Publik hüquqi
şəxs dövlət və cəmiyyət üçün
əhəmiyyətli funksiyaları həyata keçirir
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri
şöbəsinin müdiri Şahin Əliyevin AZƏRTAC-a eksklüziv
müsahibəsi
- Ötən ilin dekabrında “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul edilib və
Azərbaycanda yeni struktur
- publik hüquqi şəxs
yaradılır. Bununla bağlı məlumat
verməyinizi xahiş edirik.
- Bu struktur ilk dəfə tətbiq olunduğundan onun ətraflı izah və şərhinə ehtiyac var. Bizim ali tədris müəssisələrinin hüquq fakültələrində mülki hüquq fənni çərçivəsində publik hüquqi şəxs haqqında heç olmasa nəzəri məlumat belə verilmir. Ümid edirəm ki, bu qanun qəbul ediləndən sonra təhsil prosesində müəyyən dəyişikliklər olacaq və cəmiyyətdə yaranan suallar aradan qalxacaq. Publik hüquqi şəxslər doktrinası hüququn digər doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının, digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb. XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və nəhayət 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya mülki məcəlləsinin 80, 85 və 87-ci paraqraflarında öz əksini tapıb. Keçmiş SSRİ məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltik ölkələrində qəbul olunub. Bir sıra ölkələrdə, məsələn, Yunanıstanın Əsas Qanununun 17-ci maddəsində publik hüquqi şəxslərə Konstitusiya statusu verib.
Ümumiyyətlə, dövlət idarəetməsi bir sistem olaraq daim inkişafdadır. Bildiyiniz kimi, dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün deyil. Ona görə ki, bu aksiomatik bir modeldir. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz. Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Dövlət Metrologiya və Standartlaşdırma Komitəsindəki müxtəlif laboratoriyaları, Dövlət Əmlak Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar. Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyalarını həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir.
Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.
Sual oluna bilər: həmin funksiyaları, məsələn, qeyri-kommersiya təşkilatları həyata keçirə bilməzmi? Xeyr, qeyri-kommersiya təşkilatlarının həyata keçirdiyi funksiyalar dar çərçivədədir. Publik hüquqi şəxsin isə bütün maliyyə icraatı, mühasibat hesabatı və uçotu dövlət orqanları üçün nəzərdə tutulan qaydada aparılır. Özəl qurumlarda olan qaydalar bunlara şamil edilmir. Ona görə bu anlayışın əhatə dairəsi həddindən artıq genişdir.
İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir. Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxsdir. Onlar müflis ola bilməz, çünki ölkədaxili sərnişin daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəmir yolu hər bir halda işləməlidir. Ona görə dövlət bunu öz üzərinə götürüb və bu, idarəçilik funksiyası deyil, təsərrüfat funksiyası olduğu üçün dəmir yolu şirkətlərinə publik hüquqi şəxs statusu verilib. Azərbaycanda isə belə bir zərurət yoxdur. Çünki avtomobil nəqliyyat daşımaları əhalinin ehtiyaclarını tam ödəyir.
Yaxud Almaniya və Fransada mərkəzi banklar da publik hüquqi
şəxsdir. Ona görə ki,
onların funksiyaları
dövlət hakimiyyəti
orqanı funksiyalarından
fərqlidir. Dövlət orqanı heç bir halda kredit
verə və faiz hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin
funksiyası deyil.
Ona görə də həmin ölkələrdə
mərkəzi banklar publik hüquqi şəxsdir.
Publik hüquqi
şəxs Azərbaycan
üçün kifayət
qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi
kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni
funksiyaları həyata
keçirmək imkanı
əldə etsin.
- Prezident İlham Əlıyevin Fərmanı ilə publik hüquqi şəxs - Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatası yaradılıb.
Palatanın nizamnaməsi və
strukturunun hazırlanması
ilə bağlı işlər nə yerdədir?
- Nizamnamə layihəsi üzərində iş aparılır. Publik hüquqi şəxs
statusunda yaradılan bu qurum özünümaliyyələşdirmə
prinsipi ilə fəaliyyət göstərəcək.
Qeyd edim ki, heç
bir dövlət orqanı özünü maliyyələşdirə bilməz
və bütün xərclərini dövlət
büdcəsi hesabına
ödəyir. Lakin bu Palata tam müstəqildir,
dövlət büdcəsindən
heç bir asılılığı yoxdur.
Cənab
Prezidentin tapşırığı
ilə bu qurumun Nizamnaməsinin layihəsi bir aya hazır olacaq.
- Yeni qurumun funksiyaları ilə Mərkəzi Bankın funksiyaları üst-üstə düşməyəcək
ki?
- Bütün funksiyalar bölünəcək. Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar
kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün
qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə
bilməz. Bu, idarəetmənin aksiomudur.
- Bu qurumun funksiyaları nədən
ibarət olacaq, onun yaranması manatın dirçəlməsinə
təsir göstərə
bilərmi?
- Bu, manatın dirçəlməsi
ilə bağlı məsələ deyil, ümumən sistem məsələsidir. Sistem isə
kifayət qədər
müasirləşməlidir. “Mərkəzi Bank haqqında” qanunda bildirilir ki, Mərkəzi Bank dövlət
orqanıdır. Belə
olduğu halda, o hansı hakimiyyət qoluna aiddir: qanunvericilik, icra və ya məhkəmə?
Bəlkə bu, dövlət
nəzəriyyəsində bir inqilabdır və yeni hakimiyyət
qolunun ixtirasıdır?
Azərbaycanın Konstitusiyasında
Mərkəzi Bank heç
bir dövlət hakimiyyəti qoluna aid edilməyib, ona görə ki, o, dövlət orqanı deyil. Məsələn, Rusiyada Mərkəzi
Bank hüquqi şəxsdir.
Əgər Azərbaycanda Mərkəzi
Bank dövlət hakimiyyəti
orqanıdırsa, onun
işçilərinin vəzifələri
də dövlət qulluqçularının təsnifatında
olmalıdır. Lakin bu təsnifatda belə vəzifələr yoxdur.
Əgər Mərkəzi Bank dövlət orqanıdırsa,
dövlət hakimiyyəti
orqanı məgər
kredit verə bilərmi? Kreditlərdən faiz götürə
bilərmi? Əlbəttə, yox. Deməli, Mərkəzi Bank dövlət hakimiyyəti
orqanı deyil, dövlət hakimiyyətini
həyata keçirməyən
dövlət orqanı
isə özü-özünü
inkar edir.
Başqa misallar da gətirim. Azərbaycandakı 44 dövlət orqanının
əsasnamələrində yazılıb ki, onlar ya mərkəzi
icra hakimiyyəti orqanıdır, ya da onların statusu mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulur. Konstitusiyaya əsasən, bu
qurumların rəhbərləri
hökumətin üzvüdürlər.
Hökumət üzvü funksiyalarının
istənilən mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən həyata
keçirildiyinə baxsaq,
bu funksiyaların kifayət qədər dar çərçivədə
olduğunu görərik.
Bunlar nazirlər, komitə sədrləri və bir sıra xidmət
rəhbərləridir, misal
üçün Dövlət
Sərhəd Xidmətinin
rəhbəri. Digərlərinin funksiyalarına baxsaq, - məsələn, cənab
Prezident tərəfindən
bu yaxınlarda ləğv olunan Dövlət Satınalmalar
Agentliyi - görərik
ki, onun statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər tutulurdu.
Halbuki bu orqan satınalmaların
təşkili və tenderlərlə məşğul
olurdu. Sual yaranırdı ki,
bu struktur hansı icra hakimiyyəti funksiyalarını
həyata keçirir və hansı sahəyə rəhbərlik
edirdi? Əslində belə qurumlar
publik hüquqi şəxs olmalıdır.
Onların icraedici funksiyaları
yoxdur. Bu cür orqanlara mərkəzi icra hakimiyyəti orqanının
statusunun verilməsi əlacsızlıqdan irəli
gəlmişdi. Nazirlər Kabinetindən
başqa, idarəetmədə
yalnız iki növ icra hakimiyyəti
orqanı var – mərkəzi və yerli.
- Gözləmək
olarmı ki, Nəzarət Palatası yaranandan sonra digər sferalarda, məsələn, təhsildə
də publik hüquqi şəxs yaransın?
- Bəli, yarana bilər. Məktəblərin
və ali
təhsil müəssisələrinin
nizamnamələrinə yenidən
baxılır. Heç bir
ölkədə universitetlər
və təhsil ocaqları qeyri-kommersiya təşkilatı deyil.
Ali təhsil ocaqları
cəmiyyət və dövlət üçün
çox mühüm bir sahə olan
təhsillə məşğuldurlar.
Qeyri-kommersiya fəaliyyəti isə
tamamilə başqa bir sahədir. Orada bu cür məsuliyyət
yoxdur.
- Yəni pulsuz təhsil olmayacaq?
- Yox, pulsuz təhsil
də olacaq. Publik hüquqi şəxslər
həm pullu, həm də pulsuz xidmət göstərə bilər.
Dediyim kimi, onlar büdcədən
maliyyələşə və
maliyyələşməyə də bilər. Bu, dövlət idarəetməsində
yeni tələbatları
ödəyə biləcək
çox çevik, elastik bir formadır
ki, dövlətin imkanlarını daha da genişləndirir.
- Bununla bağlı yəqin ki, qanunvericilikdə də dəyişikliklər
ediləcək.
- Əlbəttə, cənab
Prezident Nazirlər Kabinetinə tapşırıq
verib ki, mövcud qanunvericiliyi onun imzaladığı müvafiq sənədlərə
uyğunlaşdırılmasına dair təkliflərini təqdim etsin. Layihələr hazır olduqdan sonra, zərurət yaranarsa, dövlətimizin
başçısı tərəfindən
Milli Məclisə təqdim ediləcək.
- Bu sənədlərin
hazırlanmasında hansısa
ölkənin təcrübəsindən
istifadə olunurmu?
- Biz ən qabaqcıl Qərbi Avropa ölkələrinin təcrübəsini
əsas götürmüşük.
Azərbaycan. - 2016.- 10 fevral.- S.2.