Azərbaycan heykəltəraşı Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü olub

 

Moskvada Rusiya Rəssamlıq Akademiyasının (RRA) Rəyasət Heyətinin iclası olub. İclasda Akademiyanın yeni fəxri üzvlərinə mükafatlar, habelə akademik reqaliyalar təqdim edilib.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq Rəssamı, Azərbaycan Xalq Rəssamı, Rusiya Xalq Rəssamı Tahir Salahov Yefim Zverkov adına mükafata layiq görülüb, Azərbaycan heykəltəraşı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Akif Əsgərova isə RRA-nın Fəxri üzvü akademik reqaliyaları verilib.

Mükafatları RRA-nın prezidenti, SSRİ Xalq Rəssamı Zurab Sereteli təqdim edib.

Təqdimetmə mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. O, Azərbaycan rəssamlarına və heykəltəraşlarına göstərilən daimi diqqətə görə Rusiya Rəssamlıq Akademiyasına və şəxsən Akademiyanın prezidenti Zurab Sereteliyə təşəkkür edərək deyib: “Akif Əsgərov Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü adına layiq görülən ilk Azərbaycan rəssamı deyil. Biz RRA ilə Azərbaycan rəssamları arasında yaranan mehriban münasibətləri çox yüksək qiymətləndiririk”. Akademiyanın üzvlərinə yaradıcılıq uğurları arzu edən P.Bülbüloğlu “XVIII-XIX əsrlər Britaniya qravürası toplusukataloqunu səfirlik adından Z.Sereteliyə təqdim edib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2016.- 11 fevral.- S. 8.