Əfsanəvi qəhrəmanlıq
əbədi yaşayacaq
“İgid ölər, adı qalar” deyib ulularımız. Torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğal edilməsi Mübarizi bir an belə rahat buraxmırdı. Özünə belə bir sualla tez-tez müraciət edirdi: “Axı necə oldu ki, sayca bizdən qat-qat az, gücsüz bir millət gəlib cənnətməkan Qarabağımızı zəbt etdi?” Hələ uşaqlığından eşitdiyi “erməni qan görüb” deyimi də yadına düşəndə nifrəti içində vulkan kimi püskürürdü. Odur ki ordu sıralarından qayıdandan az sonra yenidən sərhəd bölgəsində yerləşən hərbi hissələrin birində xidmətini davam etdirmək üçün ərizə ilə müraciət etdi.
Pəhləvan cüssəsini görub arzusunu dərhal nəzərə aldılar. “N” saylı hərbi hissədə gizir kimi xidmətə başladı. İş gününün sonunda axşam yatağına uzanarkən düşməndən qisas almaq düşüncəsi qəlbinə, ağlına hakim kəsilirdi. Erməni silahlılarının burnunu ovmaq, onları cəzalandırmaq haqqında fikirləşir, yollar arayırdı. Bu barədə ata-anasına yazdığı məktublarda da işarə vururdu. Göstərmişdi ki, mən ölsəm, ağlayıb-sızlamayın, Vətən, torpaq yolunda ölmək şərəfdir. Mübariz qarşısına qoyduğu məqsədə çatdı. Bir axşam düşmən əsgərlərinin səngərinə atıldı. Çoxlu sayda erməni əsgərini qanına qəltan etdi. Lakin əks tərəfin bir gülləsi də onun sinəsinə dəydi və Mübariz İbrahimov şəhid oldu.
Mübariz düşmən gülləsinə tuş gələcəyini, gördüyü işin aqibətini anlayırdı. Amma onu bu hərəkətə sövq edən ölüm qarşısında belə təslim olmayan vətən məhəbbəti idi. O, düşmənə sübut etmək istəyirdi ki, Azərbaycan oğulları Vətənin bir qarışını da düşmənə güzəşt etməyəcəklər. O sübut etdi ki, xalqımız düşmənə layiqli cavab verməyə hazırdır. O göstərdi ki, işğalçı ordu vətənpərvər Azərbaycan ordusundan gücsüzdür və xalqımız son sözünü hələ deməyib. O anlatdı ki, ermənilər gec-tez Qarabağdan gedəcəklər.
M.İbrahimovun bu şücaəti ildırım sürəti ilə hər tərəfə yayıldı. Dövlət başçısı İlham Əliyev 2010-cu il iyulun 22-də Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzaladı. Sərəncamda Mübariz İbrahimovun böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərindəki küçələrdən və təhsil ocaqlarından birinə adının verilməsi də qərara alınmışdı. Qısa zaman ərzində bu qərarlar reallaşdı. Ən böyük küçələrdən birinə və Biləsuvar Lisey-Məktəb Kompleksinə qəhrəmanın adı verildi.
Qeyd edək ki, həmin lisey respublikamızda mövcud olan ən qabaqcıl təhsil ocaqlarından biridir. 3 buraxılış üzrə məktəbi 88 məzun bitirib və onların hamısı yüksək balla ali məktəblərin ödənişsiz fakültələrinə qəbul olunub. Aralarında Prezident təqaüdünə layiq görülənlər də var. 7-11-ci sinif şagirdlərinin təhsil aldığı liseydə qəbul TQDK tərəfindən aparılır, burada seçilmiş şagirdlər müəllimlərdən dərs alırlar. Müəllimlər arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri var. Təhsil uğurları ilə diqqəti çəkən Lisey-Məktəb Kompleksini fərqləndirən əsas cəhətlərdən biri də burada Mübariz İbrahimovun qəhrəmanlıq ruhunun yaşadılması, onun hərbi rəşadətinin, igidliyinin hər an göz önündə tutulmasıdır. Məktəb binasının qarşısında qəhrəmanın mərmərdən yonulmuş əzəmətli heykəli sanki gənc döyüşçünün qartal kimi düşmən üzərinə şığıdığı anı canlandırır. Məktəbin içərisində igid döyüşçüyə aid olan foto-guşə şagirdlərə Mübariz ruhunu aşılayır. Burada təhsil alan yeniyetmə və gənclər bu ruhu ömür boyu yaşadacaq Vətən övladları kimi böyüyür, Vətənin çağırışına hər an hazır olduqlarını düşünürlər.
Biləsuvar şəhərindəki M. İbrahimovun adını daşıyan küçənin sakinləri burada yaşamaqla qürur duyurlar. Bu ünvana indi dünyanın müxtəlif ünvanlarından məktublar gəlir. Təkcə bu küçənin sakinləri deyil, bütün biləsuvarlı gənclər həmyerliləri ilə fəxr edirlər. Hara gedirsənsə qəhrəmanın fotoşəkilləri ilə qarşılaşırsan. Təhsil ocaqlarının hamısında M.İbrahimovun guşəsi yaradılmışdır. Bir çox sürücülər də maşınlarının şüşələrinə onun şəklini vurmuşlar. Əsaslı şəkildə yenidən qurulmuş M. İbrahimov küşəsi Biləsuvar şəhərinə xüsusi görkəm, yaraşıq verir. Küçənin sakini Cəmil Abbasov dedi:
- Mən bir biləsuvarlı kimi Mübariz İbrahimovla fəxr edirəm. Hər gün bu küçə ilə işə gedir, evə qayıdıram. Müəlliməm. İşimlə əlaqədar hər gün yeniyetmələr, gənclər arasında oluram. Bütün şagirdlər Mübarizə bənzəməyə çalışır, elə-obaya layiq övlad olmağa səy göstərir, qəhrəmanın yarımçıq qalmış arzularını davam etdirmək istəyir.
Milli Qəhrəman Mübariz İbrahimov 1988-ci il fevral ayının 7-də Biləsuvarın Əliabad kəndində nəcib bir seyid kimi tanınan Ağakərim kişinin müqəddəs ailəsində dünyaya göz açıb. 2010-cu ilin 18 iyununda 22 yaşında şəhid olub. Doğum və anım günü hər il Biləsuvar ictimaiyyəti tərəfindən hüzn qarışıq bir təntənə ilə qeyd olunur. Yaşasaydı, 7 fevralda 28 yaşı tamam olacaqdı. Bu münasibətlə Biləsuvar rayonunun təhsil ocaqlarında, idarə və təşkilatlarda tədbirlər keçirilir.
Seyran CAVADOV,
Azərbaycan. - 2016.- 7 fevral.- S.5.