Qeyri-neft sektoruna daha çox investisiya cəlb ediləcək
Bu işdə yerli sahibkarlar daha fəal olmalıdırlar
Dünya iqtisadiyyatı təlatümlü
dövrünü yaşayır. 2008-ci ilin qlobal maliyyə
böhranının nəticələri
aradan qalxmamış inişil Qərb-Rusiya qarşıdurması nəticəsində
yenidən böhran dalğası başladı.
Bu böhranın fərqli xüsusiyyəti
neftin qiymətinin süni şəkildə aşağı salınması
ilə müşayiət
olunmasıdır. Belə vəziyyət
ilk növbədə neft
ixrac edən ölkələrin, o cümlədən
Azərbaycanın iqtisadiyyatına
da təsir göstərir.
Düzdür, ölkəmizdə böhranı
qarşılamaq üçün
vaxtında zəruri addımlar atılmışdı. İlk növbədə
qeyri-neft sektorunun inkişafına böyük
məbləğdə investisiya
qoyulmuşdu, özü
də daha çox dövlət tərəfindən. Bu gün də qeyri-neft sektorunun bütün sahələri
üçün kifayət
qədər böyük
məbləğdə kapital
yatırılır. İlk növbədə
zəruri infrastruktur layihələri həyata keçirilir. Bunun nəticəsidir
ki, Azərbaycan hazırda inkişaf etmiş ölkələr
səviyyəsində mükəmməl
infrastruktura malikdir.
Buna paralel olaraq
qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, turizm,
tikinti, nəqliyyat və digər sahələrinin inkişafı
istiqamətində də
böyük işlər
görülür. Bunun
üçün dövlət
hər il
təkcə sahibkarlara
milyonlarla manat güzəştli kreditlər
verir. Elə neftin qiymətinin bir il ərzində dörd dəfə ucuzlaşmasına
baxmayaraq, ölkədə
iqtisadi inkişafın
davam etməsi bunun göstəricisidir.
Amma etiraf edək ki, hələlik
ixracatda neft-qaz üstünlük təşkil
edir. Buna görə də müəyyən çətinliklərin olması
təbiidir. Odur ki, belə vəziyyətin qarşısını almaq
üçün qeyri-neft
sektorunda məhsul istehsalını artırmaq,
ixracatda bu sektorun payını yüksəltmək zəruridir.
Ümumiyyətlə, son hadisələr bir daha göstərdi
ki, ölkənin dayanıqlı inkişafının
təmin edilməsinin
ən doğru yolu qeyri-neft sektorundan keçir.
Hər bir sahənin, o cümlədən
qeyri-neft sektorunun inkişafı isə kapital qoyuluşu tələb edir. Bunsuz iqtisadiyyatın
inkişafı mümkün
deyil. Dövlət bu istiqamətdə
də məqsədyönlü
siyasət aparır - özü həm birbaşa kapital qoyuluşunda iştirak edir, həm də münbit investisiya mühiti yaradaraq xarici sərmayələri ölkə
iqtisadiyyatına cəlb
edir. Məsələn,
təkcə ötən
il Azərbaycan
iqtisadiyyatına 20 milyard
dollara yaxın sərmayə qoyulub. Onun yarısı xarici sərmayələrdir. Bu da çox müsbət
haldır. Deməli, dünyada
baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmiz xarici investorlar üçün cəlbediciliyini
qoruya bilib.
Prezident
İlham Əliyev “Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının
ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkədə, xüsusilə
də regionlarda qeyri-neft sektorunun inkişafının əhəmiyyətini
vurğulayaraq bu istiqamətdə işlərin
davam etdirilməsi üçün dövlət
qurumlarının məsuliyyət
daşıdığını bildirmişdir: “Texnoparklar yaradılır, sənaye klasterləri yaradılmalıdır.
Mən artıq göstəriş
vermişəm ki, hər bir rayonda
sənaye zonaları yaradılsın. Ancaq
bu proses ləng gedir. Burada oturan bütün şəhər, rayon icra başçıları da
bu işlərdə daha fəal olmalıdırlar. Onlar, İqtisadiyyat
Nazirliyi və sahibkarlar bu işi görməlidirlər.
Hər bir rayondan ayrılacaq
sahələrlə bağlı
konkret təkliflər
verilməlidir. İcra başçıları
özləri bu işlərə çox ciddi fikir verməlidirlər.
Ümumiyyətlə, bölgələrimizə investisiya axınını
daha çox Azərbaycan dövləti,
sahibkarlar təşkil
edirdi. Hesab edirəm ki,
yerli icra hakimiyyəti orqanları bu işlərdə daha fəal olmalıdır”.
Dövlət Statistika Komitəsinin
kapital qoyuluşu ilə əlaqədar açıqladığı son rəqəmlərə nəzər
salaq: ötən il ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 15 milyard 957 milyon manat vəsait
yönəldilib. Bunun
61,9 faizi məhsul istehsalı, 31,6 faizi xidmət obyektlərinin,
6,5 faizi isə ümumi sahəsi 1 milyon 927,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin
34,7 faizi dövlət, 65,3 faizi qeyri-dövlət sektoru sərmayədarlarının payına
düşüb. Əsas
kapitala yönəldilən
vəsaitlərin 73,5 faizi tikinti-quraşdırma
işlərinə sərf
olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin
həcmi isə ümumi sərmayənin
56 faizini təşkil
edib. Xarici investorlara gəldikdə, keçən il əsas kapitala yönəldilən vəsaitin
81,1 faizi Birləşmiş
Krallıq, Türkiyə,
Yaponiya, Norveç, İsveç, Rusiya, İran, Malayziya və ABŞ sərmayədarlarına
məxsus olub.
2015-ci ildə dövlət tərəfindən infrastruktur layihələrinin icrası və qeyri-neft sektorunda çalışan sahibkarlara güzəştli kreditlərin verilməsi sayəsində çox sayda yeni obyektlər tikilərək istifadəyə verilib. Belə obyektlərin çoxu regionlarda fəaliyyət göstərir. Ötən il Bakıda 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı”, “Buzovna-2” və 35 kilovoltluq 11 elektrik yarımstansiyası, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel”, “Bulvar Hotel” mehmanxana kompleksləri, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Zirə Mədəniyyət Mərkəzi, Naxçıvanda sənaye kompleksi, Günəş-Elektrik Stansiyası, Sumqayıtda beton məmulatı, texniki avadanlıqlar zavodları, etilen-polietilen zavodunda yeni qurğular, “Alyans Tekstil” tikiş fabriki, Abşeronda Xırdalan Metal Konstruksiyalar Zavodu, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi” elektrik yarımstansiyaları, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Göyçayda “Göyçay” Su-Elektrik Stansiyası, Qusarda “Park Chalet Shahdag” hoteli, Siyəzəndə Siyəzən-Məşrif avtomobil yolu, Şabranda “Qalaaltı Otel and SPA” müalicə-istirahət kompleksi, Zaqatalada Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni filialı, 195 çarpayılıq 2 xəstəxana, növbədə 270 nəfəri qəbul etmək imkanına malik 7 poliklinika, 11222 şagirdlik 53 ümumtəhsil məktəbi, 2182 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik 2 klub onların yalnız bir hissəsidir.
Dövlət cari ildə regionlara daha çox sərmayə qoymaqla yerlərdəki mövcud potensialdan səmərəli istifadə edərək qeyri-neft sektorunda məhsul istehsalını artırmaqda qərarlıdır. Bu məqsədlə dövlət maliyyə imkanlarından, yerli sahibkarların vəsaitindən, həmçinin xarici investorların kapitalından istifadə etmək istəyir. Ancaq yerli sahibkarlar bu işdə daha fəal olmalıdırlar. Çünki bu, təkcə iqtisadi deyil, həm də siyasi məsələdir. Hazırkı dövlətlərarası siyasi münasibətlərdə iqtisadi və maliyyə faktorundan istifadə edib tərəfdaşını asılılıqda saxlamaq cəhdlərini görürük. Belə davranış beynəlxalq maliyyə qurumlarına da aiddir. Elə buna görə də Prezident İlham Əliyev sözügedən konfransda yerli sahibkarları indiki şəraitdə regionlara sərmayə qoymağa, fəaliyyətlərində məsuliyyətli olmağa çağırmış, bu işdə dövlətin onlara hər cür dəstək verəcəyini demişdir: “Özəl sektor bu amili nəzərə alsın. Xüsusilə nəzərə alsaq ki, dövlət sahibkarlığın inkişafına bu qədər kömək göstərir, həm siyasi, həm metodoloji dəstək verir. İqtisadiyyat Nazirliyi bütün layihələr üzrə biznes planları hazırlayır, maliyyə dəstəyi verir. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu ili nəzərə alsaq, 2 milyard manat edir. Yəni bu, dövlət dəstəyidir. Ona görə sahibkarlar da həmişə iş yerləri yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər”.
Rüstəm KAMAL
Azərbaycan. - 2016.- 10 fevral.- S. 1.