının şanlı tarixi” ilə əlaqələndirilsin. Sara Aşurbəylinin elmi fəaliyyəti bu baxımdan müstəsna yanaşma tərzi, mövqeyi ilə diqqəti cəlb edir. Sara xanımın monoqrafiyalarında marksizm-leninizm klassiklərinə “müraciət” məqamları yoxdur, tədqiqatçı araşdırmadan doğmuş elmi nəticələri marksizm ehkamları ilə uzlaşdırmağa can atmır, prinsipial tarixçi Azərbaycan-Rusiya münasibətlərinin bütün tarixi dövrlərində yalnız müsbət məqamlar axtarmırdı. O, məhz bu cəhəti ilə Azərbaycan tarix elmində müstəqil, azad tədqiqatçı kimi diqqəti xüsusilə cəlb edir.

Ötən əsrin 60-cı illərindən etibarən milli tarix elmində ilk dəfə olaraq Azərbaycanın ayrı-ayrı şəhərlərinin tarixi haqqında əsərlərin hazırlanması sahəsində işlər başlandı. S.Aşurbəylinin Bakı şəhərinin orta əsrlər tarixinə həsr olunmuş monoqrafiyası [Aşurbeyli S.B. Oçerk istorii srednevekovoqo Baku. Baku: İzd-vo AN Azerb. SSR, 1964, 336 s.] bu baxımdan Vətən tarix elmində ilkin əsər idi. Əsərdə şəhərin VIII əsrdən XIX əsrin əvvəllərinədək təkamül dövrü araşdırılmışdır.

S.Aşurbəylinin 1983-cü ildə nəşr olunmuş monoqrafiyasında [Aşurbeyli S.B. Qosudarstvo Şirvanşaxov (VI-XVI vv.). Baku: Glm, 1983, 344 s.] Şirvanın, Şirvanşahlar dövlətinin VI əsrdən XVI yüzilliyin sonlarınadək olan tarixinin tədqiqi nəticələri izah edilmişdir. Bu monoqrafiyada “Şirvanşahlar dövlətinin meydana gəlməsinin araşdırılması, minillik dövr ərzində onun inkişafının, çiçəklənməsinin və süqutunun mərhələlərinin nəzərdən keçirilməsi” S.Aşurbəylinin başlıca məqsədi olmuşdur. Həmin əsər Azərbaycanın orta çağlar tarixinin öyrənilməsi sahəsində böyük uğur idi. Əsər müəllifi elmi ədəbiyyatda Şirvanşahlar dövlətinin tarixində 4 dövrün qəbul olunduğunu bildirməklə yanaşı, “ərəb işğallarına qədərki dövrün erkən şirvanşahları haqqında məlumatlara malik olmadıqlarını” da qeyd etmişdir. S.B.Aşurbəyli Şirvanşahlar dövlətinin siyasi tarixini aşağıdakı mərhələlər üzrə nəzərdən keçirmişdir:

1) VI əsr - IX əsrin birinci yarısı;

2) IX əsrin ikinci yarısı - XI əsrin birinci rübü;

3) XI - XIII yüzilliklər;

4) XIV-XVI yüzilliklər;

“Azərbaycan elmi tarixşünaslığının banisi” və “akademik üslubda olan ilk monoqrafik tədqiqat işinin” müəllifi hesab olunan A.A.Bakıxanov 1841-ci ildə farsca yazdığı və 1844-cü ildə rus dilinə tərcümə etdiyi “Gülüstani-İrəm” əsərində Şirvanşahlar dövlətinin müstəqilliyini şübhə altına alaraq yazmışdı: “Tarixdən görünür ki, Şirvanşahlar təqribən heç bir zaman müstəqilliyə malik olmamış və özlərinin güclü qonşularının: farsların, ərəblərin və türklərin təsiri altında olmuşlar” [Bakixanov A.A. Qölistani-İram, s.87]. A.Bakıxanovun bu qənaətini təqribən 140 ildən sonra S.Aşurbəyli öz elmi araşdırmaları ilə təkzib etdi. Bu, Sara xanımın Azərbaycan tarix elminə gətirdiyi böyük, önəmli yenilik kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, “mütləq mənada müstəqil olan dövlət” anlayışı (xüsusilə orta əsrlər tarixi üçün) məqbul deyildir. Hətta müasir tarixi mərhələdə də hərbi-siyasi üstünlüyə, aparıcı, təşəbbüskar mövqeyə malik olan dövlətlər müəyyən iqtisadi, ictimai, mədəni, ideoloji məqamlarda digər dövlətlərdən asılıdır. Heç olmasa, daxili siyasətdə müstəqilliyə təbii meyil, bir çox hallarda vassal asılılığına düşdüyü dövlətlərə (Ərəb Xilafətinə, səlcuqilərə, monqollara, Azərbaycan Atabəyləri dövlətinə, Hülakulara, Azərbaycan Səfəvilər dövlətinə və b.) qarşı vaxtaşırı baş vermiş üsyanlar və qiyamlar Şirvanşahlar dövləti tarixinin diqqət cəlb edən cəhətlərindəndir. 1538-ci ildə Səfəvi şahı

I Təhmasib (1524-1576) Şirvanşahlar dövlətinin siyasi varlığına son qoyaraq təqribən minillik dövlətçilik ənənəsi, tarixi olan Şirvanı bəylərbəyliyə çevirdikdən sonra da burada siyasi müstəqilliyə qarşısıalınmaz, təbii meyil yaşamaqda idi. Osmanlı sultanları zaman-zaman bu vəziyyətdən maksimum dərəcədə faydalanmağa çalışmışlar.

Sara xanım doğma Bakı şəhərinə, onun çoxəsrlik tarixinə dərin sevgisini və marağını ömrünün sonunadək nümayiş etdirmişdir. O, 1992-ci ildə Şirvanın başlıca mərkəzi olan Bakı şəhərinin orta çağlar dövrünə həsr olunmuş ikinci monoqrafiyasını [Aşurbeyli S.B. İstoriə qoroda Baku (Period srednevekovğə). Baku: AQİPO, 1992] nəşr etdirdi. Öncə rusca çap edilmiş bu əsər tezliklə doğma dilimizə tərcümə olunaraq yenidən işıq üzü gördü [Aşurbəyli S.B. Bakı şəhərinin tarixi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1998]. Müəllif Bakının tarixini arxeoloji dövrdən etibarən XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalınadək nəzərdən keçirmişdir. Monoqrafiyanın I fəslində Abşeronun və Bakı şəhərinin erkən tarixi arxeoloji materiallar əsasında araşdırılmışdır. Burada Bakının əsasının qoyulması tarixindən və şəhərin adının müxtəlif yozumlarından bəhs olunur. Tədqiqatçı problemə dair mövcud olan müxtəlif mülahizələri, fərziyyələri nəzərdən keçirmiş, “Bakı” sözünün atəşpərəstliklə, zərdüştiliklə bağlı olduğunu bildirən tədqiqatçıların müddəası ilə həmrəy olduğunu göstərmiş, “tarixi, toponimik və arxeoloji materialların həmin müddəanı təsdiqlədiyini” bildirmişdir.

S.Aşurbəyli bu monoqrafiyasında da bir sıra mühüm mədəni tarixi məsələlərə yanaşmada “dil amili”nin əsiri olmadığını göstərmiş, obyektiv tarixi gerçəkliklərə uyğun gələn elmi mövqe nümayiş etdirmişdir. Sara xanım tədqiq etdiyi dövrün bütün problemlərini (ictimai, iqtisadi, siyasi, mədəni və s.) araşdırmağa çalışmışdır. Tədqiqatçı 1991-ci ildə Bakıdakı Qız qalası ətrafında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş materiallar əsasında belə qənaətə gəlmişdir ki, 12-8 min il bundan öncə (yəni mezolit və neolit dövründə) Bakının yerində qədim yaşayış məskəni olmuşdur. S.Aşurbəylinin bütün monoqrafiyalarında Azərbaycan arxeologiyasının uğurlarına istinad edilməsi diqqəti cəlb edən mühüm cəhətlərdəndir.

Azərbaycanın Hindistanla çoxəsrlik, zəngin əlaqələrinin tədqiqi Sara xanımın elmi yaradıcılığında mühüm yer tuturdu. Sara xanımın 1990-cı ildə işıq üzü görmüş monoqrafiyasında [Aşurbeyli S.B. Gkonomiçeskie i kulğturnıe svəzi Azerbaydjana s İndiey v srednie veka. Baku: Glm, 1990] da Şirvan “faktları” unudulmamışdır. 4 fəsildən ibarət olan bu əsərin II fəsli Abşeron yarımadasındakı Suraxanı kəndində orta əsrlərdə hindlilərin səcdə obyektinə çevrilmiş Atəşgaha həsr edilmişdir. Monoqrafiyanın IV fəslində fəlsəfə, ədəbiyyat, memarlıq, miniatür rəssamlığı və musiqi sahələrində Azərbaycan-Hindistan qarşılıqlı əlaqələrindən bəhs olunur. S.Aşurbəylinin incəsənət sahəsindəki böyük təcrübəsi bu əsərdə də özünü aydın surətdə göstərir.

Sara xanım bir çox əsərlərində Azərbaycanın və atəşpərəstliyin (zərdüştiliyin) üzvi bağlılığını qeyd etmişdir. Zərdüştilik (atəşpərəstlik) daha çox Azərbaycanın mədəni-mənəvi hadisəsidir. Hətta bir sıra tədqiqatçılar Azərbaycanı Zərdüştün, zərdüştiliyin vətəni hesab edirlər.

S.Aşurbəylinin xüsusi diqqət yetirdiyi Suraxanı Atəşgah məbədi hindlilərin bu dinə etiqadı olan qisminin Azərbaycana axınının (qayıdışının) bariz faktlarındandır. Məlumdur ki, hələ ərəb işğalları dövründə (VII-IX əsrlərdə), yeni dinin (islamın) yayıldığı tarixi mərhələdə Azərbaycanda və ona qonşu ölkələrdə atəşpərəstliyə (zərdüştiliyə) etiqad edən xeyli əhali kütlələri Hindistana köçməli olmuşdu. Buna görə də Suraxanı Atəşgahı atəşpərəstlərin Azərbaycana epizodik hallarda qayıdışının maddi, mənəvi təcəssümü, abidəsi kimi qiymətləndirilə bilər.

Muğam sənəti sahəsində də Azərbaycan xalqı fəal, yaradıcı mövqedə olmuşdur. Muğamın Qərbdən (“islam mədəniyyəti” sistemindən) Şərqə (Hindistana) keçidi prosesində Azərbaycanın “körpü” rolunu oynadığı sübuta ehtiyacı olmayan gerçəklikdir. S.Aşurbəyli monoqrafiyanın bir çox yerlərində Hindistanın görkəmli dövlət xadimi C.Nehruya (1889-1964) istinad edərək “iki ölkə arasındakı qarşılıqlı münasibətlərin qədim tarixə, dərin köklərə malik olduğunu” qeyd edir. Lakin mühüm bir cəhəti nəzərə almaq vacibdir ki, C.Nehru “Azərbaycan” adlı məmləkət tanıdığını öz əsərlərində nəzərə çatdırmamışdır. XIX yüzilliyin əvvəllərindən etibarən Rusiya imperiyası tərkibində olmuş, 1920-1991-ci illərdə isə “Sovet İttifaqı” adlanan yeni imperiya hüdudlarında qapanmış Azərbaycanı yaxından tanımaq C.Nehrunun imkanları xaricində idi. C.Nehru tarix, mədəniyyət, qarşılıqlı əlaqə problemlərinə toxunarkən daha çox “İran” anlayışından istifadə edirdi. Qeyd etmək lazımdır ki, C.Nehrunun “İran” kimi təqdim etdiyi ictimai-siyasi, iqtisadi, maddi-mənəvi vahidin aparıcı subyekti, siyasi mərkəzi Azərbaycan, maddi-mənəvi dəyərlərin öncül yaradıcısı isə Azərbaycan türkləri olmuşlar. C.Nehrunun aşağıdakı mülahizələrinə diqqət yetirək: “Teymurilər sülaləsindən olan hökmdar Babur bu mühitdən çıxmışdı və o, Dehli taxtına sahib oldu. Bu hadisə XVI əsrin əvvəlində, İran Səfəvilərin hakimiyyəti dövründə incəsənətin parlaq intihabı dövrünü yaşadığı məqamda, fars incəsənətinin qızıl əsri kimi tanınmış bir dövrdə baş verdi” [Neru Djavaxarlal. Otkrıtie İndii. V dvux kniqax. Kniqa pervaə. Perevod s anqliyskoqo. Moskva: Politizdat, 1989]. C.Nehrunun Azərbaycan Səfəvilər dövlətindən (1501-1736), bu dövrün misilsiz mədəni uğurlarından bəhs etdiyi milli tariximizin başlıca faktlarını bilən şəxslərə əyandır, lakin bu faktların xalqımıza şamil edilməməsi də aşkardır. C.Nehrunun obyektiv səbəblərdən görə bilmədiyi, S.B.Aşurbəylinin diqqətini cəlb etməmiş mühüm cəhətləri biz - XXI əsrin Azərbaycan araşdırıcıları görməli, müəyyənləşdirməli, qiymətləndirməli, beynəlxalq aləmdə təbliğ etməliyik.

Ömrünün böyük qismini Vətən tarixinin tədqiqinə həsr etmiş, “mənsub olduğu millət üçün çalışmış” S.Aşurbəyli Azərbaycanın milli yaddaşında qalacaq, daim hörmətlə xatırlanacaq.

 

Xeyirbəy QASIMOV,

Azərbaycan MEA-nın A.A.Bakıxanov

adına Tarix İnstitutunun

“Azərbaycanın orta əsrlər tarixi”

şöbəsinin aparıcı elmi işçisi,

 tarix üzrə elmlər doktoru

 

Azərbaycan. - 2016.-6 fevral.- S. 7.