Həm məşğulluq, həm də gəlir

 

Dövlət başçısı kəndlərdə qadınların xalçaçılıqla məşğul olması üçün şərait yaradılmasını tapşırıb

 

Texnikatexnologiyalar gündən-günə inkişaf etsə də, xalq arasında qədim sənətkarlıq sahələrinə olan maraq azalmır. Azərbaycanlı qız-gəlinlərin çox sevdiyi belə sənətlərdən biri də xalçaçılıqdır. Dövlətin son illərdə sahibkarlığın inkişafına, o cümlədən kiçikorta müəssisələrin yaradılmasına göstərdiyi dəstək sayəsində sözügedən sahə xeyli canlanıb. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı İlham Əliyev bu sahəyə yenidən diqqət yönəldib.

Xalçaçılıq, haqlı olaraq, ən qədim sənət sahələrindən biri sayılır. Azərbaycanın Şirvan, Quba, Gəncə, Qarabağ, digər xalça məktəblərinin məhsulları keçmişdən bütün dünyada məşhur olubindi də belədir. Çünki bizim xalçalar Azərbaycan təbiətinin gözəlliyini bütün rəng və çalarları göstərən, xalqın  müdrikliyini və zəkasını öz çeşni və ilmələrində əks etdirən sənət əsərləridir. Tək bir xalçada meşələrin yaşıllığını, səmanın və dənizin maviliyini, qarlı zirvələrin bəyazlığını, çölün-yamacın əlvanlığını görmək mümkündür. Xalçalarımızı sevdirən bu əlamətlərdir və əlbəttə ki, onların yüksək peşəkarlıqla toxunmasıdır.

Hələ bir neçə il əvvəl Xalça Muzeyi üçün yeni binanın istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev demişdir: Biz haqlı olaraq fəxr edirik ki, bizim unikal sənətimiz - xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaqdır və Azərbaycan xalqının istedadını dünyaya təqdim etmək üçün, hesab edirəm ki, xalça xüsusi yerə malikdir”.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nin xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xalçalarımızın dünyada təbliğində və layiqincə qiymətləndirilməsində böyük zəhməti danılmazdır. Bütün bunların nəticəsində Azərbaycan xalçası UNESCO-nunQeyri-maddi mədəni irs” siyahısına daxil edilib.

Son illərdə qızların və gənc qadınların bu sahəyə marağının xeyli artması da dövlət dəstəyindən qaynaqlanır. Azərbaycanın bir sıra bölgələrində xalçaçılıq mərkəzləri yaradılıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar dövlətin qayğı və köməyindən səmərəli istifadə edərək bu sahənin inkişafına layiqli töhfələr verirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən xalçaçılıq dərnəklərinin bu işdə rolu böyükdür. Bununla yanaşı, yerlərdə qədim və dəyərli sənət olan xalçaçılığın daşıyıcıları - yaşlı qadınlar gənclərlə öz peşəkarlıq sirlərini həvəslə bölüşürlər.

İndi onlarca qadın xalçaçılıq sahəsində uğurlu qurub. Onlar həm özləri xalça toxuyur, həm də bu peşəyə marağı olan digər qadınlara kömək edir, gənclərə  təcrübələrini öyrədirlər. Müxtəlif bölgələrdə yaşayıb çalışan Tərgül Vəliyeva, Sofya Səfərova, Xuraman Əlifova, Kəmalə Əliyeva, Xatirə Əliyeva, Gülşən Əliyeva, Humay Məmmədova, Fatimə Ağamirzəyeva və başqaları müasir Azərbaycan xalçaçılığına öz töhfələrini verirlər.

Təcrübəli xalçaçılar deyirlər ki, bu, böyük həvəs, səbir və ustalıq tələb edən sənətdir. Bir kvadratmetr xalçanın toxunuşuna bəzən bir aydan da çox vaxt tələb olunur. Qadınların bu peşəyə qəlbən bağlanması və onun sirlərinə yiyələnməsi üçün isə, təbii ki, münasib şərait yaradılmalıdır. Xüsusilə kənd yerlərində buna ehtiyac daha böyükdür.

Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qeyri-neft sektorunun qarşısında duran vəzifələr barədə danışarkən kəndlərdə xalçaçılıq işinin mütəşəkkil təşkili məsələlərinə də toxunmuşdur. Dövlət başçısı bu məsələnin bir çox cəhətdən önəmli olduğunu qeyd etmişdir. Tapşırmışdır ki, yerlərdə qadınların xalçaçılıqla məşğul olmasına şərait yaradılsın. Onlara dəzgahlar, iplər, digər lazımi materiallar verilsin.

İstər kənddə, istərsə də şəhərdə xalçaçılığın inkişafı qadınların məşğulluq probleminin həlli yollarından biridir. Hər bir insanın işləməsi isə onun dolanışığının təminatıdır.

Digər tərəfdən, xalça Azərbaycana gələn turistlərin ən çox maraq göstərdiyi məhsullardandır. Hər turist istirahət etdiyi, gəzdiyi ölkədən yadigar bir əşya, suvenir alıb aparmaq istəyir. Ölkəmizə gələn bir çox turistlərin seçimi əsasən xalça olur. Buna görə də müxtəlif ölçüdə və çeşnidə xalçalar toxunmalıdır ki, turistlər öz maddi imkanlarına və zövqlərinə uyğun məhsul ala bilsinlər. Beləliklə, xalçaçılıq turizmin inkişafına da təkan verən bir sahədir.

Xalça bolluğu eyni zamanda qeyri-neft sənaye məhsullarının ixracının artırılması deməkdir. Üstəlik, son illərdə Azərbaycan xalçalarını almağa təkcə əcnəbilərin deyil, yerli əhalinin də marağı artıb. Bunu nəzərə alaraq həsir, kilim, palaz, çətən kimi xovsuz xalçaçılıq məhsullarının istehsalını artırmaq məqsədəuyğun olar. Eləcə də Azərbaycan xanımlarının milli baş örtüyü olan kəlağayının, digər xalq sənəti nümunələri istehsalının genişlənməsi ümumi işə töhfə verər.

Bütün bu məhsulların dünya bazarlarında bolluğu yaransa, mənfur düşmənlərimizin - ermənilərin bizim qeyri-maddi irsimizə və maddi nemətlərimizə sahib çıxmaq hərisliyi azalar, cəhdi boşa çıxar.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2016.- 6 fevral.- S. 4.