Onlar kimsəsiz deyillər...

 

Valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qucaq açıb

 

Hazırda paytaxt da daxil olmaqla Azərbaycanın əksər bölgəsində uşaq eviinternatlar fəaliyyət göstərir. Bu müəssisələr ümumi olmaqla, kor, həmçinin nitqi qüsurlu olan kar uşaqları da əhatə edir. Təbiidir ki, belə müəssisələrdəki şərait, orada uşaqlara olan qayğı hər kəsi düşündürür.

Uşaq evlərində böyüyən körpələrin gündəlik həyat tərzləri, maraq və məşğuliyyətləri barədə məlumat almaq üçün Bakı şəhərinin Nizami rayonunda yerləşən 1 nömrəli Uşaq Evinə yollandıq. Uşaq evinin direktoru Nərminə Zöhrabova bildirdi ki, 2004-cü ildən - Heydər Əliyev Fondu yaranandan sonra uşaq evlərinin və burada yaşayıb təhsil alan uşaqların həyatı demək olar ki, yaxşılığa doğru dəyişdi: “Şəxsən Mehriban xanım Əliyevanın uşaq evlərinə ziyarətindən sonra bu kimi müəssisələrdə fəaliyyəti tam təkmilləşdi. Burada hər bir uşağa ayrılıqda qayğı artdı. Artıq uşaqlar özlərini bir fərd olaraq hiss etməyə başladılar. Hazırda yüz uşaq yaxınlıqda yerləşən 220 nömrəli məktəb-liseydə dərs alır. Həmin məktəbin kollektivinin bizim uşaqlara göstərdiyi diqqəti də xüsusi vurğulamaq istəyirəm. Bu günə qədər o məktəblə heç bir problemimiz olmayıb, əksinə, 2004-cü ildən bəri orada oxuyan şagirdlərimizdən çoxu hazırda ali məktəb tələbəsidir”.

Sözügedən uşaq evində uşaqların asudə vaxtlarının təşkili üçün bir çox dərnəklər yaradılıb. Bunlar rəqs, bədii gimnastika, rəssamlıq, tikiş, xalçaçılıq, kompüter, musiqi və müxtəlif əl işlərindən ibarət dərnəklərdir. İlk olaraq, “Azəri” adlanan rəqs qrupunun məşqini izlədik. Balacaların hər biri diqqətlə müəllimin hərəkətlərini təkrarlayır və onun göstərişlərinə düzgün əməl edirdilər. Rəqs qrupunun müəllimi Nazim Abdullayev dedi ki, həftədə üç dəfə məşqləri olur. Qrup ümumən 30-35 nəfər oğlan və qızdan ibarətdir: “Rəqs qrupumuz dünyanın bir çox ölkəsində festivallarda, yarışlarda iştirak edib, Sankt Peterburqda keçirilən müsabiqədə birinci yerə çıxıb. 11 nəfərdən ibarət münsif heyəti onlara ayaq üstə əl çalıb. Bu, 15 ölkə arasında keçirilən yarış idi”.

Uşaq evinin direktoru vurğuladı ki, bu rəqs qrupu Türkiyənin uşaq festivalında çıxış edəndə yeganə dövlət idik ki, təmsil olunduğu kollektiv sırf uşaq evlərinin yetirmələri idi: “Bu, bizim üçün böyük fəxrdir. Uşaqlarımız hər il Türkiyədə keçirilən uşaq festivalında, eyni zamanda dövlət səviyyəsində baş tutan rayon və şəhər tədbirlərində yaxından iştirak edirlər. Bu məsələdə Heydər Əliyev Fondunun bizə göstərdiyi yardım həddindən artıq böyükdür”.

Müəssisənin yaradıcılıq otaqlarına üz tutduq. Bütün dəhliz boyu divarlardan rəsmlər asılmışdı. Hər biri buradakı uşaqların əl işləri idi. Peşəkarcasına və dəqiq işlənmişdi. Hələ uşaqların özlərini görməmişdik, amma bizdən bir “əhsən” qazanmışdılar. Gəlib çıxdıq balaca rəssamların otağına. Yenə də başında idilər. Hərəsi bir janrda rəsm çəkirdi. Biri öz təxəyyülündən gələnləri, digəri də gördüklərini kağıza köçürürdü. Otağın divarları da başdan-başa uşaqların rəsmləri ilə zəngin idi. Buradakı əhvali-ruhiyyə, balacalardakı qətiyyətlilik həqiqətən də diqqətçəkən idi. Onların rəsm müəllimləri bildirdi ki, uşaqlarda rəsmə böyük maraq var. Onlara özlərini təsdiqləmək üçün hər cür sərbəstlik verilib.

Rəssamlıq guşəsi ilə üzbəüz balacaların əl işlərindən ibarət kolleksiyalar yer alır. Bura da irili-xırdalı əl işləri ilə çox zəngindir. Azyaşlıların olduğu əl işləri dərnəyində 4-8 yaşlı uşaqlar çox şən idilər. Onlarla maraqlandığımızı görüb daha cidd-cəhdlə çalışırdılar. Kövrək barmaqlarında iynə tutan uşaqlar dəqiqliklə parça üzərində müxtəlif naxışlar edirdilər. İntiqam adlı balaca oğlanın isə bacarmadığı yoxdur. Müəllimləri onu çox təriflədilər. Dedilər ki, bu uşaq həm naxış çəkir, tikiş bacarır, həm də kağızdan müxtəlif əl işləri düzəldir. Bir sözlə, İntiqam uşaq evində “bacarıqlı oğlankimi tanınır.

Daha sonra uşaqların kompüter dərnəyinə baş çəkdik. Burada onlara kompüterdən istifadə vərdişləri aşılanır. Bizi müşayiət edən N.Zöhrabova vurğuladı ki, uşağın bir fərd olaraq yetişdirilməsi, maraqları, hansı xarakterə, xasiyyətə malik olması, yaxud onun nə istəməsi məhz bu dərnəklər vasitəsilə üzə çıxır: “2014-cü ildə Müasir İncəsənət Muzeyində uşaqların əl işlərindən ibarət sərgimiz keçirildi. Ötən il isə Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada keçirilən Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak etdik. Çox maraqlı tədbir keçdi, uşaqlar məmnun oldular. Biz orada ölkəmizi layiqincə təmsil etdik. Uşaqlar Xocalının ağrı-acısını öz düşüncələri və rəsm dilləri ilə çatdıra bildilər. Tədbirdə 69 uşağın əl işi təqdim olundu”.

Yaradıcılıq otaqlarından foyeyə doğru çıxarkən bizi fortopiano səsləri və onun ətrafına toplaşan uşaqlar qarşıladı. Musiqi məşğələsi idi. Müəllim pianoda ifa edir, oxuyur, uşaqlar isə onun səsinə səs verirdilər.

Uşaq evinin direktoru dedi ki, müəssisədə ümumən 120 uşaq var. Uşaqlar bura üç yaşından etibarən qəbul edilir: “Uşaq orta məktəbi, eyni zamanda ali məktəbə qəbul olursa, onu bitirənə qədər burada yaşayır. Sonra azyaşlılar komissiyası qərar verir ki, artıq uşaq böyüyüb, valideyn də uşağı götürmək iqtidarındadır. Valideyn onu götürmək istəyərsə, təhvil veririk. Bu məsələdə uşağın da istəyi nəzərə alınır. Əgər uşaq valideynlərinin yanına qayıtmaq istəmirsə, onlar yenidən bizim müəssisədə yerləşdirilir”.

Direktor əlavə etdi ki, insan öz işini sevməlidir: “Uşaq elə bir varlıqdır ki, gərək onun yetişməsində, tərbiyəsində, vətənə layiqli övlad olmasında xüsusi həssaslıq göstərəsən. Eyni anda yüz uşağın geyinib bu qapıdan çölə çıxması böyük məsuliyyətdir. Maksimum çalışırıq ki, onlara yaxşı diqqət göstərilsin. Uşaq özübunu hiss edir. Elə uşaq var ki, valideyni aylardır gəlib ona dəymir. Amma uşağın gözü yoldadır axı... Burada yağ-bal içərisində yaşasalar belə, uşağın gözü valideyndədir. Onun üçün önəmli olan bir kəlmə var, bu da anadır. Pisolsa, yaxşı da olsa, uşaq anasını istəyir. Bəzən valideyn gəlib deyir ki, niyə uşaq burada qalmaq istəmir, siz ona neynirsiniz? Dərk etmir ki, o uşağın ürəyindəki, ağlındakı odur, valideyninin yanında olmaq istəyir. Sən ana olaraq heç olmasa onu özünə çək, bağrına bas. Gecə bir dəfə oyanıb onun üstünü ört. Biz burada uşaqların belə istəklərinə də şahidlik edirik. Bu vaxta qədər şükürlər olsun ki, uşaqlarla bağlı ciddi bir problemimiz olmayıb. Bəzən olur ki, balaca uşaq ağlayır, valideynini istəyir. Onları sakitləşdirmək, saxlamaq çox çətindir. Ona görə də hər bir valideyn uşaq evlərinə üz tutmazdan əvvəl çox düşünməli, öz sabahlarını fikirləşməlidir. Nadir hallarda olub ki, uşaq buradan çıxıb valideyninin yanına gedəndə onu istəsin. Çünki onlar valideyn qayğısından məhrum böyüyürlər. Uşaq yetkinlik yaşına çatır və dərk edir ki, artıq o istiliyi valideyndən ala bilmir. Həmçinin valideyno istiliyi uşaqdan ala bilmir. Çünki, arada lazım olan o vaxt bitib, həmin zamanı burada, bizimlə keçirib. Bu gün müəssisəmizi tərk edən uşaqlardan öz evləri olanlar da var, ancaq onlar hələ də bizi unutmurlar”.

1 nömrəli Uşaq Evinin Şüvəlanda bağ sahəsi də var. Hər il yay tətilində uşaqlar üç aylıq o bağa köçürülür. Eyni zamanda, 2009-cu ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq evinin yataqxana binası tikilib istifadəyə verilib. Oradakı bir otaqlı mənzillərin hamısı qızlar üçün nəzərdə tutulub.

Beləliklə, sözügedən uşaq evində olduqdan sonra belə qənaətə gəldik ki, burada yaşayan körpələr və yeniyetmələr heçsahibsiz deyillər. Azərbaycan dövləti bu uşaqlara qucaq açıb, onlara yüksək qayğı göstərir. Bu təqdirdə həmin uşaqlar kimsəsiz ola bilməz...

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2016.- 7 fevral.-  S.5.