Xıdır Nəbi
Hər bir xalqın mərasim folklorunda üstün yerlərdən birini onun bayramları təşkil edir. Dünyada bayramı olmayan xalq yoxdur. Ulularımız da özünün zəngin və geniş tarixi ərzində silsilə bayramlar yaratmışlar. Onlarda xalqımızın yüksək mənəvi-əxlaqi dəyərləri, etik-estetik düşüncəsi, bəşəri duyğuları, humanizmi öz əksini tapmışdır. Tədqiqatçılar 40-a yaxın milli bayramımızın olduğunu yazırlar. Lakin onların hamısı bizə gəlib çatmamışdır. Minilliklər ərzində bəziləri unudulmuş, yeniləri ilə əvəz olunmuş, bir qismi isə digər xalqların bayramları ilə qarışmışdır. Tamam unudulub gedənlər də var, unudulmaqda olanı da...
Görkəmli folklorşünas alim Azad Nəbiyev tədqiqatlarında milli bayramlarımızı üç qrupa bölürdü. Birinci qrup mövsüm mərasimləri, yeni əmək həyatının başlanması, ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət həyatını əks etdirən, üçüncü qrupa isə dini bayramlar daxildir.
Birinci qrupa daxil olan bayramlar əsasən Xıdır Nəbi ilə başlayıb gül, yaxud gül əkən bayramı ilə başa çatır. İyirmiyə qədər mərasimi əhatə edən bayramlar içərisində ən böyüyü və möhtəşəmi Novruzdur.
Erkən düşüncədə yeni əmək mövsümünün başlanması ilə bağlı Novruzaqədərki mərasim nəğmələri də geniş yayılmışdır. Novruza hələ 90 gün qalmış, yəni, qışın - Böyük Çillənin girməsi ilə bağlı xalq arasında Çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr oxunardı. Bundan başqa, Şum mərasimi, Saya mərasimi, Xır bayramı, Küm bayramı, Güləkən bayramı, Səpin bayramı və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edirdi. Xalq arasında Novruzqabağı nəğmələr adı ilə tanınan bu nəğmələr də üç yerə ayrılır - Çillə nəğmələri, İlaxır çərşənbə nəğmələri və bayram məişəti nəğmələri.
Xıdır Nəbi türk tayfalarının bir sıra mərasimləri kimi bolluq, firavan yaşayış etiqadı ilə meydana gəlmişdir. Bu bayramda əski inanclarımız, ulu əcdadlarımızın təbiətin müqəddəs ünsürləri ilə bağlı mifik və yarımmifik dünyagörüşü əks olunmuşdur.
Xıdır folklor və divan ədəbiyyatında sıx-sıx rast gəlinən mifoloji obrazdır. Dirilik suyunu tapıb içdiyi üçün ölməzlik qazanmış və bu möcüzəsinə görə “Nəbi” - peyğəmbər olaraq qəbul edilmişdir. Rəvayətə görə, Xızır və İlyas iki qardaş olmuşdur. Makedoniyalı İsgəndər Zülqərneyn bu iki qardaşla birlikdə “abi-həyat” - dirilik suyunu tapmaq üçün qaranlıq dünyaya səfərə yollanmış, bir müddətdən sonra zülmət aləmində fırtına qopmuş və onların hərəsi bir tərəfə düşüb dirilik suyunu ayrı-ayrılıqda axtarmalı olmuşlar. Uzun axtarışdan sonra onlar yorulub acmış və dincəlmək üçün bir su kənarında dayanmışlar. Heybədən çıxardıqları quru balığı təmizləmək üçün suya saldıqları zaman o, canlanıb dirilir. Qardaşlar bunun “abi-həyat” suyu olduğunu bilir və həmin sudan doyunca içib əbədi həyat - ölməzlik qazanırlar. İsgəndər isə nə onları, nə də dirilik suyunu tapa bilməyib zülmətdə qeyb olur. Səfər zamanı Xıdır suda - dəryada, İlyas isə quruda gəzib dolaşdığı üçün folklor təfəkküründə onun biri suyu, o birisi isə qurunu himayə edən obraza çevrilmişdir. “Abi-həyat”a yetişdikləri, dirilik suyu içdikləri üçün onlar əfsanə, nağıl və dastanlarda, eləcə də klassik Şərq ədəbiyyatında həyat bəxş edən, dardan-çətinlikdən qurtaran, yaşıllıq, xeyir-bərəkət gətirən müqəddəs qüvvə sayılır. Deyilənlərə görə, qardaşların görüşdüyü və dirilik suyunu tapdıqları gün yazın başlanğıcı, Novruzun ilk günü olub.
Xıdır Nəbi fevralın birinci ongünlüyünün sonunda girir və üç gün davam edir. Yeni təqvimlə fevralın 9-11-i günlərində keçirilir. Ulularımız belə bir ölməz həqiqətə, mifik dünyagörüşünə inanmışlar ki, insan həyatının əzəl yaşayışı üçün Tanrının yaratdığı dörd müqəddəs ünsürü - Suyun, Odun, Yelin və Torpağın hər ilin başlanğıcında təzələnməsini adamlar görməli, təntənə ilə qarşılamalı və bayram etməlidirlər. Yalnız müqəddəs dördlüyə bəslənən etiqad insanları xoşbəxtliyə, bolluğa və firavanlığa qovuşdura bilər.
Su etiqadını müqəddəs tutanlar elə onun arxasınca Xıdır Nəbini axtarmağa çıxır ki, o, özü ilə su bolluğu yaratsın. Ağ atlı Xıdır Nəbinin gəlişi ilə dağın, meşənin, torpağın, düzün ağ örpəyə bürünməsi bir olur. Xıdır Nəbinin atının ayağı dəyən torpaqda il boyu sudan korluq çəkən olmur. Əski etiqadlara görə, qar, çovğun da özü ilə bolluq gətirir, torpağı təmizləyir. Xalqda belə bir inam vardı ki, torpaq ölməsə, dirilməz. Torpağı isə yalnız Xıdır Nəbinin atının dırnağından gələn sərt şaxtalar öldürə bilərdi. Onun dirilməsi isə suyun dəyişməsi, istinin artması, havanın qızması ilə başlayardı. Üç gün davam edən “Xıdır Nəbi”nin birinci günü Xan Xıdır, ikinci günü Rəiyyət Xıdır adlanır. Bu günlər bayramın və ümumiyyətlə, qışın ən sərt günləri hesab olunur. Üçüncü gün isə Çillənin ən soyuq günü kimi Çillə Xıdır adlanır.
Xıdır Nəbi bayramı, eyni zamanda, hələ qədimlərdən maldarlıq, qoyunçuluq, əkinçilik görüşləri ilə zəngin olmuş, qışın çətin günlərində insanları bir-birinə əl tutmaq, taxılı, çörəyi tükənmişlərə kömək göstərmək məramına da xidmət etmişdir. Üçüncü gün cütçü və əkinçilərin şəxsində torpağı becərən, yer şumlayıb əkin əkənlər tərif olunardı. At belində gələcək Xıdır Nəbinin əlində odlu məşəlin olacağı güman edilərdi. Onun torpağı isidən Odla yanaşı, hər bir elə, obaya Günəş və Su adamlara sağlamlıq gətirəcəyinə də inam bəslənərdi. Mərasimdə əkinçi, cütçü və saya nəğmələri oxunar, Xıdır Nəbiyə xalq tərəfindən söz qoşulardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərində keçib Xıdır Nəbini axtarmağa gedərdi. Hesaba görə, Kiçik Çillənin onuncu günü axşam şər qarışandan sonra uşaqlar bir yerə cəmlənərlər, dəstələnib Xıdır Nəbi nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığarlar. Xıdır gecəsində inama görə Xıdır peyğəmbər (Xıdır Nəbi) atına minib xəlvətcə hər yanı gəzir. Onun adına ayrılmış paylara gizlincə əl toxundurur ki, həmin nemətlərin bərəkəti artıq olsun. Xıdır gecələrində axşamdan səhər açılana qədər külək əsər. Deyirlər ki, Xıdır Nəbidi, atını çapıb bərəkət paylaya-paylaya gedir, əsən külək də onun nəhəng atının yelidir. Adamlar bu şərəfə nəğmələr oxuyurlar.
Xıdır Nəbi nəğmələri içərisində “Xan Xıdır gələsidir”, “Xan Xıdır atlı gəldi” və başqaları xüsusilə diqqəti cəlb edir.
Bir sıra başqa bayramlarımız kimi, Xıdır Nəbinin də məramı eli, obanı, mahalı qışdan yaza salamat çıxarmaq, insanları bir-biri ilə mərhəmətli və rəhimli rəftara çağırmaq, ən qədim etiqad və inamların müqəddəsliyini tanıtmaq olmuşdur.
İradə
ƏLİYEVA,
Azərbaycan. - 2016.- 9 fevral.- S.8.