Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdə yeni təyin edilmiş müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penya ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib. O, bu baxımdan diplomatik missiyaların fəaliyyətinin önəmini qeyd edib.

Marta İnes Qalinda Penya fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin yaxın vaxtlarda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsi və Kolumbiya tərəfindən Bakıda təşkil olunan ispan dili kurslarının davam etdirilməsinin vacibliyi vurğulanıb.

Elmar Məmmədyarov Marta İnes Qalinda Penyanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Azərbaycan-Kolumbiya əməkdaşlığının dərinləşməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan. - 2016.- 11 fevral.- S. 7.