Azərbaycan-Fransa
iqtisadi əlaqələrinin
inkişafı məsələləri müzakirə olunub
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 9-da Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda mövcud iqtisadi vəziyyət, iqtisadi islahatlarla əlaqədar həyata keçirilən tədbirlər, Azərbaycan-Fransa iqtisadi əlaqələri, fransız investorların ölkəmizə daha geniş miqyasda cəlb edilməsi imkanları müzakirə olunub.
Natiq Əmirov Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi islahat konsepsiyasının həyata keçirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apellyasiya şuralarının yaradılması biznes və sahibkarlıq mühitində şəffaflığın, obyektivliyin təmin olunması, iş adamlarının, o cümlədən yerli və xarici investorların hüquqlarının qorunması, iqtisadiyyatın şaxələndirilməsi və daha böyük sərmayələrin cəlb edilməsi üçün zəruri şəraiti təmin edəcəkdir. Prezidentin köməkçisi, həmçinin Fransa ilə iqtisadi əlaqələrin əhəmiyyətini qeyd edib, genişmiqyaslı əməkdaşlığın ölkələrimiz üçün qarşılıqlı faydalı olacağını vurğulayıb.
Xanım Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi
və inkişafı üçün geniş potensialın olduğunu
bildirib, görülən tədbirlər
sayəsində bu istiqamətdə uğurlu nəticələrin əldə
olunacağına əminliyini ifadə edib.
Həyata keçirilən iqtisadi
islahatları dəstəklədiklərini, bu
sahədə istənilən formada əməkdaşlığa
hazır olduqlarını qeyd edən səfir
fransız investorların Azərbaycanda biznes
fəaliyyətinə daha geniş
şəkildə cəlb edilməsində, Fransa-Azərbaycan
Ticarət-Sənaye Palatasının ölkəmizdəki
fəaliyyətinin genişləndirilməsi və daha da təkmilləşdirilməsində
maraqlı olduqlarını bildirib.
AZƏRTAC
Azərbaycan. - 2016.- 10 fevral.- S.2.