Azərbaycan-Almaniya
əlaqələrinin inkişaf perspektivləri
müzakirə edilib
Azərbaycanın xarici işlər
nazirinin müavini Xələf Xələfov
Berlinə işçi
səfəri çərçivəsində
Almaniya Xarici İşlər Nazirliyinin
Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Andreas Peşke,
Almaniya Federal Kansler Administrasiyasında Mərkəzi,
Şərqi və Cənub-Şərqi Avropa,
eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin
müdiri Knut Abrahamla görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, ölkəmizin yerləşdiyi regionda yeri və rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə Almaniyanın verə biləcəyi töhfə, Xəzər bölgəsi və regional məsələlər, eləcə də qarşılıqlı maraq kəsb edən digər beynəlxalq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb. Görüşlərdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb. Belə yüksək səviyyəli səfərlərin qarşılıqlı surətdə həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi razılaşdırılıb.
Xələf Xələfov Azərbaycanın Almaniya şirkətləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və ölkəmizin Almaniyanın cari ildə ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynayacağına ümid etdiyini bildirib. Nazir müavini ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında oynadığı fəal rolu və iqtisadiyyatın modernləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli islahatları vurğulayıb.
Almaniya hökumətinin nümayəndələri Azərbaycanın Almaniyanın regionda mühüm siyasi və iqtisadi tərəfdaşı olduğunu qeyd ediblər, ölkəmizin Asiya və Avropa arasında nəqliyyat-kommunikasiya qovşaqlarının əlaqələndirilməsi və inkişafında göstərdiyi səyləri yüksək qiymətləndiriblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Azərbaycan. - 2016.- 11 fevral.- S. 7.